Əlil və şəhid ailələrinin
mənzillə təmini
Bununla bağlı sistem
dəyişir
Dünən Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi
(ƏƏSMN) yanında Dövlət
Sosial Təminat Xidmətinin (DSTX) rəisi
Çingiz Əliyev sosial cəhətdən həssas əhali qruplarının təminatının
gücləndirilməsi və
dövlət sosial təminat sisteminin təkmilləşdirilməsi sahəsində
bu ilin ilk yarımili ərzində görülən işlərin
yekunlarına dair mətbuat konfransı keçirib.
Bu ilin ilk yarımilində Azərbaycan prezidenti İlham Əliyevin əhalinin, o cümlədən sosial cəhətdən həssas əhali qruplarının sosial təminatının daha da gücləndirilməsi məqsədilə növbəti fərman və sərəncamlar imzaladığın xatırladan Çingiz Əliyev bu fərman və sərəncamların yüksək səviyyədə icrasının diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Xidmət rəisi habelə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin (ƏSMM) fəaliyyətinin təkmilləşdirilməsi, ayrı-ayrı sosial təminat növləri üzrə əhaliyə xidmətlərin göstərilməsi sahəsində şəffaflığın təmin olunması və neqativ halların aradan qaldırılması, bu sahəyə nəzarət mexanizminin gücləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası və digər istiqamətlərdə məqsədyönlü işlərin görüldüyünü diqqətə çatdırıb.
Əliyev bildirib ki, bu ilin 1 iyul tarixinə ölkədə 559834 ailə üzvü olan 128025 ailəyə (o cümlədən Naxçıvan MR üzrə 12076 nəfər ailə üzvü olan 3014 ailəyə) ünvanlı dövlət sosial yardımı təyin olunub. Həmin ailələrdən 76,5 faizi (97947 ailə) təkrar, 23,5 faizi isə (30078 ailə) ilk dəfə ünvanlı sosial yardım alanlardır. Hesabat dövründə ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği 133,06 manat, bir ailə üzvünə düşən orta aylıq məbləği isə 30,43 manat təşkil edib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk yarımilində ünvanlı yardım təyin olunmuş ailələrin sayı 521 ailə (2300 nəfər ailə üzvü) və ya 0,4 faiz azalıb.
Ünvanlı sosial yardım təyinatında şəffaflığın və bu sahəyə ictimai nəzarətin təmin olunması məqsədilə bu yardımları alanların adlı siyahısı Nazirliyin internet səhifəsində (www.eesmn.gov.az, www.mlspp.gov.az) yerləşdirilib və qanunsuz şəkildə yardım təyin olunmuş ailələr barədə ƏƏSMN-ə məlumatlar verilməsi üçün KİV vasitəsilə əhaliyə müraciətlər olunub. Bu tədbir şəffaflığın təmin edilməsi işlərində vətəndaşların da iştirakına zəmin yaradıb.
Onun sözlərinə görə, bu ilin 1 iyul tarixinə respublika əhalisinin 4,2 faizinə və ya 358293 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunub ki, həmin şəxslərin 266570 nəfəri (74,4 faiz) aylıq, 91723 nəfəri isə (25,6 faiz) birdəfəlik sosial müavinətlə təmin edilib. Ç.Əliyev bildirib ki, çoxuşaqlı qadınların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə dövlət başçısının 27 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, 1 yanvar 2014-cü il tarixdən etibarən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunaraq ödənilir. 01 iyul 2014-cü il tarixə beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqlarının sayı 6340 nəfərdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, müharibə veteranlarının sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə onlara təyin olunaraq ödənilən aylıq sosial müavinətlərin məbləği cari il aprelin 1-dən 21,6 faiz artırılaraq 37 manatdan 45 manata çatdırılıb. Bu artım ümumilikdə 52959 nəfər belə şəxsin sosial müdafiəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərib.
Xidmət rəisi dövlət başçısının 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, I qrup əlilliyə görə sosial müavinət alan 14904 nəfərə aprelin 1-dən etibarən aylıq 60 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənildiyini də deyib. Bildirib ki, bununla da həmin şəxslərə I qrup əlilliyə görə aylıq 67 manat və eyni zamanda aylıq 60 manat Prezident təqaüdü, artıq ümumilikdə 127 manat ödənilir ki, bu da yaşayış minimumunu üstələyir.
