"Bizim notumuz başımızdadır"

 

Həsənağa Sadıqov: "Elə bir musiqi aləti yoxdur ki, onu ram edə bilməyim"

 

"Hələ də içimdəki səsi heç bir alətdə tapa bilməmişəm"

 

35-40 il əvvəl keçmiş SSRİ qəzetləri tez-tez Azərbaycandan olan bir musiqiçi haqqında belə yazırdılar: "çelovek orkestr", yəni orkestr-insan. Əslində, Həsənağa Sadıqovu ilk dəfə maestro Niyazi belə adlandırmışdı.

   Gerçəkdən də Həsənağa Sadoqov orkestr-insandır - istər nəfəsli, istər zərb, istər klavişli, istərsə də simli musiqi alətlərində məharətlə ifa edir. İllər keçdikcə onun çaldığı alətlərin sayı da artır...

   Həsənağa Bilal oğlu Sadıqov 1950-ci il dekabrın 7-də Salyan şəhərində dünyaya göz açıb. Babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarındandır, görkəmli el sənətkarı Mirzə Bilaldan dərs alıb. Hələ orta məktəbdə oxuyanda - 1963-cü ildə Həsənağa Sadıqovun Bakıda ilk maqnitofon kasseti çıxıb, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Mədəni-marif işi" fakültəsini bitirib. 1985-ci ildəsə Ümumdünya musiqi festivalında münsiflər heyətinin və tamaşaçıların dərin rəğbətini qazanan müsiqiçi festivalın "Qızıl medalı" ilə təltif olunub. Həsənağa Sadıqov bir çox xarici ölkələrdə konsert proqramları ilə çıxış edib. Hazırda onun diskləri Amerika və Afrika ölkələrində, Norveçdə, Vyetnamda, Almaniyada satılır.

   1988-ci ildə əməkdar mədəniyyət işçisi fəxri adı alıb. Onun təşəbbüsü ilə "Mahirlər" ailə ansamblı yaradılıb və bu gün də fəaliyyət göstərir.

      - Həsənağa müəllim, elə bir musiqi aləti varmı ki, onda ifa edə bilməyəsiniz?

   - Mənim üçün elə bir musiqi aləti yoxdur ki, onu ram edə bilməyim. Bütün musiqi alətlərində necə lazımdır çalıram. İstədiyin və mənim görmədiyim bir aləti mənə ver, onu çalım. Vaxtilə Azərbaycanın ən məşhur qarmonçalanlardan biri idim. Elə ən yaxşı çaldığım alət də qarmon idi. Sonra elə oldu ki, sağ əlimdə problem yarandı. Hətta deyilənə görə, o dövrün ən məşhur qarmonçalanlardan biri mənim əlim zədələnəndə qurban kəsibmiş. Əlim zədələnəndən sonra qarmonu bir kənara qoydum. Yeri gələndə özündən deyən qarmoçalanlardan yaxşı çalıram, amma bir sənətkar kimi o ifanı ortalığa çıxarmağı özümə eyib bilirəm. Alət əlimdə yanıb, külə dönüb mənə yalvarmadısa, insanları yandırıb- yaxmadısa, o çalmaq deyil ki. Bir alətdə ifam xoşuma gəlmədisə, onu çalmıram.

   - Ən çox hansı aləti yandırıb-yaxırsınız və onun da səsi qayıdıb Sizi yandırır?

   - Bu alətdən asılıdır. Bəzən elə olur ki, alət düz işləyir, həmin gün onunla oluruq qardaş. Bütün günü yalnız onu çalıram, başqa alətə əlimi vurmuram. Bu səbəbdən bütün alətlərlə dostluq etməyə çalışıram. Alətlərin arasında ögey-doğmalıq qoymuram. Fərq qoysam, sabah bir alət məndən elə küsər ki, ömrüm boyu yalvara-yalvara qalaram, sözümə baxmaz. Amma desəm ki, eyni vaxtda 6-7 alətlə əla səviyyədə çala bilirəm, yalan demiş olaram.

   - İlk çaldığınız alət nə olub?

