"Ruhumla bədənim
mübarizə aparır"
Zəlimxan Yaqub: "İstəsəydim,
bəlkə Bakının yarısını ala bilərdim"
Xalq şairi Zəlimxan Yaqub APA-ya müsahibə verib. Müsahibəni kiçik ixtisarla təqdim edirik.
- Zəlimxan müəllim, söhbətə səhhətinizdən başlayaq. Necəsiniz? Həkimlər nə deyir?
- Ruhumla bədənim mübarizə aparır. Gah ruh qalib gəlir, gah bədən. Amma şübhəsiz ki, əsas olan ruhdur. Mənim ruhum diri və durudur. Çünki xalqın, el-obanın, millətin, göyə açılan əllərin duası öz işini görür. Demək nə qədər çətin olsa da, sağlığım yerində deyil. Almaniyada aldığım müalicəni burda da davam etdirirəm. Bu günlərdə yenə Almaniyaya gedəcəyəm, müayinə olunub qayıdacağam vətənə. Yəni mənimlə bağlı narahatlığa da dəyər, rahatlığa da! Elə vaxt lap yaxşı oluram. Məni yaşadan kitablarım, nəvələrim, oğlanlarım, qızlarım, onların diqqəti, sevgisidir.
- Nəvələr gözümə dəymir...
- Atası onları gəzməyə aparıb, yaman darıxıram. Sabah gedib gətirəcəyəm. Nəvə də nəvədir də, şirindən şirin... (Kövrəlir) Bəhlulun öz evi var, Şəhriyar mənimlə qalır. İkisi də hüququ bitirib, şükür Allaha, işləri də yaxşıdır. Övladlarımdan heç vaxt şikayətçi olmamışam, mənim başımı həmişə uca eləyiblər. Bilirsən, övladın layiqli olmağı ata-ana üçün çox böyük xoşbəxtlikdir. Bu mənada həm qızlarım, həm oğlanlarım məndən ötrü canlarını verməyə hazırdırlar. Onlarla fəxr edirəm. Çünki mənim adımın üstünə həmişə yaxşı ad gətiriblər.
- Bir dəfə demişdiniz ki, övladlarım mənim adımdan istifadə etməyi özlərinə rəva bilmirlər...
- Onlar həqiqətən mənim adımdan istifadə etmirlər. Amma adım hər yerdə onların başının üstündədir. Oğlanlarımın hər ikisinə tapşırmışam: harada tanıdığınız şair, jurnalist, müəllim, alim gördünüz, hökmən onu maşına götürün, hara deyir, aparıb düşürdün, onların qulluğunda durun. Sağ olsunlar, onlar da dediyimi edirlər. Buna görə o qədər şair-yazıçı olub ki, mənə minnətdarlıq ediblər. Demişəm, minnətdarlıq lazım deyil, bu, mənim oğlanlarımın borcudur. Çünki onlar kitabın, mütaliənin içində böyüyüblər. Övladlarımın bütün qələm adamlarına hörməti, məhəbbəti var. Onların dilindən bir yazıçı, bir şair haqqında xoşagəlməz söz eşitməzsən. Çünki söz adamı o qədər həssas olur ki, bir sözdən qırıla da bilər, dahiləşə də! Ona görə yazıçıya-şairə hörmət etmək hamının borcudur.
- Tərslikdən yazıçının-şairin hörməti də əvvəlki deyil...
- Vallah, onu deyə bilərəm ki, hər yerdə özümə qarşı hörmət görmüşəm. Çox üzr istəyirəm, bəlkə mətbuat sözü deyil, amma deyəcəyəm: bu gün üç adam mənim əlimdən öpüb. Deyirəm, qoy sənin üzündən öpüm, deyir, yox, sənin əlin öpüləsi əldir, sənin əlini öpməyi özümə şərəf sayıram.
- Elçin Hüseynbəyli bir dəfə demişdi ki, Anarın əlini öpmək ənənəsinin əsasını qoymalıyıq. Onun təklifi yaxşı qarşılanmadı ki, bu, gənclərə yaltaqlıq nümunəsidir...
- Borçalıda əl öpmək ənənəsi hələ də yaşayır. Ağsaqqalların, böyüklərin əlindən öpmək cavana şərəf gətirər. Bu niyə yaltaqlıq olsun ki?
- Siz kimlərin əlindən öpmüsünüz?
