Məcburi köçkünlərin
problemləri
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması
Azərbaycan dövləti son 20 ildə həm öz imkanlarından, həm xarici humanitar təşkilatların və dövlətlərin maliyyə dəstəyindən, həm də yerli şirkətlərin köməyindən istifadə etməklə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində böyük işlər görüb.
Ötən müddət ərzində öz torpaqlarından didərgin düşən insanların yaşayış şəraitinin, gündəlik qayğılarının minimuma endirilməsi üçün bütün mənbələr hesabına 4,5 milyard manatdan artır vəsait xərclənib. Qaçqın və məcburi köçkünlərə son 20 ildə minlərlə ev tikilib verilib, hər ay birbaşa maddi yardımlar göstərilib, onların işlə təminatını, təhsil alma imkanlarını yaxşılaşdırmaq məqsədilə müxtəlif güzəştlər tətbiq edilib, güzəştli kreditlər verilib.
Görülən
bütün tədbirlərə baxmayaraq qeyd edilməlidir ki, qaçqın və məcburi
köçkünlərin humanitar və sosial vəziyyəti öz
ağırlığını hələ də qoruyur. Bəzi problemlər didərgin
düşən insanları gündəlik həyatlarında
narahatçılıq yaradır.
Qaçqın və məcburi köçkünləri narahat edən problemləri ümumiləşdirsək onları 3 qrupa bölmək olar: mənzil-məişət şəraitinin ağırlığı, məşğulluq problemi və digər sosial problemlər.
Köçkünlərin yaşayış
şəraiti necədi?
Hazırda məcburi köçkünlərin 40 mindən çoxu yataqxanalarda, 15 mindən çoxu fin evlərdə, qalanlar isə ictimai binalarda, tikintisi yarımçıq qalan binalarda, sanatoriya, pansionat və sair kommunal şəraiti olmayan sanitar normalara cavab verməyən yerlərdə çox ağır, olduqca dözülməz bir şəraitdə yaşayır.
2001-ci ildən bəri qaçqın və məcburi köçkünlərin yaşayış vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi dönüş yaradılıb. Dövlət Neft Fondunun vəsaitlərindən istifadə etməklə 2001-2013-cü illər ərzində 82 qəsəbə salınıb. 2004-cü ilin iyulunda "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" qəbul edildkdən sonra isə bu işlər daha da gücləndirilib. 2007-ci ilin oktyabrında və 2011-ci ilin fevralında dövlət proqramına əlavələr edilməklə nəzərdə tutulan tədbirlərin tədbirlərin dairəsi genişləndirilib.
2001-2013-cü illər ərzində qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan 1,5854 milyard manat vəsait hesabına 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınıb.
Yeni salınan yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi, 1 incəsənət məktəbi, 1 Mədəniyyət Sarayı, 45 mədəniyyət mərkəzi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 2 Olimpiya İdman kompleksi tikilmiş, 648 kilometr yol, 815 kilometr su, 1412 kilometr hava elektrik, 333 kilometr qaz xətti çəkilib, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb.
Son 20 ildə isə 40 min ailə və ya 180 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Yalnız 2013-cü ildə 5 741 ailə və ya 28 700 nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu da 2012-ci ilə nisbətən 1 188 ailə və ya 5 935 nəfər çoxdur.
İl ərzində 292 min kvadrat metr sahəsi olan 6 yeni yaşayış kompleksi salınıb, 2736 şagird yerlik 5 məktəb inşa edilib, həmçinin incəsənət məktəbi ilə birlikdə 500 yerlik Mədəniyyət Sarayı, 4 uşaq bağçası, 5 tibb məntəqəsi, 4 klub - icma mərkəzi, 4 inzibati bina tikilib istifadəyə verilib, 30,7 kilometr yol, 54 kilometr su xətti, 117 kilometr elektrik xətti, 42 kilometr qaz xətti, 8 kilometr istilik xətti, 25 kilometr kanalizasiya xətti çəkilib, müxtəlif həcmə malik 18 su anbarı, 9 nasos stansiyası, 18 komplekt transformator yarımstansiyası inşa edilib, 22 ədəd yüksək gərginlikli transformator quraşdırılıb.
2014-cü ildə də qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tədbirlər davam etdiriləcək. Cari ildə ən azı 2013-cü ildə olduğu qədər tikinti işləri aparılacaq və 20 mindən artıq köçkününün mənzil şəraiti yaxşılaşdırılacaq. Bu il görüləcək tədbirlər çərçivəsində xüsusən yataqxanalarda məskunlaşan köçkünlərin bir hissəsinin yeni yaşayış evlərinə köçürülməsi nəzərdə tutulub.
Məşğulluq problemi
Hal-hazırda Azərbaycan ərazisində 400 minə yaxın əmək qabiliyyətli məcburi köçkün var. Onlardan 36 mindən çoxu işsizdir. İş yerlərinin azlığından, maddi vəsait olmadığından yeni iş yerlərinin yaranması sahəsində problemlərin yaranması, aqrar sənayedə görülən işlərə baxmayaraq işsizlik probleminin tamamilə aradan qaldırılması bir sıra maneələrlə üzləşir.
Qeyd edək ki, 2004-cü ilin iyulunda "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğunun azaldılması üzrə 2-ci bölməsində tədbirlərin görülməsi nəzərdə tutulub.
Dövlət Proqramına uyğun olaraq köçkünlər üçün yeni iş yerlərinin yaradılması dövlətin daim diqqət mərkəzində olub.
