Dünyanı dünyaya gətirən anadır, ana...

 

İyunun 10-da tanınmış şair Əli Vəkil 76 yaşını tamamladı. Qocaman sənətkarın həmişəcavan ürəyi, yorulmaz təbi bu gün də qələmi əlindən yerə qoymasına imkan vermir. Rəvan, axıcı poeziyası ilə oxuculara yaxşı tanış olan Əli Vəkil kəşməkəşli həyat yolu keçmişdir. Onun mətanətlə sinə gərdiyi çətinliklər, bağrının başında qübar bağlayan dərdlər yaradıcılığında da bir neçə xətlə keçir. El-oba təəssübü, yurd-yuva həsrəti çəkən şairin poeziyasında ana nisgili xüsusi yer tutur. Anasız böyüyən, ömrü boyu ana həsrəti ilə yanıb-tutuşan şairin bu səpkidən olan bir neçə şeirini oxucularımıza təqdim edir, ona uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

   Anadır, ana

 

   Günəş olub üstümüzə nur yayan,

 

   Balasını sinəsiylə qoruyan,

 

   Bütün insanların halına yanan,

 

   Elə sülh diləyən anadır, ana.

 

   

 

   Dünya buza dönər bir an olmasa,

 

   Əzizləyib könlümüzü almasa,

 

   Onsuz bu kainat batardı yasa,

 

   Ömrü gülləndirən anadır, ana.

 

   

 

   Cahan gülər eşidəndə səsini,

 

   Verər övladına son tikəsini,

 

   Unutmaq çətindir gül nəfəsini,

 

   Gah dərdli, gah da şən anadır, ana.

 

   

 

   Öyüdü müqəddəs, südü müqəddəs,

 

   Onuntək dözümlü olammaz heç kəs,

 

   Qəlbində yaşayar ən mehriban səs,

 

   Sənə yol göstərən anadır, ana.

 

   

 

   Ulu kainatın bəri, bəzəyi,

 

   Hər evin, həyatın bəri, bəzəyi,

 

   Ətirli bağların gülü, çiçəyi,

 

   Bizə rövnəq verən anadır, ana.

 

   

 

   Həyatda min kərə dəhşətlər görən,

 

   Gecələr qəlbini şama döndərən,

 

   Şirin arzulardan min çələng hörən,

 

   Dərdə sinə gərən anadır, ana.

 

   

 

   Anaya borcludur, borcludur bəşər,

 

   Qəlbində yer tapmaz nə pislik, nə şər,

 

   Odlu ürəyində cahan yerləşər,

 

   Odları söndürən anadır, ana.

 

   

 

   Dünya qopar ürəyinə toxunsaq,

 

   Ona minnətdarıq, ona biz ancaq,

 

   Qəlbindən keçibdir qəlbə köz ancaq,

 

   Zülməti əridən anadır, ana.

 

   

 

   Səcdə qılar kim eşitsə bu adı,

 

   Oğlun, qızın vuran qəlbi, qanadı,

 

   Od olub yandırar yağını, yadı,

 

   Qışı bahar edən anadır, ana.

 

   

 

   Övladına həyat verən, can verən,

 

   Damarından damarlara qan verən,

 

   Qəhrəmana əbədi ad-san verən,

 

   Yoxu da var edən anadır, ana.

 

   Ay Allah, anasız qalmasın bala,

 

   Dünyaya hay-haray salmasın bala,

 

   Kədərdən saralıb, solmasın bala,

 

   Qəlbi sərinlədən anadır, ana.

 

   

 

   Anasız hansı kəs şadlanar, gülər?

 

   Göylərin sultanı göydən od ələr,

 

   Bir anda hər şeyi yandıra bilər,

 

   Torpağa can verən anadır, ana.

 

   

 

   Ondan alıb hamı təmiz vicdanı,

 

   Hünəri, qeyrəti, şöhrəti, şanı,

 

   Əli Vəkil, bu işıqlı dünyanı

 

   Dünyaya gətirən anadır, ana.

 

   Noyabr, 1991

 

   

 

   Ana ürəyi

 

   Balanı düşünər, balanı anar,

 

   Həsrətdən qovrular, qüssədən yanar,

 

   Övladın dərdini öz dərdi sanar

 

   Həmişə narahat ana ürəyi.

 

   Zülmətdə məşəldi, döyüşdə səngər,

 

   Kamantək inləyər incitsən əgər,

 

   Tufanı söndürər, odu söndürər

 

   Həmişə narahat ana ürəyi.

 

   

 

   Yağını yandıran atəşdi, oddu,

 

   Yalana düşməndi, şər ona yaddı,

 

   Bəzən ipək kimi, bəzən poladdı

 

   Həmişə narahat ana ürəyi.

 

   

 

   Yumruğa bənzəyir, sirlidir yaman,

 

   Ona minnətdardır, ona bu cahan,

 

   Dözüb zərbələrə, çıxıb sınaqdan

 

   Həmişə narahat ana ürəyi.

