Avropada Xocalı yürüşü

 

Ermənistan hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırım hadisəsindən 22 il ötür. Bununla bağlı Azərbaycanda, eyni zamanda, ölkə xaricində tədbirlər, anım mərasimləri davam etməkdədir.

   Dünən Bakıda "Xocalıya ədalət!" təbliğat və məlumatlandırma kampaniyasının 5 illik fəaliyyətinin yekunları ilə bağlı keçirilən tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, "Xocalıya ədalət!" təbliğat və məlumatlandırma kampaniyasının koordinatorlarından biri Nicat Məmmədli bildirib ki, beynəlxalq qurumlar, eləcə də ayrı-ayrı dövlətlər tərəfindən Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi sahəsində bir sıra nailiyyətlər əldə olunub. Tədbirdə qeyd olunub ki, Xocalı soyqırımının mənəvi, siyasihüquqi müstəvidə tanınmasına yönəlmiş "Xocalıya ədalət!" kampaniyası dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilir.

   Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr komissiyası da Xocalıya həsr edilmiş tədbir keçirib. Tədbir iştirakçıları Xocalı soyqırımına görə erməni və rus canilərinin beynəlxalq turibunal qarşısında cavab verməli olduqlarını bildiriblər.

   Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə də Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı beynəlxalq konfrans keçirilib. Komitə sədri, baş nazirin müavini Əli Həsənov bildirib ki, Xocalı soyqırımı təsadüfi hadisə deyil: "Bu, uzun müddət Ermənistan adlanan bir dövlətin azəri türklərinə, türk dünyasına qarşı aparılan ədalətsiz, çirkin oyunlarının bir hissəsidir. Bu, ermənilər tərəfindən dünya azərbaycanlılarına, dünya türklərinə qarşı sistemləşdirilmiş bir cinayətdir. Ona görə də bizsistemli şəkildə buna qarşı mübarizə aparmalıyıq. Biz Ermənistan tərəfindən törədilən bütün cinayətləri sistemli şəkildə araşdırmalı və onları gələcək nəsillərə çatdırmalıyıq".

   Baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyev isə bildirib ki, Xocalı soyqırımı ilə bağlı indiyə qədər 39 nəfərin cinayət məsuliyyətinə cəlb olunması barədə qərar çıxarılıb. Onun sözlərinə görə, Hərbi Prokurorluqda 1988-ci ildən qanunsuz erməni hərbi birləşmələri, sonrakı dövrdə erməni silahlı qüvvələri tərəfindən törədilən cinayətlər araşdırılır: "Yalnız Xocalıda baş verən soyqırımla bağlı indiyə qədər 39 nəfərin cinayət məsuliyyətinə cəlb olunması barədə qərar çıxarılıb ki, bu şəxslərin içərisində keçmiş SSRİ-nin 366-cı alayının komandir-zabit heyəti də var".

   Baş prokuror Zakir Qaralov da Xocalı açıqlaması ilə çıxış edib. Respublika Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı muzeyinin açılışı zamanı çıxış edən Z.Qaralov muzeyin yaradılmasının tarixi bir hadisə olduğunu bildirərək muzeyin açılışının ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin dünyada tanıdılması istiqamətində əhəmiyyətini vurğulayıb. Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı faktının beynəlxalq aləmdə tanıdılması üçün görülmüş işlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edən baş prokuror xalqımıza qarşı soyqırımı həyata keçirilməsini təsdiqləyən bir çox faktların göz önündə olduğunu vurğulayıb. Z.Qaralov bildirib ki, bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında əməllərinə görə cavab verməlidirlər.

    Almaniyanın Köln şəhərində Alman-Azərbaycan Mədəniyyət Evi, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyi və Alman Türkiyə Məzunları Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı "Köln Ev" adlanan yerdə yürüş mitinq keçirilib. İctimai Birlikdən "Trend"ə verilən məlumata görə, mitinqə müxtəlif Avropa ölkələrindən gəlmiş insanlar, o cümlədən Köln-Dayanışma Azərbaycan Dərnəyinin rəhbəri Ufuk Kamal, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naiba Hacıyeva, Köln Ülkü Ocaqları, Atatürkçü Düşüncə Dərnəyinin, müxtəlif diaspor fəalları, həmçinin almanlar dəstək veriblər. Alman polisinin verdiyi xəbərə görə, mitinqdə 500-dən yuxarı insan iştirak edib.

