"Dolu"dakı
bütün personajlar mifikdir...
Rejissor Elxan Cəfərov: "Mən
bir qədər mistikaya inanan adamam"
"Dolu" filmi ətrafında film ekranlara
çıxan gündən bəri müzakirələr davam
edir. Qarabağ, müharibə mövzusu həssas məsələdir
və filmə reaksiyaların birmənalı olmayacağı əvvəldən
bəlli idi. Üstəlik, Aqil Abbasın
"Dolu" romanı çap edildikdən sonra ədəbi
hadisəyə çevrildi və əsərin ekran taleyinin necə
olacağı da müəyyən ajiotaj yaradırdı.
Media, kinoşünaslar filmi birmənalı
qarşılamadı: "Dolu"ya təriflər də
yağdırıldı, iradlar da tutuldu. Tənqidlərin
bəziləri konstruktiv olsa da, digərləri yersiz və ədalətsiz
idi. Bütün bunlara filmin rejissoru Elxan Cəfərovun
münasibətini öyrənməyə
çalışdıq.
-
Bildiyiniz kimi, Aqil Abbasın "Dolu" romanının motivləri
əsasında çəkilən filmin ssenari müəllifi də
elə müəllif özüdür. Aqil
Abbası tanıyanlar çox gözəl bilirlər ki, o,
çox patriot bir adamdır. Vətənini,
xalqını sevən, Qarabağ uğrunda hamını daim
mübarizəyə səsləyən biridir. Sözümün canı odur ki, cəmiyyət
uşaq orqanizmi kimidir, əgər ona tərbiyə verəcəksənsə,
o zaman tərbiyəli bir istiqamətə yönələcək,
əgər tərbiyə görməyəcəksə, o zaman
məlumdur ki, axırı necə olacaq. Bu
baxımdan Aqil Abbasa minnətdaram ki, cəmiyyəti
yaxşı mənada ardınca aparmağı bacaran belə
bir roman yazıb. Romanı ilk dəfə
oxuyarkən gözlərim yaşarmışdı. Həmin ərəfədə mən film çəkilişləri
üçün mövzu axtarışında idim və
"Dolu" nun çəkilişi mənə
tapşırılanda həm sevindim, həm də bir qədər
qorxdum. Bu filmdən əvvəl Qarabağa həsr
olunmuş "Qarabağdır Azərbaycan" adlı
qısametrajlı film çəkmişdim, ancaq bu romanda
Qarabağ hadisələrinə geniş baxmaq imkanları
vardı. Bundan başqa, əsər poetik
şeir üzərində qurulduğu üçün də
bir qədər ehtiyat edirdim. Deyirdim, birdən
əsərdə elə bir həqiqətlər,
yazılış üslubları olar ki, onu tam olaraq aça
bilmərəm. Bildiyiniz kimi, ssenari müəllifi
ilə rejissor arasında daima anlaşıl-maz məqamlar olur.
- Təbii ki, çünki yazı
başqa, görüntü tamamilə başqa bir məsələdir...
- Bununla belə, Aqil Abbasla çəkiliş
prosesində bir-birimizi anladıq, mübahisəmiz sadəcə
bədii aspektlərlə bağlı oldu. Romanı oxuduqdan və
əsərin əsasında yazılan ssenari ilə tam tanış olduqdan sonra rejissor olaraq başa
düşdüm ki, burda sadəcə fikir və hansısa
ideoloji düşüncə ilə yetərlənmək olmaz.
eyni zamanda görüntüyə milli
psixoloji kodlar yerləşdirmək də vacibdir. Amma bunu etmək mümkün olacaqdımı? Məni düşündürən əsas sual bu
idi.
- Milli psixoloji kodlar dedikdə nələri
nəzərdə tutursunuz? Bəlkə bunu bir qədər
açasınız...
- Milli kodlar nədir? Qəhrəman
oğul - dastanlardan gəlmiş Koroğlu, Dədə Qorqud və
s. dastan qəhrəmanları artıq keçmişdə
qalıb. Günümüzdə onlar yoxdur, milli
qəhrəmanlar dedikdə, çox parlaq simaları nəzərdə
tuturuq. Müasir dövrdə qəhrəman
tapmaq bir qədər çətindir, o mənada ki, qəhrəmanı
mifləşdirmək çətin olur. Bu
artıq artıq kod deməkdir. Əlbəttə
ki, real qəhrəmanlarımız çoxdur, Qarabağ
uğrunda ölümə gedən, şəhid olan yüzlərlə,
minlərlə dəyanətli oğullarımız olub. Ancaq onları ümumiləşdirən qəhrəman
obrazı artıq mifik qəhrəmandır. Məsələn, filmdəki Drakon mifik qəhrəmanlardan
biridir. Pələng mifik Azərbaycan insansevərliyi,
qonaqpərvərliyi, müharibəyə qarşı olan
daxili inkarı deməkdir. Filmdəki
komandir obrazı isə ümumiyyətlə quruculuq işləriylə
bütövləşdirilən bir obrazdır. Ümumiyyətlə, filmdəki bütün qəhrəmanlar
mifikdir. Hətta epizodların birində
qadının silaha sarılaraq düşmənə güllə
atması belə, onun da canında mifiklik olmasından xəbər
verir. Söhbət ondan gedir ki, belə
hadisələr olub və olacaq. Ancaq onu
vizuallaşdırmaq, onu cəmiyyətə təqdim etmək
- bu artıq milli psixoloji kodlardan biridir.
