İqlim dəyişmələrinə
qarşı
Azərbaycanın gördüyü
işlər dünya üçün yaxşı nümunə
kimi təqdir olunur
Azərbaycan dünya ölkələri
sırasında yeni bir uğura imza atıb. Bununla bağlı xəbər
Facebook-da (www.facebook.com/below2c?fref=ts) yerləşdirilib. Trend-in məlumatına
görə, iqlim dəyişmələri üzrə
dünyada tanınan QHT - keçmiş sovet respublikalarında
ekoloji problemlərə, xüsusilə də iqlim dəyişmələrinə
laqeyd münasibəti tənqid edən İqlim Fəaliyyət
Şəbəkəsi (Climate Action Network) bu məlumatı
öz saytında (http://below2.ru/2014/06/09/azcn/) yerləşdirib,
eyni zamanda xəbər dünya mətbuatında
(http://www.rtcc.org/2014/06/12/azerbaican-and-georgia-are-taking-the-silent-lead-on-climate-action/)
və sosial şəbəkələrdə yayılıb.
Məşhur QHT "Azərbaycan
iqlim dəyişmələrinin qarşısının
alınmasında liderliyi ələ alır"
başlıqlı şərhi ilə Azərbaycanın bu sahədəki
ambisiyalarını dəyərləndirib: "Bu neft-qaz hasil
edən ölkə (Azərbaycan) bundan sonra da təbii
ehtiyatlarının hesabına yaşaya biləcəyinə
baxmayaraq, ölkənin rəhbərliyi sözdə deyil, əməldə
az karbon tullantılı istehsalatın inkişafına yer
verir....."
İqlim dəyişmələri
problemi
nə ilə
izah olunur və bəşəriyyəti narahat edən nədir?
Təbii ki, söhbət
qlobal istiləşmədən gedir və ekoloqların da
qlobal olaraq gündəliyində dayanan məsələ budur.
Araşdırmanı davam etdirərək iqlim dəyişmələri
problemi ilə bağlı dünya ölkələrinin
yüksək səviyyəli nümayəndələrinin və
ekspert qruplarının bir neçə gün əvvəl bir
araya gəlməsi barədə məlumatı da Trend xarici mənbələrdən
alıb. Almaniyanın Bonn şəhərində
"BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransına Yüksək Səviyyəli Hazırlıq
Görüşü" keçirilib və son məlumatların
təhlili əsasında qlobal istiləşmənin temperatur həddinin
2 dərəcə selsi çərçivəsində
saxlanılması üçün rəylər təqdim
edilib. Hazırda temperaturun məhz 2 dərəcə
artmasının kritik temperatur həddi kimi qəbul olunduğu
və bu həddin keçilməsinin bəşəriyyət
üçün arzuolunmaz nəticələrə gətirib
çıxaracağı bildirilib. Bununla belə, mütəxəssislər
ötən onilliklər ərzində artmaqda davam edən
qlobal temperatur artımının dayandırılmasına və
2 dərəcə selsi çərçivəsində
saxlanılmasına hələlik bəşəriyyətin
şansı olduğunu diqqətə çatdırıb və
qeyd olunub ki, hazırda BMT-nin apardığı
danışıqlar da bu dəyişmənin
qarşısını almaq üçün 2020-ci ildən
sonrakı dövr üçün Kioto protokolunu əvəz
edəcək yeni beynəlxalq iqlim sazişinin işlənib
hazırlanmasına yönəlib. Yəni
ölkələr təkcə yeni saziş çərçivəsində
tullantıların azaldılması üzrə öz öhdəliklərinə
(2020-ci ildən sonra) əməl etməli deyil, həm də
2020-ci ilə qədər olan dövr ərzində bu məsələyə
daha ciddi yanaşmalı və bu sahədə müvafiq
töhfələr verməlidirlər. Məhz bu məqamla
əlaqədar bu mötəbər görüşdə
ekspertlər xoş sürprizlə qarşılaşıb və
Azərbaycan dövlətinin təqdim etdiyi hesabat böyük
rezonansa səbəb olub...
"Azərbaycan
iqlim dəyişmələrinin qarşısının
alınmasında liderliyi ələ alıb"- deyən
xarici mütəxəssislər təbii ki, Azərbaycan tərəfinin
təqdim etdiyi məlumatlara və rəqəmlərə əsaslanıb,
real nəticələri təhlil etdikdən sonra bu qənaətə
gəlib.