Hesabat dövründə müharibə əlillərinin sosial müdafiəsi daha da gücləndirilib. Belə ki, Azərbaycan prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, aprelin 1-dən müharibə əlili və onlara bərabər tutulanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün orta aylıq məbləği 50 faizə yaxın artırılaraq I qrup müharibə əlillərinə 110 manatdan 150 manata, II qrup müharibə əlillərinə 85 manatdan 130 manata, III qrup müharibə əlillərinə isə 60 manatdan 100 manata çatdırılıb. Bununla da ümumilikdə 18262 nəfər bu kateqoriyadan olan şəxsin sosial vəziyyətinin daha da yaxşılaşmasına nail olunub.
"1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə təyin edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği də Azərbaycan prezidentinin 30 aprel 2014-cü il Sərəncamı ilə 55 manatdan 100 manata çatdırılıb. Bununla yanaşı, Azərbaycan Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olanların və şəhidlərin övladları növbəti tədris ilindən təhsil haqqının ödənilməsindən azad ediliblər".
Əliyev bildirib ki, ötən ilin ilk yarımilində əlil və şəhid ailələrinin mənzilə təminatı həyata keçirilmədiyi halda, bu ilin 6 ayında ümumilikdə 118 müharibə əlili və şəhid ailəsi (o cümlədən Göygöl rayonunda 5 nəfər, Xaçmaz şəhərində 2 nəfər, Ağdam rayonunda 54 nəfər, Bərdə rayonunda 36 nəfər, Qax rayonunda 21 nəfər) ƏƏSMN-nin sifarişi ilə inşa edilmiş yaşayış binalarında mənzillə təmin edilib. Azərbaycan prezidentinin 2014-cü il 20 iyun tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncamında 2014-cü il yanvar aynın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər bu kateqoriyadan olan şəxslərin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub.
Əliyev onu da deyib ki, bundan Azərbaycanda respublikanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə mənzillər müxtəlif yaşayış binalarında veriləcək. Onun sözlərinə görə, bu addım bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyası məsələsinin həllinə yönəlib.
2014-cü ilin ilk yarımili prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatının sürətləndirilməsi ilə də əlamətdar olub. Belə ki, bu müddətdə ölkə başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamlarının icrası olaraq, 677 nəfər Qarabağ müharibəsi əlili, 323 nəfər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxs, ümumilikdə 1000 nəfər minik avtomobili ilə təmin olunub (Ötən ilin müvafiq dövründə bu göstərici cəmi 20 nəfər təşkil edib).
Əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində görülən digər işlərdən də söz açan Ç.Əliyev bu ilin ilk yarımilində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar 115 nəfər 20 Yanvar şəhidinin ailəsinin, 319 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım verildiyini qeyd edib. Onun sözlərinə görə, Sovet qoşunlarının Əfqanıstan Respublikasından çıxarılmasının 25-ci ildönümü ilə əlaqədar Əfqanıstan Respublikasında hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş 196 nəfər şəxsin də hər birinə 100 manat məbləğində birdəfəlik maddi yardım verilib. Həmçinin Çernobıl AES-də baş vermiş qəzanın 28-ci ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş 468 nəfər şəxsin hər biri 50 manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub ki, bu da ötən ildə həmin şəxslərə qeyd olunan qəzanın 27-ci ildönümü ilə bağlı verilmiş birdəfəlik maddi yardımla (30 manat) müqayisədə 66,6 faiz çoxdur.
Qeyd olunanlarla bərabər, 2014-cü ilin 6 ayı ərzində ƏƏSMN-nin "Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiya"sında sosial müdafiəyə daha çox ehtiyacı olan 217 nəfər əlilliyi olan şəxsin müraciətinə baxılıb və onlara ümumilikdə 38930 manat məbləğində birdəfəlik maddi yardım verilib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə belə birdəfəlik maddi yardım verilən əlillərin sayı 2.93 dəfə və ya 143 nəfər, onlara ödənilən maddi yardımın məbləği isə 5.91 dəfə və ya 32340 manat çox olub. Həmçinin 11 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicəsinə köməklik məqsədilə 2580 manat məbləğində vəsait ödənilib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkə daxilində müalicəsinə köməklik göstərilən əlillərin sayı 1.22 dəfə və ya 2 nəfər artıb.
Digər tərəfdən, Səhiyyə Nazirliyinin müvafiq Komissiyasının rəyi əsasında 23 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsinə köməklik göstərilməsi barədə qərar verilib və hesabat dövründə respublikadan kənar müalicəyə getmiş 15 nəfər əlilliyi olan şəxsə gediş-gəliş aviabiletlərinin alınması üçün 10251,58 manat vəsait ödənilib.
Qənirə MƏMMƏDLİ
Ekspress.-2014.- 18 iyul.-
S.9.