Məcburi köçkünlərin sosial inkişaf fondu

 

Qurumun təsis edilməsindən sonra məcburi köçkünlər üçün 82 qəsəbə salınıb

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

 

Azərbaycanda məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2001-2013-cü illər ərzində irihəcmli layihələr həyata keçirilib. Bu tədbirlər nəticəsində çadır şəhərcikləri ləğv edilib, burada və digər yaşayış məntəqələrində məskunlaşan 37 mindən artıq məcburi köçkün ailəsi üçün yeni qəsəbələr salınıb, fərdi mənzillər inşaa olunub, məktəb, bağça, poliklinika və digər sosial obyektlər istifadəyə verilib. Bundan sonra da irihəcmli layihələrin həyata keçirilməsi davam etdiriləcək və məcburi köçkünlərin mənzil-məişət şəraitində, sosial xidmətlərlə təminatında ciddi dönüş yaranacaq.

   Sadaladığımız geniş miqyaslı tədbirlər öz-özlüyündə baş vermir. Yeni qəsəbələrin tikintisibaşqa sosial obyektlərin inşası üçün vəsait ayrılması nə qədər önəmlidirsə, nəzərdə tutulan işlərin icrası, həyata keçirilməsi də bir o qədər vacidbir. 2001-ci ildən bəri genişlənən tədbirlərin icrasında Azərbaycanın Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) böyük xidmətləri var.

   Fond indiyədək görülən əksər işlərin birbaşa icraçısı rolunda çıxış edib, həmçinin nəzərdə tutulan layihələrin maliyyələşdidilməsini təmin edib.

   Maliyyə təminatı üçün MKSİF Dövlət Neft Fondu, ARDNŞ, Dünya Bankı və digər subyektlərlə əlaqələr qurub.

   Məlumat üçün bildirək ki, MKSİF 1999-cu ilin sonunda Azərbaycan Prezidentinin fərmanı ilə yaradılıb. Fondun yaradılmasını zəruri edən məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək və "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramında nəzərdə tutulan tədbirlər olub.

   MKSİF-in nizamnaməsində qeyd edilir ki, fond məcburi köçkünlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq, onlar üçün yerləri yaratmaq məqsədilə sorğular keçirir, tədqiqat aparır və konkret təkliflər hazırlayır. Bu məqsədlə mikrolayihələrin hazırlanmasında və həyata keçirilməsində mütəxəssislərə, qeyri-hökumət təşkilatlarına yardımçı olur, təqdim edilən mikrolayihələrin təkmilləşdirilməsini, qiymətləndirilməsini və qəbul edilməsini təşkil edir.

   Fondun maliyyə vəsaitləri Azərbaycan Respublikasının ayırdığı maliyyə vəsaitləri, hüquqifiziki şəxslərin könüllülük əsasında verdiyi ianələr, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının ayırdığı vəsaitlər, qrantlar, qanunla qadağan olunmayan digər mənbələrdən alınan vəsaitlər ola bilər.

   2001-ci ildən bəri ötən dövrün təhlili göstərir ki, fond əsasən Azərbaycan dövlətinin, Dövlət Neft Fondunun, ARDNŞ-in, İslam İnkişaf Bankının, Yaponiya Sosial İnkişaf Fondunun vəsaitlərindən istifadə etməklə böyük miqyaslı işlər həyata keçirib.

   Cəlb edilən vəsait mühüm tədbirlərin həyata keçirilməsinə imkan verib.

   Öncə də qeyd etdik ki, fondun yaradılmasında əsas məqsəd 2004-cü ilin iyulunda qəbul olunan "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsidir. Bu proqramla məcburi köçkünlər üçün nəzərdə tutulan yeni qəsəbələrin layihələndirilməsi və tikintisi MKSİF-ə həvalə edildi. Dövlət Proqramına əsasən fond tərəfindən 2005-2007-ci illərdə Ağdam, Ağcabədi, Biləsuvar, FüzuliSabirabad rayonlarının ərazilərində 26 qəsəbə salındı və bu qəsəbələrdə 8 mindən artıq ev tikildi. 2007-ci ilin sonunda ölkəmizdə son çadır düşərgələri tamamilə ləğv olundu və beləliklə, Dövlət Proqramı ilə nəzərdə tutulan məqsədlər həyata keçirildi.

