Ölkəmizdə
qaçqın və məcburi köçkünlərin
sayı 23% artıb
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması
Azərbaycan dünyada ən çox qaçqın və məcburi köçkünə sığınacaq verən ölkələrdəndir. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin son məlumatlarına əsasən, ölkəmizdə 1,2 milyon nəfərdən çox qaçqın və məcburi köçkün var.
Yaxın tariximizə nəzər yetirdikdə məlum olur ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edilməklə bərabər, 1988-1994-cü illər ərzində 940 minə yaxın insan öz torpaqlarından didərgin düşərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qalıb. Bundan başqa 20 min azərbaycanlı həlak olub, 100 min nəfər yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olub, 4499 nəfər itkin düşüb. Hərbi təcavüz nəticəsində qaçqın və məcburi köçkünlərin əmlakı dağıdılıb və onların mütləq əksəriyyəti müflis olaraq, imkansız vəziyyətdə Azərbaycanın digər regionlarına pənah gətirib.
Rəsmi məlumatlara görə, ermənilərin etnik təmizləmə tədbirləri ilə əlaqədar Ermənistandan 250 mindən artıq soydaşımız dədə-baba torpağını tərk edərək Azərbaycana gəlib. Torpaqlarımızın işğalı səbəbindən isə 686,586 min insan məcburi köçkün olub. Soydaşlarımızla bərabər 1990-cı ildə 50 min nəfərədək Ahıska türkü də Azərbaycanda sığınacaq tapıb. Beləliklə, 1993-cü ilin sonuna qədər Azərbaycan dövlətinə 987 min qaçqın və məcburi köçkün sığınıb.
Qaçqın və məcburi köçkünlüyü yaradan əsas səbəblər aradan qaldırılmadığından illər ötdükcə bu taleyi yaşayan insanların sayında artım davam edir. 1993-cü ildən bəri qaçqın və məcburi köçkünlərin sayında 23 faizə qədər artım var. Ötən 25 il ərzində qaçqın və məcburi köçkünlərin sayı təxminən 220 min artıb.
1988-ci ildə 250 min olan Ermənistan qaçqınlarının sayı 2013-cü ildə 350 mini, Azərbaycana 1990-cı ildə pənah gətirən 50 min Ahıska türkünün sayı isə 60 mini ötüb.
Öz yurdlarını tərk edən insanların böyük hissəsi işğalla bağlı didərgin düşənlərdir. Didərgin düşən insanların bir qismi işğal edilən əraziləri tərk edənlər, digər qismi isə cəbhə xəttinə yaxın yaşayış məntəqələrindən geri çəkilən insanlardır. Onların ümumi sayı hazırda 800 min nəfərə yaxındır. Dağlıq Qarabağda yaşayan bütün azərbaycanlılar, ətraf ərazidə yerləşən işğal olunan 7 rayonun əhalisinin demək olar ki, hamısı məcburi köçkün həyatı yaşayır. Bundan başqa Tərtər rayonunun 13 kəndinin əhalisi, Ağcəbədi rayonunun 1, Qazağın 7, Gədəbəyin 2, Naxçıvan Muxtar Respublikasının 1 kəndinin işğalı ilə əlaqədar əhalisi məcburi köçkündür.
İşğalla bəbarbər cəbhə xəttinə yaxın yaşayış məntəqələrindən geri çəkilən əhali də məcburi köçkün statusu daşıyır. O cümlədən Tərtər, Ağdam, Fizuli, Qazax, Gədəbəy, Ağstafa, Beyləqan, Tovuz, Naxçıvan MR-nın bir çox kəndi cəbhə xəttinə yaxın olduğundan öz evlərindən uzaqlaşıblar. Bu cür insanların sayı 193 mindən çoxdur.
Azərbaycan kimi əhalisinin say az olan ölkə üçün bu qədər qaçqın və məcburi köçkünün olması ağır problemdir. 2013-cü ilin statistikasına əsasən 9 milyondan çox əhalinin 1 milyon 200 mini qaçqın və məcburi köçkündür. Müqayisə üçün deyək ki, dünyada hər 135 nəfərdən biri qaçqın və məcburi köçkün olduğu halda, Azərbaycanda hər səkkiz nəfərdən biri qaçqındır.
Bu insanların üzləşdiyi ağır vəziyyət, əlbəttə ki, Azərbaycan dövlətini həmin illərdə çətin problemlərlə üz-üzə qoydu.
Ermənistandan və Orta Asiyadan qaçqınlıq SSRİ dövrünə təsadüf etdiyindən onların yenidən məskunlaşmasını təmin etmək çox çətin olmadı. Həmin insanların böyük əksəriyyəyi qısa müddət ərzində yaşayış sahələri ilə təmin edildi.
Lakin eyni sözləri məcburi köçkünlər haqqında söyləmək çətindir. Ölkəmiz həmin dövrlərdə müstəqilliyi yeni əldə etdiyindən və iqtisadiyyatımız dağınıq vəziyyətdə olduğundan qaçqın və məcburi köçkünlərə istənilən dəstəyi göstərə bilmədi.
