Cümhuriyyət tələbələri
III
fəsil. Tale sorağında
Cümhuriyyət tələbələrinin andı
"Qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".
Azərbaycan Xalq Cümhuriyyəti
varlığının 23 ayı
ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə
də, Vətənin və millətin gələcəyi naminə
100 gənci xaricə oxumağa göndərmişdi.
Tanınmış
yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri"
adlı miqyaslı və sanballı araşdırmasında arxiv
sənədləri əsasında
onlar barəsində bilmədiyimiz məlumatları
gün işığına
çıxarmış, bununla
yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək
xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin
izinə düşmüş,
onları arayıb axtarmış və talelərinə güzgü
tutmuşdur.
"Cümhuriyyət
tələbələri"nin
ilk iki fəsli bir müddət əvvəl "Ekspress"
və digər qəzetlərdə çap
olunub.
1938-ci il iyul ayının 16-da həbsxanada saxlanılan İsrafil Əşrəfov dövlət təhlükəsizliyi leytenantı K.Petrosyan tərəfindən dindirilmişdi.
Sual: - Siz Azərbaycanda qeyri-leqal əks-inqilabi millətçi təşkilatın üzvü olduğunuzu boynunuza alırsınızmı?
Cavab: - Xeyr! Mən heç bir əksinqilabi təşkilatın üzvü deyiləm və heç bir günahım yoxdur!
İsrafil bir aydan artıq ayrıca kamerada saxlanılmışdı. Dəmir qapının gözlüyündən ona su və çörək uzadan gözətçinin əlindən savayı heç nə görməmişdi...
1938-ci il avqustun 21-də dindirilmə yenə də K.Petrosyan tərəfindən davam etdirilir.
Sual: - Xaricdə olmusunuzmu?
Cavab: - Bəli, olmuşum.
Sual: - Hansı ölkələrdə?
Cavab: - 1920-ci ilin yanvar ayında Konstantinopolda, Romada olmuşam, oradan da Parisə getmişəm.
Sual: - Hansı məqsədlə
xaricə getmisiniz?
Cavab: - Mən xaricə 1920-ci ildə Müsavat hökuməti tərəfindən
ali təhsil
almağa göndərilmişəm.
(Bu cümlənin altından protokola qırmızı xətt çəkilmişdir -T.Q.)
Sual: - Müfəssəl danışın,
haralarda olmusunuz?
Cavab: - Parisdə üç ay müddətində "Alyans
Fransa"da, yəni,
"Fransa ittifaqı"nda
fransız dilini mükəmməl öyrənmişəm,
1920-ci ilin sentyabrından
1921-ci ilin iyun ayınadək Tuluza şəhərində Elektrotexnika
İnstitutunda oxumuşam,
1921-ci il oktyabr ayından 1922-ci il iyun ayınadək
Naisi şəhərindəki
Elektrotexnika İnstitutunda
təhsilimi davam etdirmişəm.
Sual: - Bəs Almaniyaya niyə getmişdiniz?
Cavab: - Biz tələbələrə Azərbaycandan
pul Almaniyaya göndərilmişdi. Mən, tələbə
dostlarım Cəbrayıl
Rəhimov və İsa Şeyxzamanovla birlikdə oraya gedib pulumuz almışıq,
Fransaya qayıtmışıq.
Sual: - Niyə Almaniyada üç gün qalmısınız?
Cavab: - SSRİ
səfirliyində sənədlərimizi
yubatmışdılar.
Sual: - Türkiyədə nə işlə məşğul
olmusunuz?
Cavab: - Mən SSRİ səfirliyinin
Ərzurum nümayəndəliyində
katib, Ankara nümayəndəliyində
isə draqoman vəzifəsində çalışmışam.
Sual: - Arvadınız barədə
nə deyə bilərsiniz?
Cavab: - Arvadım Frida Fyodorovna 1903-cü ildə
Almaniyada anadan olmuşdur. Atası polyak, anası
almandır, pasportunda milləti "alman" yazılmışdır. Onunla
1923-cü ildə Berlində
tanış olmuşam, bir-birimizlə əhd-peyman bağlamışıq.
1927-ci ilədək məktublaşmışıq. 1927-ci ildə o, valideynlərinin
xeyir-duası ilə Türkiyəyə getmiş,
Ərzurumda nikah kəsdirib ailə qurmuşuq. Ankarada işləyərkən, 1929-cu ildə ilk övladımız
dünyaya gəlmişdir.
Qızım Ninelin indi doqquz yaşı var.
Sual: - Nağıl danışma.
Arvadınızın Almaniyada hansı
yaxın qohumları var?
Cavab: - Qayınanam Veronika Kovalosskaya baldızım
Anna ilə birlikdə
Berlin şəhərində Lorsinq Ştrasse küçəsindəki 33 nömrəli
mənzildə yaşayır.
Qayınanam 1934-cü ildə
Bakıya, bizim yanımıza qonaq gəlmişdi...
Sual: - Yenə nağıl danışma. Almaniyada daha kimlərin
var?
Cavab: - Qayınatam vəfat etmişdir. Beş qaynım və beş baldızım
hazırda Almaniyada yaşayırlar. Əfsuslar olsun ki, indiyədək onların üzünü görməmişəm.
