Əlil
insanla ailə qurmaq, ya da...
Ailələr fiziki qüsurlu gələcək
gəlin, yaxud yeznədən imtina edir
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən
qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin
işıqlandırılması
Əlil olmaq heç kimin seçimi deyil. Əlillik nə
irsən, nə də yoluxucu xəstəlik də
sayılır. Əlillikdən qorunmaq isə
mümkünsüz bir şeydir.
İnsanın iradəsi
xaricində olan əlillik anidən və bir göz
qırpımında baş verir. Hər
hansı bir qəza, xəstəlik, ya da hadisə. Sığortalanması heç cür mümkün
olmayan bu hal yaş, din, dil, irq fərqi də tanımır.
İstənilən anda, zamanda və məkanda
hamımızın əlil olma ehtimalı var. Amma təəssüflər
olsun ki, insanların əksəriyyəti bunun fərqində
deyillər. Hələ də fiziki
qüsurlu gənc gördükdə dəhşətə
düşərək qulaqlarımızı çəkərək,
"iraq olsun" deyimini işlətmək və
yazığı gəlircəsinə baxmaq vərdişindəyik.
Bir sözlə, gün ərzində dəfələrlə
bu mövzuda verilişlər hazırlansa da, yazılar
yazılsa da, əlilliyin xəstəlik yox, fiziki qüsur olduğu
deyilsə də insanlarımız hələ də bunu qəbul
etməkdə çətinlik çəkir. Məzh fiziki qüsurlu insanları da kompleksə
salıb həyatdan küsdürənlər beyni qüsurlu
olan "sağlam" insanlardır.
Valideyn
üçün övladının xoşbəxtliyini,
xoş gününü görmək ən ən böyük
arzudur. Bir anlıq valideynə gələcək yeznə
və gəlinin fiziki qüsurlu olduğunu dediyimiz an baş verə biləcəkləri
düşünmək belə insanı qorxudur. Çox
valideyn üçün onun övladının fiziki
qüsurlu bir gənc ilə ailə qurması dəhşətli
bir faciədir. Qohum-qonşu arasında
utanc, xəcalətdir. Fiziki qüsurlu gənclərin ailə
qurma istəklərinin qarşısını
"mümkün deyil, olmaz, o, əlildir" və s. kimi
cümlələrlə almaq əslində onu yenidən
öldürmək kimi bir şeydir. Səbəb kimi isə
"əlil insandan sənə həyat yoldaşı
olmaz", "onunla birlikdə harasa gedə, əyləncəli
vaxt keçirə bilməyəcəksiniz",
"övladınız olmaya bilər" və bu kimi
arqumentlər göstərilir. Halbuki, əlillik
xəstəlik deyil. Əlil bir gənc valideyn də ola bilər, sağlamlığı yerində
olan birindən də daha yaxşı ailə qoruya bilər.
Valideynlər isə...
Esmira Haqverdiyeva bir
oğul, bir qız anasıdır. Fikrinin əvvəlində
fiziki qüsurlu gənclərin cəmiyyətə
qazandırılmasının vacibliyini vurğulasa da öz
övladlarına gəlincə, ana övladlarının fiziki
qüsurlu gənclə ailə qurmasına qarşı olduğunu
bildirir. Onun fikrincə, fiziki qüsurlu insanlar elə
fiziki qüsurlu insanlarla ailə qursalar daha yaxşıdır:
"Əlil insanların ailə qurmaqdan da böyük
ehtiyacları var. Məsələn, sərbəst harasa getmək,
pilləkənlərdən sərbəst
düşüb-qalxmaq, məktəbə getmək, valideyni
olamayan, yaxud gəliri az olan ailələrdə yaşayan gənclər
üçün yardım, onlara uyğun iş və s. Evlilik
məsələsi elə də asan deyil. İctimai
yerlərdə, nəqliyyatda, müxtəlif müəssisələrdə
əlillərin rahatlığı təmin olunmayıb. Belə yerlərin pilləkənlərində,
girişində fiziki cəhətdən qüsurlu olan insanlar
üçün lazımi şərait yaradılmayıb.
