"Verdiyimiz
sözə həmişə sadiq
qalmışıq"
Prezident: " Bizim üçün böyük
bazarlar lazımdır"
İyunun 3-də Bakı Sərgi Mərkəzində XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin açılışı olub. Bu il sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edir.
AzərTAc xəbər verir ki, prezident İlham Əliyev açılış mərasimində iştirak edib. Sərgini Böyük Britaniyanın "İTE Group Plc" şirkətinin baş məsləhətçisi Endryu Vud açıb. Dövlət başçısı açılış mərasimində nitq söyləyərək Xəzər neft-qaz sərgisinin ölkəmizin müasir həyatında çox önəmli rol oynadığını bildirib.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar prezident Barak Obamanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Xarici İşlər Nazirliyinin Azərbaycandakı ticarət nümayəndəsi Çarlz Hendri baş nazir Devid Kemeronun, Norveç Krallığının neft və enerji nazirinin müavini Kare Fostervold baş nazir Erna Solberqin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard qurumun enerji məsələləri üzrə komissarı Günter Ottingerin təbrik məktublarını oxuyublar. Sonra BP şirkətinin baş icraçı direktoru Robert Dadli çıxış edib.
Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında sərgi iştirakçılarını salamlayıb: "Bu gün Xəzər neft-qaz sərgisinin açılışı münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm, çünki bu sərgi ölkəmizin müasir həyatında çox önəmli rol oynayır. Əslində bu sərgi müstəqil Azərbaycana dünyanın diqqətini cəlb edən birinci, ən önəmli addım olmuşdur. Bu sərgi 21-ci dəfədir ki, keçirilir, sərgiyə maraq azalmır, artır və bu gün 400-dən artıq şirkət təmsil olunur. Onlardan bəziləri ilk dəfə iştirak edirlər, bəziləri isə bizim ənənəvi tərəfdaşlarımızdır. İldən-ilə sərgidə iştirak edən şirkətlərin sayı artmaqdadır və bu, çox gözəl hadisədir, çox önəmli əlamətdir".
Dövlət başçısı bildirib ki, qarşıda duran vəzifələr icra edilir, yeni vəzifələr ortaya çıxır: "Biz çalışacağıq ki, eyni qətiyyətlə, eyni səmərə ilə bütün vəzifələri icra edək. Əlbəttə ki, sərginin önəmini artıran amil ondan ibarətdir ki, ənənəvi olaraq ABŞ və Böyük Britaniyanın Prezidenti və Baş naziri sərgiyə öz təbriklərini göndərirlər. Bu, sərginin önəmini böyük dərəcədə artırır, çünki dünyanın iki aparıcı dövlətinin dövlət və hökumət başçıları öz diqqətlərini sərgiyə əsirgəmirlər və hesab edirəm ki, dünya miqyasında bizim sərgimiz öz unikal rolunu saxlamaqdadır".
Prezident onu da qeyd edib ki, Azərbaycan son illər ərzində əldə edilmiş uğurları tərəfdaşları ilə birgə qazanıb, çünki 1994-cü ildə Azərbaycan haqqında dünyada təsəvvür o qədər də geniş deyildi: "Azərbaycan gənc müstəqil dövlət idi və müstəqilliyimizin ilk illəri ölkəmiz üçün, xalqımız üçün çox ağır keçmişdir. Vətəndaş müharibəsi, daxili qarşıdurmalar, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, iqtisadi tənəzzül, bütün bunlar bizim hamımızın yadındadır. Və 1993-cü il əslində müstəqil və gənc Azərbaycan dövlətinin inkişafında bir dönüş ili kimi yadda qalacaqdır. Çünki o ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yoluna qədər qoymuşdur, ulu öndər Heydər Əliyevin apardığı islahatlar bütün sahələri əhatə etmişdir, o cümlədən Azərbaycanın neft strategiyası məhz o illərdə müəyyən edilmişdir və bu günə qədər uğurla icra edilir".
Prezident deyib ki, 1994-cü ildə sərginin 1-ci tədbiri dünyanın neft-qaz şirkətlərinin Azərbaycanın iqtisadiyyatına diqqətini artırıb və bu diqqət bu günə qədər qüvvədədir. Son 20 il ərzində Azərbaycan neft-qaz sənayesinin inkişafı üçün və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə, əlbəttə ki, diqqət mərkəzindədir.
