"Nə gördümsə, o dövrdə gördüm..."

 

Novruz Qartal: "İndiki gənclik məsuliyyət hissinin nə olduğunu anlamasa, heç bir uğura nail ola bilməyəcək"

 

İkiillik təmir işlərindən sonra nəhayət ki, Musiqili Komediya Teatrı Musiqili Teatr olaraq qapılarını tamaşaçılarının üzünə açdı. Müasir üslublu yeni bina, yeni repertuar, müxtəlif janrda hazırlanan tamaşalar Musiqili Teatra tamaşaçı axınını daha da gücləndirdi. Biz də fürsətdən istifadə edib teatrın aparıcı aktyoru, 47 illik səhnə fəaliyyətinə malik əməkdar artist Novruz Qartalla yeni teatrda yeni bir müsahibə hazırladıq. Yaradıcılığına yaxından bələd olduğum aktyorla uzun-uzadı söhbət etdik. Söhbətin bir qismini sizlərin diqqətinə çatdırırıq.

       - Novruz müəllim, yenicə təmirdən çıxmış teatrınız xeyirli-uğurlu olsun, inanırıq ki, bu yenilik Musiqili Teatrın fəlaiyyətinə hər mənada öz müsbət təsirini göstərəcək...

   - Sözünüzə qüvvət, məlumat verim ki, prezident İlham Əliyevin sərəncamı ilə teatrımız müsair standartlara uyğun şəkildə, demək olar ki, yenidən bərpa edildi. Teatr təmirə dayananda biz Dənizçilərin Mədəniyyət Sarayında fəaliyyətimizə davam etdirdik. Bir çox çətinliklərlə üzləşdik, ancaq buna baxmayaraq mütəmadi olaraq yeni tamaşalar hazırladıq və həmin tamaşaları digər teatrlarda-Milli Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında, Rus Dram Teatrında tamaşaçılara təqdim etdik. Çətinliklərə baxmayaraq teatrımzın təmiri bitənə qədər dözdük, hətta bir çoxları deyirdi ki, "teatr təmir olunduqdan sonra sizə verilməyəcək". Əlbəttə ki, belə sözlərə əhəmiyyət vermədik və nəhayət, gün yetişdi, budur sizinlə teatrda müsahibə hazırlayırıq. Yeni tamaşalar var, tamaşaçılar əvvəlkindən qat-qat çoxdur, maraq artıb, çox şükür ki, hər şey qaydasındadır.

   - Elə isə söhbətə teatrın adında olan dəyişikliklə davam edək. Bir əsrdən artıq tarixi olan Musqili Komediya Teatrı artıq Musiqili Teatr adı ilə fəaliyyətinə davam edəcək. Bu barədə fikir ayrılıqları çoxdur. Məsələn, bir əsr tarixə malik teatrın adının dəyişilməsi sanki tarixin üstündən xətt çəkməkdir...

   - Musiqili Komediya Teatrı yarandığı gündən fəaliyyəti ilə hər zaman diqqət mərkəzində dayanıb. Bu baxımdan ad dəyişikliyi zamanı bir qədər tərəddüd var idi, yəni, bu dəyişikliyi qəbul etmək ilk günlər çətindir. Asan məsələ deyil, az qala 50 ilə yaxındır ki, bu teatrın səhnəsindəyəm. Ancaq məsələnin məğzini tam anladıqdan sonra başa düşdük ki, əslində, bu dəyişiklik yenə də teatrın inkişafına xidmət edəcək. Məsələn, əvvəllər sadəcə musiqili komediya janrına müraciət olunurdu. Adına uyğun olaraq burada tamaşalar yalnız mahnı oxumaq, rəqs etmək, danışmaq üzərində qurulurdu. Misal olaraq "Ulduz", "Hicran", "Məşədi İbad" tamaşalarını göstərə bilərəm. Çünki adlarını çəkdiyim tamaşalar sırf musiqili komediya üzərində qurulurdu. Hazırda isə artıq bütün janrlara müraciət etmək imkanları var. Teatr Musiqili Teatr olaraq bütün janrlarda olan əsərlərlə tamaşaçıların qarşısına cıxacaq. Təsəvvür edin ki, 100 illik tarixdə teatrımız Qoqolun əsərlərinə müraciət etməmişdi. Artıq Qoqolun "Evlənmə" əsəri tamaşaya hazırlandı, tamaşaçılara təqdim olundu, hətta "Zirvə" mükafatı da aldı.

