Dünya Xocalını
andı
Bu faciə Xatın, Liditsa, Oradur
soyqırımları kimi bəşəriyyət tarixinə
yazılmış qanlı olaylardan daha da dəhşətlidir
26 fevral - Xocalı soyqırımı günü münasibətilə dünən Azərbaycanda çoxsaylı tədbirlər keçirilib. Paytaxtda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün bir sıra dövlət və hökumət rəsmiləri, ictimai-siyasi təşkilatlar, habelə minlərlə şəhər sakini faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər.
Eyni zamanda saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi ölkə ərazisində bir dəqiqəlik sükutla yad edilib. Belə ki, faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib. Həmçinin dövlət qurumlarında, hərbi hissələrdə, üzən gəmilərdə və Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib.
Dünən "Ana harayı" abidəsini ziyarət edənlər arasında Milli Şura üzvləri də olub. Qeyd edək ki, anım tədbirinə qatılan MŞ üzvləri ilə polislər arasında qarşıdurma da yaşanıb. Buna səbəb qurum üzvlərinin Xətai metrostansiyası ərazisindən şüarlar səsləndirməsi olub. Onlar "Xocalıya ədalət", "Haqqınızı halal edin" kimi şüarlar səsləndiriblər. Müsavat Partiyası da "Ana fəryadı"na doğru anım yürüşü keçirib.
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin (DGK) strukturuna daxil olan qurumlarda da anım mərasimləri keçirilib. DGK-nın mətbuat xidmətindən "Ekspress"ə veilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, "Azərterminalkompleks" Birliyi və Bakı Baş Gömrük İdarəsində keçirilən mərasimlərin iştirakçıları öncə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad eiblər.
Anım tədbirləri bölgələrdə də davam etdirilib. Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar dünən Goranboy rayonunda ümumrayon anım mərasimi keçirilib. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində rayon mərkəzindəki "Xocalı soyqırım" abidəsi ziyarət edilib, abidə önünə gül-çiçək dəstələri qoyulub. Füzuli rayonunda isə Horadiz şəhər Mədəniyyət Sarayında Füzuli Dövlət Dram Teatrı gənc yazar Şəbnəm Tofiqqızının Xocalı faciəsindən bəhs edən "Taleyin bir üzü" adlı əsərinin əsasında səhnələşdirilən tamaşa nümayiş etdirib. Bundan başqa, Rayon İcra Hakimiyyəti tərəfindən Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı hazırlanmış tədbirlər planına müvafiq olaraq rayonun bütün ərazisində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, sislilə tədbirlər keçirilib. 26 fevral tarixində orta ümumtəhsil məktəblərində ilk dərs Xocalı soyqırımına həsr olunub.
***
Qeyd edək ki, 1992-ci il fevralın 26-da erməni və rus hərbi birləşmələrinin Xocalıda törətdiyi soyqırım zamanı hər iki valideynini itirmiş 25 uşaq (indi onların ən kiçiyinin 22 yaşı var) mətbuat vasitəsilə dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, 613 nəfərin öldürüldüyü, minlərlə insanın yaralandığı bu qətliam Azərbaycan xalqına qarşı bilərəkdən törədilmiş soyqırımdır. "O dəhşətli hadisələr baş verərkən bu müraciəti imzalayan bizlərin 4-11 yaşları vardı. O dəhşətli gecədə biz dünyada hər bir körpənin daima qayğısına ehtiyac hiss etdiyi valideyn qayğısından ömürlük məhrum olduq. Biz həmin dəhşətli gecədə yarıçılpaq, ayaqyalın, şaxtada, qarda düşmən gülləsinin atəşindən qaçarkən ətarıfımzda güllələnən valideynlərimzin axan qanını, bizi son dəfə qucaqlayaraq bağırlarına basan əllərini, gözümüzün önündə baş verən bu qandonduran hadisələri unuda bilmirik. Bu dəhşətlər sonradan bizim yaşanacaq ömrümüz üçün uşaq yaddaşnın çəkə bilməyəcəyi bir ağır yük oldu. O gecə güllələrdə çilik-çilik olan arzularımız uşaqlıq həyatımıza son qoydu. Biz - həmin dəhşətli gecədə hər iki valideynini itirmiş 25 uşaq dünya birliyinə, dünyanın hər bir ölkəsinə, beynəlxalq təşkilıatlara müraciət edərək Xocalıda baş vermiş soyqırıma hüquqi qiymət verilməsini tələb edirik. Bu soyqırım günahkarlarının Avropa Məhkəməsində ədaləti mühakimə olunmasını istəyirik. Biz "Xocalıya Ədalət" istəyirik. Bu cinayət cəzasız qalmamalıdır. Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər", - deyə bəyanatda vurğulanır.