Bu gün məktəbdə bir az kasıb
ailələrin uşaqlarına imkanlı uşaqlar yuxardan
aşağı baxırsa, əlil uşaqların aqibəti
necə olar? Əlil gənclərin evlənmə
yaşına kimi olan problemləri həll olunmayıb axı,
indi də onların fiziki qüsuru olmayan gənclərlə
evləndirilməsi müzakirə olunsun. Bir az kobud ifadə də olsa ataların bir
sözü var. Taylı tayını tapmasa, günü
ah-vayla keçər. Sevgi ömürlük
olmur. Leyli-Məcnun olanlar belə elə olur
ki, boşanırlar. Ona görə də
düşünürəm ki, əlil bir gənclə əlilliyi
olmayan bir gəncin ailə qurması düzgün deyil. Övladlarıma da icazə vermərəm".
Bu gün fiziki qüsurlu gənclərə
xəstə kimi baxanlar da az deyil. Onlar fiziki qüsurlu gənclərdən özləri
kimi övlad dünyaya gəlmə ehtimalından ehtiyat edirlər.
Lakin bu, tamamilə absurd fikirdir. Tamamilə sağlam iki gəncdən belə fiziki
qüsurlu körpə dünyaya gələ bilər. Bundan heç bir ailə sığortalanmayıb.
Həkim-genetik Dilavə
Cabbarovanın sözlərinə görə, həyat
yoldaşını qohumlarından seçən gənclərin
övladlarının fiziki qüsurlu olması böyük
ehtimaldır. Fiziki qüsurlu gənclərin sağlam
insanlarla ailə qurmasından dünyaya gələn körpələrin
isə qüsurlu olması faizi yox qədər azdır:
"İnsan genomu 46 xromosomda yerləşən 28000 gendə
cəmləşmiş genetik informasiyaların cəmidir. Əgər hər hansısa bir ailədə irsi xəstəlik
varsa, çox güman ki, ailə qurmaq istəyən gənclər
bu xəstəliyin daşıyıcısı olurlar. Bu o deməkdir ki, onlar patoloji genin
daşıyıcısıdır. Onlar ailə
qurduqda belə bir ehtimal var ki, bu patoloji genlər bir-biri ilə
daha tez qarşılaşsın. Lakin insan qəzaya
düşübsə, müharibə şəraitində
yaralanaraq və s. sonradan bu kimi təsirlərdən əlil
olursa, belə insanların qüsursuz insanlarla ailə
qurmasının heç bir problem yoxdur. Bədəndə
iki ayaq fəaliyyətini yerinə yetirmədi, yaxud ayaqdan ən
kiçik barmaq fəaliyyətini yerinə yetirmədi, bunun
bir fərqi varmı? Sonradan insanın əlinin,
qolunun kəsilməsi onun övladlarınn da qolsuz
doğulacağı mənasına gəlmir. Əlil olan insanların ailə qurması normal bir
haldır. Onların gələcək
övladlarının da tam sağlam dünyaya gəlməsi
mümkündür".
Hər bir insan əlil
olmağa namizəddir. Heç kim
"mən əlil olmayacağam" kimi iddialı bir cümlə
qura bilməz. Çünki əlil olmaq da
ölmək kimi ani baş verən və insan iradəsindən
uzaq bir haldır. Hər bir insanın da
fiziki qüsurlu insanlara yaxınlaşması başqadır.
Kimisinin əlil insanlara yazığı gəlir,
kimisi əlindən gələn köməyi etməyə
hazır olduğunu hiss etdirir və təəssüf ki, əksər
insanlar da əlil insan görən kimi ona pul verib aşkar
formada onları dilənçi halına salır.
Əlil insanların
daxili dünyası da normal insanlardan olduqca fərqli olur.
Daha həssas, daha küskün, və çəkingən.