- Osman Sarıvəllinin, Hüseyn Arifin əlindən öpmüşəm. Əlini öpdüyüm, hörmətini gətirdiyim qiymətli ağsaqqallar çox olub. Onlar böyük kişi olublar. Əl öpməyi yaltaqlıq bilən adam bədbəxtdir. Xalqın adət-ənənəsi niyə yaltaqlıq olsun?! Sənə qədir-qiymət verən adamların başını uca eləməlisən. Onun biri də əl öpmək ənənəsidir ki, dünən də olub, bu gün də var, sabah da olacaq.
- Bu yerə hansı çətinliklərdən keçib gəlmisiniz?
- Gənclik çətin mübarizə dövrüdür. Gərək o mübarizədən yaxşı keçəsən. Mənim çətin günlərim həddindən artıq çox olub. Bu gün səhhətimdə yaranan problemlər həmin çətinliklərlə bağlıdır. Amma heç vaxt nə övladlarımın, nə də həyat yoldaşımın yanında qürurumu sındırmamışam.
- O çətinliklərdən bir az danışın...
- Məsələn, 30 yaşım var idi, məşhur şair idim, amma yenə gənc şair deyirdilər. Bu özü dərd idi. İstedadlı gəncliyin bir dərdi də budur. Məni o mübarizələr, nadan adamların böhtanı qocaltdı. Çox möhkəm, əzəmətli idim. Amma gördüyüm çətinliklər, nadanlarla, biganələrlə apardığım mübarizələr baha başa gəldi. İki çağırış deputat oldum, bəziləri elə bildi, yağ içində böyrək kimi üzürəm. Amma elə deyildi. Mənim varım gənc şairlərin, millətin varı idi. Həmişə imkansız, köməksiz adamlara əl tutmuşam, kömək olmuşam. Çünki o köməyi özüm görmüşəm. Amma yaman danışanlar, şər atanlar, yalan yazanlar...
Mətbuatda biri yazırdı ki, göydələni var, o biri deyirdi şadlıq evi var. Deyirdim, əgər varsa, o şadlıq evi mənim başıma uçsun. Göydələn tikdirirəmsə, başıma uçsun. O illərdə mənim qürurumdan, vüqarımdan başqa heç nəyim yox idi. Köhnə Yasamaldakı evimiz bu otağın yarısı qədər idi. O evdə dörd uşaq böyütdüm, gözəl kitablar dünyaya gəldi. 30 yaşım vardı, hələ kitabım çıxmamışdı.
- Səhv eləmirəmsə, ilk kitabınız elə 30 yaşınızda çıxıb...
- Bəli. Yazıçılar İttifaqına gedirdim, deyirdilər, get, nəşriyyatdan kağız gətir. Nəşriyyata gedirdim, deyirdilər, get Yazıçılar İttifaqından kağız gətir. Bu onun üstünə atırdı, o, bunun.
- Soruşsam, o get-gələ salan
adamlar kimlər idi, ad çəkərsiniz?
- Yox, demərəm. Çünki
məndə o tərbiyə yoxdur ki, kimisə
alçaldım. Hərənin öz tərcümeyi-halı,
həyatı var və ona hörmətlə yanaşmaq
lazımdır.
- Deyirlər, Zəlimxan Yaqub istəsəydi,
vaxtında özünə, övladlarına böyük
biznes qura, imkan yarada bilərdi, eləmədi. O fürsətlərdən
istifadə etməyə nə imkan vermədi?
- Ancaq və ancaq içimdəki
yaradıcılıq! Yaradıcılıq dedi, sənin bir
yolun var, o da kitab yoludur. Mənə
yaxşılıqdan, yaxşı yazmaqdan, mütaliədən
başqa heç nə kömək eləmir.
- Peşman deyilsiniz?
- Qətiyyən! Heç
vaxt peşman olmamışam ki, niyə filan yerdən istifadə
eləmədim. Mən istəsəydim, bəlkə
Bakının yarısını ala bilərdim. Amma heç vaxt heç kimə demədim ki, mənə
filan şeyi elə. Desəydim, edərdilər.
Ömrümü maddi şeylərə yox, mənəviyyata
sərf elədim. Bəzən deyirlər,
niyə istifadə etmədin? Cavab verərəm ki,
çox yaxşı istifadə etmişəm: bu mənim
varlığımdır, geniş ürəyimdir,
işıqlı gözlərimdir, gənclərlə
dostluğumdur.
- Kim deyir niyə istifadə etməmisən?
- Çoxları deyib. Elə mənə lap yaxın olan adamlar da deyib.
Demişəm, mənə lazım deyil.
- Doğrudanmı, siz məmurlardan
imkansız adamların xahişinizi etmisiniz, həmin xahiş o
adamların sonralar milyonçu olmağına səbəb
olub? Yəni bu deyilənlər həqiqətdir,
yoxsa xalq sevdiyi şairin mifini yaradır?