Demək istədiyim
odur ki, Qarabağ mövzusu üzərində qurulan filmin
çəkilişinə böyük ürəklə
yanaşdıq. Mən bir qədər mistikaya inanan adamam
və çəkiliş vaxtı o qanlı günlərdə
dünyasını dəyişənlərin ruhunu
başımın üzərində hiss edirdim və onlar sanki
mənə güc verirdilər.
- Film haqında çox
yazılıb, "Dolu"ya irad tutanlar, filmi tənqid edənlər
az deyil. İradları, tənqidləri
oxuduqdan sonra filmə daha diqqətlə baxdım.
Əslində filmdəki pərakəndəlik dövrün
qarma-qarışıqlığını əks etdirir...
- Saat yarım ərzində bütün
ssenarini filmdə əhatə etməklə onu olduğu kimi
tamaşaçıya çatdırmalısan. Ancaq
romanı saat yarıma oxumaq mümkün deyil. Hər bir bədii əsərin süjetindən əlavə
mütləq olaraq onun psixoloji, sosioloji qatı olur.
Gənclik illərimdə
Balzakı çox oxuyurdum. Onun
bütün əsərlərində hadisə cərəyan
edir və birdən hadisə dayanır -təxminən 4 səhifə
baş vermiş hadisə analiz olunur. Bu
baxımdan Balzakın əsərləri həmişə məni
yorurdu. Ancaq illər keçdikdən sonra anladım ki,
baş verən hadisədən daha çox onun psixoloji məqamları,
onu doğuran səbəblər böyük önəm
daşıyır ki, yazıçı ilə də məhz o
anda tanış olursan, onun bədii təxəyyülünə
məhz o an bələd olursan.
Ümumiyyətlə,
kino mürəkkəb sənət növüdür. Film çəkərkən yazılmış hadisədən
kənar özəllikləri istər-istəməz o hadisənin
içində yerləşdirməlisən. Aktyorun
oyununda, məkanın seçilməsində kod informasiyalar
var - məsələn, uzaq fonda iki əsgərin
mübahisəsini tamaşaçı görməyə bilər,
ancaq şüuraaltına təsir edəcək, öndəki
iki aktyorun isə söhbətini diqqətdə saxlayacaq. Bu nöqteyi-nəzərdən kino konkret hadisə
deməkdir. Real hadisə çox da mürəkkəb
olmamalıdır, kinoda qarışıqlıq
olmamalıdır, baş verən hadisənin davamlı surətdə
əvvəli, axırı və ortası olmalıdır.
Bir sözlə, kino
ardıcıllığı sevir. Bu
baxımdan filmi çəkərkən ssenariyə bəzi səhnələr
əlavə olundu. Ümumiyyətlə,
Aqil Abbas digər romanlarında olan bəzi personajlardan, bəzi
məqamlardan "Dolu"nun ssenarisində istifadə etdi.
Təbii ki, məqsəd xalqımızın dəyanətini
göstərmək idi, bugünkü gəncliyimizə vətən
sevgisini aşılamaq idi.
- Filmdə yarımçıq təsiri
bağışlayan epizodlar var. Jurnalistin cəbhə xəttinə
gəlişi maraqlıdır, ancaq sonra ortalıqda
görünmür. Şəhid anasının
görünüşü ilə bağlı da iradlar var.
Şəxsən mən irad tutanlara belə cavab verərdim ki,
filmdəki qarışıqlıq da geniş anlamda bədii mətnə
xidmət edir. Bu da diqqəti cəlb edir
ki, filmin hər epizodu yeni bir mövzu üçün
açılır. Bununla bağlı Sizin
fikirlərinizi eşitmək maraqlı olardı...
- Film nə realizm, nə də
neorealizm yox, plakat janrında çəkilib. Qeyd
etdiyim kimi, "Dolu"dakı bütün personajlar mifikdir.
