İşsiz və işaxtaranların məşğulluğunun təmini
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
işıqlandırılması
Bazar iqtisadiyyatına xas olan mühüm əlamətlərindən biri də işsizlikdir. Bu da o deməkdir ki, işsizlik cəmiyyətin potensial istehsal imkanlarının yüksəlməsinə mənfi təsir göstərir.
Azərbaycan Konstitusiyasının 35-ci maddəsinin 8-ci hissəsində işsizliyin aradan qaldırılması üçün dövlətin bütün imkanlardan istifadə etməsi təsbit olunur. "Məşğulluq haqqında" qanunun 6.1.-ci maddəsinə əsasən, dövlət vətəndaşların səmərəli və sərbəst seçilmiş məşğulluğunun təmin edilməsinə köməklik göstərir. Qeyd edək ki, dövlətimiz beynəlxalq əmək normalarına riayət olunmaqla işaxtaran şəxslərin işlə təmin edilməsinə hər cür yardım göstərir. Bundan başqa, işsizlərin sosial müdafiəsinin təmin edilməsi, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinə köməklik göstərən xüsusi tədbirlər də həyata keçirilir.
Ölkə prezidenti tərəfindən imzalanmış fərman və sərəncamlarla təsdiq olunmuş Dövlət Proqramlarında ölkədə yoxsulluğun aradan qaldırılması, əhalinin, xüsusilə aztəminatlı təbəqələrin məşğulluğunun təmin edilməsi dövrümüzün ən vacib, başlıca vəzifələrindən biri kimi müəyyən edilib. "Azərbaycan Respublikasının məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət proqramı" məhz müasir mərhələdə məşğulluq siyasətinin gücləndirilməsinə, bu sahədə mövcud olan problemlərin həllinə və əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə istiqamətlənir.
Məşğulluq xidməti orqanlarının fəaliyyətində ən aktiv tədbirlər, işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması, qısamüddətli peşəhazırlığı kurslarının təşkilidir. Bu baxımdan məşğulluq xidməti orqanları ilə işəgötürənlər arasında əməkdaşlıq prinsiplərinin bərqərar olması çox vacibdir.
Onu da qeyd edək ki, Azərbaycanda bir çox vətəndaşlar işsiz olsalar da, işsizlik statusu almayıblar. Əslində bunun bir səbəbi də əhalinin bu statusdan xəbərsiz olmasıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü il dekabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,5 min nəfər olub ki, onların da 41,4 faizini qadınlar təşkil edib. Bu müddətdə işsiz statusu alanlardan 726 nəfəri müavinət alıb. Bildirək ki, işsizliyə görə müavinətin orta məbləği 258,0 manat olub.
İşsiz statusu alanların 13 345 nəfəri, işsizliyə görə müavinət alanların isə 252 nəfəri Bakı şəhərinin payına düşüb.
"Məşğulluq haqqında" qanuna əsasən işsizlik statusuna malik olan şəxslərdən bir qismi işsizlik müavinəti alırlar.
İqtisadçı-ekspert Vüqar Bayramov işsizliyə görə sosial müavinətin artırılmasını müsbət ideya hesab etdiyini bildirib: "Rəsmi olaraq qeydiyyatda olan işsizlərin sayı 50 mindən artıqdır. Əslində, işsiz əhalinin sayı qeydiyyatdan olanlardan qat-qat artıqdır. Məsələ ondadır ki, Avropada, digər inkişaf etmiş ölkələrdə işsizlik müavinəti mövcuddur. İşsizlik müavinəti digər müavinətlərdən onunla fərqlənir ki, insanlar işləmirsə və yaxud da gəlirləri minimum tələbatını ödəmirsə, onlara əlavə vəsait verilir. Düzdür, bu bizdə ünvanlı yardım formasında tənzimlənir. Ancaq elə ölkələr var ki, ünvanlı sosial yardım layihəsini tamam başqa formada həyata keçirir. Yəni orada əsas işsizlik müavinəti önə çıxır. Avropa ölkələrinin hamısında işsizlik müavinətinin verilməsi halı mövcuddur. Hamı bilir ki, 90, 100, 110 manatla bir insan Azərbaycanda yaşaya bilməz. Bizdən fərqli olaraq, Avropa ölkələrində sözügedən meyar real müşahidələr əsasında hazırlanır. Məsələn, bir nəfər insanın bir aylıq yaşaması və minimum tələbatını ödəməsi üçün 250 avro gəliri olmalıdır. Aylıq gəliri göstərilən rəqəmdən aşağıdırsa, o zaman yerdə qalan hissəni müəssisə sosial müavinət formasında verir. Bir məqamı da qeyd edək ki, Avropa ölkələrində işsizlik statusu almaq o qədər də çətin deyil. Vətəndaş rəsmi sənədlərlə sübut edirsə ki, işsizdir, o zaman onu işsiz kimi qeydə alıb sosial müavinət ödəyirlər. Orada əmək fəaliyyəti ilə bağlı sənədləşmə elektronlaşdırıldığına görə vətəndaşın hökuməti aldatmaq ehtimalı çox aşağıdır".
Qeyd edək ki, ölkə prezidentinin sosial firavanlığın təmin olunmasına xidmət edən siyasətində əhalinin səmərəli məşğulluğunun təminatı xüsusi yer tutur. Azərbaycan prezidentinin müvafiq sərəncamları ilə təsdiqlənən və iki mərhələni - 2007-2010-cu və 2011-2015-ci illəri əhatə edən Məşğulluq Strategiyalarının həyata keçirilməsi üzrə Dövlət Proqramları bu sahədə mühüm irəliləyişə şərait yaradıb. Bu Proqramlar dövlət məşğulluq siyasətinin mərhələli şəkildə həyata keçirilməsinə istiqamətlənib.
