"Bu mükafat ilk növbədə
Azərbaycanın uğurudur"
"World Music Awards"a
layiq görülən
Emin təəssüratlarını
media ilə bölüşdü
Bəstəkar-müğənni Emin Ağalarov "World
Music Awards" mükafatı alması münasibətilə
dünən mətbuat
konfransı keçirib.
APA-nın məlumatına görə,
müğənni media nümayəndələrinin
suallarına cavab verərkən bildirib ki, mükafat Azərbaycan musiqisinin uğurudur: "Bu, əslində,
hamımızın mükafatıdır.
Mükafatı qazanmaq mənim
üçün gözlənilməz
oldu. Çünki məni həmin
konsertə qonaq kimi çağırmışdılar.
Sadəcə, mahnı oxumalı
idim. Bu mükafat
ilk növbədə Azərbaycanın,
daha sonra Rusiyanın uğurudur.
Konsertdə mahnıları canlı
ifa etdiyim üçün çox həyəcanlı idim.
Mükafatı xalq artisti Müslüm Maqomayevə həsr edirəm".
Xatırladaq ki, E.Ağalarov
"World Music Awards" mükafatına mayın 27-də layiq görülüb. Monakoda baş
tutan gecədə dünyanın məşhur
ulduzları Beyons, Meray Keri, Mayli Sayrus, Pamela Anderson və başqaları iştirak edib.
Bunu Emin təəssüratlarını
dilə gətirərkən
də xatırladıb:
""World Music Awards"da dünyaca məşhur müğənnilər iştirak
etdilər. Onlarla birlikdə səhnə
almaq özü böyük işdir.
Qalib olduğuma görə ilk növbədə Azərbaycana
və mənə səs verən insanlara təşəkkürümü
bildirirəm. Eləcə də
Rusiyada məşhur olduğum üçün
onların da mənə dəstəyi böyük oldu".
Jurnalistlərin təbriklərini qəbul edən müğənni onu təbrik edən ilk insanın rusiyalı müğənni Qriqori Lepsin olduğunu deyib.
Həmçinin, Rusiya və
Azərbaycandan olan pərəstişkarları arasında
olan mübahisədən
danışaraq pərəstişkarlarının
onu bölüşmək
istəmədiyini deyib.
Emin Röyanın da
nominatlar arasında olduğunu və Rusiyada yetərincə pərəstikarının olduğunu
vurğulayıb ("ANS-Press").
O, övladları
barədə də maraqlı açıqlama
verib, əkiz oğlanları ilə həftəsonu istirahətindən
danışıb.
Bakıda klip çəkdirmək fikrinin olub-olmadığını
cavablandıran Emin burada ancaq əkizləri
ilə vaxt keçirməyə imkanının
olduğunu qeyd edib: "Oğlanlarımla
vaxt keçirməyi çox sevirəm. Bir-iki gün vaxtım olur, onda da
ancaq Əli və Mikayılla dincəlirəm. Övladlarımı klipimə çəksəm,
özüm artıq ikinci plana keçəcəm.
Bilirəm ki, onlar sizi daha çox
maraqlandırır. Ona görə
də ikinci plana düşmək istəmirəm".
Emin Əli və
Mikayılın oxumağa
həvəslərinin çox
olduğunu da vurğulayıb.
Ekspress.-2014.- 3 iyun.-
S.23.