   Bundan başqa, teatrımız M.F.Axundovun 200 illiyi münasibətilə "Molla İbrahim Xəlil Kimyagər" əsərinə müraciət etdi. Yəni, demək istədiyim odur ki, bu dəyişikliyin müsbət tərərfini artıq müraciət olunan əsərlərlə görməyə başlamışıq. Əgər baş verən dəyişiklik müsbət nəticələr əldə etməyə şərait yaradırsa, o zaman mütləq edilməlidir.

   - Uzun illər teatrın truppa müdiri olmusunuz. Xüsusilə Hacıbaba Bağırovun teatra rəhbərlik etdiyi dövrdə şahidəm ki, ustad sizi bir an olsun, yanından ayırmırdı...

   - Bir teatrın truppa müdiri olmaq böyük məsuliyyətdir və uzun müddət bu məsuliyyət yükünün ağırlığını daşıdım. İnanın ki, nə bir toya gedə bilirdim, nə qonaqlığa gedə bilirdim, bütün günü teatrda olurdum, bütün günü iş başındaydıq. Rəhmətlik Hacıbaba Bağırovun necə məsuliyyətli olduğunu bilirsiniz, teatr onun üçün sözün həqiqi mənasında bir sənət ocağı idi. Onun vəfatından sonra bir çox dəyişikliklər oldu ki, bu da təbii idi. Artıq truppa müdiri deyiləm, sadəcə, aktyor kimi çalışıram. Etiraf edim ki, hazırda daha sərbəstəm, istədiyim zaman istədiyim yerə gedirəm. Əslində, elə bu yaşımda sadəcə aktyor olaraq çalışmağım daha məqsədəuyğundur. Məşqim varsa, tamaşalarım varsa, teatra gəlirəm, çəkilişim olanda gedirəm. Demək istədiyim odur ki, əvvəlki kimi yenə də daima səhnədəyəm, hər ay 6-7 tamaşa oynayıram, bundan başqa hərbi hissələrdə, qocalar evlərində, kimsəsiz uşaqlar evində oluram, onların qarşısında səhnəciklərlə çıxış edirəm.

   - Bu dəvətlər teatr səviyyəsində olur?

   - Təbii, teatr səviyyəsində olan dəvətlər də olur ki, həmin yerlərə kollektiv şəkildə qatılırıq. Ancaq əsasən şəxsi dəvətlər alıram ki, onların da hər birində mütləq iştirak edirəm. Çünki istər əsgərlərimizin, istər ömrünün yaşlı dövrünü qocalar evində yaşamağa məhkum olan insanlarımızın, istərsə də kimsəsiz uşaqların üzündə sevinc yaratmaq, onların könlünü xoş etmək, düşünürəm ki, hər birimizin vətəndaşlıq borcudur.

   - Əslində, sizdə olan bu həvəs əvvəlki dövrdən qalma bir vərdişdir. 47 ildə səhnədə kimləri görmədiniz ki?.. Onların da hər biri üçün vətəndaşlıq borcu çox önəmli idi...

   - Bu səhnədə kimləri görmədim ki?! Lütfəli Abdullayev, Münəvvər Kələntərli, Nəsibə Zeynalova, Mobil Əhmədov, Əzizağa Qasımov, İmamverdi Bağırov, Məmmədsadıq Nuriyev, Hacıbaba Bağırov və daha kimlər, kimlər... Onların hər biri ilə bir səhnəni paylaşmışıq.

   - Adlarını çəkdiyiniz ustadlar artıq dünyalarınnı dəyişib. Əvvəlkilərdən son nəsil olaraq bir neçə aktyor var ki, biri də sizsiniz, Allah ömür versin. Çətin deyil ki?

