Dini maarifləndirmə
işi daimi proses kimi
Azərbaycan müstəqillik əldə etdikdən sonra
xalqımızın milli-mənəvi dəyərlərə
qayıdış prosesi sürətlənib. Son illərdə
milli-mənəvi dəyərlərimizə dövlət
qayğısı daha da artıb. Əsas
diqqət isə dini maarifləndirmənin gücləndirilməsi
və düzgün istiqamətdə inkişaf etdirilməsinə
yönəlib.
Sirr deyil ki, dini
maarifləndirmənin azlığı ucbatından son zamanlar
zərərli cərəyanlar din adından istifadə etməklə
öz ideologiyalarını yaymağa
çalışırlar. Demək olar ki,
buna dünyanın bütün ölkələrində rast gəlinir.
Azərbaycanda bu istiqamətdə problem nəzərəçarpacaq
dərəcədə olmasa da, heç kəs deyə bilməz
ki, ölkəmiz bundan tam sığortalanıb. Düzgün dini təbliğat, insanlara dinimizin
mükəmməl şəkildə
çatdırılması bu gün dini qurumların üzərinə
düşən əsas vəzifə və məsuliyyətdir.
"Həqiqi İslamı gənclərimizə
düzgün aşılamaq lazımdır"
Ölkədə dini
maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini
dərindən dərk edən dini qurumlarımız da son
vaxtlar əməli işə keçiblər. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)
təkcə son ayda dindarlar üçün təşkil
etdiyi təkmilləşdirmə kurslarını buna misal
göstərmək olar. Ötən ayın sonunda
müdavimlərə sertifikatların təqdim olunması mərasimində
çıxış edən QMİ sədri,
şeyxülislam Allahşükür Paşazadə
qarşıdurmaların, dinlər və məzhəblər
arasında salınan ədavətin dövlətləri
parçaladığını, bəzi qüvvələrin
müsəlmanla müsəlmanı, xristianla xristianı
üz-üzə qoyduğunu, nəticədə insanların bir-birilərinə silah
qaldırdığını deyərək, belə
halların həm ayrı-ayrı dövlətlərdə, həm
də bütünlükdə dünyada sabitliyin yaranmasına
böyük zərbə vurduğunu bildirib. Şeyx bəzi Qərb
dövlətlərinin müsəlman ölkələrində
təfriqə saldıqlarını, Azərbaycana düşmən
münasibəti bəsləyən qüvvələrin burada
da dinlər və məzhəblər arasında
qarşıdurma yaratmaq istəyində olduqlarını deyərək,
bu fikrə düşənlərin planlarının heç
vaxt həyata keçməyəcəyni vurğulayıb:
"Çünki Azərbaycanın güclü dövləti,
bu dövləti hər zaman müdafiə edən sizin kimi
insanları var. Dini radikallar qanun qarşısında cavab verəcəklər".
Danılmaz faktdır
ki, Azərbaycandan Suriyaya, İraqa gedib döyüşənlər
və bundan ilhamlanaraq İslamda sünni-şiə ədavəti
salmağa cəhd göstərənlər də var.
Özü də nə qədər ağır olsa da, deməliyik
ki, belələrinin sayı çoxalıb. QMİ sədri bu məsələdə din xadimlərinin
də məsuliyyət daşıdıqlarını deyir.
Onun fikrincə, bu gün gənclərimizin bu yola düşməsində
hamının, o cümlədən din xadimlərinin də
üzərinə böyük iş düşür: "Mən
bütün Azərbaycan dindarlarına üz tutaraq deyirəm
ki, baxaq görək biz harada boşluq buraxmışıq ki,
ondan istifadə edib gənclərimizi bu yola çəkirlər.
Bu çox təhlükəli oyundur. Siz məscidlərdə, moizələrinizdə,
insanlar arasında apardığınız söhbətlərdə
elə etməlisiniz ki, gənclərimiz hansısa qüvvələrin
təsirinə düşməsin. Həqiqi
İslamı gənclərimizə düzgün
aşılamaq lazımdır" deyən Şeyxülislam
bütün hallarda bunun qarşısının
alınmasının vacibliyini vurğulayıb. Bunun üçün isə təbii ki, birinci
növbədə dini maarifləndirmə güclü
olmalıdır.
Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin (DQİDK) də
bu sahədə gördüyü işlər təqdirəlayiqdir.
Qurumun ayrı-ayrı bölgələrdə
"Dövlət-din münasibətləri və maarifləndirmə
işi" mövzusunda keçirdiyi regional konfransların da
məqsədi dini maarifçilik işini genişləndirmək,
dini icmaları sosial layihələrə cəlb etmək,
dindarlar arasında vətənpərvərlik hissini gücləndirmək
və tolerantlıq ənənələrini təbliğ etməkdir.
Bu istiqamətdə "Qazi Qarabağ
azanı" layihəsi, "Axund və imamlar
üçün xütbə vəsaiti" və Milli
Tolerantlıq Mərkəzinin yaradılmasını da
xüsusi qeyd etmək lazımdır.