- Elə adamlar çox olub. Elə indi də var, amma demirlər, mənim
hesabıma nə qədər desən, kef çəkirlər.
Belə şeyləri heç vaxt özümə
dərd eləməmişəm. Kimə nə
etmişəmsə, halal xoşu olsun.
- O nadan və laqeyd dediyiniz adamlar
sizdən nə istəyirdilər?
- Yalan, böhtan yazırdılar. Yazılanlar mənə ağır gəlirdi, amma
heç birinə cavab vermirdim. O qədər jurnalistlər
mənim haqqımda yalan yazıblar ki. Zəlimxan
adlı bir oğlanın maşın qarajı varmış,
yazmışdılar ki, Zəlimxan Yaqubun maşın
qarajı tapılıb. Belə nadan
adamların böhtanı məni qocaltdı. Nə qədər fikir verməməyə
çalışsam da, olmurdu, istər-istəməz adama
ağır gəlirdi. Mən Heydər Əliyev kimi bir kişi ilə eyni dövrdə
yaşamışam. Nə desəydim, onu edərdi.
Amma demədim, ona görə də o kişi
məni çox istəyirdi.
- Heydər Əliyevlə bir yerdə
dəfələrlə səfərlərdə olmusunuz. Xatirələrinizi danışmaq istərdinizmi?
- Xatirələr çoxdur. İki hadisəni danışmaq istəyirəm.
Məkkədən gəlirdik, köməkçisi
gəldi ki, prezident səni çağırır. İçəri girib gördüm ki, hamısı
Azərbaycanın görkəmli adamlarıdır. Söz vaxtına çəkər, yayın elə
bu vaxtları idi. Heydər Əliyev, Tahir
Salahov, Arif Məlikov və mən söhbət elədik.
Dedi, Tahir, indiyə qədər Məkkə mövzusu
qadağan olunmuşdu. Siz Məkkə
mövzusunda gözəl əsərlər
yaratmalısınız. Mənə deyəndə,
cavab verdim ki, cənab prezident, mən yazmışam. 25 bəndlik
"Məkkədə" şeirini oxudum, kişi
dəhşətə gəldi.
Bir dəfə də
Çindən gəlirdik, dedilər, prezident gəlir.
Bizimlə hal-əhval tutandan sonra dedim, cənab prezident, bu il Osman Sarıvəllinin 90 illik yubileyidir,
heç kimin yadına düşmür. Soruşdu
ki, ondan bir şey bilirsən? Dedim, cənab prezident,
burdan Bakıya qədər ondan şeirlər oxuyaram. Güldü ki, de gəlsin. Üç-dörd
şeir oxudum, əlini qaldırdı ki, bəsdir, mən o
kişini lap yaxşı tanıyırdım, gözəl kişi idi, sən də onun şeirlərini
çox ürəklə oxuyursan. Bakıya gələn
kimi sərəncam imzaladı, gecəni mən apardım,
prezident özü də iştirak elədi. Belə hadisələr çox olub. Elə yazıçı-şairlər var ki,
onların xahişini Heydər Əliyevdən etmişəm,
indi özləri də bilmirlər.
- Onların adlarını deməzsiniz...
- Yox, demərəm. Çünki
bu, nakişilik, adamı utandırmaq olar. Həmin
adamın oğul-uşağı, gəlini, nəvələri
var. Belə şeyləri dilə gətirmək lazım deyil.
- İstəyirəm, bir az kitab satmağınızdan
danışasınız...
- Universitetin
Kitabxanaçılıq fakültəsini bitirəndən
sonra məni Gəncəyə göndərirdilər, getmədim.
Çünki Bakıda çox böyük
arzularım vardı. Bir neçə il
işsiz qalandan sonra çox çətinliklə kitab
pasajında işə düzəldim. Oturub fikirləşirdim
ki, ay Allah, mənim axırım necə olacaq, bir yaxşı
iş olsaydı, burdan canımı qurtarardım. Amma bu kitab satmaq mənim həyatımı dəyişdi.
Oldum Azərbaycan şairlərinin, dahilərinin
dostu. Kitab pasajında tez-tez
görüşlər keçirirdim. Deyirdim, Allah,
görəsən, mənim də kitabım bu kitabların
içində olacaqmı? Gün gəldi, ondan
da artıq, ondan da yaxşı oldu. O pasaja çox minnətdaram.
- Azərbaycan ədəbiyyatından
sevdiyiniz yazıçılar kimlərdir?
