Əlillərin əmək bazarına çıxışı strateji hədəfdir

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

 

Əlillərin əmək bazarına çıxışının təmin olunması strateji hədəf olaraq nəzərdə tutulur. "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər) və Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)"nın "Sosial cəhətdən həssas qrupların məşğulluğunun inkişafı" bölməsində bu məqsədlə bir sıra tədbirlər həyata keçirilib.

   Keçirilən tədbirlərdə əlilləri işlə təmin etmək məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada kvota üzrə yerlərinin müəyyən edilməsi, kvotaya əməl etməyən müəssisələrə qarşı sanksiyaların müəyyən edilməsi və məşğulluq haqqında qanunvericiliyin təkmilləşdirilməsi əsas götürülüb. Qeyd edək ki, əlilliyi olan insanların əmək bazarına çıxışının asanlaşdırılmasında vətəndaş cəmiyyətinin rolunun artırılması da hökumətin əsas prioritetlərindən biridir.

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi şöbəsinin müdiri Vüqar Həsənovun fikrincə, əlillərin hüquqlarının qorunması və onların sosial müdafiəsinin təmin edilməsi vətəndaş cəmiyyətinin qarşısında duran ən vacib məsələlərdən biridir: "Azərbaycanda əlilliyi olan şəxslərin cəmiyyətdə hüquqlarının daha geniş məzmunda və dolğun şəkildə reallaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir. Bir tərəfdən həmin insanların sosial hüquqları ilə bağlı qanunvericilik bazası günümüzün tələblərinə uyğun təkmilləşdirilir, digər tərəfdən beynəlxalq təcrübədə əlil vətəndaşların sosial statusunun daha effektiv yollarla bərpasına, onların mövcud potensiallarının dürüst qiymətləndirilməsi və öz potensial imkanları müqabilində maddi və mənəvi tələbatlarını ödəyərək cəmiyyətin fəal hissələrinə çevrilərək yeni sosial reabilitasiya modelləri tətbiq edilir. Bizdə qəbul edilmiş qanunlarnormativ hüquqi aktlar əlillərin sosial müdafiə hüquqlarının qorunmasına, onların ictimai həyatın bütün sahələrində iştirak etmək üçün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir. Əlillik özü-özlüyündə hər bir cəmiyyətin qaça bilmədiyi sosial məsuliyyətdir. Hər bir dövlət öz imkanları səviyyəsinə uyğun əlillərə münasibətdə sosialiqtisadi siyasətini formalaşdırır".

   V.Həsənov hesabatlara əsaslanaraq qeyd edir ki, dünya əhalisinin 15%-i, statistik məlumatlara əsasən ölkəmizdə əhalinin 4,6%-i, yəni 425 minə yaxını əlillik statusu olan şəxslərdir: "Özbəkistanda əhalinin 9,6%-i, Rusiyada 9,3%-i, Estoniyada 9,2%-i, Fransada 9,6%-i, Belarusda 9,2%-i əlilliyi olan şəxslərdir. Bu statistikaya baxdıqda Azərbaycanda rəqəmlər xeyli aşağı səviyyədədir" deyən Həsənov bildirib ki, dövlət əlillərlə bağlı bir neçə mühüm beynəlxalq sənədlərə, xüsusən də əlillərin hüquqları haqqında konvensiyalara qoşulmuş, əlil insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi, 2006-2015-ci illər ərzində əlil şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının tədbirlər planında olan tövsiyələri icra edir. "Hazırda ölkəmizdə əlillərin sosial müdafiəsi müxtəlif istiqamətlərdə həyata keçirilir. Qanunvericiliyə görə əlillik statusu olan şəxslər sosial ödənişlərlə təmin olunur".

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"nın icrasında şəffaflığın təmin edilməsi məqsədilə Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının iştirakı təmin olunur. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, əlillərin əmək hüquqlarının təmin edilməsi üzrə maarifləndirmə və onların əmək bazarına çıxışının təşviqinə yardım göstərilməsi tədbirlərində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının, belə insanların cəmiyyətə inteqrasiyası məqsədilə onlara hüquqi yardım göstərilməsi tədbirlərində Milli QHT Forumunun, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətin təkmilləşdirilməsi məqsədi ilə sosial işçilər üçün təlim proqramlarının hazırlanması və tətbiqinə yardım edilməsi tədbirlərində "SosialPsixoloji Tədqiqatlar Mərkəzi" İB-nin iştirakı təmin olunur. Bununla yanaşı, Əlil Təşkilatları İttifaqı infrastrukturun əlillərə müəssərliyinin təmin edilməsi ilə bağlı standartların hazırlanması və tətbiqi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün texniki yardımın göstərilməsi, "Sosial Xidmətlər Təşəbbüsü" İB sağlamlıq imkanları məhdud uşaqlara səyyari xidmətlər üzrə layihənin sınaqdan keçirilməsi və standartların hazırlanması, habelə tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsinə dair layihə ilə bağlı texniki yardımın göstərilməsi tədbirlərində iştirak edir.

