Vaqif Səmədoğlunun yubileyi dövlət
səviyyəsində qeyd olundu
Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun 75 illik yubileyi qeyd olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib ki, Vaqif Səmədoğlunun yaradıcılığı Azərbaycan ədəbiyyatının təkrarolunmaz səhifəsidir: "Mən onu uzun illərdir tanıyıram. Xüsusilə qeyd etmək istəyirəm ki, ölkədə cərəyan edən hadisələrə Vaqif Səmədoğlu həmişə obyektiv qiymət verib və düzgün mövqe tutub. Onun fitri istedadı və təvazökarlığı ictimaiyyət tərəfindən hörmətlə qarşılanıb".
R.Mehdiyev prezident İlham Əliyevin Vaqif Səmədoğluya ünvanlanan təbrik məktubunu və şairin "İstiqlal" ordeni ilə təltif olunması haqqında sərəncamını oxuyub.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar V.Səmədoğlu haqqında xatirələrini danışıb, şairin yaradıcılığı barədə fikirlərini bildirib: "Əziz Vaqif, sən doğrudan da şöhrətpərəst deyilsən, amma istiqlalpərəstsən. Azərbaycanı istiqlaliyyətə aparan yolda yazıçıların böyük rolu olub. Bu çətin yolda sənin atan Səməd Vurğun, qardaşın Yusif Səmədoğlu böyük işlər görüb. Ədəbiyyata gəldiyin ilk gündən yeni sözlər, təkrarsız poeziya yaratmısan".
Daha sonra çıxış edən millət vəkili Nizami Cəfərov, rejissor Ramiz Həsənoğlu və digərləri V.Səmədoğlunu təbrik edib, ona ürək sözlərini çatdırıblar.
Yubileydə şairin şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.
Vaqif Səmədoğlu "İstiqlal" ordeni ilə təltif olunmasına görə prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Ekspress.-2014.- 7-9 iyun.- S.31.