Təbii ki, reallıqda heç bir raykom katibi
Qarabağ hadisələrində camaata kömək edə bilmədiyi
üçün çarəsizlikdən güllləni
başını dirəyərək özünü
öldürməyib. Biz bunu bilirik, ancaq
bunu belə görmək istəyərdik. Allah
göstərməsin, bir daha vətənimizə təcavüz
olarsa məhz belə oğullar lazımdır. "Dolu" psixoloji film deyil, ona görə də
biz hər bir personajın psixoloci tarixçəsini
açmadıq. İstər jurnalistin gəlişi,a komandirlə olan söhbət, istərsə
də şəhid anasının görüntüsü və
səssiz-sədasız filmdən çıxması və s.
kimi məqamlar əslində çox fikri ifadə edir. Biz sadəcə, plakat göstərdik,
qarışıqlığı isə məqsədli şəkildə
etdik.
- Filmdə bir əsgərin namaz
qılması göstərilir, başqa bir səhnədəsə
"Allahu Əkbər" deyən əsgər
özünü tankın altına atır - bu səhnələrə
də iradlar oldu...
- Hazırda İslam
dünyasına olan böyük bir təcavüzün
şahidiyik. Biz də müsəlman dövlətiyik.
İndiki durumda, islama olan qarayaxmanın
içində "Allahu Əkbər" deyib tankın
altına atılan və özünü partladan
terrorçular da var. Ancaq vətən naminə tankın
altına atılanlan da var, şəhidlik məhz budur.
Filmdək islam xətti də məhz
yaradıcı prosesdə ortaya çıxdı.
- Filmin aktyor heyəti oduqca
maraqlıdır - Fuad Poladov, Fərhad İsrafilov, Məmməd
Səfa, Gülzar Qurbanova, Şamil Süleymanov kimi sənəkarlarla
yanaşı, ilk addımlarını atan aktyorlar da var...
- Aktyor seçimində peşəkarlıqdan
öncə insani keyfiyyətlərə üstünlük verirəm
və əlbəttə ki, seçim zamanı bildiyim,
tanıdığım, yaradıcılığına bələd
olduğum aktyorlara böyük önəm verirəm. Şəhid
anası roluna Gülzar Qurbanovanı, raykom katibi roluna Fuad
Poladovu, komandir roluna Məmməd Səfanı və
başqalarını uyğun rollara seçdiyim zaman
yanılmayacağımı bilirdim.
- Filmdə erməni
qızının əsir alınması səhnəsində
komandirin səsləndirdiyi fikir çox məna ifadə edir.
"Mən arvad davası etmirəm, mən torpaq davası edirəm"
sözləri məsələni kökündən həll
edir...
- Əlbəttə
ki, filmin qayəsini tam anlamayanlar fərqli fikirlər söyləyə
bilər. Ancaq bu nə ideoloji, nə də
tərbiyəvi mövzu deyil.
- Filmdə Drakon və Pələng
kimi ümumiləşdirilmiş obrazlar var. Məncə,
Drakonu oynayan Rza Rzayev öz ifası ilə Pələngi bir qədər
zəiflədir...
- Belə bir söz var ki,
padşahı padşah edən onun əshabələridir. Yəni, hər şey nisbidir. Əgər
təmiz, safniyyətli, sadəfikirli Pələng olmasaydı,
o zaman Drakon obrazı o qədər güclü alına bilməzdi.
Pələng saf olduğu qədər vuran ələ,
düşünən beynə sahib biridir. Hər
iki qəhrəman bizimdir. Və hər iki
qəhrəman tamaşaçını
düşündürür, onu ardınca aparmağı
bacarır. Mən əlbəttə ki, istəməzdim
hamımız Drakon olaq, çünki bizim Pələng kimi təmkinli
qəhrəmanlara ehtiyacımız daha çoxdur.
- Filmi çəkməzdən
öncə müharibə filmlərinə
baxırdınızmı?
- Mütləq baxırdım, ancaq
baxmaq o demək deyil ki, oxşar səhnələrdən
istifadə edim. Əksinə öz rejissor
yanaşmamı tapmağa çalışırdım. Dünya kinosunu izləyirəm, rejissor işinə.
filmlərdəki bütün
xırdalıqlara qədər diqqət edirəm, sətiraltı
mənalar baxıram və s. Bilirsinizmi bu mütləq vacibdir.
- Filmdəki partlayış səhnələri
çox canlı alınıb. Hiss olunur ki, "Dolu" filminə
hərtərəfli dəstəklər olub...
- İstər filmin çəkilişləri
gedən məkanlar - Ağdam, İsmayıllı, Sumqayıt,
Bakı, Şəmkir və Ağcabədidəki yerlər,
istərsə də döyüş sursatları təmənnasız
olaraq bizlərə verildi. Daxili Qoşunların
300 əsgəri filmin çəkilişində iştirak
etdi. Bir sözlə, heç kim biganə
qalmadı, hamı bizə dəstək verdi.
Xədicə
QİYAS
Ekspress.-2014.- 19-21
iyul.- S.14.