2013-cü ildə 1985, o cümlədən məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə 750 nəfər, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində 2244 nəfər daimi işlə, 4404 nəfər isə mövsümi işlə təmin olunub. 570 nəfərə işsiz statusu verilib, 615 nəfərə işsizlik müavinəti təyin edilib. 455 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 185 nəfər isə ictimai işlərə cəlb olunub.
Son 10 il ərzində isə 86,8 min nəfər müvafiq işlə təmin edilib, 4 340 nəfərə işsiz statusu verilib, 2716 nəfər peşə hazırlığı kurslarına, 1 901 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub, 16 min ailəyə ünvanlı sosial yardım verilib.
Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 10 ildə 1841 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 37,2 milyon manat, o cümlədən 2013-cü ildə 307 məcburi köçkün sahibkara 5 milyon manat güzəştli kredit ayrılıb.
Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanılan kredit sazişi ("Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi") üzrə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 2013-cü ildə respublikanın 16 şəhər və rayonunda dəyəri 2,58 milyon manat olan müxtəlif növ 31 icma mikrolayihəsi icra edilib. Bu icma mikrolayihələrinin icrası nəticəsində 16 min nəfər faydalanıb.
Ümumilikdə, həmin saziş üzrə son 10 ildə 310 min nəfərin faydalandığı (bunun da 83%-i məcburi köçkündür) və dəyəri 30 milyon manat təşkil edən 520 müxtəlif növ mikrolayihə icra edilib.
2013-cü ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 688 nəfərə ümumi məbləği 1,38 milyon manat təşkil edən mikrokredit verilib. Son 10 ildə isə 10,8 min nəfər məcburi köçkünə verilən mikrokreditin məbləği 7,7 milyon manat olub və bu proqramlardan 46 min məcburi köçkün faydalanıb.
Məcburi köçkünlərə müvəqqəti istifadə üçün dövlət və bələdiyyə ehtiyat fondlarından 70 min hektardan çox torpaq sahəsi ayrılıb, 50 mindən artıq məcburi köçkünün əhatə olunduğu 800-dən çox fermer təsərrüfatı yaradılıb.
Həmin təsərrüfatlarda təxminən bir milyon iri və xırda buynuzlu mal-qara vardır.
Yeni salınan qəsəbələrə köçürülən qaçqın və məcburi köçkün ailələrinə kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılıb və hər bir ailəyə əvəzsiz maliyyə yardımı göstərilib. Həmin qəsəbələrdə 70-dən çox fermer təsərrüfatları yaradılıb.
Beynəlxalq və yerli humanitar təşkilatlar tərəfindən müxtəlif layihələr üzrə təxminən 17 milyon ABŞ dolları məbləğində vəsait xərclənib, onların təsis etdikləri qeyri-bank kredit təşkilatlarının xətti ilə qaçqın, məcburi köçkün və az təminatlı əhalidən olan 31013 nəfərə 9,7 milyon ABŞ dolları həcmində yardım edilib.
Digər sosial problemlər
Son illər ərzində donorlar tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən ərzaq və qeyri-ərzaq yardımının həcmi əhəmiyyətli dərəcədə (5 dəfə) azaldılıb. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşan 250 min nəfədən çox məcburi köçkün 1992-1993-cü illərdən etibarən ərzaq yardımı ilə təmin olunmur. Ümumiyyətlə, 1 milyondan çox qaçqın və məcburi köçkündən hazırda yalnız 30 faizi aylıq ərzaq yardımı ilə təmin olunur. 2001-ci ildə beynəlxalq humanitar təşkilatlar tərəfindən 214 min nəfər məcburi köçkünə ərzaq yardımı dayandırılıb.
Buna görə də dövlət son illərdə məcburi köçkünlərin sosial vəziyyətini yüngülləşdirmək üçün onlara xərclədiyi vəsaitin həcmini ilbəil artırır.
Hər bir məcburi köçkünə aylıq yemək xərci verilir. Yemək xərci 2004-cü ildəki 5 manatdan 18,5 manata qədər artırılıb.
Kommunal xidmətlərin ödənişi üçün vəsaitin həcmi illik 20 milyon manatdan 100 milyon manata çatdırılıb.
Soba yanacağının alınması üçün təsdiqlənmiş 5,2 milyon manat vəsait hesabına payız-qış mövsümündə (oktyabr, noyabr, dekabr, yanvar və fevral aylarında), hər ailəyə ayda 40 litr olmaqla, 50 min məcburi köçkün ailəsinə ağ neft paylanılır.
Xərclərin artması hesabına 2013-cü ilin sonunda hər bir nəfər məcburi köçkünə müavinət və kommunal xidmətlərə görə 1100 manat vəsait sərf olub. 2003-cü ildə bir nəfərə çəkilən xərc 121 manat idi. Bu da dünyada mövcud olan digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.
Beləliklə, məşğulluğun və köçkünlərə verilən yardımların məbləğinin artırılması hesabına 2004-cü ildən bəri məcburi köçkünlər arasında yoxsulluq həddi 75%-dən15%-ə enib.
Dövlət büdcəsindən, Dövlət neft Fondundan məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə görülən işlər qarşıdakı illərdə bir qədər də yaxşılaşdırılacaq. Ümid edək ki, maddi dəstəyin gücləndirilməsi köçkünlərin sosial təminatını xeyli dərəcədə yaxşılaşdıracaq.
Vasif CƏFƏROV
Ekspress.-2014.- 28-30
iyun .- S.10.