Qeyd edək ki, hazırda 2011-2015-ci illəri əhatə edən proqramın icrası işləri davam etdirilir.
Bu sahədə aparılan məqsədyönlü dövlət siyasəti ölkənin əmək bazarında gərginliyin aradan qalxmasına səbəb olub və ölkədə işsizlik heç də kəskin bir problem kimi diqqəti cəlb etmir. Hətta qlobal böhran şəraitində inkişaf etmiş ölkələrdə iş yerlərinin kütləvi ixtisarı, işsizliyin artımı baş verdiyi halda, Azərbaycanda yeni yaradılan iş yerlərinin sayı artmaqda davam etmiş, işsizlik səviyyəsi, qeyd etdiyimiz kimi, 5,2 faizə enib.
Məlum olduğu kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti də ölkədə əhalinin səmərəli məşğulluğunun təminatına öz töhfəsini verməyə çalışır. Belə ki, 2003-2013-ci illər ərzində Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 270 min nəfərədək işsiz və işaxtaran vətəndaş münasib işlə təmin edilib, 30 mindən çox insan peşə hazırlığı kurslarına cəlb olunub.
Xatırladaq ki, 2007-ci ildə Bakıda, 2008-ci ildə Naxçıvanda və Göyçayda Regional Peşə Tədrisi Mərkəzləri istifadəyə verilib. Bu mərkəzlər müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkili baxımından mühüm maddi-texniki baza rolunu oynayır. 2007-ci ildən etibarən Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən gənclərin işlə təmin olunması üçün ölkədə ilk dəfə olaraq ali təhsil müəssisələrində tələbə və məzunların əmək bazarına inteqrasiyasına köməklik göstərilməsi üçün "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri keçirilir. Bir sözlə, bu kimi məsələlər daim ölkə prezidentinin diqqətindədir. Məhz bu diqqətin nəticəsidir ki, milli əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi hüquqlarının etibarlı müdafiəsi mexanizminin qurulması, layiqli əməyin təminatı istiqamətində dövlət siyasəti getdikcə gücləndirilir.
Yeri gəlmişkən, işçi hüquqları ilə bağlı Azərbaycan mötəbər beynəlxalq təşkilatlarla, eyni zamanda BMT və BƏT-lə fəal əməkdaşlıq edir. Yenidən Baxılmış Avropa Sosial Xartiyasının 18 maddəsinə qoşulan Azərbaycan Layiqli əməyin təminatı sahəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 56 Konvensiyasını, o cümlədən BƏT-in əmək hüquqları sahəsində 8 fundamental Konvensiyasını ratifikasiya edib. Bu beynəlxalq sənədlərdən irəli gələn prinsiplər milli qanunvericilikdə öz əksini tapıb. Hazırda Azərbaycanın əmək qanunvericiliyi dünyanın mütərəqqi əmək normalarına cavab verə biləcək bir səviyyədədir. 2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yaradılıb ki, bununla da əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqanın statusu artırılıb.
Yeri gəlmişkən, dünən Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Dünya Bankının (DB) Azərbaycan üzrə meneceri Larisa Lesçenkonu qəbul edib. Nazirliyin mətbuat xidmətindən "Ekspress"ə bildirildiyinə görə, görüşdə S.Müslümov DB ilə birgə icra olunan "Sosial müdafiənin inkişafı Layihəsi"nin işsiz və işaxtaran vətəndaşlara, eləcə də əhalinin sosial cəhətdən həssas qruplarına göstərilən xidmətlərin təkmilləşdirilməsində, əmək hüquqlarının təminatına dövlət nəzarətinin maddi-texniki və institusional potensialının artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Layihə çərçivəsində aktiv əmək bazarı proqramlarının düzgün idarə olunması üçün informasiya və idarəetmə sisteminin yaradıldığını, ISCO 88/08-ə uyğun təkmilləşmiş peşə və müvafiq təlim standartlarının hazırlandığını da qeyd edən nazir, aparılan işlərin qeyd olunan sahələrdə fəaliyyətin müasir beynəlxalq standartlara cavab verən yanaşmalar əsasında qurulmasına imkanlar yaratdığını bildirib. S.Müslümov hazırda qabaqcıl dünya təcrübəsi əsasında əlil şəxslərin tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi, həmin vətəndaşlar üçün yeni reabilitasiya xidməti növlərinin tətbiq olunması, əlilliyin müəyyən edilməsi meyarlarının beynəlxalq standartlara uyğunlaşdırılması işlərinə başlandığını vurğulayıb: "İnkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaraq ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin qurulması məqsədilə nazirliyin fəaliyyət sahələri üzrə ciddi islahatlar həyata keçirilir. Nəzərdə tutulan institusional islahatların və qanunvericiliyin təkmilləşdirilməsinin daha bir nəticəsi kimi, əhaliyə xidmət sahələrində şəffaflığın təmin olunması tam reallaşacaq, göstərilən xidmətlər daha keyfiyyətli olacaq".
Müslümov qarşıdakı dövrdə əməkdaşlığın əhaliyə xidmət sektorlarında, o cümlədən sosial yardım və əlillik təyinatı sahələrində şəffaflıq və ünvanlılığa xidmət edən və qabaqcıl dünya təcrübəsinə uyğun sivil metodların tətbiqi istiqamətində də davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb. Görüşdə layihənin icrası sahəsində mövcud vəziyyət nəzərdən keçirilib, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb.
Rəşid RƏŞAD
Ekspress.-2014.-1-3 mart.-
S.12.