Bir şair rəssam vardı...

 

Şair bəzən diri ikən gözə görünmür

                                              Adil Mirseyid

 

...uçun quşlar

    ötüb keçin

    enməyin

    bu şəhərə...

 

       ...bir şair də

    itirdik bu şəhərdə

    məndə bir şəkli qalıb

    bulvarda çəkdirmişik...

 

       Adil Mirseyid rəssam idi. Amma bahalı kətanda bahalı yağlı boya ilə rəsm çəkməyə imkanı yox idi. Heç emalatxanası da yox idi. Bu şəhərdə bir kiçik hücrə, çardaq, zirzəmi tapa bilmədi ki, oranı emalatxanaya çevirsin...

   Heç evi də yox idi. Yoxlar, məhrumiyyətlər ondan əl çəkmirdi. Çox-çox illər əvvəl Yazıçılar Birliyi onun adını ev alanların siyahısına salmışdı. Bəlkə də o gün Adil özünü heç vaxt yaşamadığı qədər xoşbəxt hiss etmişdi. Bəlkə də ev sahibi olsaydı, qıçı sınmış şeytan ondan əl çəkəcəkdi, taleyi başqa cür gərdiş edəcəkdi. Amma evi başqasına verdilər...

   Və ömrü boyu kirayədə yaşadı. Ölümdən qorxmurdu, "ölüm bir cilddən başqa cildə keçməkdir" deyirdi. Dərdi oğluna və qızına minimal şərait belə yarada bilməməsi idi...

   Adil sevdiyi Vinsent van Qoq kimi pulsuz idi. Rəssamlıqsa bahalı işdir: molbert, kətan, boya, fırça, çərçivə, sərgi pulu... Bir tərəfdən də emalatxanasızlıq...

   "Art-ekspress"də rəssam yoldaşları barədəki yazılarını onların emalatxanasından hazırlamağı xoşlayardı. Öncə emalatxananı təsvir edərdi: tablolar, yarımçıq rəsmlər, əntiq əşyalar, qara türk qəhvəsi, yarıqaranlıq çardağı bürüyən qəlyan tüstüsü, boş araq şüşələri... Və orada xudmani məclis qurulardı...

   Kərim Cəlal, Vaqif Fazil, Fikrət İbrahimli, Çingiz Əziz, Hüseyn Haqverdi, Kamal Əhməd, Gennadi Brijatyuk və başqa dostlarının emalatxanasından yazdıqlarında zərrə qədər qibtə yox idi. Amma emalatxanasız rəssamın başqa bir rəssamın emalatxanasından yazması müsibətdir...

   Adil şair-rəssam və rəssam-şair deyil, şair rəssam idi. Məncə belədir, hətta buna rəğmən ki, bəndəniz Adilin şeirlərini daha çox sevir...

 

   O, bir çox rəsmini imkansızlıqdan adi kağız parçasında çəkmişdi. Kağızın nə vaxtsa saralmaq, əsərin ölmək təhlükəsi var. Bununla belə, rəssam çəkməyə bilməzdi. Adil yəqin ki, çarəni tablolarını sözlə "çəkməkdə" tapmışdı.

   Gerçəkdən də Mirseyidin şeirləri sözlə rəsmdir, bu poeziya sevgi ilə ağrının qəribə tablosudur. Onun böyük hərfsiz, nöqtəsiz, vergülsiz, sualsız. nidasız şeirlərində poetik metaforalardan təsviri sənət elementlərinin "iyi" gəlir.

   Mirseyid yağlı boya və akvarellə mənzərələr və natürmortlar işləməyi sevərdi, insan təsvirlərinə az meyl edərdi. O, insanı sözlə çəkirdi:

 

   pəncərə ağac

    bulud bahar

   rəsmlər

    fırçalar

    rənglər

    tənhalıq

 

  

   bu otaqda

    rəsmlərin

    fırçaların

   tənhalığın içində

 

   məni mənə düşmən edən

   bir faciə xaosu var

   divar saatının

    əqrəblərindən

   vaxt süzülür

    damcı damcı

   döşəmədə laxtalanır

    vaxtın qanı

   uzun güzgüdə

    ömrü boşuna

    umudlarla

    yaşamış bir adam

 

   yalnızlıqdan

    sərxoşdu bu axşam

   adama elə gəlir

   divar saatındadır canı

   saat susan kimi

    o da öləcək

   bahar bulud

    ağac pəncərə

   tənhalıq

    rəsmlər

    fırçalar

    rənglər

   vaxtın qanı

    damcı damcı

    damır güzgüyə

   rənglərə

    fırçalara

    rəsmlərə

    kətana

   yaradandan küsmüşəm

   məni xilas elə ana

 