Xocalı qurbanları Azərbaycanda olduğu kimi, dünyanın ayrı-ayrı ölkələrində də anılıb. Soyqırımın 22-ci ildönümü ilə əlaqədar Belçika Krallığının paytaxtı Brüssel şəhərində - Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirilib. Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan aksiyada 200 nəfərdən çox soydaşımız iştirak edib. Aksiyada çıxış edən BAK-ın sədri Sahil Qasımov, təşkilatın vitse-prezidenti Elsevər Məmmədov Avropa Parlamentindən Xocalı soyqırımının qəbul olunmasını və hüquqi qiymət verilməsini tələb ediblər.
Etiraz mitinqi daha sonra
yürüşlə davam edib. Əllərində Azərbaycan
bayraqları və Xocalıya ədalət tələb edən
plakatlar tutmuş nümayişçilər etiraz
aksiyasını Ermənistan səfirliyi qarşısında
başa çatdırıblar.
Soyqırımın
22-ci ildönümü Malayziyada keçirilən "Mahathir
Qlobal Sülh Məktəbi" Beynəlxalq Forumunda da
anılıb. Tədbir zamanı Dağlıq Qarabağ
münaqişəsi və erməni hərbi birləşmələri
tərəfindən Xocalı şəhərində azərbaycanlı
mülki əhaliyə qarşı etdikləri vəhşiliklərindən
və günahsız əhalini amansızcasına öldürərək
soyqırım törətmələri haqda geniş məlumat
verilib və iştirakçıların "Xocalıya ədalət!"
qlobal kampaniyasına dəstək olmalarına
çağırış edilib. Forumun
iştirakçıları Xocalı soqırımını
törədən işğalçı Ermənistanı tənqid
edərək işğala son qoymasını tələb ediblər.
Meksikanın
İberoamerikano Universitetinin beynəlxalq əlaqələr
fakültəsinin Yaxın Şərq və Qafqaz
Araşdırmaları bölməsində də Xocalı
soyqırımının 22-ci ildönümü ilə əlaqədar
tədbir keçirilib. Azərbaycanın
Meksikadakı səfiri İlqar Muxtarov Ermənistanın Azərbaycana
qarşı təcavüzü, Xocalı faciəsinin nəticələrindən
bəhs edən məlumat xarakterli prezentasiya ilə
çıxış edib.
Faciə qurbanlarının xatirəsi
hər il olduğu kimi bu il də Avstraliyanın
müxtəlif şəhərlərində anılıb. Azərbaycanın Avstraliyadakı səfirliyinin dəstəyi
ilə fevralın 25-də Kanberra, fevralın 26-da isə Sidney
şəhərində geniş məlumatlandırma və
etiraz aksiyası təşkil olunub. Aksiyada
soyqırım aktına dair faktları əks etdirən
kitablar və broşürlər paylanılıb, şəhər
mərkəzində qurulan xüsusi stendlərdə faciənin
hansı qəddarlıqla törədilməsi barədə
fotoşəkillər təqdim olunub. Bundan
başqa, Avstraliyada Xocalı soyqırımının
tanınması məqsədi ilə imza toplanılıb.
Almaniyanın Hamburq
şəhərində Atatürkçü Düşüncə
Dərnəyinin təşkilatçıığı ilə
Xocalı soyqırımına həsr olunmuş tədbir
keçirilib. Almaniyanın Noymünster
şəhərində də Xocalı
soyqırımını tanıtım tədbiri
keçirilib. Tədbirdə erməni millətçilərinin
vandalizmi barədə danışılıb. Daha sonra əksəriyyəti yerli ictimaiyyətin
nümayəndələri və ziyalılar olan qonaqlara
Xocalı faciəsini əks etdirən videomaterial
nümayiş etdirilib.