   Dövlət Proqramına edilən 2 əlavə ilə sonrakı illərdə də oxşar tədbirlər həyata keçirildi. 2008-ci ildə 1000 ailə (4500 nəfər məcburi köçkün) üçün 5 yeni qəsəbə inşa edildi. Ümumi sahəsi 52 min kvadrat metr olan yaşayış evləri ilə yanaşı 5 məktəb, 2 uşaq bağçası, 2 tibb müəssisəsi, 2 rabitə evi, 2 klub - icma mərkəzi, 5 inzibati bina, 2 yanğın postu tikilib istifadəyə verildi, 59 kilometr yol, 70 kilometr su xətti, 110 kilometr hava elektrik xətti çəkildi, 6 ədəd artezian quyusu qazılmış müxtəlif həcmə malik 10 su anbarı inşa olundu, 33 transformator quraşdırıldı.

   2008-ci ildə bu məqsədlə 146,8 milyon manat həcmində vəsait (Dövlət Neft Fondundan 145 milyon manat) ayrıldı.

   2009-cu ildə 5710 nəfərdən ibarət 1142 məcburi köçkün ailəsi yeni tikilən evlərə köçürüldü.

   2010-cu ildə məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına Dövlət Neft Fondundan 105 milyon manat vəsait sərf edildi. Həmin vəsait hesabına

   2010-cu ildə 7047 nəfərdən ibarət 1566 məcburi köçkün ailəsi yeni tikilən qəsəbələrdə və çoxmərtəbəli binalarda olan mənzillərə köçürülməklə mənzil-məişət şəraitləri yaxşılaşdırıldı.

   2011-ci ildə 2123 ailədən ibarət 10615 nəfər məcburi köçkün mənzil-məişət şəraitində müsbətə doğru ciddi dəyişiklik edildi. Onlardan 1637 ailədən ibarət 8427 nəfərinin mənzil şəraitini yaxşılaşdırılması Dövlət Proqramı və Əlavələr çərçivəsində, 486 ailədən ibarət 2188 nəfərin isə şəraitinin yaxşılaşdırlması dövlət ehtiyacları ilə əlaqədar ayrılan vəsait hesabına mümkün olub.

   2012-ci ildə artıq 4553 ailə və ya 22 765 nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı. Bu 2011-ci ilə nisbətən 2 430 ailə və ya 12 150 nəfər çoxdur.

   İl ərzində 296 min kvadrat metr sahəsi olan 6 yeni yaşayış kompleksi salındı, 22 765 nəfərdən ibarət 4 553 məcburi köçkün ailəsi yeni evlərə köçürüldü, 3300 şagird yerlik 6 məktəb inşa edildi.

   Son 20 ildə həcminə görə ən böyük 1300 şagird yerlik məktəb də 2012-ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikildi.

   2013-cü ildə isə 5741 ailə və ya 28 700 nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı. Bu 2012-ci ilə nisbətən 1188 ailə və ya 5 935 nəfər çoxdur.

   İl ərzində 292 min kvadrat metr sahəsi olan 6 yeni yaşayış kompleksi salındı, 2736 şagird yerlik 5 məktəb inşa edildi, həmçinin incəsənət məktəbi ilə birlikdə 500 yerlik Mədəniyyət Sarayı, 4 uşaq bağçası, 5 tibb məntəqəsi, 4 klub - icma mərkəzi, 4 inzibati bina tikilib istifadəyə verildi.

