Qarabağ əlilləri ilə bağlı komissiya
Bu istiqamətdə işlər görülür
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması
Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ uğrunda gedən döyüşlərdə minlərlə qurban verdik, eyni zamanda çox sayda əlillərimiz var. Azərbaycan bir dövlət olaraq şəhid olanların ailəsinə göstərdiyi yardımlar qədər əlillərə də öz köməyini əsirgəmir.
Verilən məlumatlara görə, görülən işlərdən ön önəmlisi də Qarabağ əlilləri ilə bağlı xüsusi dövlət komissiyasının yaradılmasıdır. "Qarabağ Qaziləri" İctimai Birliyinin sədri Etimad Əsədovun sözlərinə görə, müharibə veteranları Qarabağ müharibəsi əlillərinin həyatını dəyişəcək, onların sosial problemlərinin həllinə nail olacaq məsələlər qaldırıb: "Yəni təqaüdlərin qaldırılması, tibbi sığorta, əlil övladlarının təhsil haqqından azad edilməsi. Bununla yanaşı, biz belə bir təklif irəli sürmüşdük ki, bir dövlət komissiyası yaradılsın. Təklif etmişdik ki, həmin komissiyada QHT, eləcə də əmək və əhalinin sosial müdafiəsi naziri başda olmaqla dövlət idarələrinin nümayəndələri təmsil olunsunlar. Biz istəyirdik ki, həmin komissiya Qarabağ əlillərinin problemləri ilə bağlı verilən fərmanların icrasına nəzarət etsin".
Qeyd edək ki, bu təklifdən sonra təqaüdlər yüksəlib, əlillərin övladları təhsil haqqından azad edilib. Artıq komissiyanın yaradılması ilə bağlı işlər gedir. "Komissiya bu yaxınlarda yaradılacaq, tibbi sığorta məsələsi də, mənə elə gəlir, bu yaxınlarda həll olunacaq. Əlillərin mütəmadi olaraq pansionatlarda, əlillərin bərpa mərkəzlərində müalicə olunmasına başlanıb. Səhiyyə Nazirliyinin nümayəndələrinin də yaradılacaq komissiyada təmsil olunması nəzərdə tutulur. Artıq əlillərin pulsuz dərmanlarla təmin olunması, xəstəxanalara yerləşdirilməsi, müalicələrinin pulsuz aparılması məsələsinin reallaşmasına nail olmuşuq".
Təqaüdlərin artırılması ilə bağlı Prezident fərmanının verilməsinin onların tələbləri ilə bağlı olduğunu düşünməyən birlik sədri onu da qeyd edir ki, zamanla bu qəbildən olan insanların problemləri ilə bağlı fərmanlar, sərəncamlar imzalanır: "Hazırda 1-ci qrup əlil 150 manat Prezident təqaüdü, 300 manat da əlilliyinə görə alır. Bu da cəmi 450 manat edir. Mən 2-ci qrup əliləm, cəmi 195 manat pul alıram".
Bahalı olan həyatımızda Qarabağ
uğrunda əlil olan
insanların bu qədər təqaüdlə
ay ərzində nə dərəcədə
dolanmaq olar, bu barədə fikir
yürütmək belə çətindir. E.Əsədov onu da qeyd
edib ki, hər bir əlilin 450-500 manat təqaüd
almasına nail olunmasının vacibliyini bildiriblər və belə təkliflə
çıxış ediblər: "Bizim
bu təklifimiz həm Səlim Müslümov, həm də baş
nazirin müavini
Əli Əhmədov tərəfindən müsbət
qarşılandı. Hazırda bu istiqamətdə işlər
gedir. Son fərman
da çox sevindirici fərman idi. Son 10 ildə
belə yüksək artım olmamışdı".
Qarabağ əlillərinin problemləri
ilə bağlı yaradılacaq xüsusi dövlət komissiyasının
üstünlüklərinə gəlincə isə, Qarabağ Müharibəsi
Əlilləri, Veteranları,
Şəhid Ailələri
İctimai Birliyinin rəhbəri Mehdi Mehdiyev belə bir komissiyanın yaradılacağının dəqiq
məlumat olduğunu bildirib: "Bu istiqamətdə
çoxdandır ki, iş
aparılır. Qarabağla bağlı
olan bir neçə təşkilat
öz təkliflərini
irəli sürüb.
