Böyük Vətən müharibəsi iştirakçıları dövlətin xüsusi qayğısı ilə əhatə olunurlar

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının sosial problemlərinin həlli, sosial təminat səviyyəsinin yaxşılaşdırılması dövlətin daim diqqətində olan məsələlərdəndir. Azərbaycan dövləti 2006-cı ildən Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə müvafiq məbləğlərdə əlavələr hesablayır, 2008-ci ildən Böyük Vətən müharibəsi əlillərinə Azərbaycan Prezidentinin təqaüdlərinin təyin olunmasına başlanılıb. Həmçinin, Böyük Vətən müharibəsi əlillərinin dövlət hesabına və növbəlilik qaydasında minik avtomobili və mənzillə təminatı işləri də həyata keçirilir.

   Xatırladaq ki, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq nümunələri göstərib. Tarixin ən qanlı müharibəsində Azərbaycanın 640 mindən çox sakini iştirak edib. Onların təxminən yarısı döyüşlərdə həlak olub. Döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dək vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif ordenmedallarla təltif edilib.

   Müharibə vaxtı ön cəbhədə göstərdikləri şücaətə görə 176 min nəfər azərbaycanlı döyüşçü, arxa cəbhədə isə 250 min nəfər SSRİ-nin orden və medalları ilə təltif olunub. Bundan əlavə, 30 nəfər müharibə iştirakçısı 1-ci, 2-ci və 3-cü dərəcəli "Şöhrət" ordeni ilə təltif edilib.

   Böyük Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının artırılmasını zəruri edən sadəcə onların müharibə iştirakçısı və ya əlil olması, yaxud göstərdikləri şücaət deyil. Həm də sağ qalan müharibə iştirakçılarının ahıl yaşda olmasıdır.

   2014-cü ildə Böyük Vətən müharibəsinin başa çatmasından 69 il ötür. Bu müharibədə iştirak etmiş ən gənc insanın yaşı indi 87-i ötüb. Buna görə də onlara həm də Azərbaycanın ən yaşlı insanları kimi xüsusi diqqət göstərilir.

   Böyük Vətən müharibəsi iştirakçılarının mövcud vəziyyətini nəzərə alan Azərbaycan dövləti onlara hərtərəfli diqqət ayırır: həm onların yaşa görə pensiyalarına əlavələr var, həm prezident təqaüdü alırlar, əlillər mənzil və avtomobillə təmin edilir, həm də onların digər sosial qayğıları dövlət hesabına həll olunur.

   Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsi istiqamətində ilk ciddi addım 1994-cü ildə oldu. 1994-cü ildən başlayaraq Azərbaycanda yenidən Qələbə Günü qeyd olundu və həmin tarix qeyri-iş günü elan edildi.

   İyirmi il əvvəl həm də "Veteranlar haqqında" qanun qəbul edildi. Böyük Vətən müharibəsi iştirakçılarına hüquqi baxımdan ən yüksək qiymət məhz bu qanunla verildi. Adəçəkilən qanunla İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər müharibə veteranı kimi tanındı.

 

   Həmçinin1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belarusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak edən şəxslər, müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak edən şəxslər, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olan, lakin döyüş əməliyyatlarında iştirak etməyən hərbi qulluqçular, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslər müharibə veteranı hesab edilir.

   "Veteranlar haqqında" qanunda qeyd edilir ki, veteranlar qarac, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.

   Eyni zamanda İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar. Qanunla ikinci dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydada və məbləğdə dərman və müalicə vasitələri almaq üçün müavinət verilir.

   İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydada protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilirdiş protezləri düzəltdirirlər.

   İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət də verilir.

   Böyük Vətən müharibəsi iştirakçılarının müdafiəsi sahəsində ikinci mühüm tədbir 1995-ci ildə verilib. Böyük Vətən müharibəsi iştirakçılarının həlak olan, yaxud sonralar vəfat edən döyüşçülərin dul arvadlarının, müharibə illərində arxa cəbhədə çalışan, fədakar əməyinə görə ordenmedallarla təltif edilən vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması haqqında prezident fərmanı imzalandı. Faşizm üzərində qələbənin 50 illiyi ilə əlaqədar verilən fərmanda bütün müharibə iştirakçılarına və ya onların dul qalan arvadlarına birdəfəlik yardımlar edildi.