Niderlandda fəaliyyət
göstərən "Ana Vətən" Niderland Azərbaycanlı
Qadınlar Birliyi və digər diaspor təşkilatları
Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar
Niderland Parlamentinin Xarici İşlər üzrə
komissiyasının rəhbəri A.Eijsink və komissiyanın
digər üzvlərinə Petisiya ilə müraciət edib.
Müraciətdə deyilir ki, Ermənistanın
Azərbaycana qarşı apardığı təcavüzkar
siyasət insan haqları və azadlıqlarının kütləvi
şəkildə pozulmasının nəticəsidir.
1992-ci ildə törədilmiş Xocalı qətliamı son
200 il ərzində erməni millətçilərinin azərbaycanlılara
qarşı törətdiyi etnik təmizləmə və
genosid siyasətinin bir nümunəsi olsa da, təəssüf
ki, Ermənistan Respublikası törətdiyi bu cinayətlərə
görə beynəlxalq təşkilatlar tərəfindən
heç bir məsuliyyətə cəlb edilməyib. Petisiyada o da vurğulanır ki, beynəlxalq
hüquqa görə genosid sülhə və insanlığa
qarşı törədilən cinayətdir. Bu petisiya Niderland Parlamenti ilə yanaşı, BMT-nin
Baş Katibi və onun uşaqlar və silahlı
münaqişələr üzrə xüsusi nümayəndəsinə,
ATƏT üzvlərinə, Avropa Şurası və digər
nüfuzlu beynəlxalq təşkilatlara göndərilib.
Finlandiyanın
paytaxtı Helsinkidəki "Caisa" mədəniyyət mərkəzində
isə Xocalı soyqırımı qurbanlarının xatirəsinə
həsr olunmuş "XX əsrin ən böyük faciəsi
- Xocalı soyqırımı" adlı sərgi təşkil
olunub. Tədbirdə iştirak edən
Türkiyənin Helsinkidəki səfiri Adnan Başağa
çıxış edərək türk tarixinin bu acı və
kədərli səhifəsini daim diqqətdə
saxlanılmasının vacibliyini bildirib. "Bu
faciə Xatın, Liditsa, Oradur soyqırımları kimi bəşəriyyət
tarixinə yazılmış qanlı olaylardan daha da dəhşətlidir".
Danimarkada fəaliyyət
göstərən "Vətən" Cəmiyyəti də
Xocalı soyqrımının 22-ci ildönümü ilə əlaqədar
Kopenhagendə məlumatlandırma və anım tədbiri təşkil
edib. Cəmiyyətin sədri Səfər
Sadiqi başda olmaqla təşkilatın üzvləri
Kopenhagen şəhərinin mərkəzi meydanına
toplaşaraq yerli sakinlərə və turistlərə
broşurlar paylayıb.
Xocalı faciəsinin
qurbanları Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Türkiyə
ofisinin İstanbuldakı Ortaköy Meydanında təşkil
etdiyi anım yürüşü ilə yad edilib.
Anım mərasimində iştirak edən yüzlərlə
İstanbul sakini eyni anda Boğaz üzərindən səmaya
qətlə yetirilmiş hər bir kişi,
qadın və uşaq üçün 613 işıq
şarı buraxıb.
Türkiyə
paytaxtı Ankarada isə Xocalı abidəsinin rəsmi
açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın
Türkiyədəki səfiri Faiq Bağırov Xocalı
soyqırımı barədə məlumat verdikdən sonra
abidəni qoyan Keçiörən bələdiyyəsinə
təşəkkürünü bildirib.
Azərbaycan Milli Məclis sədrinin
birinci müavini isə Ziyafət Əsgərov son 200 ildə
ermənilərin türklərə qarşı törətdikləri
soyqırımları xatırladaraq, bundan sonra bu cür faciələrin
yaşanmaması üçün Türkiyə ilə Azərbaycanın
öz qüvvələrini birləşdirməsinin vacib
olduğunu deyib.
