"Mən də hardasa günah eləmişəm"

 

Əjdər Həmidov: Qadına xəyanət günahdı, amma kişilikdən də hesab eləmək olar...

 

"Müəyyən dəllallar var ki, boşluqdan istifadə eləyib seriallar çəkirlər"

 

"Görünüşcə avropalı da ola bilərsən, ancaq gərək ürəyin azərbaycanlı ürəyi olsun, kişi ürəyi olsun. O qədər papaq qoyub alçaqlıq, şərəfsizlik eləyənlər var ki..."

   Bu sözləri tanınmış aktyor, respublikanın əməkdar artisti, Prezident mükafatçısı Əjdər Həmidov Lent.az-ın "Papaq" rubrikasına müsahibəsində bildirib.

       - Əjdər müəllim, "Kişi sözü"nü demək üçün mütləq papaq başda olmalıydı, yoxsa?..

   - Yox, bilirsiniz, bizdə ən əvvəl papaq milli geyim formasının vacib bir elementidi. Mən hesab eləyirəm, bu ən çox geyim formasına dəlalət eləyir. Sonrası da bizdə götürülür papaq kişiliyin rəmzi kimi, qeyrət simvolu kimi.

   - Nə üçün? Niyə kişiliyin rəmzi bel kəməri yox, məhz papaq sayılsın?

   - İndi belə hesab eləyiblər də. Ola bilsin, başqa ölkələrdə başqa şeylərdi, amma fakt budu ki, bizdə belə qəbul olunub. Dədə-babadan belə gəlib. Mən köhnə kişilərdən eşitmişəm ki, papaq təkcə başı isti saxlamaq üçün deyil. Və ya günəşdən, şaxtadan qorumaq üçün deyil. Kişi sözünü papaqsız da deyə bilər. Gərək sözü söz olsun, əməlində göstərsin. Rac Kapurun oynadığı məşhur bir film var - "Cənab 420", orda bir mahnı oxuyur, sözləri belədi: ayaqqabılarım italyan ayaqqabısıdı, pencəyim fransızdı, şlyapam rus malıdı, amma ürəyim hind ürəyidi. Görün nə gözəl sözdü. Yəni, başında papaq olmaya da bilər, başqa millətlərin baş geyimi də ola bilər, görünüşcə avropalı da ola bilərsən, ancaq gərək ürəyin azərbaycanlı ürəyi olsun, kişi ürəyi olsun. O qədər papaq qoyub alçaqlıq, şərəfsizlik eləyənlər var ki...

   - Əjdər müəllim, biz kənd uşaqları olmuşuq. Bizim tərəflərdə dava-dalaşlar polis şöbələrində deyil, çay kənarlarında, meşələrdə, dəmiryol vağzallarında həll olunardı. Əgər məsələ böyüyərdisə, nəsilarası konfliktə çevrilərdisə, ağsaqqallar, ağbirçək qarışardı söhbətə. Belə olan halda kişi papağını yerə atmazdı, amma qadın kəlağayısını "qana-qan" istəyən tərəfin ayaqları altına atardı və bütün umu-küsü, qan-qada sovuşub gedərdi. Dediyim bu ki, nə üçün qadının yaylığının ayaqlar altına atılması ayıb sayılmır, ancaq, kişinin papağının ayaq altına atılması "zapodlo" hesab olunur? Axı, yaylıq da namus simvoludur.

   - Birinci növbədə ona görə ki, qadınlıq anlayışı bizdə daha ehtiramlıdı. Bizim analarımız, nənələrimiz həmişə od yanında su olublar. Nə qədər qəddar, gerizəkalı adam olursa-olsun, hansısa ananın kəlağayısından keçməz. O ki qaldı məsələnin başqa tərəfinə, deyim ki, bizim kişilər həmişə qadına qarşı həssas olublar, indi də elədirlər. Yəni, papağı təhqir olunarsa, qan tökəcək birisi qadınının yaylığı da təhqir olunsa, yenə də qan tökər. Qadının namusuna toxunmaq elə kişinin qeyrətinə toxunmaqdı da. Kişilər bunu heç vaxt bağışlamazlar heç kimə.