       Rəhmətlik Azər Mehdioğlu bir vaxtlar "Qəribə adamın palitrası" adlı essesində belə yazmışdı: "Adilin şeirlərini oxuyan hər bir fəhmli adam onun rəssamlığını, rəsm əsərlərinə baxan isə şairliyini sezər".

   Adil istedadlı rəssam idi, amma özünü daha çox poeziyada təsdiq etdi, daha çox şair kimi tanındı və sevildi. Onu rəsm çəkəndə də poeziya düşündürürdü: "Mən yalnız və yalnız şairəm. Şair Türkün könül səsidir. Şair qəzavü-qədəriylə, könlünün nazıyla oynayan bir Allah bəndəsidir. Poeziya bizim gerçəyi qavramağımızı konkretləşdirir, intensivləşdirir. Səttar Bəhlulzadənin rəsmləri də, Fikrət Əmirovun musiqisi də poeziyadır".

   Və yaxud: "Mənim üçün rəsmlə poeziyanın heç vaxt fərqi olmayıb. Rəssamlığı da poeziyaya daxil eləyirəm. Rəssamlıq, poeziya və musiqi - həmişə bu üçünün vəhdətini axtarmışam və buna inanmışam".

   Adilin "güzgüdəki adam"ı poeziyada rəssamlıq şedevri və onun avtoportretidir. Bu "güzgü" Van Qoqun məşhur güzgüsü (avtoportreti) kimi mistik, ağrılı və kədərlidir:

 

    vaxtsız

    qocaltdım səni

    güzgüdəki adam

    kimsən nəçisən...

 

   Güzgü - yaradıcının öz kimliyinə ayna tutmaq cəhdi bütün dahi rəssamları ömürləri boyu izləyib. Adilin ilk kitabının adı da "Güzgüdəki adam" idi.

   Təbii ki, Adil Azərbaycan poeziyasının gerçək, əsl və görkəmli təmsilçisidir. Onun metafizik obrazlar sistemi Azərbaycan poeziyasında yeni hadisə idi. Ötən əsrin 80-ci illərdə ədəbiyyatımıza gəlmiş istedadlı şairlər içində Mirseyid öz üslubu ilə ilk şeirlərindən gözə çarpmış, modernist şeirə yeni can vermişdi.

 

   Adilin yaradıcılığında milli duyğularla kosmopolitizm çuğlaşmışdı, ilham atı dünyanın hər yerinə çapırdı:

    ah misirdə olaydım

    çiməydim nil çayında

    ordan məktub yazaydım

    sənə yağmur ayında

 

   Paris ən sevimli şəhəri idi, Sena sahillərində dolaşmaq, Vinsent Van Qoqla absent içmək istərdi.

   Mövlanə, Nazim Hikmət, Qoyya, Pikasso, Modilyani, Bodler, Qogen, Van Qoq, Sezann, Buson, Giyon Apolliner, Artur Rembo, İnqeborq Baxman, Fəyyad Xamis, Mircavad, Səttar Bəhlulzadə onun üçün xəyali ünsiyyət qurduğu müqəddəslər idi...

   Azərbaycanın məşhur simaları, Anar, Elçin və başqaları Adilin yaradıcılığına yüksək qiymət versələr də, yazıqlar olsun ki, yüksək qiymətlər, ara-sıra edilən maddi dəstəklər onu məhrumiyyət bataqlığından qoparmadı. Adil bilirdi ki, "bu məmləkətdə susatan da şairdən yaxşı yaşayır", amma sənətindən imtina edə bilmirdi...

   Bir Adil Mirseyid vardı - cins şalvarlı, cins köynəkli, cins gödəkcəli, gözündə eynək, çiynində çanta, qarayanız və saqqallı... İtirdik...

   Nurlar içində yatasan, qardaşım!

 

   Q.Həmidoğlu

    Ekspress.-2014.- 18 iyul.- S.15.