Sual: - Əfsuslar olsun ki, siz xarici
dövlətin agentisiniz
və istintaqa düzgün cavab vermirsiniz!
Cavab: - Mən heç bir ölkənin agenti olmamışam və agenti deyiləm. Yaxamdan əl çəkin!
1938-ci il avqustun 23-də Azərbaycan SSR XDİK dövlət
təhlükəsizliyi baş
mayoru Rzayev K.Petrosyanın təqdim etdiyi aşağıdakı
ittihamnaməni imzalamışdı:
"Müttəhim
Əşrəfov İsrafil
İsmayıl oğlu
Azərbaycan SSR CM-nin
64 və 73-cü maddələri
ilə istintaqa cəlb olunmuşdur.
İstintaqın gedişində müəyyən
edilmişdir ki, İ.Əşrəfov Almaniya
kəşfiyyatının agenti
olmuş və Almaniyanın mənafeyinə
casusluq fəaliyyəti
göstərmişdir. Bunu nəzərə alaraq, Əşrəfov İ.İ. Azərbaycan
SSR CM-nin 66-cı maddəsi
ilə də müqəssir hesab edilməlidir".
1938-ci il avqust ayından oktyabr ayınadək İ.Əşrəfova
ağır işgəncələr
verilir. Onu rezin şlanqla döymüş, içməli
sudan məhrum
etmişdilər. Fəqət sındıra
bilməmişdilər.
1938-ci il oktyabr ayının 19-da əyilməz
insan "Üçlüy"ün
hökmü ilə güllələnmə cəzasına
məhkum edilir. Hökm oktyabr ayının 27-də
yerinə yetirilir.
Milli Təhlükəsizlik Nazirliyi arxivində asudə bir otaqda üzərində
"RP-1668" yazılmış qovluğu başa çatdırıram. Elə bu
anda arxivin üzügülər və
qayğıkeş əməkdaşı
Günay xanım əlindəki məcməyidə
qənddan və fincanda çay içəri daxil olur. Təzədəm çayı qaynar
içdikcə damarlarım
qızınır. Yenə
də qəhrəmanımı,
əyilməz İsrafil
Əşrəfovu gözlərim
qabağına gətirirəm:
bir qurtum suya həsrət qalmışdı...
Cümhuriyyət
tələbələrinin aqibəti
əks olunmuş materiallarla tanış
olmaqda yaxından kömək etdiklərinə
görə arxivin direktoru Xəqani Bağırova, əməkdaşı
Şəfiqə Məmmədovaya
minnətdarlığımı bildirirəm.
Şəfiqə xanım tərtibçisi
olduğu "Soyqırım
analardan başlanır"
kitabının bir nüsxəsini mənə
hədiyyə edib.
Sovet cəza orqanlarının Azərbaycanda törətdikləri
kütləvi repressiyaların
qurbanı olmuş ana və bacılarımızın
həyatından bəhs
edən bu əsər ensiklopedik məlumat toplusuna bənzəyir. Kitabı
vərəqlədikcə öz-özümə
düşünürəm: görəsən, İsrafil
Əşrəfovun ömür-gün
yoldaşının və
yeganə övladının
taleyi necə olmuşdur?
Axtarışa Cümhuriyyət tələbəsinin qızının
1955-ci ildə yaşadığı
Montin qəsəbəsindəki
98-ci binanın 4-cü mənzilindən
başlayıram. Soraqlaşa-soraqlaşa Ninel xanım İsrafil qızı Əşrəfovanı Bayıldakı
evlərin birində tapıram. Yetmiş yeddi yaşlı
qadını iki oğul, iki gəlin gözləri üstündə saxlayırlar.
Ninel xanımın söhbətlərindən
bəzi məqamları
cib dəftərimə
yazdım. Onun dediklərindən:
- Anam 1923-cü
ildən 1927-ci ilədək
Almaniyadan göndərdiyi
məktubların bir neçəsini sonralar mənə də göstərmişdi. Anamın atama
məhəbbəti Avropa
Cülyettasının Azərbaycan
Məcnunuyla bağlı
bir nağıla bənzəyirdi. Mən məktəbdə
oxuyanda onlar bəzən dalımca qoşa gələrdilər.
Müəllimlər də,
valideynlər də ata-anama həsədlə baxardılar - necə də bir-birinə yaraşırlar!..
"Ey
gənclik!
Sənin öhdəndə böyük
bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq,
müqəddəs bir
ideal rəmzi yaratdı,
onu min müşkülatla
ucaldaraq dedi ki:
Bir kərə yüksələn
bayraq bir daha enməz!
Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən
azərilərin yanıq
ürəklərinə enmiş
bu bayrağı təkrar o bina üzərinə taxacaq və bu yolda
ya qazi və
ya şəhid olacaqsan!"
Məhəmməd
Əmin Rəsulzadə
Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri
müəyyənləşdirmiş beş nəfərdən
(M.Ə.Rəsulzadə, Mehdi
bəy Hacınski, Əhməd bəy Pepinov,
Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə
Komissiyasının sədri
(ardı var)
Teyyub QURBAN
Ekspress.-2014.- 28-30 iyun.-
S.15.