Hökumətin də məsələyə
münasibəti müsbətdir.
Hesab edirəm ki, bu cür
qurumun yaradılmasının
Qarabağ əlillərinə
yalnız köməyi
ola bilər.
Təkliflərdə xahiş olunur
ki, yaradılacaq komissiyanın tərkibinə
daha çox dövlət qurumunun adı əlavə edilsin. Çünki əksər hallarda
veteranların problemlərinin
həll olunması dövlət qurumları tərəfindən də
düzgün koordinasiya
olunmur. Belə olan təqdirdə
isə problem daha çox sosial xarakter almağa doğru gedir. Hesab edirəm ki, yeni komissiyada bütün çatışmazlıqlar
öz həllini tapacaq".
Xəbər verdiyimiz kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu yaxınlarda Cenevrədə BMT-nin Əlillərin hüquqları
üzrə Komitəsinin
11-ci sessiyasında "Əlillərin
hüquqları haqqında"
Konvensiyanın müddəalarının
icrası sahəsində
görülən işlərə
dair Azərbaycan hökumətinin ilk məruzəsini
təqdim edib. Nazir Azərbaycanda əlillərlə bağlı
siyasətin qeyd olunan Konvensiyaya uyğunlaşdırılması sahəsində olan vəziyyətlə bağlı
bildirib: "Hazırda
Azərbaycan əhalisinin
5,6 faizi, yəni 530 min nəfəri
əlilliyi olan şəxslər və sağlamlıq imkanları
məhdud uşaqlardır.
Müqayisə üçün bildirim ki, Ümumdünya
Səhiyyə Təşkilatının
məlumatına əsasən
dünya əhalisinin
15 faizi əlilliyi olan şəxslərdir.
Azərbaycanda əlilliyin səviyyəsinin
digər ölkələrə
nisbətən aşağı
olmasının əsas
səbəbi ölkə
əhalisinin gənc olmasıdır".
Müslümov bildirib ki, əlilliyin artmasında Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi
böyük rol oynayıb. Onun sözlərinə görə, belə ki, Azərbaycan Respublikasının ərazi
bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə
11912 nəfər əlil
olub. Həmçinin
Azərbaycan ərazisinin
Ermənistanın silahlı
qüvvələri tərəfindən
işğal olunmuş
20% hissəsindən məcburən
köçkün düşmüş
əhali arasında əlillik 6,5%-ə çatdığı
halda, ölkənin digər əhalisi üzrə bu göstərici 5,5%-dir. "Digər
tərəfdən, ayrı-ayrı
xəstəliklərin, o cümlədən
yoluxucu xəstəliklərin
bu və ya digər səbəbdən
vaxtında müalicəsinin
aparılmaması bu xəstəliklərin ağırlaşaraq
əlillik vəziyyətinə
çevrilməsinə şərait
yaradır. Çoxsaylı
yol qəzaları, texnogen qəzalar və s. də qeyd olunan amillərdəndəndir.
Onu da bildirim
ki, hazırda Dünya Bankı ilə birgə icra olunan "Sosial Müdafiənin İnkişafı" Layihəsi
çərçivəsində əlilliyin qiymətləndirilməsi
meyarlarının, tibbi-sosial
ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi istiqamətində
işlər görülür.
Bununla bağlı Dünya Bankının ekspertləri
ilə birgə məsləhətləşmələr aparılır".
Son olaraq
qeyd edək ki, Azərbaycan dövlətinin əlillərə
olan qayğısına
baxmayaraq, bu sahədə həlli tələb olunan problemlər hələ də var. Görülən
işlərdən belə
nəticə əldə
etmək olar ki, mövcud olan problemlər də yaxın zamanda öz həllini tapacaq.
Rəşad, Rəşid.
Ekspress.-2014.- 3 iyun.- S.9.