- Dünya ədəbiyyatında
da, Azərbaycan ədəbiyyatında da oxunası şeylər
çoxdur. Bizim ədəbiyyatdan, məsələn,
Mövlud Süleymanlının "Köç"
romanını gözümün işığı kimi sevirəm.
Mövlud çox qiymətli
yazıçıdır, onu diqqətlə oxuyun. İsa Hüseynov dərya idi, onu
sağlığında yaxşı tədqiq edə bilmədilər.
Mən İlyas Əfəndiyevi çox
sevmişəm, çünki onun
yaradıcılığında şairlik var.
-
Sizin haqqınızda çox yazılıb. Yaradıcılığınızı
dərindən tədqiq edən, ürəyinizcə olan
yazıları kimlər yazıb?
- Yaşar Qarayev, Xudu Məmmədov,
Tofiq Hacıyev, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə,
Azər Turan... adını çəkdiyim və çəkmədiyim
adamların hamısına minnətdaram. Çünki
onlar Zəlimxanın yaradıcılığına, şəxsiyyətinə
məhəbbətlə yanaşıblar.
- Gənclərdən kimləri
oxuyursunuz?
- Sevdiyim gənclərin
hamısını oxuyuram. Adlarını çəkmirəm
ki, birdən kimisə unudaram, sonra mənə vicdan əzabı
verər. Məsələn, sənin iki
romanını oxuyub, özünə zəng vurmuşam,
haqqında yazmışam. Hamınıza
uğur arzulayıram. Gəncliyə mənim
sevgim həmişə olub və arzu edirəm, bizim
gördüyümüz çətinliklərin heç birini
siz görməyəsiniz.
- Gənclikdə
çatışmayan nələr var?
- Çox şey var. Gənclik gərək
ağsaqqallara ehtiramla yanaşsın. Cığallıq
cavanlığa xas yaxşı şeydir, amma gərək o da
həddini aşmasın.
- Sizin də cığallıq edən
vaxtlarınız olub?
- Yox, mənim təbiətimdə
cığallıq yoxdur. Mən müəllim
ailəsində böyümüşəm, həmişə də
ağsaqqalların, ziyalıların əhatəsində,
onların məclisində olmuşam.
- Və cavanlardan ona görə narazısınız
ki, ağsaqqal-ağbirçək yeri bilmirlər...
- Tək o deyil. Dili
bilməyib, yazıçılıq-şairlik edən adamlar
çoxdur. Hanı sənin Azərbaycan
dilin, öz ruhun? Gənclik gərək
varlı gəlsin. Naqis olanda, adamın gələcəyi
çox pis olur. Düzdür, sonra
peşman olanları olur, amma gərək, başdan belə
şeyləri eləməsinlər.
- Bəs ağsaqqal dediklərimiz gəncliyə
"bic" və "hansısa yuvanın quşu" deyəndə,
necə olur? Biz bunu Ramiz Rövşənin və Seyran Səxavətin
misalında gördük...
- Şübhəsiz
ki, belə şeylərə cavanlar öz münasibətlərini
bildirirlər. Gərək yaşlılar
da belə sözləri deməsinlər, lazım deyil. Biri bic övladdır, biri əxlaqsızdır, belə
şeyləri demək lazım deyil. Hər kəsin
öz şəxsiyyəti var. Bilirsən, ədəbiyyatın
bir vəzifəsi var: insanı böyütmək, onun yaradıcılığına
təkan vermək. "Filankəs bic
övladdır" deməklə, ədəbiyyat yaratmaq olmaz.
Yaxşı əsəri yazmaq üçün
yaxşı işlər görülməlidir. Əlbəttə, mən də razı deyiləm ki,
belə ifadələr işlənsin. Ramiz
Rövşən çox tərbiyəli, yaxşı
adamdır, gözəl şairdir, amma belə şeylər gərək
deyilməsin.
- Hər kəs bir yaşa qədər
yaşamaq istəyir. Mən soruşum, siz deməyin, bu nə
sualdır - neçə il yaşamaq istəyirsiniz?
- Peyğəmbər 63
yaşında dünyadan getdi, amma işini görüb getdi. Allahın insana verdiyi ömür nə qədərdirsə,
o ömrü Allahın və insanların yolunda xərcləməlidir.
Mən də ömrümü Allahın və
insanların yolunda xərcləmişəm, öləndə
bu dünyadan rahat gedəcəyəm. Bilirsən,
xoşbəxt adam odur ki, axşam yatır,
səhər durmur. Ağrı it əzabıdır, Allah
heç kəsə qismət eləməsin!
Ekspress.-2014.- 28-30
iyun.- S.21.