Əlillərlə bağlı prioritetlər

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

 

Bu və digər qeyri-hökumət təşkilatının son illər əlillər və məhdud imkanlı şəxslərlə bağlı müxtəlif layihələr həyata keçirirlər. Layihələrdə məqsəd əsasən onların hüquqlarını müdafiə etmək, əlillərin cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

   QHT Forumunun rəhbəri Rauf Zeyninin fikrincə, bu kimi layihələr sadəcə əlillərin hüquqlarının müdafiəsinə və problemlərinin həllinə yardım göstərmək deyil, eyni zamanda cəmiyyətdə əlillərə qarşı münasibətin dəyişdirilməsi üzrə maarifləndirmə işinin də aparılmasına xidmət edir. Əslində əlillərlə bağlı yanlış stereotip mütləq aradan qaldırılmalıdır. Onların təhsili üçün güzəştlər olmalı, işlə təmin olunmalarına geniş şərait yaradılmalıdır.

   Araşdırmalar nəticəsində müəyyən olunub ki, əlillər daha çox müavinət və pensiyaların az olmasından, yaşayış şəraitinin pisliyindən, xüsusi nəqliyyat vasitələrinin olmamasından şikayətlənirlər.

   Qeyd edək ki, Azərbaycan qanunvericiliyində hətta əlillərin diskriminasiyası ilə bağlı hallar var. Bu da o deməkdir ki, problemlərin həlli yollarının hələ də tapılmamasında məmurların laqeydliyi böyük rol oynayır. Xatırladaq ki, əlillərin öz hüquqları barədə məlumatlandırılmaması, psixoloji reabilitasiya mərkəzlərinin çatışmaması, mövcud nəqliyyat infrastrukturunda əlillərin hərəkəti üçün xüsusi yerlərin nəzərdə tutulmaması da probelm olaraq qalır. Əmək və Əhalinin Sosiail Müdafiəsi Nazirliyinin sektor rəisi İsgəndər Mustafayev bildirib ki, yeni Şəhərsalma Məcəlləsi əlil arabalarının hərəkəti üçün geniş imkanlar nəzərdə tutub. Dövlət hər əlilin fərdi reabilitasiyası proqramını hazırlayıb. Təbii ki, bununla yanaşı, perinatal mərkəzlər şəbəkəsinin genişləndirilməsi üzrə tədbirlər planı da nəzərdə tutulub. Nazirliyin nümayəndəsi qeyd edib ki, qanunvericilik yalnız iki halda - əgər onların səhhəti konkret işi yerinə yetirməyə imkan vermir və əgər onların özlərinin və başqa şəxslərin həyatına təhlükə yaradarsa - əlillərlə əmək müqavilələrinin bağlanmasına qadağa qoyur. Əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan qanunvericiliyində, BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin hüquq bəyannaməsində təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Əlilliyi olan şəxslərin maddi təminatı da daim gücləndirilir. Onlara verilən müavinətlərin, həmçinin əmək pensiyalarının məbləği hər il artırılır. Bununla yanaşı, respublikanın regionlarında yaşayan əlillərin bərpa-müalicəsinə göstərilən prezident qayğısının növbəti ifadəsi olaraq, son on ildə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub. Belə ki, 2003-2013-cü illərdə Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan və Gəncə şəhərlərində filialları inşa etdirilərək istifadəyə verilib. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri yaradılıb.

   Nazirliyin nəzdindəki bərpa müəssisələrində 70 min nəfərə yaxın əlilliyi olan şəxsə bərpa-müalicə xidməti göstərilib. Hazırda ölkənin bütün regionları üzrə 14 reabilitasiya mərkəzində hər il 9 minə yaxın əlil insana bərpa-müalicə xidməti göstərilir. İqtisadçı Qadir İbrahimlinin fikrincə, axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlər proqramının keçirilməsi normaldır, ancaq bu cür proqramlar məhdud dairəni əhatə edir: "Bütövlükdə sosial-iqtisadi sferada hansısa ciddi irəliləyiş olmadan bu cür proqramların effekti sıfıra yaxınlaşır. Ölkənin sosial, iqtisadi, biznes mühitində kardinal dəyişiklik baş vermirsə, ümumi vəziyyət olduğu kimi qalırsa, əlahiddə proqramların da effekti olmur. Ancaq mən bu cür proqramların həyata keçirilməsini təqdir edirəm. Düşünürəm ki, ölkənin ümumi iqtisadi-sosial sferasında da ciddi islahatlar aparılması labüddür. Yaxşı olar ki, bu proqramlar da ümumi sosial-iqtisadi islahatlar çərçivəsində həyata keçirilsin. Ümumilikdə heç bir tədbir görülmürsə, yalnız ayrıca hansısa təbəqəyə hesablanmış layihələr icra olunursa, o zaman effektaz olur. Əgər ölkə üzrə, işsizlik, yoxsulluq aradan qaldırılsa, əhalinin gəlirləri artırılsa, biznes mühiti normallaşdırılsa, normal rəqabət mühiti formalaşdırılsa, o zaman sosial qayğıya ehtiyacı olan kateqoriyaya daxil insanların böyük əksəriyyətinin problemləri öz həllini tapır".

   Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyüKonstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 1997-ci ildən ölkə ərazisində 5 minə yaxın mənzil inşa olunaraq istifadəyə verilib. bu sahədə görülən işlər getdikcə sürətlənir. 1997-ci illə müqayisədə əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı son illərdə 10 dəfəyə yaxın artaraq orta hesabla 700 mənzil təşkil edib.

   Onu da qeyd edək ki, imtiyazlı əlillərin minik avtomobilləri ilə təminatı işləri də son on ildə xeyli güclənib. Məsələn, 1998-2003-cü illər ərzində müharibə əlillərinə 1230 ədəd minik avtomobil verilibsə, 2004-2013-cu illərdə 2300-dən çox minik avtomobili əlillərə təqdim edilib. Ümumilikdə götürdükdə isə indiyədək 3526 nəfər əlilə dövlət hesabına minik avtomobili verilib. Qeyd edək ki, əvvəllər əlil vətəndaşlara "OKA" markalı minik avtomobili verilirdisə, sonralar ölkənin inkişaf dinamikasına uyğun olaraq, bu maşınları keyfiyyəti və rahatlığı ilə daha üstün olan "Slavuta" markalı, son illərdə isə NAZ-Lifan markalı avtomobillər əvəz edilib.

   Hər il təsdiqlənən müvafiq Dövlət Proqramlarına əsasən, respublikada əlilliyi olan şəxslərin ölkə daxilində müalicəsi və bərpası, asudə vaxtının mənalı təşkili, yaradıcı əlillərin maddi və mənəvi dəstəklənməsi, onlar üçün respublika səviyyəli yaradıcılıq müsabiqələrinin təşkili, paralimpiya hərəkatının genişlənməsi və s. istiqamətlərdə ardıcıl tədbirlər həyata keçirilib. Və o da təsadüfi deyil ki, bu kimi Dövlət Proqramları hər il yenidən təsdiqlənir. Təkcə son beş ildə keçirilən respublika səviyyəli sərgi və baxış müsabiqələrinə 4200 nəfərdən artıq əlil şəxs cəlb edilib, eyni zamanda istedadlı əlillərin beynəlxalq səviyyəli tədbirlərdə iştirakı da daim diqqətdə saxlanılır. Belə tədbirlərə Heydər Əliyev Fondu tərəfindən daim böyük dəstək verilir. ƏƏSMN-nin ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə yeni işlərindən biri kimi ötən il əlil şəxslərin müxtəlif növ yaradıcılıq nümunələri və onlar haqqında üç dildə məlumatlar təqdim olunan sayt istifadəyə verilib, albom-kataloq və şerlər toplusu çap etdirilib.

       "Azercell"dən müharibə və əmək əlilləri üçün sosial layihə

       Cəmiyyətin xüsusi qayğıya və yardıma ehtiyacı olan ən önəmli təbəqələrindən biri yaşlı nəslin nümayəndələridir. Onlar uzun bir ömür sürüb, həyatın hər üzünü görüblər. Lakin təəssüf ki, yaşlı insanların heç də hamısına ömrünün sonunadək ailədə yaşamaq nəsib olmur. Azərbaycanda yaşlılar üçün müxtəlif profilli sosial müəssisələr fəaliyyət göstərir. Bunlardan biri də Bilgəh qəsəbəsindəki Müharibə və Əmək Əlilləri üçün Pansionatdır.

   "Azercell"in təşəbbüsü ilə həmin müəssisədə yeni təmirdən çıxmış Akt zalının açılışı olub. Burada yaşlı insanların vaxtını səmərəli və maraqlı keçirməsi üçün hər cür şərait yaradılıb. Zalda filmlərin nümayişi üçün xüsusi disklər və ən yeni DVD avadanlığı təmin edilib. Akt zalı, həmçinin, musiqi dinləmək üçün müasir avadanlıqla təchiz olunub.

   Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov yeni təmir olunan bu zalda yaşlı insanların istirahəti, asudə vaxtını səmərəli keçirməsi üçün şərait yaratdığına görə "Azercell" şirkətinə təşəkkürünü bildirib.