   - Niyə "Kişi sözü"ndə Qasım bir dəfə də olsun Niyazı vurmadı? Əcəb yumruq yeri vardı çənəsində. Yazıq Solmazı da aldatdı, almadı?

   - Bilirsiniz, Qasım elə obraz deyil ki, durub kiməsə əl qaldırsın.

   - Siz özünüz istəyərdinizmi Qasım Niyazı vursun?

 

   - Yox-yox, istəməzdim. Onda filmdə göstərilən xarakter düzgün anlaşılmazdı. Qasım bunu eləməzdi. Qasım ancaq sözlə vura bilərdi kimisə. Kiməsə əl qaldırmaq heç kişi işi də deyil. Vurarsan, sağalar yeri. Vurduğun yer sağalana qədər qalib görünərsən. Amma sözlə vursan həmişə qalib olarsan. Sözün qüdrəti böyükdü.

   - Belə bir sualım var. Dində qadınına xəyanət zina sayılır, günahdı. Amma mentalitetdə bu əməl kişilikdən hesab olunur. Siz bu dilemmada nəyin tərəfindəsiniz? Dinin, ya mentalitetin?

   - Maraqlı sualdı. Mən belə hesab eləyirəm qadına xəyanət günahdı, yəni dinin tərəfindəyəm.

   - Yəni, kişilikdən hesab olunmalı deyil?

   - Yox e, niyə ki? Kişilikdən də hesab eləmək olar. Onsuz da xəyanəti eləyən kişidi də. (müsahibə ərzində ilk dəfə Əjdər müəllim güldü). Yəni, məntiqlə götürəndə, günahı eləyən də elə kişidir.

   - Siz də kişi kimi bu günahkarlar sırasındasız?

   - (Ətrafa baxır) Olub da (ikinci və sonuncu dəfə gülür), mən də hardasa günah eləmişəm. Allah keçsin günahlarımızdan.

   - Əjdər müəllim, hansı dəyərlərimizə sadiq qalmalıyıq?

   - Hamısına. Əgər sadiq olmasaq, bir az-bir az başqalaşarıq. Bir az italyanlaşarıq, bir az ingilisləşərik, bir az amerikanlaşarıq. İtib gedərik. Bu adlarını sadaladığım millətlər də öz mentalitetlərinə, milli mənəvi dəyərlərinə sahib çıxıblar. Yoxsa bu qədər böyük olmazdılar, bu qədər sivil olmazdılar. Biz də öz dinimizə, müsəlmançılığımıza sadiq olmalıyıq.

   - Bəs niyə mentalitet dediyimiz, bu qədər pafoslu, ağız dolusu danışdığımız milli-milsiz dəyərlərimiz, müsəlmançılığımız bizi xilas eləmir? Niyə ictimai nəqliyyatda özümüzü apara bilmirik? Restoranda stola saqqız yapışdırırıq, siqaretin kötüyünü yolun kənarına əkilmiş gül koluna atırıq, bir az açıq-saçıq geyinmiş qadınlara "bomba şeysən" deyirik, metrodakı sıxlıqdan oğraşcasına yararlanırıq?

   - Mən sizə deyim ki, bütün dedikləriniz nə müsəlmançılıqdı, nə də mentalitet. Bunlar ayrı-ayrı adamların, fərdlərin elədikləri tərbiyəsizlikdi. Bunları nə müsəlmançılığın, nə də mentalitetin ayağına yazmaq olmaz!

   - Bu ayrı-ayrı adamlar, fərdlər o qədər çoxdular ki, ay Əjdər müəllim.

   - Yox, çoxluq deyil. Məncə, çox azdılar. 10 nəfərdən 1-i siz deyən kimidi, 9-u mədənidi. Həmin bu dedikləriniz həmin o bir nəfərin şəxsi əxlaqsızlığı, mənəviyyatsızlığıdı. Əslində bu xalqın böyük mədəniyyəti var, böyük əxlaqı var, yüksək insani keyfiyyətləri var.