Dövlət başçısı xatırladıb ki, 1994-cü ildə ilk sərgi keçirildikdən bir neçə ay sonra Azərbaycanın bugünkü uğurlu inkişafını böyük dərəcədə müəyyən edən "Əsrin müqaviləsi" imzalanıb. İlham Əliyev qeyd edib ki, bu, tarixi hadisə idi, çünki bu gün təsəvvür etmək çətindir ki, əgər "Əsrin müqaviləsi" imzalanmasaydı, Azərbaycanın pulu yox idi, iqtisadiyyat dağılmış vəziyyətdə idi, sənaye inkişafından söhbət gedə bilməzdi və bizim müstəqil dövlət kimi inkişaf yolumuz yalnız xarici sərmayələrin cəlb edilməsindən asılı idi: "Mən bu gün o vaxt bizə inanan, bizimlə işləmək arzularını ifadə edən bütün şirkətlərə, bütün investorlara öz minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bizə inandılar, Azərbaycanın sabit, uğurlu gələcəyinə inandılar, bizim yanımızda oldular və bizimlə bərabər bugünkü reallıqları təmin etmişlər".
Prezident BP şirkətinin fəaliyyətini xüsusilə qeyd edib və bildirib ki, BP Azərbaycanın ən böyük investoru və tərəfdaşıdır: "20 ildir ki, bu tərəfdaşlıq uğurla davam edir və bu gün birlikdə həyata keçirdiyimiz layihələr deməyə əsas verir ki, ən azı 20 il, bəlkə ondan da çox bundan sonra da BP-SOCAR əməkdaşlığı, partnyorluğu Azərbaycanın və bölgənin neft-qaz sektorunun inkişafını müəyyən edəcək. Mən çox şadam ki, bizim BP kimi tərəfdaşımız var və biz birlikdə bütün layihələrdə çiyin-çiyinə iştirak edirik və bütün əsas iqtisadi və texniki riskləri də öz üzərimizə götürürük".
Dövlət başçısı deyib ki, 1994-cü ildə Azərbaycan yeni siyasətə qədəm qoydu və o ildən başlayaraq bu günə qədər ölkə neft-qaz sektorunda böyük uğurlara imza atıb: "Deyə bilərəm ki, dünya tarixində bəlkə də ən qısa müddət ərzində kontrakt imzalanandan sonra ilk neftin çıxarılmasına qədər cəmi 3 il vaxt keçmişdir. Bu da dünya miqyasında rekord göstəricidir. 1997-ci ildə "Çıraq" platformasından ilk neft çıxarılmışdır və mən o günü yaxşı xatırlayıram. O gün doğrudan da, bir bayram günü idi. Bəlkə də çoxları o vaxt anlamırdı ki, bu, nəyə gətirib çıxaracaq. Ancaq bugünkü reallıq, bugünkü Azərbaycanın uğurlu inkişafı məhz o ildən, o gündən başlamışdır. Ondan sonra ardıcıl olaraq Azərbaycan öz neft və sonra qaz potensialını dünya bazarına təqdim etməyə başlamışdır".
Prezident qeyd edib ki, Bakı-Novorossiysk neft kəməri təmir edildi, Bakı-Supsa neft kəməri tikildi ki, ilk dəfə olaraq Xəzər dənizi Qara dəniz ilə neft kəməri vasitəsilə birləşdi: "Ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilmişdir. Bu da tarixi hadisə idi, çünki bu gün əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Və dəhliz yaradıldı. Beləliklə, Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır və Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət göstərir. Dəhliz formalaşandan sonra, əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır və bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən və logistika imkanlarından tam şəkildə istifadə edir. Azərbaycan Xəzər sahilinin şərq hissəsində yerləşən istehsalçılara da öz xidmətlərini göstərir və Azərbaycan üzərindən keçən neft və neft məhsullarının həcmi ildən-ilə artmaqdadır".
Dövlət başçısının sözlərinə görə, Azərbaycan etibarlı tranzit ölkəsidir: "Hesab edirəm ki, son 20 il ərzində neft-qaz sənayesində qazandığımız ən böyük uğurlardan biri də ondan ibarətdir ki, biz etibarlı tərəfdaşıq, bizim sözümüz imzamız qədər dəyərlidir və biz verdiyimiz sözə həmişə sadiq qalmışıq".
