"Mənim taylarım çoxdan xalq artistidir..."

 

Səyyad Əlizadə: "Adımın şou-biznesdə hallanmasını istəmirəm"

 

Populyar müğənni Səyyad Əlizadə uzun illərdir ki, xalq, bəstəkar, retro mahnıları oxuyur. Bir vaxtlar ona populyarlıq gətirən "Bəyaz gecələr" mahnısı dünyanın 30-a yaxın ölkəsində oxunur. Müğənni hazırda yeni mahnılar axtarışındadır.

   Həmçinin, sənətçi telekanallardan birində yeni verliş aparacaq. Bunu Səyyad müəllim bizimlə müsahibəsində dilə gətirdi.

   Mən uşaq olanda...

   - Səyyad müəllim, uşaqlıq illəriniz yaddaşınızda necə qalıb?

   - Uşaqlıq illəri ömrün ən əziz, yaddaqalan illəridi. Elə bil dünən idi... Mən uşaq olanda, atam ferma müdiri işləyirdi Füzuli rayonunun "1 May" kolxozunda. O vaxt hər yay ferma Batabat yaylaqlarına gedirdi, biz də 3 ay Batabatda yaşayırdıq. Orda necə gözəl günlər keçirirdik... Yaxşı yadımdadır, yaylağa gedəndə, Laçın rayonundan -Minkənddən keçirdik. Sonra maşınların təkərinin altına daş qoya-qoya Sarı yoxuşu zorla qalxırdılar. Əyri dağ, Turş su... Onun üstünə düşərdik həmişə. Gül-çiçək düz qurşağa çıxırdı. Ətrindən adam məst olurdu. Onda mənim dörd yaşım var idi. O gözəl təbiət heç vaxt mənim xəyalımdan çıxmır. Bir də görürdün qara bulud aldı hər yeri, yaxşı yağış yağdı. Zorbulağı, "Üzən ada" yaxşı xatırlayıram. Bu yaxınlarda Naxçıvana Əshabi-kəhfə getmişdim. Qurbanımız var idi, orda kəsdirdik. Allah bütün qurbanları qəbul eləsin. Sonra Şahbuza Qocalar Evinə getdik. O qurbanlığı ora apardım. Ordan Zorbulağa getdik, "Üzən ada"ya baxdım. Oraları bir də ziyarət elədim...

   Məktəb illəri də kino lenti kimi gözümün qabağındadır....

   - Yəqin, məktəb illərindəki ilk məhəbbətiniz də yadınıza düşdü...

   - Mən elə şeylərdə bir az qapalı olmuşam. Çünki ailədə bizi qapalı böyüdüblər. Mən 8-ci sinfi qurtarandan sonra kəndimizi tanımışam. Həyətdən çıxmağa, harasa getməyə ixtiyarımız yox idi. Bir dəfə atamdan icazəsiz böyük qardaşıma, əmim uşaqlarına qoşulub çaya çimməyə getmişdim. Amma balaca olduğum üçün çimə bilmirdim, oturmuşdum çayın qırağında. Atam gəldi, böyüklərin paltarlarını yığdı, özü də kəhər atın üstündə onları lüt-üryan kəndin ortası ilə evə apardı. Ona görə də kimisə istəmək çətin idi...

   Düzdü, mənə 6-7-ci sinifdə oxuyanda sevgi məktubları yazan qızlar olub. Füzuli rayonunun Şıxbaba kəndindəki orta məktəbin 6-cı sinfində oxuyurdum. Mənimlə bir sinifdə oxuyan qız mənə "sənə sözüm var" adlı məktub yazmışdı. Məktubu da kitabın arasına qoyub balaca qardaşına vermişdi. O da velosipedlə gəlmişdi. Doğurdan da mən heç nə başa düşmürdüm. Sonra bir dənə də məktub yazdı. Məzmun belə idi: axı sənə sözüm var, gəl filan yerə. Mən də onda qızlardan qaçırdım... Axırda üçüncü məktubu yazdı: "Ay dilbilməz, mən səni sevirəm". Mən də ağlaya-ağlaya o məktubu anama göstərdim. Dedim ki, "qız da adama belə söz yazar. Gedib onu məktəbdə biabır edəcəyəm". Anam, məndən böyük bacım dedilər ki, ayıbdı, adam qızın sirrini heç kimə verməz. Ondan sonra sakitləşdim...