   - Mən bu sənətə qoşa nağaradan başlamışam. Yəqin bilirsiniz ki, babam Aşıq Qurbanxan Sadıqov dövrünün məşhur sənətkarlarından olub. Mən babamla dəfələrlə Moskvada dövlət tədbirlərində, dekadalarda, festivallarda iştirak etmişəm. Babam mənim üçün aşıq paltarı da tikdirmişdi, hər yerdə "balaca aşıq" çağırırdılar. O illərin yadigarı kimi bir çox konsertlərin lent yazılarını tez-tez Az.TV-də göstərirlər, baxıb kövrəlirəm. Mənim hələ uşaq vaxtı çıxdığım səhnələri, insanların ayaqüstə alqışlamalarını indinin adlı-sanlı sənətkarı yuxusunda belə görə bilmir. 1962-ci ildə Moskvadakı dekadada Niyazi, Bülbül və Rəşid Behbudovla səhnədə yan-yana dayanmışam. Bundan böyük xoşbəxtlik olarmı!?

   - O dövrlərdə aşıq sənəti çox prestijli sayılırdı. Nə üçün sırf instrumental ifaçılığın arxasınca getdiniz?

   - Mən 1962-ci ildə keçirilən dekadada babamla iştirak etmişəm. Onun fimi də qalıb, yəqin ki baxmısınız. Orda mən aşıq kimi oxuyuram, babam qoşa-nağara çalır. O, məni aşıq kimi yetişdirirdi. Bir dəst aşıq paltarı və uzunboğaz çəkmə də tikdirmişdi. Deyim ki, bu paltar hər adama yaraşmır. Aşıq olan kəs həqiqətən yaraşıqlı olmalıdır. Aşıq Qurban yaraşığı olmayanı şəyird götürməzdi, deyərdi ki, səhnə yaraşığı sevir. Əgər qabı boş olan aşıq o paltarı geysə, yaraşmayacaq, kolxoz sədrinə oxşayacaq. Aşıq Şakir, Aşıq Pənah, Qurbanxan meydana girəndə elə bilirdin ki, Koroğludur. O dövrdə qoşa-nağarada çala-çala, ansamblımızdakı musiqiçilərin alətləri ilə maraqlanmağı başladım. Babamın qorxusundan bu alətlərdə çalmağı gizlincə öyrənməyə başladım. Elə vaxtlar olurdu ki, musiqiçilərdən biri hər hansı səbəbdən toya gedə bilmirdi. Mən babama deyirdim ki, onun alətini ver özüm çalım. Nə isə babam da artıq mənə bir söz demədi. Babam məni musiqi məktəbinin tar sinfinə qoyanda artıq "Şur" muğamını gözəl çalırdım. Salyanın musiqi məktəbinin direktoru vardı, indi rəhmətə gedib, babama dedi ki, "Ala, bu əməlli-başlı muzıkantdır ki, bunu niyə bura gətirmisən?" Babam bir aydan sonra məktəbə gəlib soruşdu ki, "Həsənağa bir şey öyrənə bilirmi?" Direktor qayıtdı ki, buna not öyrənmək lazım deyil, özü hər şeyi çalır. Beləcə, lağ-lağı edə-edə mənə notu öyrətmədi, amma balaca tarımı alıb, öz tarını mənə verdi. Belə baxanda, şükür Allaha, bizim notumuz başımızdadır. Elə notla çalanlar var ki, bizim alətdə etdiyimizin bir faizini bacarmır. Hər adam barmaqla ürəyi bir-birinə calaq edə bilmir. Musiqiçiyə ürəyi məktəb deyil, Allah verir. Dünənə qədər sənətkarlar not bilirdilər? Amma öz adlarını musiqi tarixinə qızıl hərflərlə yazdırıblar. Adam var bütün günü notu sənin üçün çalar, başın ağrıyar, adam da var notsuz-zadsız aləti alə ağladar ki, aldığın ləzzətdən infarkt olarsan. Bəzən uşaqları məcbur musiqi məktəbinə qoyurlar, notu filanı öyrənir, sonra nə olur, musiqi məktəbinin direktoru... Mən aşıq ona görə olmadım ki, gördüm biləklərim mənimlə əməlli-başlı dostlaşıblar. Sonra papağımı qabağıma qoyub fikirləşdim ki, təkcə aşıq olsam, camaat məndən əl çəkməyib, çox yoracaq. Mən gərək artıq çoxdan təqaüddə olaydım. Alət belədir ki, yaş doxsanı keçsə də, nəsə bir şey edə bilirsən. Buna görə mən instrumental musiqiçi yolunu tutdum.