Dövlət başçısı vurğulayıb ki, bu gün imkanlarımız nəinki ölkə daxilində məsələlərin həlli üçün, eyni zamanda, regionda və geniş mənada bölgədə neft-qaz siyasətinin müəyyən edilməsində də öz rolunu oynayır: "Azərbaycan getdikcə öz imkanlarını, əlbəttə ki, genişləndirəcəkdir. Hesab edirəm ki, bizim neft siyasətimizin önəmli əlaməti ondan ibarətdir ki, biz həmişə çalışırıq ki, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını bir-biri ilə bağlayaq ki, burada heç bir ziddiyyət olmasın, burada hər tərəf ancaq fayda götürsün və hesab edirəm ki, buna biz nail ola bilmişik. Digər əlamət ondan ibarətdir ki, biz öz neft və qaz imkanlarımızdan hansısa başqa məqsədlər üçün heç vaxt istifadə etməmişik və sadəcə olaraq öz resurslarımızı dünya bazarlarına və regional bazarlara çıxarmaqla əməkdaşlığı dərinləşdirmişik və bu gün gözəl bir əməkdaşlıq mühiti var və getdikcə bu əməkdaşlıq mühitinin coğrafiyası da genişlənir. Çünki növbəti illərdə biz yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa başlayacağıq".
Prezident qeyd edib ki, Azərbaycan dünyada neft ölkəsi kimi tanınır: "Bildiyiniz kimi, dünyada ilk neft Azərbaycanda hasil edilmişdir və dəniz yataqlarından da ilk neft məhz Azərbaycanda "Neft Daşları"nda çıxarılmışdır. Bu gün Azərbaycanın neft ölkəsi kimi şöhrəti tam şəkildə bərpa edilib və əvvəlki illərdən daha da çox özünü biruzə verir".
Dövlət başçısı bildirib ki, "Şahdəniz" qaz yatağı dünyanın ən böyük qaz yataqlarından biridir və bizim qaz potensialımızın 50 faizini təşkil edir: "Bizim digər böyük qaz yataqlarımız "Ümid", "Abşeron" və digərləri də var. Bu yataqlarda qaz ehtiyatı ən azı 2,5 trilyon kubmetrə bərabərdir. Bu isə Azərbaycan və Avropanın uzun müddətli enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq".
Azərbaycanın 7 ildir ki, qaz resurslarını dünya bazarına çıxardığını xatırladan dövlət başçısı neft və qazın 7 kəmərlə nəql edildiyini nəzərə çatdırıb: "Əlbəttə ki, biz yeni bazarlara çıxmalıyıq. Çünki bizdə olan böyük qaz potensialı ancaq regional bazarla məhdudlaşa bilməz. Bizim üçün böyük bazarlar lazımdır və o bazarlarda da Azərbaycan qazına tələbat vardır. Biz son illər ərzində bu məsələlər üzərində çox ciddi işləmişik. Bu gün Cənub Qaz Dəhlizinin reallaşması böyük dərəcədə "Şahdəniz" yatağının işlənilməsindən asılıdır. Sevindirici hal ondan ibarətdir ki, "Şahdəniz" qaz yatağının işlənilməsi ilə bağlı bütün məsələlər öz həllini tapıb. "Şahdəniz-2" layihəsinə start verilib. O vaxta qədər TANAP layihəsi imzalanıb və beləliklə, bizim qarşımızda hazırda heç bir maneə yoxdur".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz qazının Avropaya nəqli ilə bağlı layihələrin həyata keçməsində maraqlıdır: "Yol verə bilməzdik ki, Cənub Qaz Dəhlizi bir ideya kimi qalsın. TANAP layihəsinin reallaşması üçün böyük səy göstərmişik. 2012-ci ildə Azərbaycan və Türkiyə arasında müqavilə imzalanıb, artıq praktiki işlərə başlanıb. Çox şadam ki, BP də TANAP-ın səhmlərinə sahib olub. TANAP Cənub Qaz Dəhlizinin reallaşmasına böyük təsir göstərəcək".
Dövlət başçısı bəyan edib ki, TANAP və TAP kəmərləri Avropaya yeni mənbədən qaz gətirəcək: "İlkin hesablamalara görə, bunun üçün 45 milyard dollar sərmayə nəzərdə tutulub. TANAP-da ən böyük səhmdar Azərbaycandır. Azərbaycan həm düşünülmüş siyasət həyata keçirir, həm də maliyyə resurslarını təmin edir".
Prezident keçən sərgidən sonra "Şahdəniz-2" müqaviləsinin imzalandığını qeyd edib: "İnanıram ki, növbəti sərgiyə qədər də yeni-yeni uğurlara imza atacağıq".
A.Xəlil
Ekspress.-2014.- 4 iyun.- S.3.