   Mən onuncu sinifdə oxuyanda da heç kimi istəmirdim. Qarşıma məqsəd qoymuşdum ki, instituta girməliyəm. İnstitutda da mənə əks cinsin nümayəndələrinin marağı çox idi.

   - Bəs musiqiyə maraq sizdə hardan yarandı?

 

   - Kəndimizin ortasında böyük bir reproduktor qoymuşdular. Onun səsi hər yerə yayılırdı. O radioda eşitdiyim mahnıların qol-qıçasını sındıra-sındıra oxuyurdum. Onda hələ 4 yaşım var idi. Birinci sinifdə isə nəğmə müəllimimiz mənim yaxşı oxumağımı gördü, məktəbimizdə balaca ansambl var idi, məni tarçalan Yaşar müəllimin yanına apardı. Yoxladılar, gördülər ki, hər şey öz yerindədir. İlk dəfə səhnəyə çıxdım. Dekabrın 30-u idi, Yeni il və Novruz konserti keçirilirdi. "Yenilməz batalyon"dan faytonçunun mahnısını oxudum. Zalda 500 tamaşaçı var idi. O qədər alqışladılar ki, mahnını bir də oxumalı oldum...

   Beləcə, səhnə həyatım başladı. Məhsul bayramlarında oxuyurdum...

   - Bəs atanız oxumağınıza nə deyirdi?

   - Atamın özünün oxumağı, gözəl səsi, gözəl musiqi duyumu vardı. Mən bir az böyüyəndə də deyirdi ki, "sən səsini gözləsən, bu sənətin dalınca getsən, görürəm ki, tanınmış adam ola bilərsən".

   - Bəs Metropolitenə gəlməyiniz necə oldu? Musiqiyə ara verdinz?

   - Yox, musiqidən bir dəqiqə də aralanmamışam. Mən müğənni olmağa əlçatmaz bir zirvə kimi baxırdım. Çünki səhnədə dəyərli sənətkarları görürdüm. Fikirləşirdim ki, onlara tay ola bilmərəm. 1977-ci ildə İnşaat Mühəndisləri İnstitutuna daxil oldum. İnstitutda "Arzu" Xalq Çalğı Alətləri Ansamblı var idi. Bu ansamblla mən "Oxu tar", "İstedadlar axtarırıq", müsabiqələrinin, "SSRİ-Yunan gəncləri" Festivalının laureatı oldum...

   1988-1990-cı illərdə isə Konservatoriyanın vokal şöbəsində musiqi təhsili aldım. Mənim ixtisasım isə körpü-tunel mühəndisi idi. İnstitutu qurtaranda, məni Kiyev şəhərinə Metrotikinti İdarəsinə növbə rəisi göndərdilər. Orda bir az işlədim, gördüm ki, musiqisiz yaşaya bilmirəm. Bakıya qayıtdım. 1984-cü ildən 1994-cü ilə qədər Metrotikinti İdarəsində işləməyə başladım. Sonra SSRİ dağıldı, sənaye, tikinti dayandı. Amma mən bu müddət ərzində musiqidən heç vaxt aralanmadım...

   ""Bəyaz gecələr"

   mənim yaşantılarımdı..."

   - "Bəyaz gecələr" ansamblı necə yarandı?