Başqa sözlə,
onlara həqiqətən də bu ölkənin iqlim dəyişmələrinin
qarşısının alınmasında liderliyi ələ
almasına dəlalət edən təkzibolunmaz arqumentlər təqdim
olunub, əks təqdirdə onsuz da ikili standartlar çərçivəsindən
uzağa gedə bilməyən bəzi beynəlxalq qurumlar Azərbaycana
qarşı ənənəvi manipulyativ mövqedən
çıxış etməkdən çəkinməzdilər.
Qeyd edək ki, tədbirdə
Azərbaycanı Ekologiya və Təbii Sərvətlər
Naziri Hüseyn Bağırovun başçılıq etdiyi
nümayəndə heyəti təmsil edib.
ETSN-nin mətbuat xidmətinin rəhbəri
İradə İbrahimova Trend-ə bildirib ki, 5-6 iyun 2014-cü
il tarixlərində Almaniyanın Bonn şəhərində
"BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Perunun Lima şəhərində
baş tutacaq Tərəflər Konfransına Yüksək Səviyyəli
(Nazirlər səviyyəsində) Hazırlıq
Görüşü" keçirilib.
Azərbaycanın iqlim dəyişmələrinin
qarşısının alınmasında liderliyə yüksəlməsi
məsələsinin gündəmə gəlməsini zəruri
edən səbəblər və təfsilatı
üçün yenidən xarici mənbələrin şərhinə
qayıdırıq: "...yüksək səviyyəli
görüşün xoş sürprizlərindən biri Azərbaycanın
Ekologiya və Təbii Sərvətlər Naziri
H.Bağırovun çıxışı olub. Onun Azərbaycanda,
əksər postsovet ölkələrinə xas olan iqtisadi
eniş hesabına deyil, az karbonlu tullantılı istehsalata
keçməyi təmin edən dövlət proqramları sayəsində
ətraf mühitə atılan istilik effekti yaradan qazların həcminin
azaldılmasında irəliləyişə nail olunması barədə
məruzəsi geniş rezonans və müsbət reaksiya
doğurub..."
İradə İbrahimovanın Azərbaycan
nümayəndə heyətinə istinadən verdiyi məlumata
görə, Azərbaycan hökumətinin təqdim etdiyi
hesabatdakı faktlar başqa inkişaf etməkdə olan və
fövqəl surətdə inkişaf edən ölkələrin
nümayəndələrinin
çıxışlarındakından fərqli olaraq
inkişaf etmiş ölkələrdən daha çox
yardım almaq ideyası üzərində yox, ölkənin
öz imkanlarına söykənərək gördüyü
və görməkdə olduğu işlər barədə
real rəqəmlər üzərində qurulduğundan tədbirdə
iştirak edən mütəxəssislər, QHT-lər və
media nümayəndələri tərəfindən maraqla
qarşılanıb və yüksək qiymətləndirilib. Yüksək səviyyəli görüş beynəlxalq
ekspertlərin və dünya mətbuatının diqqət mərkəzində
olduğundan bir sıra mətbuat orqanlarında Azərbaycanın
bu sahədə gördüyü işlər
başqalarına yaxşı nümunə kimi təqdir olunub.
Öyrəndik ki, həqiqətən də Azərbaycanın
təqdim etdiyi hesabatda görülən işlərin ölkənin
öz maliyyə imkanları hesabına reallaşmasının
vurğulanması daha çox diqqət çəkib
(Avropanın, həmçinin dünyanın bəzi ölkələrində
hələ də davam edən maliyyə böhranına rəğmən
Azərbaycanın özünün maliyyə imkanlarına
malik olması bəzi ikili standart həvəskarlarını
vicdanlarının səsinə qulaq asmağa vadar edib). Çünki əksər ölkələr qlobal
iqlim dəyişmələrinin səbəbkarı kimi
inkişaf etmiş ölkələri, xüsusən Avropa
ölkələrini və ABŞ-ı günahlandırır
(iqtisadiyyatı yüksək inkişaf etmiş ölkələrin
ətraf mühitə atdığı istilik effekti yaradan
qazların həcmi dəfələrlə yüksəkdir) və
bunun müqabilində iqlim dəyişmələrinin
qarşısının alınması üçün həmin
ölkələrdən maliyyə vəsaiti tələb edir.
Azərbaycan dövlətinin isə bu işləri
öz resursları hesabına, ölkənin və xalqın gələcəyi
naminə etdiyini, bundan sonra da bu prosesin davamlı
olacağını bəyan etməsi, göründüyü
kimi beynəlxalq rezonansa səbəb olub.