   - Çaldığınız ayrı-ayrı texnika ilə çalınır, bu sizi heç çaşdırmır? Hər halda müəllim yanına getməmiş olmazsınız...

   - Müəllim də cəmi bir aləti sənə öyrədə bilər də. Onda gərək indiyədək müəllimlərin qapısında qalaydım. Yenə də bunu istedadla bağlayıram. Bilirsinizmi, özüm barədə bütün bunları açıqlamağa çox çətinlik çəkirəm. Çox arzulayıram ki, məndən bir başqası da olsun, onun barəsində danışım. Məndən başqasını tapmadığıma görə, bunu ilahidən gələn bir vergi kimi qiymətləndirirəm. Günü bu gün, artıq 65 yaşa heç nə qalmadı... Sözün düzü yaş barəsində sual veriləndə qaçıram. Gərək yaşımı sənə deməzdim... Bir də ki, nolub, ala, mənə?

   - Bu yaşda belə gənc qalmağın özü bir igidlikdir...

   - Adamın qəlbi varsa, 70 yaşında da cavan qalır. Osman Sarıvəlli deyib ki, kim ki yüz il yaşamasa, günah onun özündədir. Mən də uşaq yaşlarımdan həmişə günah etməkdən qaçmışam. Əgər mən heç bir alətə əlmi vurmayıb təkcə saksafonu götürsəydim, onu elə günə salardım ki, adam kimi dil açıb dillənərdi. Amma mən bir alətlə məşğul olmuram, axı. Mən içimdəki sənət ehtirasını bir alətin üstünə töksəm, alışıb yanar. Hətta ürəyim soyumadı gedib nəlbəkiləri dilləndirdim. Amma hələ də içimdəki səsi heç bir alətdə tapa bilmədim. Bütün ömrüm boyu hər yeri gəzdim, ələk-vələk elədim, yenə də tapmadım. Əgər barmaqlarımda problemim olmasaydı, qarmonda o səsi tapacaqdım.

   - Amma mən sizi nə skripka, nə də kamança çalan görmüşəm...

   - Skripkanı özüm üçün çalıram, amma gördüm ki, o dövrdə camaat birtəhər baxır, ona görə baş qoşmadım. Kamançada da o boyda Habil Əliyev var, ondan sonra nə etmək olardı.

   - Bildiyimə görə, Aşıq Qurbanxanın böyük ailəsi olsa da, oğulları dura-dura, öz sazını və yurdunu sizə təhvil verib. Baxmayaraq ki, o biri nəvələri də musiqiçidirlər...

   - Bəli, babam bu dünyadan köçəndə öz ocağına məni başçı qoydu getdi. O, mənim gələcəyimi görürdü. Atama həmişə deyirdi ki, bundan muğayat ol. Bütün nəslimizə son sözü bu oldu ki, Həsənağadan muğayat olun.

   - Bu qədər xarici ölkədə olmusunuz, Sizi orada saxlamaq istəyən olmadımı?

   - Bir dəfə Amerikada, Los-Ancelosda bir amerikan qadın, əla restoranı da vardı, dedi ki, ailəni də götür gəl, bu restoranı da verirəm sənə.

   - Bəlkə vurulubmuş?..

   - Bilmirəm, bəlkə də, amma vurulsa da, yalnız bu sözləri dedi, başqa heç-zad demədi... Sözün düzü, mən başqa torpaqda qala bilmirəm. Bu günün özündə də Bakıda çox qala bilmirəm, qaçıram Salyana. Əsl sənətkarı sənət kefin istədiyin kimi dolandırır. Ona görə də ora-bura qaçmaq lazım deyil. Mən Azərbaycanı öz iyindən tanıyıram. Gözümü yumum, məni hara istəyirsən apar, biləcəyəm ki, Azərbaycandayıq, yoxsa başqa yerə getmişik. Qurban olum Azərbaycanıma. 50 ildən yuxarıdır xalqın arasındayam, günü bu gün də çalğıma mat qalırlar, elə bil indi görürlər.