   - Mən təsniflər, xalq mahnıları oxuyurdum. Baxdım ki, bu yolla istədiyim səviyyəyə qalxa bilməyəcəyəm, tanınmış bəstəkar Cabbar Musayevlə iş birliyi qurdum. Yeni mahnılar üzərində çalışdıq. Şeirləri mən tapırdım, o da bəstələyirdi. 1993-cü ildən bu işə başladıq ansamblla. Mən həmişə Niyaməddin Musayevin fanatı olmuşam. Onun mahnılarına, janrına uyğun, amma yeni yol alındı. 1994-də İstanbulda "Gözlə, gələcəyəm" albomum çıxdı. Sonra ordan "Bəyaz gecələr" mahnısı sevildi. Ansamblın adı əvvəl "Bəyaz gecələr" deyildi. "Bəyaz gecələr" mahnısı populyarlaşandan sonra bu adı ansamblımıza verdik.

   - Razısınızmı ki, "Bəyaz gecələr"lə populyarlaşdınız?

   - Mənim albomumdan sonra Cabbar Musayev bir müğənni ilə iki il bir albomun üstündə işlədilər. Deyirdi ki, bu albom böyük bir partlayış olacaq. Amma heç səs də çıxmadı. Mənim albomum isə 4-5 aya hazır oldu və kifayət qədər sevildi.

   "Bəyaz gecələr" mənim yaşantılarımdır.

 

   

 

   Görüşdüm yarımla bulaq başında,

   Ulduzlu gecədə, ay işığında, -  bu, bir başa mənim həyatımdan götürülüb. Sevdiyim qızla görüşüm orda əks olunub.

   1987-ci ildə "Bəyaz gecələr"ə qədər "Təbrizim" albomu buraxmışdıq. "Təbrizim" müəyyən qədər mənə populyarlıq gətirmişdi. Amma "Bəyaz gecələr" elə bir səs-səda doğurdu ki, nəinki Azərbaycanda, dünyanın 30-dan çox ölkəsində onu oxuyurlar...

   - Deyirsiniz ki, sevdiyiniz insanla ailə qurmusunuz. Bəs, ailə qurmağınız necə oldu?

   - Mən atamı tez itirdim -15 yaşında. Anam çox çətinliklə təkcə 7 uşaq böyüdüb. Bir gün dedi ki, "sənin evlənmək vaxtındı". Mən də öz-özümə düşünürdüm ki, sevməsən nə təhər evlənmək olar? Nəsə, çox namizədlər dedilər... Axırı, anam dedi ki, bizim qonşu kənddən bir ailənin qızı var, Naxçıvanda institutda oxuyur mühasibat ixtisası üzrə. Mən o qıza zəng elədim, danışdım. O da ordan dedi ki, "siz kimsiniz ki, mənə zəng eləmisiniz?" Bu da mənə çox pis təsir elədi. Bir naxçıvanlı dostum var idi. Onu da götürüb Naxçıvana getdim. Çağırtdırdım o qızı dedim ki, "səni tanımıram, tanımaq da istəmirəm. Anam deyib, mən də anamın sözünü yerə salmamışam. Gəlirsən gəl, gəlmirsən də gəlmə. Sən kimsən ki?" Bu qız da başını salıb aşağı heç dinmir. Dostum dedi ki, "utanmırsan, istəyirsən camaatın qızından?" Bu qızın dinməməyi mənim xoşuma gəldi. Başını qaldırıb mənə bir kəlmə söz demədi. Sonra söhbət əsnasında gördüm ki, anam düz deyir. Beləcə, sevgi yarandı...

   İndi gənclərə də deyirəm ki, ata-ananın sözünə baxmaq lazımdır. Hər-halda, ata-ana düzgün seçim edir.

   - Əsəbi olduğunuzu deyirlər...

   - İndi əsəbi olmayan var? Bax, bu günlərdə çəkilişə getmişik. Çəkilişdən çıxanda görürük ki, bizim saz çalanın, bir də zərb alətlərində çalanın maşını yoxdu. İkisini də götürüb aparıblar. Əsəbdən adam dəli olur. Mən çəkilişi yarımçıq qoyub maşınların dalınca getmişəm... Belə olmaz axı. Bəs bu adam maşını harda saxlasın? Bu nüanslara görə deyirəm ki, əsəb hər yerdə var...