   Türkiyənin Kayseri şəhərindəki Erciyes Universitetində (universitetdə 70 ölkədən 59 min tələbə təhsil alır) Xocalı soyqırımının ildönümünə həsr edilmiş tədbir keçirilib. Universitet rəhbərliyi və Kayseri Universitetlərindəki Xarici Tələbələr Təmsilçiləri Şurasının təşkil etdiyi konfransda iştirak edən Azərbaycan parlamentinin üzvü Aydın Mirzəzadə "Ekspress"ə bildirib ki, 300 nəfərin iştirak etdiyi konfransda çıxış edənlər Xocalı soyqırımının baş vermə səbəblərindən, faciənin masştabından, dünyada əks-sədasından danışıblar. A.Mirzəzadənin sözlərinə görə, Kayseri valisi Xocalı faciəsinə toxunaraq onu bütün türk dünyasının faciəsi adlandırıb.

   Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar İstanbul Türkiyə-Azərbaycan Dərnəyi İstanbulda anım tədbiri təşkil edib.

   İsveçrə Konfederasiyasının paytaxtı Bern şəhərində "İsveçrədə Azərbaycanlıların Mədəniyyət Mərkəzi"nin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş etiraz aksiyası keçirilib. Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanmış "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Bern şəhərinin mərkəzi meydanlarının birində keçirilmiş tədbirdə İsveçrədə fəaliyyət göstərən Azərbaycan diasporasının üzvləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və elmi fəaliyyətlə məşğul olan ziyalılar iştirak ediblər.

   İki saat ərzində davam etmiş aksiyada çoxsaylı Azərbaycan bayraqları dalğalandırılıb, "Xocalıya ədalət", "Erməni işğalına son", "Xocalı soyqırımında iştirak edənlər məsuliyyətə cəlb edilsin" və digər şüarları əks etdirən plakatlar, ingilis, alman və fransız dillərində müxtəlif nəşrlər, dünya mətbuatında Xocalı qətliamı ilə bağlı dərc edilmiş məqalələr, habelə hadisəni əks etdirən fotoşəkillər nümayiş etdirilib.

   Xocalı faciəsi Finlandiyada da anılıb. Bu ölkədə fəaliyyət göstərən "Dostluq" Cəmiyyəti Finlandiya parlamenti qarşısında "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş mitinq təşkil edib. Aksiya iştirakçıları əllərində "Xocalıya ədalət!" yazılmış plakatlar Türkiyə, Azərbaycan bayraqları tutublar. "Dostluq" Cəmiyyətinin sədri Təranə Nəzərova mitinqdə çıxış edərək Xocalı soyqırımının ermənilərin insanlıq əleyhinə törətdiyi ən dəhşətli cinayət olduğunu bildirib. Daha sonra Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib.

   Paris Azərbaycan Evi Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində yerli ictimaiyyəti faciə haqqında məlumatlandırmaq beynəlxalq aləmi hadisəyə ədalətli hüquqi qiymət verməyə çağırmaq məqsədilə Fransa paytaxtında aksiya keçirib. Bu barədə isə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən qəzetimizə bildirilib. Məlumata görə, Parisin mərkəzində - Mars çöllərindəki Joffre meydanında təşkil olunmuş mitinq Xocalı qurbanlarının ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlayıb 2 saat davam edib. Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı törətdiyi qətliam haqqında məlumat verib.

   1992-ci ildə Fransanın Azərbaycandakı ilk səfiri olmuş Jean Perrin həmin hadisələrin şahidi kimi aksiyaya qatılaraq acı xatirələrini bölüşüb. O, 1992-ci ildə Xocalı faciəsi zamanı yaralanmış sakinləri ziyarət etdiyini dəhşətli səhnələri hələ unuda bilmədiyini deyərək belə bir cinayəti törədənlərin indiyəcən cəzasız qalmasına təəccübünü gizlətməyib. Fransız diplomat əlavə edib ki, həmin hadisələrdən 22 il keçməsinə baxmayaraq günahkarların cəzalandırılması üçün heç gec deyil.

   Komitədən verilən başqa bir xəbərə görə, Azərbaycan diaspor təşkilatları Almaniyanın Nürnberq şəhərindəki mərkəzi meydanda - Jakobsplazda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar yürüş-mitinq keçiriblər. Əllərində qətliam qurbanlarının fotolarını, Azərbaycan, Türkiyə, Almaniya bayraqları plakatlar tutan mitinq iştirakçıları Nürnberqin mərkəzi küçələri ilə yürüş edərək "Xocalıya ədalət!", "Qarabağa Azadlıq!" "Avropa, Qarabağın işğalına susma!" kimi şüarlar səsləndiriblər.