   İlk dəfə olaraq Sovet İttifaqı Qəhrəmanlarının və "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunanların aldıqları pensiyaların üzərinə 20 manat əlavə aylıq müavinət müəyyən olundu.

   Fərmanda Milli Məclisinə təklif edildi ki, müharibə illərində arxa cəbhədə çalışan, fədakar əməyinə görə ordenmedallarla təltif edilən vətəndaşlara güzəştlər və təminatlar almaq hüququ verilməsi məsələsinə baxılsın.

   Milli Məclisinə o da təklif olundu ki, müharibə iştirakçılarının, həlak olan, yaxud sonralar vəfat edən döyüşçülərin dul arvadlarının, müharibə illərində arxa cəbhədə çalışan, fədakar əməyinə görə ordenmedallarla təltif edilmiş vətəndaşların hər cür vergi, rüsum, məcburi ödəmələrdən, kommunaltelefon abonenti xərclərindən azad edilməsi barədə mövcud qanunvericilikdə dəyişiklik edilməsi məsələsinə baxsın.

   Milli Məclisə tövsiyə edilən təkliflər öz müsbət həllini tapdı.

   2005-ci ildə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər ləğv edilərək onlar müavinatla əvəz edildi.

 

   2008-ci ildə isə Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Prezidentinin təqaüdü təsis edilib. Prezidentin təqaüdünün aylıq məbləği 55 manat müəyyən edildi. Sonralar isə təqaüdün məbləği 100 manata çatdırıldı.

   Böyük Vətən müharibəsi iştirakçılarının pensiya təminatı da digərlərindən fərqləndirilir. 2012-ci ilin sonunda "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişiklikdən sonra Böyük Vətən müharibəsi iştirakçılarının əmək pensiyasının baza hissəsinə əlavə artırılaraq 50%-dən 90%-ə çatdırıldı. Pensiyaların baza hissəsinin 100 manat olduğu nəzərə alınarsa Böyük Vətən müharibəsi iştirakçılarının əmək pensiyasının baza hissəsi minimum 190 manatdan hesablanır.

   Böyük Vətən müharibəsi iştirakçıları sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı sonuncu dəfə mühüm tədbir 2014-cü ilin martaprel aylarında görülüb. Prezidentin fərmanı ilə Böyük Vətən müharibəsi əlillərinə verilən Azərbaycan Prezidentinin təqaüdləri 2014-cü ilin aprelin 1-dən I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata və III qrup əlillər üçün 60 manatdan 100 manata çatdırıldı.

   Prezidentin 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilən şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği cari ilin may ayının 1-dən 82 faiz artırılaraq 100 manata qaldırılıb.

   Bundan başqa hər il olduğu kimi, bu il də 9 May - Qələbə günü ərəfəsində Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olanya sonradan vəfat edən döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə ordenmedallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımların verilməsi barədə Sərəncam imzalanıb. Sərəncama əsasən Böyük Vətən müharibəsi iştirakçılarına 700 manat məbləğində, həlak olanya sonralar vəfat edən döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə ordenmedallarla təltif edilən şəxslərə və digərlərinə 300 manat məbləğində birdəfəlik maddi yardım verilib.

   Bu sərəncamdan 22879 nəfər faydalanıb. Bunlardan 1707 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır.

   Dövlət başçısının aprel Sərəncamına əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında 2014-cü ilədək növbəyə duran şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,5 milyon manat ayrılıb. Bununla əlaqədar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin əvvəlinədək növbədə olan 293 nəfər Böyük Vətən müharibəsi əlilinin avqust ayının sonunadək avtomobillə tam təminatının həyata keçirilməsi planlaşdırılır.

   Böyük Vətən müharibəsi iştirakçılarının pensiyası, onlara verilən prezident təqaüdü də nəzərə alınarsa hazırda onlar 400-500 manat həcmində gəlirə sahibdirlər.

 

  

Vasif CƏFƏROV

Ekspress.-2014.- 22 iyul.- S.9.