   "Ömrümdə   içki içmişəm,  nə siqaret çəkmişəm..."

   - "Metropoliten" mahnınızı "Qanqnam stayl"a sintez etmişdilər. Bunun axırı necə oldu?

   - İndiki bəzi gənclərdə böyüyə qarşı hörmət-izzət yoxdur. Mən başa düşmürəm ki, onlar hansı ailədə, nə cür tərbiyə alırlar. İnsan başqasının əməyinə nətəhər o cür yanaşa bilər? Mən "Metrotikinti"də işləmişəm. O kollektiv mənə doğmadır. Mahnını onların 45 illiyinə hədiyyə eləmişəm. Arada iddia ərizəsi də hazırlamışdım, məhkəməyə vermək istəyirdim. Sonra fikirləşdim ki, lazım deyil. Elə də qaldı. Ona başa salmağa çalışdım ki, adam yekəbaş olmaz.

   - Metrodan istifadə edirsiniz?

   - Camaat arasında olmaq xoşuma gəlir. Amma o diqqət ki var, məni qoymur metrodan istifadə etməyə. Barmaqla göstərirlər ki, bu filankəsdir. Ancaq metroda klip çəklişində -2011-ci ildə olmuşam.

   Azərbaycan xalqı mənim üçün dünyada birinci xalqdı. Hər şeyinə görə. Mən xalqımı, Vətənimi, dövlətimizi, dövlətçiliyimizi çox sevirəm. Elə sözdə yox, əməlimdə də. Hər il iki dəfə Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatının üzvləri ilə döyüş bölgələrində əsgərlərimizin qarşısında konsert veririk. Bakıda, başqa rayonlarda da konsert proqramları ilə çıxış edirik. Bunu özümə borc bilirəm. Biz də Vətənə belə xidmət edirik.

   - Şou-biznesdəki qalmaqallara necə baxırsınız?

 

   - Mən şou-biznesdə adımın hallanmasını istəmirəm. Mən sənət aləminə can atıram. Bir də, çox heyfsilənirəm ki, özü bəlli olmayan biri sənət adamlarını dalaşdırır. Bu biabırçılıqdır. Buna yol verməyin. O gün Canəli Əkbərovla Firuzə İbadovanın öpüşən zaman çəkilən şəklini sayta qoyublar. Onların ikisi də Azərbaycanın böyük sənətkarıdı. Sayta belə bir cümlə yazdım: "Siz xalqın bu böyük sənətkarlarını məsxərəyə qoymaqla nə demək istəyirsiniz? Nə var burda bəyəm?"

   Xalqın sənətkarlarını bəzi adamlar məsxərəyə qoymağa çalışırlar. Bu da onların mənəviyyatsızlığından xəbər verir. Amma sənətkar da ona gərək yol verməsin...

   - Siz özünüzü şou-biznesdə görmürsünüz?

   - Şou, biznes -bunların heç birinin sənətə dəxli yoxdu. Şou sirkdədi, biznes də bazardı...

   Elə müğənni var ki, gündəmdə qalmaq üçün şalvarını çıxarıb şəhərdə gəzər. Buna gedirlər. Bunun sənətə dəxli yoxdur. Bunlar başqa-başqa şeylərdi. Nəticədə bizim gənclər bundan zərbə alırlar. Fikirləşirlər ki, bu, sənətkardı. Bunu da televiziya tez-tez verirsə, deməli, qəbulolunandı. Və gənclər başlayır bu yolu getməyə -cızığından çıxmağa. Mənəviyyatımız üzü pozulmağa doğru gedir. Xalqın sevgisindən sui-istifadə edənlər çoxdur. Xalqın sevgisinə sevgi ilə cavab vermək lazımdır. Mən dəfələrlə elə iyrənc səhnələr görmüşəm ki...

   Mən hər zaman musiqidə axtarışdayam. Musiqidə yeniliklər eləmək istəyirəm. Telekanallarda gedən üzdəniraq verilişlərə qarşı bir proyekt hazırlamışam. Bu proyekt "Sevilən duet" adlanır. Aparıcı özüm olacağam...

