Cümhuriyyət tələbələri
III fəsil. Tale sorağında
Cümhuriyyət
tələbələrinin andı
"Qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana
sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa
vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının
bütün vəzifələrini dönmədən
yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin
səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü,
nə əmlakımı, nə də, lazım gələrsə,
həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə
yetirməkdə Allah mənə yar olsun".
Azərbaycan
Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində
min bir çətinlik və təhdidlərlə üzləşsə
də, Vətənin və millətin gələcəyi naminə
100 gənci xaricə oxumağa göndərmişdi.
Tanınmış
yazıçı-tədqiqatçı Teyyub Qurban
"Cümhuriyyət tələbələri" adlı
miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri
əsasında onlar barəsində bilmədiyimiz məlumatları
gün işığına çıxarmış, bununla
yetərlənməyərək və Azərbaycanı
qarış-qarış gəzərək xaricdə təhsil
aldıqdan sonra artıq müstəqil olmayan vətənə
qayıdan tələbələrin izinə
düşmüş, onları arayıb axtarmış və
talelərinə güzgü tutmuşdur.
"Cümhuriyyət tələbələri"nin
ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və
digər qəzetlərdə çap olunub.
Əyilməzlik
Müəllifin şəxsi arxivindən.
"Azərbaycan Ruspublikası
Azərbaycan Yazıçılar
Birliyi
4 iyun 2005-ci il
Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri
cənab Eldar Mahmudova
Hörmətli
Eldar müəllim!
Azərbaycan Yazıçılar Birliyinin
üzvü, şair və publisist Teyyub Qurban Azərbaycan
Demokratik Respublikası
dövründə Avropa
ölkələrinə ali təhsil almağa göndərilmiş
azərbaycanlı tələbələrin
taleyindən bəhs edən yeni kitab üzərində işləyir. Zənn edirik ki,rəhbərlik
etdiyiniz nazirliyin arxivində bu barədə müvafiq materiallar vardır.
Teyyub Qurbanın həmin materiallarla tanış
olmasına icazə verməyinizi xahiş edirik.
Hörmətlə,
Anar
Azərbaycan Yazıçılar Birliyinin sədri".
2004-cü ildə
Bakıda "Lider"
nəşriyyatı tərəfindən
buraxılmış "Azərbaycan
Xalq Cümhuriyyəti
ensiklopediyası"nın
(iki cilddə) səhifələrində Azərbaycan
Xalq Cümhuriyyəti
tərəfindən xarici
ölkələrə ali
təhsil almağa göndərilmiş yüz
tələbədən bəziləri
haqqında məlumat verilmişdi. Ensiklopediyanın
1-ci cildindəki (səh.372) üç cümlədən
ibarət məqalədə
deyilir: "Əşrəfov
İsrafil İsmayıl
oğlu (30.05.1900-Bakı- ?) Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin
xüsusi qərarı
(bax: xaricə təhsil almağa göndərilən azərbaycanlı
tələbələr haqqında
qərar) ilə dövlət hesabına ali təhsil
almaq üçün
xaricə göndərilmiş
tələbələrdən biri. Bakı Kommersiya Məktəbini
bitirmişdir (1918). Parlamentin
1919-cu il 1 sentyabr tarixli qərarına əsasən,
təhsilini davam etdirmək üçün
Paris Universitetinə (Fransa)
göndərilmişdi. Sonrakı taleyi
barədə məlumat
aşkar olunmamışdır".
Əslində,
Əşrəfov İsrafil
İsmayıl oğlunun
"sonrakı taleyi barədə məlumat"
elə Bakıdakı
arxivlərdə imiş!
Azərbaycan Respublikası Dövlət
Arxivində və Milli Təhlükəsizlik
Nazirliyinin arxivində
tanış olduğumuz qovluqlar Cümhuriyyət tələbəsinin
tale dəftərləridir. Birincisində İçərişəhərli
gəncin əsli-nəcabəti,
ikincisində işgəncələr
qarşısında əyilməzliyi
əks olunmuşdur.
Birinci qovluqdakı sənədlərdən
öyrənirik ki, Əşrəfov İsrafil
İsmayıl oğlu
1900-cü il yanvar ayının 1-də
İçərişəhərdə, indiki Müslüm Maqomayev (keçmiş Dvortsovaya) küçəsindəki
23 nömrəli evdə
dünyaya göz açmışdır. İsrafil doğulanda
atası İsmayıl
Hacı Kazım oğlunun 47, anası Xədicə xanım Hacı Mir Əbdülvahab
qızının 30 yaşı
varmış.
Balaca İsrafil İçərişəhərdə
molla yanında təhsil almış, on iki yaşında olarkən Bakı Kommersiya Məktəbinə
daxil olmuşdur.
1918-ci il mart ayının 15-də məktəbi
müvəffəqiyyətlə bitirmişdir. Onun attestatındakı fənlər ilahiyyatdan başlayır. 27 fənn arasında tatar (Azərbaycan dili - T.Q.), rus, alman və fransız
dilləri, cəbr, həndəsə, fizika, iqtisadi coğrafiya və s. vardır.