Bu sahədə qət edilməli uzun yol var
Millət vəkili
Fazil Mustafanın dediyinə görə, Azərbaycan faktiki
olaraq müxtəlif dinlərin mövcud olduğu bir ölkə
olsa da, dini maarifləndirmə işi o qədər də
güclü deyil. Onun fikrincə, bunun
üçün birinci növbədə təhsil sistemi təkmilləşdirilməli,
dinin təhsil qurumlarında tədrisi təmin edilməlidir.
"Orta təhsil İslam bilgiləri, din tarixi
ilə bağlı düzgün və sağlam məlumatların
öyrədilməsi, tərəfsiz bilgilərin verilməsi
olduqca vacibdir" deyən həmsöhbətimizə görə,
bu məsələdə dövlət əslində obyektiv və
tarixi gerçəkliyə dayanan yolu tapmalıdır. "Bu məsələdə hansısa cərəyanı,
hansısa fiqh məktəbini əsas götürmədən
birbaşa Quran və Peyğəmbərin Sünnəsi
prinsipi ilə hərəkət edilməlidir. Bundan başqa, əlavə bidətlər, dində
olan ayrı-ayrı etnik sistemlərin yaratdığı
hansısa yenilikiər burda nəzərə
alınmamalıdır. Hətta belə məsələdə
Azərbaycanda da mövcud olan ənənəvi inanclardan da bir
az uzaqlaşaraq sırf obyektiv tarixi bir məsələ
olaraq din məsələsi təqdim olunmalıdır. Sonra kimsə öz inancındakı hansısa məsələni
yaşamaq istəyirsə, buna onun şəxsi işi kimi
yanaşılmalıdır. Dövlət
bu məsələdə israr etməlidir".
Azərbaycanda cəhalət
elementlərinin də çox olduğunu deyən deputat hesab
edir ki, bu cür cəhalət sindromunu aşmaq
üçün orta məktəbdən sağlam din təbliğatını
gücləndirmək lazımdır. "Ən
azı müəyyən dini bilgilər veriləndən sonra,
insanların özlərinin doğru din axtarışına
başlaması qaçılmazdır. Ali məktəblərdə
də bu istiqamətdə bir ekol yaratmağa ehtiyac var. Misirin əl-Əzhər
Universiteti kimi Azərbaycanda da yaxşı vəsait
ayırıb, böyük bir kitabxanası olan, sağlam dini təhsil
verə biləcək bir universitet yaratmaq imkanı
düşünülə bilir".
İlahiyyatçı
Elşad Miri isə hesab edir ki, dini maarifləndirmə ilə
bağlı müəyyən addımlar atılsa da, son
vaxtlar baş verən hadisələrin müşahidəsi bu
məsələdə hələ də qət edilməli
yolun uzun olduğunu göstərir. Onun
sözlərinə görə, dini maarifləndirmə
üçün ilkin növbədə mövcud olan
ilahiyyatçıların da dəstəyi ilə hər kəsi
qucaqlayacaq, tolerantlığa qatqısı olacaq ədəbiyyatlar
hazırlanmalıdır. "Bu ədəbiyyatlar
sadəcə quru informasiyanın verilməsi deyil, kənardan gələcək
dinlə bağlı yad ünsürlərə qalxan rolunu
oynayacaq tərzdə hazırlanmalıdır. Bu hazırlıqdan sonra təhsil qurumlarında
fakültətiv də olsa tədrisi üçün şərait
yaradılmalıdır. Günümüzün
insanının daha çox multimediyaya və sosial şəbəklərə
istiqamətlənməsindən istifadə edərək bu sahələrdəki
boşluqlar doldurulmalıdır. Sənədli
filmlər, televiziya və radio verilişləri
hazırlanmalı, iOS və android smartfonları
üçün xüsusi proqramlar, insanlarımızın
suallarına daha rahat cavab tapa biləcəyi internet
resursları hazırlanmalı və insanlarımızın
ixtiyarına verilməlidir. Bunları edərkən,
ölkəmizdə mövcud olan digər dini konfessiyalarla
münasibətlərə də toxunulmalı bu sahədə
də ətraflı məlumatlar verilməlidir".
E.Miri bildirir ki, dini
maarifləndirmənin inkişafı üçün
İslamın əsas kitabı olan Quranın izahlı tərcüməsi
heyət halında hazırlanmalıdır. Bunların səsli versiyası da əlavə edilməlidir.
Hətta mövzulara uyğun olaraq indekslərin
hazırlanmasına da ehtiyac var. "Həmçinin bu
izahların və Quran qissələrin uşaqların səviyyəsinə
uyğun olaraq hazırlanması da bu maarifləndimə
işinə güclü təsir edəcək mexanizm
olacaq".
Əhalinin dini sahədə
maarifləndirilməsi təkcə QMİ-nin, DQİDK-nın,
dindarların deyil, həm də mətbuatın işi
olmalıdır.