   Azərbaycanda gedən inkişaf, siyasi sabitlik göz önündədir. Bütün ətraf ölkələrə baxırsan, aləm qarşıb bir-birinə. Oğum Atabəy deyir ki, "ata, nə yaxşı burda yaşayırıq. Hər yeri dağıdırlar, adamları öldürürlər, amma bizdə belə şeylər yoxdur". 10 yaşın içində olan uşaq bunu uşaqlığı ilə düşünür...

   - Yeri gəlmişkən, oğlunuzun musiqiçi olmaq fikri varmı?

   - Oğlum musiqiyə həvəs göstərir. Amma mən ona yaxşı təhsil verirəm. O, riyazi elmlərə çox meyllidir. Mənim mahnılarımı çox bəyənir. "Bəyaz gecələr"i oxuyur.

   Mən bu sənətin o qədər fanatıyam ki, yayda çəkmədə gəzmişəm, özümə ayaqqabı almamışam. Belə vaxtlarım olub... Kirayədə qalırdım. Bir də görürdün ki, altıaylıq kirayə pulunu bir musiqi işinə verirdim. Mən musiqini bu qədər sevmişəm. Bu Yaradıcılıq Mərkəzini yaratmağım böyük işdir. Bura çəkdiyim xərcə mən indi böyük bir villa tikdirərdim. Mən burda məşqlərimi edirəm...

   - Duet oxumaq fikriniz varmı?

   - Mən Könül Kərimova, Rahidə Baxışova ilə oxumuşam. Mətanət İsgəndərli, Mənzurə Musayeva və Türkanə Həsənova ilə bir albom buraxmışıq. Yeni duet üçün axtarışdayam. Səs uyğun gəlməlidir. Amma proqram hazırdır.

   - Hazırda hansısa mahnı üzərində işləyirsiniz?

   - Hazırda müəyyən mahnılar üzərində işləyirik. Türkiyədən aranjmançı dəvət etmişik - Birhan Bira. Onunla yeni mahnılar üzərində işləyirik.

   - Sizcə, fəxri ad almağınız gecikmir?

   - Vallah mən heç nə düşünməmişəm. Başımı aşağı salıb musiqimizə, dövlətimizə xidmət edirəm. Nə vaxt məsləhət olacaq, onda da alacağam. Bu xidmətləri mən özümə borc bilirəm. Amma o da var ki, mənim taylarım çoxdan xalq artistidir. Müəyyən yerlərdə adamdan soruşurlar ki, "nə əcəb indiyə qədər fəxri ad almamısınız?" Əlbəttə, bu, adama çox pis təsir edir. Amma mənim əlimdə deyil axı...

 

   2008-ci ildən Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişəm. Mənim dövlətimizin, xalqımızın qarşısında alnım açıqdır...

   - Səhhətinizdə problem olduğunu eşitdik...

   - Ömrümdə nə içki içmişəm, nə siqaret çəkmişəm. Pivənin dadını bilmirəm. Allaha şükür, idmanla da məşğul oluram. Futboldan, güləşdən birinci dərəcəm var. Hazırda hərdən futbol oynayıram, gimnastika ilə məşğul oluram.

   - Yəqin ki, Dünya Çempionatını da izləyirsiniz...

   - Futblu çox sevirəm. Gecələr yuxusuz qalıram. Çempionat başlayandan, normal yatdığım olmayıb. Gözəl futbolu seyr eləməyi sevirəm, xüsusi zövq alıram. Komanda olaraq Almaniya yığmasının oyun tərzindən xoşum gəlir. Düşünürəm ki, onlar çempionluğa layiq komandalardan biridir. Hollandiyadan da xoşum gəlir. Bir də Meksika yığmasının qapıçısını bəyənirəm...

 

  

Namiq MƏMMƏDLİ

 Ekspress.-2014.- 28-30 iyun.- S.20.