   Qeyd edək ki, inkişaf etmiş ölkələrdə əlil olan şəxslərin cəmiyyətə, ictimai həyata inteqrasiyası üçün sistemli işlər görülür. Burada ən mühüm məsələlərdən biri də əlillərin əmək fəaliyyəti ilə təmin olunmasıdır ki, həqiqətən də bu sahədə ciddi uğurlara imza atan ölkələr var. Azərbaycan qanunvericiliyində də əlillərin əmək şəraitini yaxşılaşdırmaq üçün bir sıra müddəalar öz əksini tapıb.

   Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquqşünas Sahib Məmmədov 1992-ci ildən "Əlillərin sosial reabilitasiyası haqqında" qanun qüvvədə olduğunu bildirir: "Əmək Məcəlləsində əlillər üçün nəzərdə tutulan imtiyazlar çoxdur. Məsələn, sağlam insanlara nisbətdə əlil işçiyə iki dəfə çox ödənişli məzuniyyət verilməlidir. Bir neçə il əvvəl sözügedən məsələ ilə bağlı sənəd hazırladıq. Dövlətə bununla bağlı bəzi variantlar təklif etdik. Təkliflərimiz nəzərə alınsa, dövlətin əlillərə yönəlik xərcləri azalar. Məsələn, bina tikən hər hansı bir sahibkara orada yaşayacaq əlillər üçün inşa olunacaq infrastrukturun xərclərini dövlət ödəməlidir. Adətən bina inşa olunarkən orada əlillər üçün infrastrukturun inşasına əlavə xərclər tələb olunur. Sözügedən infrastruktur əlavə torpaq sahəsi tutacaqsa və həmin torpaq sahəsi dövlət torpaq fonduna aiddirsə, onu havayı verməlidir. Yox, əgər həmin torpaq sahəsi özəl mülkiyyətə aiddirsə, onda onun alınma xərclərini dövlət öz üzərinə götürməlidir. Yəni, bu tipli stimullaşdırıcı tədbirlər nəzərdə tutulmalıdır. Bir çox ölkələrdə bu tətbiq olunur".

   Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimov da əlilliyi olan insanların məşğulluq probleminin olduğunu etiraf edirbu sahədə vəziyyətin ürəkaçan olmadığını vurğulayır: "Müəssisə və təşkilatlara işi bilən insanlar gərəkdir. Ona görə də əlilləri də bu sahəyə uyğunlaşdırmaq lazımdır. Peşəyə yiyələnmək üçün təhsil müəssisələri açmaq lazımdır. İnfrastrukturun olmaması bir sıra işlərin görülməsinə mane olur" deyən Rəhimovun bildirdiyinə görə, indiyədək əlillərin məktəbə gedib təhsil alması üçün xüsusi infrastruktur qurulmayıb. "Əfsuslar olsun ki, təhsil ocaqları, məktəblər əlillər üçün uyğunlaşdırılmayıb. Digər problemlərdən biri isə müəssisələr olsa belə nəqliyyat məsələsidir. Ona görə də bu sahədə vahid infrastrukturun yaradılması vacibdir".

   Xatırladaq ki, Azərbaycanda əlillərin hər yerdə işləməsinin mümkün olduğu deyilsə də, əslində bəzi sənədlər onların işlə təminatını məhdudlaşdırır: "Tibbi Sosial Ekspertiza Komissiyalarından keçdikdə I qrup əlillərə verilən arayışların arxasında onların əmək qabiliyyətli olmadığı qeyd edilir. Bu isə işəgötürənə əlavə üstünlük verir. Yəni əgər bu kateqoriyadan olan əlil hansısa müəssisəyə üçün müraciət edərsə, qarşı tərəfin onu işə götürməmək barədə tam səlahiyyəti var. Mövcud boşluqların aradan qaldırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müəyyən müzakirələr aparıldı, bununla bağlı hökumətə xüsusi təkliflər hazırlandı".

   Göründüyü kimi, problemlər çox olsa da onların həlli yolları da axtarılır və müəyyən mənada aradan qaldırılması üçün əlaqədar təşkilatlar çalışırlar. Qeyd edək ki, bəzi qurumlar isə problemlərin o qədər də ciddi olmadığı qənaətindədir. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, əlillərin məşğulluğunda ciddi problem yoxdur. "Əlillər kvotaya uyğun olaraq məşğulluq mərkəzləri tərəfindən işlə təmin edilir. Əlillərin işlə təminatı məsələsində hansı problemin olduğunu demək olmaz. Çünki hökumətin müəyyənləşdirdiyi kvotaya uyğun olaraq nazirlik mütəmadi olaraq əlillərin işlə təminatına çalışır. Məsələ burasındadır ki, nazirlik konkret olaraq hər hansı bir müəssisənin yaradılmasında və orada əlillər üçün işin uyğunlaşdırılmasında iştirak etmir. Sadəcə, işlə bağlı müraciət edən şəxslər vakant yerlərə yerləşdirilir. Məsələn, nazirlik tərəfindən Baş Məşğulluq İdarəsi ilə əlil qadınlar üçün tikiş kursları təşkil edilib, indi onlar yiyələndikləri peşəyə uyğun olaraq işləyirlər. Əgər əlilin fiziki imkanları varsa, o, istənilən sahədə çalışa bilər. Əlilin fiziki cəhətdən imkanı varsa, bütün işlərdə çalışa bilər. I qrup əlili işə götürən müəssisə rəhbərinə də hansısa cərimə tətbiq olunmur".

 

  

Rəşid RƏŞAD

Ekspress.-2014.- 26 fevral.- S.9.