Bəs bizim öhdəmizə
nə iş
düşür?
QMİ sədri
Allahşükür Paşazadə mətbuatı dini
mövzuları işıqlandırarkən obyektiv olmağa səsləyir.
Son vaxtlar medianın dini mövzulara diqqətinin
artmasını müsbət hal kimi dəyərləndirən
Paşazadə jurnalistlərin bu əməyini yüksək
qiymətləndirir. "Lakin təəssüf
ki, bəzən dini mövzuları işıqlandırarkən
də sensasiya axtarmaq meyli hiss olunur. Biz həmişə
sağlam tənqidin tərəfdarı olmuşuq, amma hadisələrə
qərəzli, birtərəfli yanaşılmasının,
yalnız qüsurların qabardılmasının əleyhinəyik.
Yaxşı işlərimizi də yazmaq, cəmiyyətə
çatdırmaq lazımdır".
Sovet Azərbaycanında
dinə qarşı kifayət qədər soyuq münasibət
olduğunu deyən Mətbuat Şurasının sədri
Əflatun Amaşovun sözlərinə görə, həmin
dövrlərdə məktəblərdə dinlə
bağlı kifayət qədər maarifləndirmə işləri
aparılmırdı. "Amma Azərbaycan müstəqillik
əldə etdikdən sonra ölkədə dinlə
bağlı düşüncələr dəyişdi,
formalaşmağa başladı. "Etiqad
azadlığı" haqqında qanun qəbul olundu. Konstitusiyada "vicdan azadlığı" adlı
bölmə ayrıldı" deyən MŞ sədri bildirir
ki, bütün bunlar Azərbaycanda tolerantlığın təzahürüdür.
Amaşov hesab edir ki,
ölkədə din haqqında məlumatlı insanlar çox
olsa da, Azərbaycan insanı dini dəyərlərin mahiyyətini
tam olaraq anlamır. "Düşünürəm
ki, bu sahədə də problemlər var. Bir çox məktəblərdə
bu barədə məlumatlar verilsə də, hələ
problemlər tam həllini tapmayıb".
Son zamanlar ölkə mediasında
Suriyada öldürülən azərbaycanlılarla
bağlı yazıların daha da artdığına diqqət
çəkən müsahibimizin fikrincə, nə qədər
ki, ölkədə din lazımı səviyyədə təbliğ
olunmur, bu kimi problemlər yenə də olacaq: "Arzu olunur
ki, Azərbaycan mətbuatında din kifayət qədər təbliğ
edilsin və Azərbaycan insanı dinin mahiyyətini anlaya
bilsin".
Şura sədri onu da bildirib ki,
ölkə mətbuatında bəzən dinlə bağlı
dolğun olmayan məlumatlara da rast gəlinir: "Müxtəlif
qəzetlərə, saytlarda dini mövzularda yazan jurnalistlərimiz
var. Amma onların sayı çox azdı. Bu
gün dini sahədə yazanların çoxunun bu sahədə
nə təhsili var, nə dini bilikləri".
Milli Teleradio
Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli
dini maarifləriməni kanalların özünə uyğun həyata
keçirdikdərini bildirir. "Çalışırıq
ki, bütün televiziya kanallarında balans qorunsun. Kanallarda bütün təbəqələrə
uyğun proqramlar hazırlansın, bütün istiqamətlədə
proqramlara yer verilsin. Çünki cəmiyyətimizin
bütün sahələrə ehtiyacı var".
Həmsöhbətimiz
hər bir sahədə olduğu kimi KİV-in də dini maariflərndirməni
ifrata varmasının tərəfdarı deyil. Onun
sözlərinə görə, dini proqramlar, dini mövzular
yalnız yüksək səviyyəli mütəxəssislər
tərəfindən təqdim edilməlidir: "Bəzən
görürük ki, dindən də artıq şou xarakterli
proqramlarda istifadə edirlər, dindən də şou
yaradırlar. Mən bunun tərəfdarı
deyiləm. Mən dini proqramlara qadağa
qoymağın əleyhinəyəm. Amma hər şey həddində,
ifrata varmayan bir şəkildə olmalıdır",- deyən MTRŞ sədri bildirib ki, dini
proqramlar şou xarakterli yox, xalqın istəyinə uyğun
olmalıdır.
Dini maarifləndirmə
hamımızın işi
olmalıdır
Hər kəsin dini
etiqad azadlığı var. Bununla belə, milli-mənəvi dəyərlərimizin
tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin
əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin
təbliği prioritet məsələlərdəndir. Ancaq unutmayaq ki, hazırda dünyada İslam dinini
radikalizmə sürükləmə meylləri artmaqdadır.
Odur ki, hamılıqla dini maarifləndirmə
işinə daha diqqətli yanaşmalıyıq.
Qalib İBRAHİMOĞLU
Ekspress.-2014.- 3 iyul .- S.5.