   - Bilirəm hansı mənada soruşursunuz... Bilirsinizmi, dövr baxımından götürdükdə, qeyd etdiyim kimi, hər dövrün öz hökmü var. Hər gələn nəsil bir gün bu fani dünyanı tərk edir ki, bu da həyatın qanunudur. Önəmli olan həyatda keçdiyin ömür yoludur. Adlarını çəkdiyim aktyorların hər biri səhnədə yaratdığı obrazlarla çox söz deyib. Onların hər biri böyük məktəb idi. Təsəvvür edin ki, bu aktyorların bir tamaşada bir araya gəlməsi isə zirvə demək idi, zirvənin birgə fəthi demək idi. Mən onlardan çox şey öyrəndim, bunun nəticəsidir ki, 50 ilə yaxındır səhnədəyəm, hələ də eyni həvəslə çalışıram, eyni həvəslə xidmət edirəm.

   - Dövr baxımından götürdükdə, ən çox hansı dəyişikliyi hiss edirsiniz?

   - Əvvəllər tez-tez rayonlara qastrol səfərlərinə gedirdik, kolxoz, sovxoz var idi və orda çalışan zəhmətkerşlərin qarşısında çıxışlar edirdik. Əhval-ruhiyyə çox yüksək idi, kənd zəhmətkeşləri ağır iş saatlarından sonra böyük həvəslə biz aktyorların nümayiş etdirdiyi əyləncəli konsert proqramlarına baxırdılar. Yuxarıda adlarını çəkdiyim aktyorlarla qastrollara getmək başqa bir aləm idi. Belə bir söz var: deyirlər, qardaşın necə adamdır, cavab verir ki, onunla yol yoldaşı olmamışam. Həqiqətən də insanlar yolda tanınır. Nə qədər böyük səmimiyyət, böyük-kiçik yeri bilmək və s. nə gördümsə, hamısı o dövrə aid idi. Xüsusilə gənc nəsil özündən böyük nəslə böyük hörmət göstərirdi. Ancaq indiki gənclik heç böyüklərə əhəmiyyət vermir. Biz yaşlı nəslə hörmət edirdik, onların yanında artıq-əskik danışmırdıq, həddimizi bilirdik. Dövr dəyişikliyində ən böyük fərq elə budur.

   Sənət baxımından götürdükdə isə, yenə də böyük zəhmətlər hesabına sənət yaranır, nümayiş olunur, yenə də aktyor sənət fədaisi olaraq çalışır. Onu da xüsuilə qeyd edim ki, teatrımız bəlkə də yeganə teatrdır ki, direktor Əliqismət Lalayev bütün qapıları gənc nəslin üzünə açıb, onlara hər zaman dəstək verir.

   - Gənc nəslə meydan vermək böyük məsuliyyətdir. Peşəkar olaraq necə bilirsiniz, gənc nəsil özünü doğrulda bilirmi?

   - Bəzisi özünü doğruldur, bəzisinin yəqin ki, hələ zamana ehtiyacı var. Bizim dövrdə gənc nəslin yaşlı nəsillə bir səhnəni paylaşması üçün epizod rollarda səhnəyə çıxması böyük hadisə idi. Hətta elə olurdu ki, sadəcə, hazırladığımız səhnəciklərdə özümüzü təsdiq edir, sonra ustadlarla bir səhnəyə çıxırdıq. Belə olan halda baş roldan söhbət belə gedə bilməzdi. Ancaq hazırda gənc aktyor baş rola təsdiq olunur və təsdiq olunduğu dəqiqədən əhval-ruhiyyə dəyişir. Təsəvvür edin ki, istədyi zaman məşqə gəlir, istədiyi zaman gecikir, yaşlı nəsil məşqdə baş rolu oynayan gənc aktyoru gözləmək məcburiyyətində qalır. Yəni, bu kimi məqamlıara baxdıqda, bir qədər tərəddüd edirsən. Buna görə düşünürəm ki, tez bir zamanda qərar verməklə dəqiq söz söyləmək çətindir. Məncə, hər şeyi gələcək göstərəcək.

 

   - Əgər gənc aktyorlar üçün hər cür şərait yaradılırsa və o, hələ də məsuıliyyətsizlik edirsə, o zaman bu kimin günahıdır?

