Şəhid ailələrinə
dövlət dəstəyi
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
işıqlandırılması
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqətində duran aktual məsələlərdən biridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, hələ 2004-2012-ci illərdə 4 mindən çox mənzil inşa olunaraq əlil və şəhid ailələrinə təqdim edilib. Ümumilikdə isə 5 minə yaxın əlil və şəhid ailəsi mənzillə təmin olunub, kəndlərdə həyətyanı sahəsi olan 750-dək fərdi ev inşa edilərək müharibə əlillərinə verilib.
Yeri gəlmişkən, ölkə başçısının müvafiq tapşırığına əsasən, əlil və şəhid ailələri üçün mənzil tikintisi getdikcə sürətlənir. Məsələn, 1997-2007-ci illərdə 2200-ə yaxın mənzil istifadəyə verilib, son 5 il müddətində isə bu rəqəm 5 minə qədər yüksəlib. Bir sözlə, son illərdə əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin sayı 10 dəfə artıb. Bu da o deməkdir ki, hər il orta hesabla 700-dən çox mənzil inşa olunaraq müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilir.
Şəhid ailələrinə dövlət dəstəyinin önəmli olduğunu vurğulayan hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, bu cür tədbirlərin daha çox olması, vətənpərvərlik ruhunun yüksəldimləsi baxımından da təsirlidir. Bununla belə, o, hazırda bu kateqoriyadan olan insanlara göstərilən qayğının lazımi səviyyədə olmadığını da qeyd edib: "Təəssüf ki, Azərbaycanda şəhid ailələrinə yetərincə qayğı və diqqət göstərilmir. Bunu görmək üçün mətbuatda gedən davamlı müraciətlərə, şikayətlərə diqqət yetirmək kifayətdir. Ölkədə məmur özbaşınalığından tutmuş, rüşvətxorluq, korrupsiya hallarına kimi çoxsaylı qanun pozuntuları baş verir və bu hallarla üzləşənlər arasında Qarabağ müharibəsinin xeyli sayda iştirakçıları, şəhid ailələri, veteranlar var. Ancaq onu da qeyd etməliyəm ki, görülən işlərin də üzərindən xətt çəkmək ədalətsizlik olardı. Təbii ki, dövlət səviyyəsində müəyyən işlər görülür. Amma hesab edirəm ki, bu, çox azdır. Vətən, torpaq uğrunda canını fəda etmiş insanların ailə üzvlərinin problemi Azərbaycan məmurlarının birinci qayğılarından olmalıdır".
ƏƏSMN-nin açıqlamasına görə, son illərdə ölkəmizin iqtisadi həyatında mühüm nailiyyətlərin əldə edilməsi ilə yanaşı, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan prezidentinin fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edir, dövlət siyasətində mühüm yer tutur. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Əlil və şəhid ailələri üçün mənzillərin inşasında müsbət dinamikanın qorunub saxlanması, nəticədə növbədə olan əlil və şəhid ailələrinin yeni müasir mənzillərlə təminatının tam başa çatdırılması ilə bağlı dövlətimizin başçısının tapşırığına əsasən ƏƏSMN tərəfindən bu sahədə işlər uğurla davam etdirilir. Ötən illər Hövsanda və Xırdalanda, Lökbatan qəsəbəsində doqquzmərtəbəli binalar istifadəyə verilib.
Bütün bunlarla yanaşı, Qarabağ və Böyük Vətən Müharibəsi veteranlarının avtomobillərlə təmin olunması da diqqətdədir. Hələ 1998-2009-cu illərdə 2 min 114 "Oka" markalı avtomobil sahiblərinə təqdim olunub. Ötən il isə müharibə veteranlarına 500, bu il isə 350 minik avtomaşını verilib.
Ümumiyyətlə, şəhid ailələri üçün qanunvericilikdə bəzi müddalar mövcud vəziyyətə nə dərəcədə uyğundur? Hüquqşünas Şəhriyar Əbilovun sözlərinə görə, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunun 1-ci maddəsində (şəhid və şəhid ailəsi anlayışı) və "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında Nazirlər Kabinetinin qərarının (Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar) 2.1-ci maddəsində dəyişiklik olunmalıdır: "Belə ki, sözügedən qanun və qərarda qeyd olunur ki, arvadı (əri), valideynləri, 18 yaşına çatmamış və uşaqları 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları şəhid ailəsi imtiyazlarından yararlana bilər. Qanunun və müvafiq qərarın maddələrinin məzmunundan göründüyü kimi, şəhidin övladı 18 yaşından sonra atasının statusundan yararlana bilməz, nəzərə alsaq ki, vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əksəriyyəti 92-94-cü illər ərzində həlak olublar. Onların övladları demək olar ki, 18 yaşı artıq adlayıblar. Belə olan məqamda valideyinləri olmayan şəhidlərimizin həyat yoldaşları dünyalarını dəyişdikdə, o şəhidin statusundan yararlanacaq heç bir qohumu olmayacaqdır. Bu, həm də vətənpərvərliyin təbliği baxımından bizim üçün önəmlidir".