1919-cu il noyabrın 16-da İsrafil Əşrəfov Xalq maarif nazirinə xarici ölkədə təhsil almağa göndərilməsi barədə
ərizə ilə müraciət etmişdir,
Parlament komissiyası arzusunu nəzərə alaraq onu Fransanın
Tuluza şəhərindəki
Elektronika İnstitutuna
təhsil almağa göndərməyi qərara
almışdır, İsrafil
Əşrəfovun rəsmi
yol vəsiqəsini Azərbaycan Xalq Cümhuriyyətinin xalq maarif naziri Nurməmmədbəy
Şahsuvarov imzalamışdır.
1923-cü ildə Bakıya qayıtdıqdan sonra İsrafil Əşrəfov
müxtəlif sahələrdə
əmək fəaliyyətini
davam etdirmişdir.
1934-cü ildən sonra, Mir Cəfər Bağırovun Azərbaycana
rəhbərliyi dövründə
Kommunist partiyasının
üzvü, keçmiş
Cümhuriyyət tələbəsi
Azərbaycan SSR Xalq Ticarət Komissarlığının
Plan-maliyyə bölməsinin
rəhbəri vəzifəsinə
irəli çəkilmişdir.
SSRİ Xalq Daxili İşlər Komissarlığının 1937-ci il 8 iyun
tarixli məxfi sərəncamından sonra
məsul vəzifələrdə
çalışan keçmiş
Cümhuriyyət tələbələrindən
biri kimi İsrafil Əşrəfovun
da başı üstünü qara buludlar almışdır.
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin
arxivində İsrafil
İsmayıl oğlu
Əşrəfovun istintaq
materialları toplanmış
RP-166181 saylı iş
ilə tanış
oluruq. 1938-ci il iyulun 15-də Azərbaycan
SSR Xalq Daxili İşlər Komissarlığı
Üçüncü şöbəsinin
rəisi, dövlət
təhlükəsizliyi kapitanı
Meşşeryakov tərəfindən
tərtib olunmuş arayışdan bəlli olur ki, İsrafil
Əşrəfov "Azərbaycanda
əksinqilabi millətçi
təşkilatın həbs
olunmuş üzvü
Məmməd Xəlilovun
aşağıdakı ifadəsi
əsasında cinayət
məsuliyyətinə alınmışdır:
"Ziyanvericilik işimdə
mən həmçinin
Azərbaycan Ticarət
Komissarlığının Plan şöbəsinin rəisi
İsrafil Əşrəfovla
əlaqə saxlayırdım.
O, Ruhulla Axundovun yaxın adamı idi. İ.Əşrəfov 1929-cu ildə Ankarada
səfirliyin əməkdaşı
olmuşdur".
Həmin gün, 1938-ci il iyulun 15-də Azərbaycan
SSR Cinayət Məcəlləsinin
64 və 73-cü maddələrinə
əsasən həbsə
alınmış İsrafil
Əşrəfovun Bakı
şəhəri, Myasnikov
küçəsindəki 6 nömrəli evində axtarış zamanı aşağıdakılar götürülmüşdür:
1. Pasport
2.
Partiya bileti
3.
Hərbi bilet
4.
Həmkarlar bileti
5.
Əmək kitabçası.
1938-ci il iyul ayının
16-da həbsxanada saxlanılan
İsrafil Əşrəfov
dövlət təhlükəsizliyi
leytenantı K.Petrosyan
tərəfindən dindirilmişdi.
Sual: - Siz Azərbaycanda qeyri-leqal əks-inqilabi millətçi təşkilatın
üzvü olduğunuzu
boynunuza alırsınızmı?
Cavab: - Xeyr! Mən heç bir əksinqilabi təşkilatın
üzvü deyiləm
və heç bir günahım yoxdur!
İsrafil bir aydan artıq ayrıca kamerada saxlanılmışdı.
Dəmir qapının
gözlüyündən ona
su və çörək uzadan gözətçinin əlindən
savayı heç nə görməmişdi...
"Ey
gənclik!
Sənin öhdəndə böyük
bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq,
müqəddəs bir
ideal rəmzi yaratdı,
onu min müşkülatla
ucaldaraq dedi ki:
Bir kərə yüksələn
bayraq bir daha enməz!
Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən
azərilərin yanıq
ürəklərinə enmiş
bu bayrağı təkrar o bina üzərinə taxacaq və bu yolda
ya qazi və
ya şəhid olacaqsan!"
Məhəmməd
Əmin Rəsulzadə
Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri
müəyyənləşdirmiş beş nəfərdən
(M.Ə.Rəsulzadə, Mehdi
bəy Hacınski, Əhməd bəy Pepinov,
Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə
Komissiyasının
sədri
(ardı
var)
Teyyub QURBAN
Ekspress.-2014.- 21-23
iyun.- S.15.