Türkiyə Böyük Millət
Məclisinin sədri Cəmil Çiçək bildirib ki, bu
abidə Dağlıq Qarabağda yaşananları unutmamaq və
unutdurmamaq üçün inşa edilib: "Bu gün burada
öz acılarımızı xatırlamaq üçün
bir araya gəlmişik. Türkiyə-Azərbaycan
münasibətlərinin təməlində qardaşlıq
dayanır. Qardaşlar bir-birilərinin
sevinclərini və kədərlərini paylaşır.
Biz Anadolu türkləri, Azərbaycan türklərini
özümüzə öz varislərimiz qədər
yaxın hiss edirik, bir-birimizi ayrı dövləti olan bir millət
kimi görürük. Azərbaycan bizim
ikinci dövlətimizdir. 100 il əvvəl
Balkanlarda və Anadoluda yaşadığımız acılar
kimi, 22 il əvvəl Dağlıq Qarabağda böyük bir
acı yaşadıq. Millət olaraq bizə
böyük iztirab verən bu acını unutmamalıyıq.
Çünki başqalarının
acılarına diqqət göstərib öz
acılarımızı unutsaq, bir millət kimi öz keyfiyyətlərimizi
itirərik".
C.Çiçək
qeyd edib ki, Xocalı qətliamı adi bir kütləvi qətl
deyil, Qafqazda erməni
işğalçılığının bir təzahürüdür.
O bəyan edib ki, bu qətlləri törədən
bütün canilər məsuliyyətə cəlb
olunmalıdır: "Eynilə Bosniyada soyqırım törədən
canilər Miloşeviç və Karaciç kimi, qeyri-rəsmi
məlumatlara əsasən Xocalıda 1300
qardaş-bacımızı qətlə yetirmiş canilər
də beynəlxalq məhkəmədə mühakimə
olunmalıdır".
Xocalı
soyqırımının 22-ci ildönümü ilə əlaqədar
bir sıra beynəlxalq təşkilat, hökumət rəhbərləri,
diplomatlar, nüfuzlu şəxslər də bəyanatla
çıxış ediblər. Belə ki, İslam
Əməkdaşlıq Təşkilatının (İƏT)
Baş katibi İyad bin Amin Mədəni 1992-ci ildə Ermənistan
silahlı qüvvələri tərəfindən törədilmiş
vəhşiliklər nəticəsində həyatını
itirmiş günahsız insanların xatirəsini yad edib.
XİN mətbuat xidmətindən
verilən məlumata görə, baş katib Ermənistan tərəfindən
Azərbaycan ərazilərinin işğalının
Xocalı soyqırımının törədilməsinə
zəmin yaratdığını qeyd edib. Həmçinin
o, 2013-cü ildə Qvineyanın paytaxtı Konakri şəhərində
keçirilmiş İƏT Xarici İşlər Nazirləri
Şurasının 40-cı iclası zamanı qəbul
edilmiş və Azərbaycanın işğal olunmuş ərazilərində
Azərbaycan əhalisinə qarşı törədilmiş qətliamı
insanlığa qarşı cinayət kimi tanıyan Qətnaməyə
istinad edib. İyad bin Amin Mədəni Azərbaycan
Respublikası tərəfindən öz ərazilərinin
işğalına son qoyulması və ərazi
bütövlüyünün bərpası naminə həyata
keçirdiyi təşəbbüs və səylərin
İƏT tərəfindən tam şəkildə dəstəkləndiyini
bir daha bəyan edib.
Türkiyənin xarici işlər
naziri Əhməd Davudoğlu isə özünün twitter
sosial şəbəkəsindəki hesabından Xocalı
soyqırımı ilə bağlı fikirlərini
parlaşıb. Davudoğlu Xocalı soyqırımının
heç vaxt unudulmayacağını bildirib: "Kin duymaq
üçün deyil, dərs almaq ve eyni acıları təkrar
yaşamamaq üçün Xocalının əziz xatirəsi
zehnimizdə həmişə təzə qalacaq. 22 il öncə Xocalıda ocaqlara düşən atəş
sadəcə, azərbaycanlı qardaşlarımızın
deyil, Anadoludakı türk insanının da ürəyini
yandırdı".