Liderliyə aparan strateji xətt:
faktlar və rəqəmlər göstərir ki, həqiqətən
də Azərbaycan dövləti xalqın, ölkənin gələcəyi
üçün bütün sahələrdə müasir
dünyada cərəyan edən aktual prosesləri prioritet
istiqamətlər kimi səciyyələndirir, buna uyğun
olaraq öz perspektiv inkişaf yolunu cızır. Bu ölkə indi heç bir tövsiyə və tələb
gözləmədən gələcək üçün
tarix qarşısında öz vəzifələrini yerinə
yetirir.
Bütün bəşəriyyətin
diqqət mərkəzində olan qlobal iqlim dəyişmələrinin
qarşısının alınması istiqamətində də
ölkənin gördüyü işlər bütün
reallığı ilə ortadadır. Rəqəmlər
doğrudan da kifayət qədər gözə
çarpandır. Məsələn,
SSRİ-dən ayrılanda və Kioto protokoluna qoşulanda Azərbaycan
atmosferə ildə 71 milyon ton istilik effekti verən qaz
tullantıları atırdı. Hesab
olunurdu ki, SSRİ-nin iqtisadiyyatı dağılandan sonra
tullantıların həcmi 34 milyon tona düşüb. Amma indi Azərbaycan iqtisadiyyatı 4 dəfə
böyüyüb, deməli tullantılar da 4 dəfə
artmalı idi. Lakin tullantılar hələ
də 70 faiz səviyyəsində qalıb və bu da məntiqidir.
Çünki dövlət proqramlarına
uyğun olaraq Azərbaycanda kimya zavodlarının əvəzinə
qida zavodları tikildi və ona görə də istilik effekti
yaradan qazların ətraf mühitə atılmasının həcmi
artmır, əksinə azalmağa doğru gedir. Ona görə ki, neft sənayesində ümumi
istehsal həcmi 2 faiz azalıb, əksinə qeyri-neft sənayesində
10 faiz artım qeydə alınıb. İqtisadiyyatımız
isə inkişaf edir.
Digər tərəfdən,
sözügedən görüşdə Azərbaycan tərəfinin
təqdim etdiyi hesabatda göstərildiyi kimi "artıq Azərbaycanda
alternativ və bərpaolunan enerji mənbələri üzrə
Dövlət Agentliyi yaradılıb, bərpaolunan enerji mənbələri
üzrə Dövlət Proqramı qəbul edilib və bu sahədə
Milli Strategiya hazırlanır. Bunun nəticəsidir
ki, ölkədə enerji istehsalında bərpaolunan enerji mənbələrinin
real payı 11 faizə çatdırılıb. Hazırlanan Milli Strategiyada isə 2030-cu ilə qədər
termal, günəş və külək enerjisinin
payının 30 faizə qədər yüksəlməsi nəzərdə
tutulur".
Araşdırma
göstərir ki, 2000-ci illərin əvvəllərindən
başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən bu yöndə
ardıcıl olaraq tədbirlər görülüb. Dövlət başçısının
apardığı məqsədyönlü siyasətə
uyğun olaraq bu sahədə də aydın, şəffaf,
bilavasitə gələcəyə hesablanan strateci xətt
müəyyənləşdirilib. Vaxtında
müəyyən edilmiş strateci istiqamətlərə
uyğun olaraq görülmüş tədbirlər bu gün
Azərbaycanın beynəlxalq arenada məhz bu yöndə də
liderliyə çatmasına zəmin yaradıb. Azərbaycan
Respublikasının Prezidentinin imzaladığı 2004-cü
il 21 oktyabr tarixli sərəncamla "Azərbaycan
Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması üzrə Dövlət
Proqramı", 2005-ci il 14 fevral tarixli Sərəncamla "Azərbaycan
Respublikasının yanacaq-enerci kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə Dövlət Proqramı" təsdiq
edilib. "Alternativ və bərpa olunan enerci sahəsində əlavə
tədbirlər haqqında" Azərbaycan
Respublikasının Prezidentinin 2013-cü il
1 fevral tarixli Fərmanı və "2012-2020-ci illər
üçün Azərbaycan Respublikasında alternativ və bərpa
olunan enerci mənbələrindən istifadəyə dair
Dövlət Strategiyasının hazırlanması
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il
29 dekabr tarixli Sərəncamı imzalanıb. 2011-ci ildən
etibarən Alternativ və Bərpaolunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyi tərəfindən
aşağıdakı layihələr həyata keçirilir:
- 2011-ci ildə Qobustan rayonu ərazisində
hər birinin gücü 0,9 MVt-a çatan
üç külək turbini, 1,8 MVt gücündə günəş
enerjisi stansiyası və 1 MVt gücündə bioenerci
qurğusu yaradılıb;
- Xızı rayonu ərazisində
gücü 15 MVt və 25 MVt olan Külək Elektrik
Stansiyalarının tikintisi davam etdirilir;
- Abşeron dəniz rayonunda
gücü 15 MVt olan külək parkının inşası
planlaşdırılır;
- Pirəküşkül ərazisində
gücü 60 MVt və 150 MVt, Xızı rayonu ərazisində
gücü 33 MVt, 25 MVt və 3,6 MVt, Müşfiq qəsəbəsi
ərazisində isə gücü 9 MVt olan Külək
Elektrik Stansiyalarının tikintisi nəzərdə tutulub;
- Respublikanın yüksək
potensiallı ərazilərində (Xaçmaz, Lənkəran,
Masallı və s. rayonlarında) geotermal istilik
stansiyalarının inşası nəzərdə tutulub.