   ***

   Dünən Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin İnsan hüquqları kafedrasının ilk layihəsi olan "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində: hüquqi siyasi təhlil" adlı beynəlxalq dəyirmi masa keçirilib. Tədbirdə "Beynəlxalq hüquq inteqrasiya problemləri" adlı elmi analitik praktiki jurnalın Xocalı soyqırımına həsr olunmuş xüsusi buraxılışının təqdimatı da olub.

   Universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, əvvəlki illərdən fərqli olaraq bu il BDU-nun Hüquq fakültəsi Xocalı soyqırımını elmi beynəlxalq müstəvidə ortaya qoyub. Onun sözlərinə görə, "Beynəlxalq hüquq inteqrasiya problemləri" jurnalında 30-a qədər alimin Xocalı soyqırımı haqqında düşüncələri var. "Jurnalda digər ölkədən olan tanınmış alimlər Xocalı soyqırımını qlobal səviyyədə ortaya qoyub. Jurnal Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olduğuna görə müəlliflərin yazıları elmi hesab olunur. Biz bununla Xocalı faciəsini həm yad edirik, nəticə çıxarırıq, həm bunu elmi müstəvidə təqdim edirik" deyən A.Məhərrəmov hesab edir ki, Azərbaycan dövləti gələcəkdə Xocalı soyqırımının günahkarlarının cəzalandırılması üçün beynəlxalq tribunalın yaradılmasına nail olacaq: "Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunması, Xocalı faciəsi, 20 Yanvar hadisəsi - bunlar XX əsrdə başımıza gələn faciələrdir. Bu bəlaların əksəriyyəti erməni təcavüzü onlara dəstək verən insanlarla bağlıdır. Bunu yaddan çıxarmamalıyıq elə etməliyik ki, bir bu hadisələr olmasın. Bəzən "facebook"da pis məqsədlər üçün istifadə etməkdənsə, Xocalı soyqırımını dünya birliyinə çatdırmaq üçün müəyyən yazılar yazmaq lazımdır".

   Deputat Fəttah Heydərov da hesab edir ki, alimlər Xocalı faciəsinə elmi müstəvidə qiymət verməklə, böyük bir görüblər: "Ermənilərin Xocalıda törətdiyi soyqırım hadisəsi öz hüquqi qiymətini almalıdır".

   Deputat Rəbiyyət Aslanova sözügedən jurnalda Azərbaycan alimlərinin Xocalı soyqırımı barədə elmi yazıları ilə tanış olduğunu bildirərək, bunun Xocalı həqiqətlərinin elmi səviyyədə dünyaya çatdırılması üçün mühüm rol oynayacağını vurğulayıb. O, hazırda beynəlxalq hüququn böhran yaşadığını da qeyd edib: "Belə olmasaydı, Xocalı soyqırımını törədənlər öz cəzalarını alardılar".

   Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev bildirib ki, beynəlxalq hüquqşünaslar Xocalı soyqırımının beynəlxalq müstəviyə çıxarılması istiqamətində çox çalışmalıdır. Burada müəyyən problemlərin olduğunu deyən professor hesab edir ki, bu problemlərin həlli istiqamətində beynəlxalq təbliğat getməlidir: "Bu istiqamətdə hüquq fakültəsində bir neçə layihə işləmişik. 2012-ci ildə alman aliminin alman ingilis dillərində Dağlıq Qarabağ probleminə həsr etdiyi kitabı rus dilinə tərcümə etdirmişik. Hazırda Krakov Universitetinin professoru Aleksandr Merejkonun Qarabağ probleminə həsr etdiyi kitabın Azərbaycan ingilis dillərinə tərcümə edilməsi üzərində işlər gedir. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün biz alimlərin üzərinə düşür bu istiqamətdə işlərimizi davam etdirməliyik".

   Krakov Universitetinin professoru Aleksandr Merejko isə bildirib ki, Ermənistan Azərbaycan ərazilərini işğal etməklə beynəlxalq hüququn bir sıra prinsiplərini kobud şəkildə pozaraq, hətta Xocalıda beynəlxalq cinayətlərin ən ağırını - soyqırım cinayətini törədib.

 

   Aqil ASLAN

    Ekspress.-2014.- 25 fevral.- S.12.