Psixoloq Qurban
Talıblının sözlərinə görə,
anaların övladlarına əlil gəncərlə ailə
qurmağa icazə verməməsi uşaqların
rahatlğından çox özlərinin rahatlığı
üçündür. El qınağı,
qonum-qonşunun alayı baxışlarından uzaq durmaq
üçün valideynlər övladlarının ailə
qurmamasına razı olar, lakin onların fiziki qüsurlu gənclə
ailə qurmasına razı olmaz: "Sizcə hansı ana gələcək
kürəkənin, yaxud gəlinin diplomu, işi, gözəlliyi
ilə fəxr etmək yerinə fiziki qüsurlu ailənin
növbəti üzvünə qapılarını açar? Gənc xanımların rəfiqələrinin
yanında lovğalanmaq, yoldaşının imkanlı,
çalışqan olması ilə rahat yaşamaq və bu
kimi arzuları ümumiyyətlə, fiziki qüsurlu gənclə
evlənmə fikri ilə üst- üstə düşməz.
Gənc bəylər isə xanımlarına ev
xanımı gözü ilə baxdığı
üçün qüsurlu bir xanımın
işli-güclü ola bilməməsi, uşağına sərbəst
baxa bilməməsindən dolayı bu cür evlilikdən uzaq
qaçar. Əslində gələcək övladın da
qüsurlu ola bilmə ehtimalı, xasiyyətin
uyuşmamazlığı sadəcə bu məsələyə
geyindirilən ən məsum qiyafədir. Qüsursuz
insanın fiziki qüsurlu insanla evlənmə fikri varsa, cəmiyyətin,
ailənin, ən yaxınların qınağına hazır
olmaq və bütün bunlara birlikdə dözmək
gücü də olmalıdır. Qüsurun
beyində deyil, bədəndə olduğunu qəbul edənlər
üçün ailə qurmaq qorxulu deyil. Sağlam
tərəfin psixoloji cəhətdən olduqca möhkəm
olması lazımdır ki, cəmiyyətdə hələ də
əlil insanlara cüzamlı insan gözü ilə baxanlara
qarşı dözümlü olasan. Türkiyədə
illər öncə sağlam insanın əlil bir xanımla
evlənə bilməsi, əlil xanımı evliliyə
razı salması üçün sağlam qolunu kəsdirmək
istəməsi bütün ölkənin diqqətini bu evliliyə
yönəltmişdi. Bu da onu göstərir
ki, ailə qurmaq istəyi əlil, yaxud sağlamlığa
baxmır. Beyinlər sağlam olduğu
müddət gənclərin ailə qurmasında heç bir
problem yoxdur".
Fiziki qüsurlu gəncləri
cəmiyyətə qazandırmaq insanların öz əllərindədir.
Onlara adi insan kimi yanaşmaq, onlara
yazığı gəldiyini göstərməyib əksinə,
normal söhbət etmək, birlikdə əylənmək, hətta
evlənmək belə müsbət haldır. Nəticədə heç kimin gələcəkdə
nə yaşayacağı bəlli deyil. Hər
birimiz fiziki qüsurlu olmağa namizədik.
Qarabağ əlillərinin statusu
artırılır
Azərbaycanda Qarabağ əlilləri ilə
bağlı yeni sənəd hazırlanır.
"Modern.az"a daxil olan məlumata görə, Qarabağ əlillərinin
statusunun artırılması istiqamətində müvafiq
dövlət qurumları iş aparır.
Yeni sənəddə
Qarabağ əlillərinin sosial vəziyyətinin daha da
yaxşılaşdırılması, onların maddi və mənəvi
durumlarının yüksəldilməsində əlavə
imkanların yaradılması nəzərdə tutulur. Artıq məsələnin Milli Məclisin yaz
sessiyasında müzakirəyə
çıxarılacağı gözlənilir.
Milli Məclisdən verilən məlumatda
isə bildirilir ki, sənəd may ayına qədər
parlamentə təqdim olunacaq. Qarabağ əlilləri
ilə bağlı aidiyyəti dövlət orqanları və
müxtəlif təşkilatların rəyi də öyrəniləcək.
Qeyd edək ki,
Qarabağ əlillərini özündə birləşdirən
təşkilatlar bir müddət öncə imtiyazların
artırılması təşəbbüsü ilə
çıxış etmiş, Əmək və Əhalinin
Sosial Müdafiəsi, Səhiyyə nazirliklərində
görüşlər keçirmişdilər.
Günay RAMİZQIZI
Ekspress.-2014.- 19
fevral.- S.9.