   - Həsənağa müəllim, Sizin Dövlət Sirkində, Heydər Əliyev Sarayında, Filarmoniyanın səhnəsindəki konsertlərinizi yaxşı xatırlayıram. İndi niyə konsert vermirsiniz?

   - Konsert məsələsi bir az problemlidir. Çünki bu gün böyük bir ailə mənə baxır. Bəzi məişət problemlərinə başım qarışıb. Mən öz ailəmi binədən necə saxlamışam, bu gün də o səviyyədə qayğısını çəkirəm. Baxmayaraq ki, o dövrlə müqayisədə indi yaşamaq 100 dəfə çətinləşib. Əvvəl beləydi ki, afişanı vururdular, sən də gedib konsertini verirdin. Amma indi konsertlərin necə baş tutduğunu özünüz məndən gözəl bilirsiniz. Çünki gözümüzü açandan bizə konsertdə necə çıxış etməyi öyrədiblər, necə konsert təşkil etməyi yox. Gərək onda mən evdə kiminsə boğazından kəsib ora verim.

   - Siz zərb alətində melodiya axtarıb tapan yeganə musiqiçisiniz. Qoşa-nağarada muğam çalıbsınız. Belə çıxır ki, sizin musiqi yaratmağınız üçün xüsusi bir alətə ehtiyac yoxdur.

   - Bəli, istəyirsən, mənə adi taxta ver, onda da melodiya yaradaram. Mənim evimdə arakəsmə vardı, onun şüşələrini elə taxdırmışdım ki, hər notun səsini almaq olurdu. Rəhmətlik Rafiq Babayev qonaq gələndə bu şüşələrdə muğam çaldım, məəttəl qaldı. Çay içdiyim yerdə əlimdəki karandaşı nəlbəkiyə vurub gördüm ki, əla səsi var. Nəsə ordan-burdan bütün notu verən nəlbəkiləri yığdım, bir gecəyə əməlli-başlı repertuar yaratdım. Səhərisi günü Heydər Əliyev Sarayında dövlət konserti vardı, məni də ora rəhmətlik İslam müəllim çağırmışdı ki, nə oturmusan Salyanda, gəl, bu xalq səni də görsün. Nə isə, nəlbəkidəki ifam hamını məəttəl qoydu. Elə oldu ki, rəhmətlik Kərim Kərimov - Sarayın o dövrdəki bədii rəhbəri, məni dövlət tədbirlərində çıxış edən sənətçilərin siyahısına saldı. Və tez Lidiya Rəsulovaya (o dövrdəki mədəniyyət naziri) xəbər yolladı ki, belə bir istedad tapmışıq, gəlin, tamaşa edin. Elə oldu ki, bir gün sonra Mərkəzi Komitənin işçiləri üçün balaca konsert düzəltdilər, orada çaldım. O çalan, düz 8 il bütün dövlət konsertlərində iştirak etdim.

   - Bəs niyə Salyandan Bakıya köçmədiniz?

   - Bakıda evim olmadı axı. Bir də Salyanla Bakının arası 1 saatlıq yoldur. Sonra Bakıda Gənclik tərəfdə ev aldım, amma ora çox darısqaldır. Bu səbəbdən alətlərimi Bakıya gətirə bilmirəm, Salyanda saxlayıram. Bir də ki, Bakıda hökumət evlərində məşq etmək olmur, orda sıxılıram. Açığı Salyandan qıraqda qala bilmirəm. Demək olar ki, hər gün Salyana gedib gəlirəm. Bakıda oğlumun da evi var, qayınatası bağışlayıb. Vallah da, sözün düzünü deyirəm də. Birdən elə bilərlər ki, kasıbam, xeyr, Allaha şükür mənim qazandığım pulu heç kim görməyib. Amma kostyumum bir dənə olub. Əslində pulum azalanda yaxşı geyinmişəm. Pulum çoxalanda yenə də bir kostyumda gəzmişəm. Demişəm ki, qoy camaatdan seçilməyim. Yəni, insanı paltarına, villasına, maşınına görə tanımazlar.