   Bu məqsədlə 2013-cü il ərzində Dövlət Neft Fondundan 300 milyon manat, büdcədən və investisiya xərclərindən isə 68 milyon manat olmaqla 368 milyon manat vəsait ayrıldı.

   Beləliklə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan 1,585 milyard manat vəsait hesabına 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salındı.

   Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi, 1 incəsənət məktəbi, 1 Mədəniyyət Sarayı, 45 mədəniyyət mərkəzi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 2 Olimpiya İdman kompleksi tikildi, 648 kilometr yol, 815 kilometr su, 1412 kilometr hava elektrik, 333 kilometr qaz xətti çəkildi, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırıldı.

   Görülən işlərin böyük əksəriyyəti məhz Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən icra olundu.

   İndiyədək fond tərəfindən görülən işlərin böyüklüyünü 1993-2013-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə ayrılan vəsaitin istifadə dövrü də təsdiqləyir. 1993-2013-cü illərdə məcburi köçkünlərin sosial məsələlərinin həlli üçün 4,3 milyard manat həcmində vəsait sərf olunub. Ondan 2 milyard manat dövlət büdcəsinin, 1,5 milyard manat Dövlət Neft Fondunun və 800 milyon manat isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir.

   Bu vəsaitin 83 faizi, yaxud 3,6 milyard manatı 2003-2013-cü illərdə istifadə edilib ki, həmin vəsait hesabına görülən işlərin böyük əksəriyyəti məhz fond tərəfindən istifadə edilib. 2003-2013-cü illərdə istifadə edilən cəmi vəsaitin 1,7 milyard manatı dövlət büdcəsinin, 1,4 milyard manatı Dövlət Neft Fondunun, 255 milyon manatı beynəlxalq təşkilatların və 123 milyon manatı isə digər təşkilatların payına düşür.

   Fond yaşayış binası, müxtəlif sosial obyektlər tikməklə bərabər məcburi köçkünlərin gəlirinin artırılması üçün müvafiq layihələr də həyata keçirir.

   Buna misal olaraq mikrokreditləri göstərmək olar.

   2013-cü ildə fond 688 nəfərə ümumi məbləği 1,38 milyon manat təşkil edən mikrokredit verib. Son 10 ildə isə 10,8 min nəfər məcburi köçkünə verilən mikrokreditin məbləği 7,7 milyon manat olub bu proqramlardan ümumilikdə 46 min məcburi köçkün faydalanıb.

   Qeyd edək ki, məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması mərhələli şəkildə həyata keçirilir. Artıq ənənə halını alaraq hər il 300 milyon manatdan artıq vəsait bu məqsədlər üçün istifadə edilir.

   2014-cü ildə məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə böyük layihələr icra ediləcək. Bu il ən azı 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcək.

   Ən önəmli layihələrdən biri Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisində 500 hektar torpaq sahəsində yeni qəsəbənin salınması layihəsidir. Hazırda Qobu məcburi köçkün yaşayış kompleksinin layihələndirilməsi üzrə müvafiq işlər görülür. Layihəyə əsasən salınacaq qəsəbədə Bakı şəhərindəki yataqxanalarda yaşayan 12 min məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdırılması müəyyən yerlərinin yaradılması nəzərdə tutulur. İlkin mərhələdə burada 8 min ailə üçün mənzillər digər sosial obyektlər tikiləcək.

   2014-cü ildə həmin ərazidə layihələndirmə işlərinə başlanılacaq, 2015-ci ildə yaşayış kompleksinin texniki infrastrukturunun (mühəndis hazırlıq işləri, su, işıq, qaz, istilik sistemi və.s) qurulması 2016-cı ildə isə mənzillərin tikintisi başa çatdırlıaraq məcburi köçkünlərin həmin əraziyə köçürülməsi prosesinə başlanılacaqdır.

   Bu işlər Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən icra ediləcək.

 

  

Vasif CƏFƏROV

Ekspress.-2014.-1-3 mart.- S.11.