   - İnanın ki, teatrın rəhbərliyi məsuliyyətsiz hər bir duruma reaksiya verir. Aktyora töhmət verir, ağlı başına gəlməsə, maaşından kəsir, yenə ağıllanmasa, o zaman əsas roldan uzaqlaşdırır. Yəni, bütün tədbirlər görülür, ancaq hələ də tam olaraq nəticə əldə etmək mümkün deyil. Ona görə deyirlər də, quyuya su tökməklə olmaz, quyunun özündə su olmasa, mümkün deyil. İndiki gənclik məsuliyyət hissinin nə olduğunu anlamasa, heç bir uğura nail ola bilməzlər.

   - Seriallara münasibətiniz necədir?

   - Müsbət. Mən həmişə digər ölkələrin seriallarına baxırdım və həmişə də düşünürdüm ki, kaş bizdə də belə seriallar çəkilsin. Vaxt-zaman yetişdi, dövlət səviyyəsində serialların çəkilməsinə start verildi. Doğrudur, çəkilən seriallarla hələ irəli gedə bilmirik. Bəzi serialların ssenarisi zəif olur, aktyor heyəti güclü, elələri də var ki, ssenarisi güclüdür, aktyor heyəti zəif. Ssenari tam olaraq məlum olmur, aktyor ana xətti tutmadan, hətta ana xətdən xəbəri olmadan üzərinə düşən rolu oynayır ki, nəticədə də hazır seriala baxdığı zaman yarımçıqlığını görür. Ssenarinin gücü müəllifdədir, sonrakı prosesdə isə rejissorda. İstər yazının danışıq dilinə çevrilməsində, istərsə də danışığın hərəkətlərlə göstərilməsində güclü heyətin rolu böyükdür. Müəllif yazır, rejissor çəkir, aktyor da mütləq peşəkarlıq nümayiş etdirməlidir. Bir sözlə, əsərdə bir araya gələn yaradıcı güclər sözün həqiqi mənasında peşəkarlıq nümayiş etdirməlidir. Bütün bunlara baxmayaraq, milli seriallar çəkilir, ilk addımlar atılmağa başlayıb və tədricən yüksək səviyyəli seriallar çəkəcəyimizə inanıram.

   - Siz hələ dəvət almamısınız seriala?

   - Bir dəfə zəng etdilər, əsas rollardan birinə dəvət etdiklərini söylədilər, bir 5 gün məni dəng etdilər. Sonra sanki yoxa çıxdılar. Doğrusu, mən də maraqlanmadım, təbiət etibarilə ağır insan olduğuma görə hər zaman ağırlığımı qoruyuram. Serialın adını çəkməyim, sonra başqa bir aktyoru mənə deyilən rolda gördüm. Ancaq İran kinematoqrafçılarının çəkdiyi 90 bölümdən ibarət serialda əsas rollardan birini oynadım. Bizim aktyorlardan Ağaxan Salmanlı da həmin seriala çəkilirdi. Çəkilişlər Tehranda, Ərdəbildə və b. yerlərdə aparıldı. Serial azərbaycan türkcəsində çəkilsə də, burda hələ nümayiş olunmayıb. Ancaq eşitdiyimizə görə, artıq İranda fars dilində nümayiş olunub. Mən də internet vasitəsilə 25 bölümünü izlədim, maraqlı alınıb. Etiraf edək ki, İran kinematoqrafiyası da inkişaf edib...

      Son söz əvəzi: Yarım əsrlik fəaliyyəti dövründə cəmi bir neçə il öncə əməkdar artist adına layiq görülən Novruz Qartal sözün həqiqi mənasında sənət fədaisidir. Hələ də evi olmayan, kirayədə oğul evləndirib, qız köçürən aktyor bütün prblemlərinə baxmayaraq, sadəcə, sənət haqqında düşünür, sənət nümayiş etdirir, sənət dostlarının uğurlarına -xalq artisti adı almalarına, prezident təqaüdünə layiq görülmələrinə sevinir və inanır ki, bir gün o da dövlətin qayğısını hiss edəcək...

 

  

Xədicə QİYAS

Ekspress.-2014.- 21-23 iyun.- S.20.