   - Dediniz ki, dünyanın bütün musiqi alətlərində çalmısınız, bu alətlərdən sizdə də varmı?

   - Bu dəqiqə gedək mənim evimə, baxıb öz gözlərinizlə görün. Afrikanın zərb alətlərindən tutmuş sitara qədər varımdır. Sadəcə, onları xalqa göstərməyi yüngüllük sayıram. Elə öz alətlərimiz çox əladır. Amma evdə özüm üçün çalıram.

   - Həsənağa müəllim, deyilənə görə, gözəl xanımlara qarşı çox diqqətcilsiniz...

   - Bəli burada gizlətməli nə var ki? Boy-buxun, yaraşıq və pul məndə. Qızlar məni çox sevirdilər. Mənim ayaqqabımı oğurlayıblar. Amma mən buna uymamışam, qudurmamışam, xarab olmamışam. Hər oğulun işi deyil ki, bu yaşda belə cavan qalsın. Adam var ki, otuz yaşı var, amma tökülür. Musiqiçi həmişə cavan qalmağı bacarmalıdır.

   - Mən bir neçə il bundan əvvəl eşitdim ki, Sizin təqdimatınız birbaşa "xalq artisti"nə gedib.

   - Əslində, mən 1985-ci ildə əməkdar mədəniyyət işçisi fəxri adını almışam. Yəni xalq artisti birbaşa verilməyəcəkdi. Fəxri ad məsələsini mənə söz veriblər, inşallah, yəqin ki, vədlərinə əməl edərlər. Amma mənim üzüm gəlmir ki, gedib bunu kiminsə yadına salım.

   - Özünüzdən sonra "insan-orkestr" kim olacaq, yerinizə kimisə hazırlamısınızmı?

   - Əlbəttə, mənim balalarım. Təbii ki, mənim yükümü heç kəs çəkə bilməz. Həsənağa Sadıqovu müəllim yox, ilahi yetişdirib. Hansı müəllim tələbəsinə qoşa-nağarada "Rast" muğamını öyrədib? Zərin qədrini zərgər verər. Bunun üçün də gərək mən həyatda olmayım. Yadıma gəlir, 1993-cü ildə Heydər Əliyev Sarayında konsert oldu. Onda Respublika Sarayı adlanırdı. Bütün böyük sənətkarlar orda idi. Konsertdən sonra rəhmətlik Heydər Əliyev səhnəyə çıxdı. Hamını barmağı ilə göstərib dedi ki, əla ifa etdiniz. Mənə çatanda dedi ki, bundan Azərbaycana gəlməyib, gəlməyəcək, onun qədrini bilin. Ondan bir müddət sonra İosif Kobzon Bakıya gələndə bir konsert təşkil edilmişdi. Mən orada da bir neçə alətdə çaldım. Çalıb qurtarandan sonra Kobzonla arvadı ayağa durub mənə yaxınlaşdı və qucaqlayıb öpdü, Heydər Əliyevə haqqımda çoxlu yaxşı sözlər dedi. Heydər Əliyev soruşdu ki, 40 ildir Salyana gedib gəlirsən, Bakıda evin yoxdur? O vaxt mədəniyyət naziri olan Polad Bülbüloğlu dedi ki, yox, elə Salyanda qalır. Fatma xanım da (Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadəni nəzərdə tutur - red.) yaxınlaşıb dedi ki, Həsənağanın xətrini o qədər çox istəyirik ki, onu elə Salyan qarışıq Bakıya gətirək. Heydər Əliyev də gülə-gülə dedi ki, Salyanla işiniz olmasın, elə özünü gətirin, kifayətdir. Ondan sonra rəhmətlik müalicə üçün Amerikaya getdi, baş qarışdı, mənim işim də yaddan çıxdı.

 

AYXAN

Ekspress.-2014.- 22-24 fevral.- S.19;21