2014-cü il
aprel ayından Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyinin sifarişi ilə
Bakının Suraxanı rayonunda yeni "Suraxanı" və
Pirallahı rayonunda "Pirallahı" Günəş
Elektrik Stansiyalarının inşasına
başlanılıb. Hər iki günəş
elektrik stansiyanın tikintisində Dövlət Agentliyi tərəfindən
Sumqayıt şəhərində inşa edilmiş
"Azgüntex" MMC-də istehsal olunmuş günəş
panellərindən istifadə edilir. Gələcəkdə
Pirallahı rayonunda külək elektrik stansiyalarının da
tikintisi nəzərdə tutulub. Alternativ və Bərpa
Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyinin məlumatına görə, 2015-ci ildə Azərbaycanda
ümumi gücü 135,3 MVt olan 3 külək elektrik
stansiyasının tikintisi başa çatacaq.
Dövlət Agentlinin
sifarişı ilə 5 rayonda (Naxçıvan Muxtar
Respublikasında, Neftçala, Oğuz, Gədəbəy, Balakən
rayonlarında hər biri 10 MVt olmaqla hibrid tipli (külək,
günəş və bioqaz) elektrik və istilik
stansiyalarının texniki-iqtisadi əsaslandırmaları
hazırlanır. Samux rayonunda isə təsərrüfat
üçün lazım olan istilik və elektrik enerji tələbatını
bərpa olunan enerji (günəş, külək, bioqaz və
geotermal) hesabına təmin edən əkinçilik, tərəvəzçilik,
bağçılıq, şitil yetişdirmə,
heyvandarlıq, quşçuluq, balıqçılıq, kənd
təsərrüfatı məhsulları emalı sahələrini
cəmləşdirən aqro-kompleksin tikintisi üçün
layihə-smeta sənədləri işlənilir. Eyni zamanda ölkədəki mazutla işləyən
istilik elektrik stansiyaları qazla işləmə prinsipinə
keçirilib, su elektrik stansiyaları (Mingəçevir 1, Mingəçevir
2) yenidən qurularaq istehsal güclərinin
artırılmasına nail olunub.
Artıq beynəlxalq
müstəvidə, BMT-nin mötəbər qurumu səviyyəsində
də qəbul olundu ki, strateji xəttin müəyyən
olunması ilə müvafiq tədbirlərin həyata
keçirilməsi Azərbaycanda istilik effekti yaradan qaz
tullantılarının azalmasına səbəb olub və
hesablamalara əsasən 2020-ci ilə qədər olan dövr ərzində
istilik effekti yaradan qaz tullantılarının həcmi Azərbaycanda
ildə təqribən 4-5 milyon ton azalacaq.
Deməli, həqiqətən də
"Azərbaycan iqlim dəyişmələrinin
qarşısının alınmasında liderliyi ələ
alır" və bunun real-praktik əsası var.
Çünki tanınmış beynəlxalq QHT-nin şərh
etdiyi kimi "bu neft-qaz hasil edən ölkə bundan sonra da təbii
ehtiyatlarının hesabına yaşaya biləcəyinə
baxmayaraq, ölkənin rəhbərliyi sözdə deyil, əməldə
az karbon tullantılı istehsalatın inkişafına yer
verir..."
Ekspress.-2014.- 13
iyun .- S.15.