 

    

 

   Yalandan dil töküb ovutmaq çətin,

 

   Sevgidə zərifdir, döyüşdə mətin,

 

   Quludur saflığın, təmiz niyyətin

 

   Həmişə narahat ana ürəyi.

 

   

 

   Övladın qürbətdən gəlsə sorağı,

 

   Qurudar ümmanı, əridər dağı,

 

   Olar balasının əziz qonağı

 

   Həmişə narahat ana ürəyi.

 

   

 

   Əbədi mehmandı bala qəlbində,

 

   Doğma laylasını çala qəlbində,

 

   Sora əhvalını, qala qəlbində

 

   Həmişə narahat ana ürəyi.

 

   

 

   Duyar könülləri, sezər dünyanı,

 

   Günəş sevgisiylə gəzər dünyanı,

 

   Oğlunun qəlbində süzər dünyanı

 

   Həmişə narahat ana ürəyi.

 

   

 

   Balasız qisməti ahu-zar olar,

 

   Bir gündə saçları tamam qar olar,

 

   Qovuşub övlada bəxtiyar olar

 

   Həmişə narahat ana ürəyi.

 

   Al Günəş, kainat ana ürəyi!

 

   18 mart, 1993

 

   

 

   Analar, oğullar

 

   Cənnət anaların ayaqları altındadır.

 

   Məhəmməd Peyğəmbər

 

   

 

   Nə gözəl söyləyibdir bunu Peyğəmbərimiz,

 

   Ən müqəddəs qadındır axı, Əminə ana.

 

   Unutmayaq heç zaman, unutmayaq bunu biz,

 

   Həzrəti Məhəmmədi o bəxş edib cahana.

 

   

 

   Analar oğul doğur Vətəni qorusunlar,

 

   Dahilər də süd əmib anaların döşündən.

 

   Hərənin yer üzündə öz doğma anası var,

 

   Doğulan oğul desin - yurdun əsgəriyəm mən.

 

   

 

   Analar insanları gətirir yer üzünə,

 

   Cəsur övlad Vətənin uca edir başını.

 

   Anadan əmdiyin süd qoy halal olsun sənə,

 

   Oba sevir ürəkdən hər bir vətəndaşını.

 

   Nizamiyə döşündən süd verən böyük ana,

 

   Şairliyi oğluna laylasıyla bəxş edib.

 

   "Sirlər xəzinəsi"ylə səs salıbdır cahana,

 

   Nə yaxşı ki, onları bizim torpaq yetirib.

 

   

 

   Bir azəri qadını Füzuliyə can deyib,

 

   Şairin hər sözündə ananın ruhu yaşar.

 

   Dərd qəlbini üzəndə, o, "şəbü-hicran" deyib,

 

   Oğulun şöhrətində ananın öz payı var.

 

   

 

   Sadəcə bir qadındır Hitleri doğan ana,

 

   Övladını bətnində gəzdiribdir doqquz ay.

 

   O da layla çalıbdır hamı kimi oğluna,

 

   Milyonlar məhv olanda qışqırdılar, ay haray!

 

   

 

   İnamla qeyrət dərsi, dözüm dərsi verərək

 

   Nəsimini böyütdü Azərbaycan qadını.

 

   Qorxmaz, yenilməz oldu sözündən dönməyərək,

 

   Al Günəşə ucaltdı bir millətin adını.

 

   Oğul doğsun analar, Vətənə əsgər gərək,

 

   Yolumuzu gözləsin Qarabağım nə qədər?

 

   Gendən baxıb həsrətlə köksümüzü ötürək?

 

   Soydaşlarım, tələsin, zəfər gərəkdir, zəfər!

 

   

 

   Nə vaxtacan yurdumda "Ana", "Vətən" deyəcək?

 

   Oğullar doğulub ki, yurdu xilas etsinlər.

 

   Onlar Azərbaycana Ana Vətən deyəcək,

 

   Darıxma, Şuşam, deyib, gərək öndə getsinlər.

 

   25 dekabr, 2001

 

   

 

   Şəhid anası

 

   Qara geyinibdir şəhid anası,

 

   Qəfil yaxalayıb dərd onu nədən?

 

   Göylərdən enibdir şəhid anası,

 

   Önündə diz çökür, baş əyirəm mən.

 

   

 

   Yaman qapılıbdır öz dünyasına,

 

   Kimsə ola bilmir dərdinə ortaq.

 

   Ana kədərinə, ana yasına

 

   Yalnız Ulu Tanrım çarə tapacaq.

 

   

 

   Nər oğul böyütdü Vətənə arxa,

 

   Düşmənə qənimdi odlar övladı.

 

   O sənə şərəfdi, o sənə arxa,

 

   Ölməyib, şəhidtək çəkilir adı.

 

   

 

   Yollandı cəbhəyə dar gündə oğlun,

 

   Onun arxasınca su səpdin, ana.

 

   Getdi əsgərlərin önündə oğlun,

 

   Yadlar göz dikəndə Azərbaycana.