Ş.Əbilovun fikrincə, torpağı işğal altında olan, ərazi bütüövlüyü pozulan ölkədə şəhidə və onun ailəsinə olan dəyər yüksək səviyyədə olmalıdır: "Bizim torpaqlarımız işğal altındadır və o torpaqların azadlığına nail olmalıyıq. Bizim gənc nəsil görməlidir ki, şəhid olan insanın övladı ömrünün sonuna qədər belə yüksək statusa malik olacaq və imtiyazlardan da bəhrələnə biləcək. Müqayisə üçün bildirim ki, işğal olunmuş rayonlardan məcburi köçkün düşmüş vətəndaşlarımızın işğaldan sonra dünyaya gətirdikləri övladları 18 yaşını adladıqdan sonra da məcburi köçkün statusunun daşıyırlar və qanunla müəyyən olunan imtiyazlardan istifadə edirlər".
"Şəhid ailələrinə sosial dəstək" İctimai Birliyinin sədri Almaz Zeynalovanın fikrincə, şəhid olmuş şəxsin övladları 18 yaşından sonra da, şəhid ailəsi statusunun şamil olunması üçün yaş məhdudiyyəti aradan götürülməlidir: "İkinci digər ciddi problem subay şəhidlərimizin, qanunla şəhid ailəsi hesab olunan valideyinləri dünyalarını dəyişdikdən sonra, artıq onların statuslarından faydalancaq heç kəsin olmamasıdır. Oğulu itirmək ananı, atanı incitdiyi qədər, qardaş itkisi də qardaş üçün, bacı üçün böyük itki hesab olunur. Hesab edirik ki, subay şəhidlərimizin qanunla şəhid ailəsi, valideynləri ilə yanaşı qardaş və bacıları da hesab olunmalıdır. Valideynlər dünyalarını dəyişdikləri halda dövlətin şəhidə verdiyi imtiyazlardan qardaş və bacıların faydalanması yuxarıda qeyd etdiyimiz kimi müharibə şəraitində yaşayan bir ölkənin gəncliyi üçün böyük ruh yüksəkliyi olacaq. Müasir gənclik şəhid qardaşı və bacısı olmaqla, şəhid ailəsi statusunu daşımaqla fəxr edəcək".
Məcburi köçkün əşyalarını "Qaçqınkom"un qarşısına tökdü
Ağdamdan məcburi köçkün Nəcibə Cəfərova 3 ailə üzvü ilə fevralın 20-də ev əşyalarını Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin qarşısına tökərək etiraz aksiyasına başlayıb. Nəcibə Cəfərova "Azadlıq" radiosuna belə bir addım atmasını yaşadığı mənzilin kirayə pulunu verə bilmədiyi ilə əsaslandırıb.
"Mən dəfələrlə Qaçqınkoma müraciət edib 100 manat pensiya ilə həm dolanmaq, həm də kirayə pulunu verə bilmədiyimi demişəm. İndi gəlmişəm komitədən sığınacaq istəyirəm. Mənə deyilir ki, qaçqınlar üçün evlər tikilir, gözlə, bəs o evlər tikilənə qədər harada qalım, necə qalım. Mən 100 manat pensiya ilə kirayəni necə ödəyim, necə dolanım. Ona görə ev əşyalarımı gətirib bura tökmüşəm və sığınacaq istəyirəm".
Bir qədər sonra Komitə nümayəndələri Ağdamdan olan məcburi köçkün ailəsini qəbul ediblər. Görüşdən çıxandan sonra Nəcibə Cəfərovanın dediyinə görə, onlara bildirilib ki, Ağdamın Quzanlı kəndində qaçqınlara tikilən evlər hazır olana qədər ailəyə kirayə pulu veriləcək.
ƏƏSMN: 62 nəfər insan alveri qurbanına yardım göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən 2013-cü il ərzində 62 nəfər insan alveri qurbanına müvafiq yardım göstərilib. Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, onlardan 44 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsi, 18 nəfəri isə müxtəlif QHT-lər tərəfindən Mərkəzə yönləndirilib. İnsan alverinin qurbanı olmuş şəxslərdən 11 nəfəri münasib işlərlə, 7 nəfəri sığınacaqla, 2 nəfəri maddi, 8 nəfəri psixoloji və 6 nəfəri hüquqi yardımla təmin olunub, 3 nəfəri peşə hazırlığı kurslarına cəlb edilib. Digərlərinin də cəmiyyətə reinteqrasiyası və sosial reabilitasiyası istiqamətində aidiyyatı üzrə tədbirlər görülüb.
Mərkəz insan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı məlumatlılığın artırılması və insan alverinin qarşısının alınması məqsədilə ölkənin müxtəlif regionlarında maarifləndirmə işləri də aparıb.
Rəşid RƏŞAD
Ekspress.-2014.- 21 fevral.- S.9.