Bunun nəticəsində 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün kimi respublikanın 62 şəhər və rayonunda ilkin vaxtlarda qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti 1600-dən çox kommunal şəraiti olmayan, sanitar normalara cavab verməyən sıx müvəqqəti məskunlaşma obyeklərində məskunaşdı. O cümlədən 12 çadır düşərgəsində, 16 fin tipli yığma evlərdən ibarət qəsəbədə, ferma, yeraltı qazma və yol kənarlarında, dəmir yolu üzərindəki yük vaqonlarında, ictimai binalarda, yataqxanalarda, təhsil müəssisələrinə məxsus binalarda və uşaq bağçalarında, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında, tikintisi yarımçıq qalmış binalarda, qohum evlərində və digər yerlərdə çox ağır şəraitdə məskunlaşdılar.
Azərbaycan dövlətinin maliyyə imkanları həmin illərdə zəif olduğundan qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə əsasən beynəlxalq humanitar təşkilatların köməyindən istifadə edildi. 1993-2003-cü illərdə xarici beynəlxalq humanitar təşkilatlar 500 milyon dollardan artıq yardım göstərdi. Amma 2003-cü ildən sonra, xüsusilə 2005-ci ildən etibarən dövlətin maliyyə imkanlarının yaxşılaşması, Dövlət Neft Fondunun yaradılması və bura böyük həcmdə vəsaitin daxil olması qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində köklü tədbirlərin görülməsini mümkün etdi.
Bu tədbirlərin nəticəsində qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində hissedilcək həcmdə işlər görülməyə başlanıldı.
Nəticədə 2003-cü ildə köçkünlər arasında 75 faiz olan yoxsulluq həddi 2013-cü ilin sonunda 15 faizə qədər azaldı. Lakin hələ də ölkəmizdə ən yüksək yoxsulluq göstəricisi məcburi köçkünlər arasındadır.
Məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi tədbir Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiqlənən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" oldu. 2007-ci və 2011-ci ildə həmin Dövlət Proqramına əlavələr təsdiq edildi.
Ötən illərdə həyata keçirilən tədbirlər nəticəsində həmin Dövlət Proqramı, ona edilən əlavələrdə nəzərdə tutulan tədbirlər icra edildi. Hazırda da bu proqramlara uyğun olaraq işlər davam etdirilir.
2003-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan 1,547 milyard manat vəsait hesabına 25,5 min ailə və ya129 min nəfərdən çox məcburi köçkün üçün 1,5 milyon kvadrat metr sahəsi olan 61 qəsəbə və fərdi evlər inşa edildi, 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub icma mərkəzi, 28 rabitə evi tikildi, 490,6 kilometr yol, 644 kilometr su, 1059 kilometr hava elektrik, 310 kilometr qaz, 75,5 kilometr kanalizasiya, 20 kilo-metr istilik xətləri çəkilmiş, 581 müxtəlif gücə malik olan elektrik transformatoru quraşdırıldı.
Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan vəsait hesabına 2 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salındı, 31 min ailə 150 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı.
Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən ayrılan vəsait hesabına məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin miqdarı 3,3 dəfə artırılaraq 2005-ci il yanvarın 1-dən 6 manata, 2007-ci il yanvarın 1-dən 9 manata, 2008-ci ilin sentyabrından 13,5 manata, 2010-cu ilin sentyabrından 15 manata, 2011-ci ilin dekabrından isə 16,5 manata, 2013-cü ildən 18,5 manata çatdırıldı. Həmin müavinət məcburi köçkünlərə bankomatlar vasitəsi ilə ödənilir.
Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər faktiki istehlaka görə mərkəzləşmiş qay-dada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına vaxtlı-vaxtında ödənilir.
Hazırda 64,6 min (əvvəllər 80 min olmuşdur) məcburi köçkün ailəsinin hər biri qış mövsümündə 2005-ci ilədək ayda 30 litr, 2005-ci ildən etibarən isə 40 litr həcmində ağ neftlə təmin olunur.
Son 10 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 200 min nəfəri isə müvəqqəti işlə təmin olunub.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 86,1 min nəfər müvafiq işlə təmin edilib, 4070 nəfərə işsiz statusu verilib, 2581 nəfər peşə hazırlığı kurslarına, 1.841 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub, 16 min ailəyə ünvanlı sosial yardım verilib.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1654 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 34,1 milyon manat məbləğində güzəştli kredit verilib.
2013-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1100 manat təşkil edib ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü il ilə müqayisədə 9 dəfə çoxdur.
Ümumilikdə, 1993-2013-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,3 milyard manat həcmində vəsait sərf olunub. Ondan 2 milyard manat dövlət büdcəsinin, 1,5 milyard manat Dövlət Neft Fondunun və 0,8 milyard manat isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir.
Bu vəsaitin
83 faizi, yaxud 3,6 milyard manatı
son 10 ildə istifadə
olunub. Həmin vəsaitin 1,7 milyard manatı dövlət büdcəsinin, 1,4 milyard
manatı Dövlət
Neft Fondunun, 255 milyon manatı beynəlxalq təşkilatların
və 123 milyon manatı isə digər təşkilatların
payına düşür.
Beləliklə, Azərbaycan dövləti
öz imkanlarından istifadə etməklə xüsusilə son 10 ildə
məcburi köçkünlərin
sosial problemlərinin həlli istiqamətində
ciddi nailiyyətlər
əldə edib.
Lakin yuxarıda da qeyd etdiyimiz kimi qaçqın və məcburi köçkünlüyü yaradan
səbəblər aradan
qalxmayınca ölkəmizdə
qaçqın və məcburi köçkünlərin
sayı artacaq, dövlətin isə bu məqsədlə ayırdığı sosial
təminat xərcləri
yüksələcək.
Vasif CƏFƏROV
Ekspress.-2014.- 4 iyun .- S.9.