 

   

 

   "Get, qoru namusla doğma diyarı,

 

   Xilas et torpağı yad tapdağından.

 

   Gözündən nişan al, qov quldurları,

 

   Qoyma su içsinlər el bulağından.

 

   

 

   Qoruyub Vətəni sinələriylə,

 

   Əkinçi babalar, çoban babalar,

 

   Alim nəvələrə işlədib hiylə,

 

   Düşmən torpaq alsa, müsibət olar.

 

   

 

   Hər igid qorusun, yaşatsın gərək,

 

   Ana şərəfini, Vətən eşqini.

 

   Nifrəti püskürsün yanar vulkantək,

 

   Bombaya çevrilsin qəlbinin kini".

 

   

 

   Yurdumun ən ağır sınaq günündə

 

   Şəhidlik zirvəsi çağırdı bizi.

 

   Analıq borcunu ödədin sən də,

 

   Övladın qorudu Vətənimizi.

 

   

 

   Qara geyinibdir şəhid anası,

 

   Qəfil yaxalayıb dərd onu nədən?

 

   Göylərdən enibdir şəhid anası,

 

   Önündə diz çökür, baş əyirəm mən!

 

   28 may, 1993

 

   Nəriman ana...

 

   Qərbi Azərbaycanın Qarakilsə şəhərindən Bakıya pənah gətirmiş "Qəhrəman ana" Nəriman anaya ithaf edirəm.

 

   

 

   Həyatda hər şeydən daha müqəddəs

 

   Eşqin, amalın var, Nəriman ana.

 

   Balalar, nəvələr üstündə sən əs,

 

   Var olsun qoy onlar, Nəriman ana!

 

   

 

   Həsrətə dözməyib tez köçdü ərin,

 

   Qəlbinin yarası dərindir, dərin,

 

   Qolun, qanadındır gül nəvələrin,

 

   Olsunlar bəxtiyar, Nəriman ana.

 

   

 

   Taledən beş oğul, beş qız payın var,

 

   Yurdundan, yuvandan qovdu zalımlar,

 

   Dünyada nə qədər cəllad, zalım var,

 

   Ar olsun yada, ar, Nəriman ana.

 

   

 

   Yuxunda görürsən Qarakilsəni,

 

   İncitdi kim səni, qovdu kim səni?

 

   Çağıra bilmədin dada kimsəni,

 

   Yağdı bəxtinə qar, Nəriman ana.

 

   

 

   Qovrul için-için, yan için-için,

 

   Doğma diyarını an, için-için,

 

   Həsrətdən, qüssədən don, için-için,

 

   İstəyin çin olar, Nəriman ana.

 

   

 

   "Qəhrəman ana"san, on övladın var,

 

   Gör neçə diyarda qol-qanadın var,

 

   Anasan, nənəsən, ülvi adın var,

 

   Yaşasın analar, Nəriman ana.

 

   

 

   Xəyalən qanadlan, uç o yerlərə,

 

   Döndər karvanını, köç o yerlərə,

 

   Torpağı öpməyə keç o yerlərə,

 

   Sənsizdir o diyar, Nəriman ana.

 

   

 

   Oğul evləndirib, qız köçürmüsən,

 

   Payız köçürmüsən, yaz köçürmüsən,

 

   Salıblar qəlbinə iz, köçürmüsən,

 

   Qurulub toy-mağar, Nəriman ana.

 

   

 

   Gülmək deyil asan Binnətdən sonra,

 

   Sən həm də atasan Binnətdən sonra,

 

   Qəlbində qovrul, yan, Binnətdən sonra,

 

   Ürəyin hey sızlar, Nəriman ana.

 

   2 iyul, 1996

 

   

 

   Ana məhəbbəti

 

   Gənc ana qayıtdı doğum evindən,

 

   Gedəndə tək getdi, indi cüt gəldi.

 

   Onu qarşıladı əri gülər, şən,

 

   Nənə də sevindi, baba da güldü.

 

   

 

   İşıqlı dünyaya gələnə qədər

 

   Övlad həsrətiylə yaşayır ana.

 

   Tale üzlərinə gülənə qədər

 

   Qəlbində dərd-kədər daşıyır ana.

 

   

 

   Evi isindirdi uşaq nəfəsi,

 

   Uçdu pəncərədən, qapıdan sükut.

 

   Tez-tez eşidildi körpənin səsi,

 

   Ömr edə bilmədi bircə an sükut.

 

   

 

   Gül üzlü körpəylə birgə doğuldu

 

   Ananın övlada məhəbbəti də.

 

   Günəştək həmişə atəşli oldu

 

   Balaya - bu ada məhəbbəti də.

 

   

 

   Ehtiyac duyuldu daha bir ada,

 

   Cahanda bir sakin ad aldı axı.

 

   Amma demədilər ulu dünyada

 

   Bir ana, bir ata çoxaldı, axı?

 

   30 noyabr, 1975

 

Əli VƏKİL

Ekspress.-2014.- 14-17 iyun.- S.20.