   - Əjdər müəllim, bu gün tarixi gündü, yəni rəqəmin ayın adının qabağına keçdiyi gün - 28 may (müsahibə mayın 28-də götürülüb - red.). Respublika Günümüz adına sizi təbrik edirəm. Var olasız. Fikriniz maraqlıdı. Sizcə o vaxtkı papaqlıyla bugünkü papaqlının sözündə nə kimi fərq var?

   - Çoox, lap çox. O vaxtkı kişilərin sözü daha kəsərli olub, yek olub. İndiki başıpapaqlılar sözdən çox vaxt ünsiyyət vasitəsi kimi istifadə eləyirlər. Sözü deyirlər, fərqinə varmırlar. Əşi, sözdü də dedim getdi. Belə olmalı deyildi, ancaq, təəssüf ki, oldu. Dediyin söz sənin daxili aləmindi, mədəniyyətindi, qeyrətindi. Sözün gücü atom bombasından qüvvətlidi. Böyük dünya savaşları bircə kəlimə sözün üstə düşüb. "Nəsimi" filmində bir yer var, Teymurləng deyir "mən nə vaxta qədər baş kəsib qan tökməklə qalib gələcəm". Bütün şahlar, fatehlər, hökmdarlar öz qaniçənliklərindən bir gün beləcə utanıblar. Ancaq Nəsimi qalibdi. Nəsimi şair kimi dünyanı fəth elədi, tarixə düşdü. Teymurləng isə qaniçən, zalım bir adam kimi tarixə gömüldü.

 

   - "Nəsimi"dən söz düşmüşkən, bir suala da cavab istəyib yekunlaşdıraq. Sizi də çox yormayım. Rəhim Rəhimlinin İsa Muğannadan çox sevildiyi, çox dəyər verildiyi bir cəmiyyəti, bir kütləni necə xilas eləmək olar, Əjdər müəllim? Necə düşünürsüz?

   - Məncə, bunu yalnız zamana buraxmaq lazımdı. Heç bir qayda, heç bir qanun bunu tənzimləyə bilməz. Bu xaos bütün xalqlarda olub. Bizdə də düzələcək. Cəmiyyət təfəkkür olaraq sizin dediyiniz nəticəyə gəlməlidi. Kütləvi tərbiyəni ancaq zaman eləyir. Biz ancaq 1 nəfəri, 2 nəfəri tərbiyə eləyə bilərik. Minləri, yüzminləri isə zaman düzəldəcək...

   - Əjdər müəllim, bəs indi çəkilən serialları hara yazaq? Bu qədər biabırçılıq, bayağılıq niyə baş verdi sizlər varkən? And içməyə bir tikə istedadları olmayan aktyorcığazlar, rejissorciyəzlər hansı mənəviyyatla, hansı incəsənətlə bu qədər adamların sənət zövqlərini, dəyərlərini tapdalayır?

   - Bilirsizmi, yenə də gəlib çıxırıq zaman məsələsinə. İndi bir az boşluq yaranıb. Həmin bu boşluqdan sui-istifadə eləyənlər var. İndi Həsən Seyidbəylilər yoxdu, Tofiq Tağızadələr yoxdu, Həsən Məmmədovlar yoxdu, Məlik Dadaşovlar yoxdu. Müəyyən dəllallar var ki, incəsənətdə, istər rejissor olsun, istər aktyor olsun, boşluqdan istifadə eləyib seriallar çəkirlər. Bəlkə də onların çəkdikləri seriallarda nəsə var, tamamilə danmaq olmaz.

   - Siz həmin "nəsə var"ı görürsüz?

   - Var, görürəm, hardasa var. Yəqin ki, haçansa ciddi seriallar, dünyaya çıxacaq filmlər çəkiləcək.

   - Bu vaxta qədər çəkilən hansı filmi dünyaya çıxarmaq olar?

   - Heç birini...

   - Bəs haçan?

   - Olacaq, bu xalq varsa, onun yazıçısı da olacaq, rəssamı da, şairi də, rejissoru da!

   - Yəni deyirsiz "papaq altda yatan oğlanlar var"?

   - Bəli, var. Nə vaxtsa üzə çıxacaq?

 

    Ekspress.-2014.- 7-9 iyun.- S.21.