   "Azercell Telekom" MMC-nin prezidenti Kiril Qaburiç bu layihəni şirkətin yaşlı insanlara verdiyi dəyər və diqqət kimi qiymətləndirib: "Yaşlılarımız həm ailəmizin, həm də cəmiyyətimizin ən dəyərli üzvləridir. Bu layihə "Azercell"in yaşlı insanlara və onların keçmişdə bizlər üçün etdiklərinə verdiyimiz bir önəmdir. Ümid edirik ki, onlar xoş vaxt keçirəcək, bizim sevə-sevə topladığımız filmləri həvəslə seyr edəcəklər".

 

   Tədbirdə eyni zamanda pansionatın direktoru Qətibə Əsədova və pansionatın sakinləri çıxış edərək göstərilən diqqətə görə "Azercell"ə təşəkkürlərini bildiriblər. Tədbirin sonunda estrada müğənnisi və uşaq rəqs ansamblının ifası ilə maraqlı konsert proqramı baş tutub.

   Korporativ Sosial Məsuliyyətə böyük önəm verən "Azercell" Azərbaycanda onlarla iri sosial layihələr həyata keçirib. Bunlar sırasında daimi qayğı və xüsusi diqqətə ehtiyacı olan insanlarla bağlı müxtəlif proqramlar çoxluq təşkil edir. "Azercell"in təşəbbüsü və dəstəyi ilə Mobil GözMobil Diş Klinikaları internat evlərindəki, həmçinin aztəminatlı ailələrin uşaqların istifadəsinə verilib.

   2014-cü ildə "Azercell" şirkəti müxtəlif yaş qrupları və fərqli sahələrdən olan insanlara dəstək göstərən sosial layihələri həyata keçirməkdə davam edir.

   Əlillər nazirdən nə istəyiblər?

   Dünən Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Şirvan şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu şəhərin və Hacıqabul, Sabirabad, Saatlı rayonlarının sakinlərini qəbul edib. Bu barədə ƏƏSMN-nin mətbuat xidmətindən "Ekspress"ə bildirilib.

   Məlumata görə, ümumilikdə 50 nəfərdən çox vətəndaşın müraciəti dinlənilib və hər bir müraciət nazirliyin aidiyyəti mütəxəssislərinin iştirakı ilə obyektiv şəkildə araşdırılıb. Əksər müraciətlərdə əksini tapan məsələlər yerindəcə həll olunub. Ayrı-ayrı əlil şəxslərin əlil arabaları ilə təmin edilməsi, bərpa-müalicəsinə ehtiyacı olan imtiyazlı vətəndaşlara nazirliyin bərpa müəssisələrinə göndərişlərin, habelə sanator-kurort yollayışlarının verilməsi barədə tapşırıqlar verilib. İşsiz olduqlarını bildirən şəxslərin məşğulluğunun qısa vaxtda təmin edilməsi, lazım gəldikdə həmin şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsi üçün yerli məşğulluq orqanlarına aidiyyəti tədbirlər görmələri tapşırılıb. Dövlət hesabına mənzillə və avtomobillə təmin olunmaq üçün müraciət edən imtiyazlı şəxslərə məhz növbəlilik prinsipi əsasında mənzil və avtomobil ala biləcəkləri, növbəyə dayanmaq üçün isə aidiyyəti icra hakimiyyəti orqanına müraciət etməli olduqları bildirilib.

   Nazir əlavə edib ki, prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu il bütün avtomobil növbəsində olan vətəndaşlar avtomobillə təmin olunacaq. Eyni zamanda, bəzi vətəndaşların müraciətlərinə uyğun olaraq, onların yerli tibbi-sosial ekspert komissiyaları tərəfindən əlillik müayinəsinə cəlb olunmaları, ailələrinin ünvanlı yardım almaq hüququnun olub-olmamasının araşdırılması barədə göstərişlər verilib. Müraciətlərin bir qismi isə nazirliyin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edibbu tipli müraciətlərlə qəbula gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq qurumlara çatdırılacağı bildirilib.

   S.Müslümov vətəndaşlarda haqlı narazılıq yaradan hallarla bağlı ciddi inzibati tədbirlərin görülməsi, nazirliyin yerli strukturlarında hər bir vətəndaşın müraciətinə diqqət və həssaslıqla yanaşılması və s. barədə tapşırıqlar verib.

   Qeyd edək ki, Hacıqabul, Sabirabad, Saatlı rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Şirvan şəhərinə aparılıb gətirilmələri təmin edilib.

 

Rəşid RƏŞAD

Ekspress.-2014.- 13 mart.- S.9.