Musiqili Teatrda yeni tamaşa
Teatr "Toya bir gün qalmış" əsərini səhnələşdirir
Azərbaycan Dövlət Musiqili Teatrında "Toya bir gün qalmış" adlı yeni tamaşa hazırlanır. Lent.az-ın məlumatına görə, Əli Səmədlinin "Ölüm hökmü" əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.
Ə.Əsgərov komediya janrında hazırlanan tamaşa haqda düşüncələrini belə ifadə edib: "Bu əsər ötən əsrin 60-cı illərində yazılmasına baxmayaraq, müasir günümüzdə də kifayət qədər aktualdır. Dünya teatrları bu mövzuya indi müraciət etdikləri halda, Azərbaycan teatrları hələ illər öncə dəfələrlə bu əsəri tamaşaya qoyub. Əsərin motivində bir ailənin vəzifə, pul, maddi rifah naminə ailə başçısının ölüsündən belə öz mənfur məqsədləri üçün istifadə etmələri dayanır. Yalnız sonda bütün qara oyunlar gün işığına çıxır və qəhrəmanın dilindən tamaşaçıya "Mən doğru həyat yaşayırammı?" mesajı verilir".
"Toya bir gün
qalmış" tamaşasında əsas rollarda
xalq artisti Afaq Bəşirqızı, əməkdar
artistlər Novruz Qartal,
Ələkbər Əliyev, aktyorlardan Gülcahan Salamova, Əliməmməd
Novruzov, Gültac
Əliyeva, Hüseyn Əlili, Ziyadxan Cəbrayılov, Ağaxan
Şərifov, Rəsmiyyə Nurməmmədova və Möylə
Mirzəyev oynayır.
Ekspress.- 2014.- 6 iyun .- S.23.