TBMM Xarici əlaqələr
komissiyası isə Xocalı soyqırımının 22-ci
ildönümü ilə əlaqədar bəyanat yayıb.
TBMM-in saytında yerləşdirilən bəyanatda qeyd olunur
ki, Türkiyə azərbaycanlıların 22 il əvvəl
Xocalıda üzləşdikləri vəhşilikləri və
qətliamı hər zaman qəlbinin dərinliklərində
hiss edir, Ermənistan silahlı birləşmələri tərəfindən
gerçəkləşdirilən bu qətliamı və Azərbaycan
torpaqlarının illərdən bəri davam edən
işğalını qınayır: "İnsanlıq
tarixinin ən qara səhifələrindən biri olan Xocalı
qətliamı, nəticələri etibarilə bölgənin
sülh, asayiş və təhlükəsizliyi
baxımından bu gün üçün də bir problem
olaraq qalır. Mülki vətəndaşlara
yönəlmiş bu amansız, insanlığa qarşı əməllər
və işğal nəticəsində 1 milyona yaxın azərbaycanlı
qardaşımız yurdlarından ayrılmaq məcburiyyətində
qalıb, iyirmi ildir qaçqın həyatı yaşamağa
məcbur ediliblər".
Yeri gəlmişkən,
dünən Türkiyə parlamentinin MHP-dən olan
üzvü Sinan Oğan keçirdiyi mətbuat konfransında
bildirib ki, Türkiyənin Xocalı soyqırımına səssiz
yanaşması yeni soyqırımlara qapı açmaq deməkdir.
Onun sözlərinə görə, Türkiyə Xocalı
soyqırımı ilə bağlı konkret mövqeyini ortaya
qoymalıdır: "Təəssüf ki, nə Türkiyə
dövləti və TBMM, nə beynəlxalq məhkəmələr,
nə də beynəlxalq ictimaiyyət Xocalı
soyqırımı ilə bağlı konkret mövqeyini
açıqlamayıb. Yalnız TBMM-in Xarici
işlər komissiyası açıqlama yayıb. Xocalı faciəsinin soyqırım olaraq
tanınmasına dair verdiyim təklif isə parlamentin rəflərində
gözlədilir".
S.Oğan bildirib ki, Türkiyə
Xocalıya yetərincə dəstək verə bilmədiyi
üçün Şərqi Türküstanda, İraqda,
Suriyada bənzər təhdid və təhlükələr
var: "Bunları görməzdən gəlməyimiz
soyqırım gerçəyini gizlətməyəcək. Türkiyə Cümhuriyyətinin bütün səlahiyyətli
qurumlarını, millət vəkillərini təklifimizə
dəstək verməyə çağırırıq".
ABŞ-ın Azərbaycandakı səfir
Riçard Morninqstarın Xocalının anım günü
ilə bağlı bəyanatında isə deyilir ki, ABŞ
hökuməti Xocalı faciəsinin bütün azərbaycanlılar
üçün böyük ağrı-acı olduğunu
anlayır: "İstənilən insan itkisi faciədir və
Ermənistanla Azərbaycan arasında müharibədə hər
iki tərəfdə baş vermiş insan itkiləri
Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll
edilə bilməyəcəyini bizə bir daha
xatırladır. Yalnız uzunmüddətli və
dinc həll yolu regiona sabitlik, rifah və barışıq gətirə
bilər. ABŞ Minsk Qrupunun həmsədri kimi sülhə
nail olmaq üçün tərəflərlə birgə
işləməyə sadiqdir".
Böyük Britaniya
səfiri də Xocalı faciəsinin 22-ci ildönümündə
açıqlama ilə çıxış edib. Səfir İrfan Böyük Britaniyanın Azərbaycandakı
səfirliyinin "Facebook" sosial şəbəkəsindəki
səhifəsində yerləşdirdiyi açıqlamada faciəli
hadisələr zamanı insanların həlak olması ilə
əlaqədar Azərbaycan xalqına
başsağlığı verib.
Aqil ASLAN
Ekspress.-2014.- 27 fevral.- S.12-13.