"Ad
günlərimi təmtəraqlı qeyd
etməkdən qorxuram"
Səidə Quliyeva: "Öz
adıma bir qazan xörək bişirəcəm, vəssalam..."
Dünən xalq artisti Səidə Quliyevanın doğum günüydü. Bu münasibətlə "kulisa.az" sevimli aktrisamızdan müsahibə alıb. Müsahibəni oxucularımıza təqdim edirik.
- Hazırda filmə çəkilirsiniz?
- Düzü, heç dəvət də almamışam. Eyhamlar olub. Yəqin bu günlərdə
təklif alaram. Mən də baxacam, seçəcəm.
- Nəyə görə seçirsiniz,
bir şərtiniz olurmu?
- Əlbəttə.
İlk növbədə
tərəf müqabili
və qonorar məni qane etməlidi.
- Teatrda nə oynayırsınız
hazırda?
- Akademik Milli Dram Teatrının
"Qatil", "Xanuma",
"Anamın kitabı"
kimi tamaşalarında
oynayıram.
- Qəhrəmanlarınızın
ifadələri dillərə
düşüb. Məsələn, "Fransız" filmindəki
qəhrəmanınızın dediyi "Neynəsün daaay" ifadəsi kimi. Obrazlarınıza maraqlı, yaddaqalan
reaksiyalar olubmu?
- Olur, əlbəttə. Çox sevinirəm
ki, mənim oynadığım obrazlardan
sitatlar gətirirlər.
Yəni,
iş uğurlu alınıb, tamaşaçının
yaddaşındayam və
gündəmdəyəm.
Qaldı sualınıza, "Bala, başa bəla" teletamaşası
gedirdi. Küçədə
getdiyim yerdə hiss elədim ki, arxadan gələn adam sözümü
təqlid edir: "Niyə? Nöşün?" döndüm gördüm ki, balaca uşaqdı. Amma məni elə güclü təqlid edir... Yaxınlaşdılar, tanış oldum o uşaqla. Bəzən də tamaşaçılarla
görüşəndə xatırladırlar sözlərimi...
- Vaqif
Mustafayevin ən azı üç filmində gəlin obrazında çəkilmisiniz.
Amma bu gəlin heç
vaxt ərə gedib çıxa bilmir, kobud desək,
ər üzünə
həsrət qalır.
Sizcə,
niyə o sizi həmişə belə obrazda görür?
- Pisdi? Yaxşıdı da... (Gülür). Bir də ki, hamısında
deyil, "Yoxlama"dakı
rolum tamam fərqli idi. Orada lal və kar
qadını oynayırdım.
Dediyiniz filmlərdə cavan idim, ərə getmək mənim üçün ayıb sayılmırdı, indi yəqin ki, başqa rollar oynayaram.
- Vaqif Mustafayevin aktyorlarla iş prinsipi necədir?
- Çox gözəl. Vaqif Mustafayev çox
unikal rejissordur. Azərbaycanda ikinci belə
rejissor görmürəm.
Təəssüf ki, indi film çəksə də, məni çağırmayıb.
Onun filmlərinə çəkilmək
istəyirəm. Gözləyirəm. Onunla işləmək böyük
zövqdür.
- Çəkilişdə
hansısa qəribəliklərin
olduğunu deyirlər...
- Hər bir yaradıcı insanın qəribəlikləri
var, eləcə də Vaqif Mustafayevin
və Səidə Quliyevanın. Sadəcə, Vaqif Mustafayevdə
o çox qabarıq görünür, Səidə
Quliyevada yox. Vaqif Mustafayev daha istedadlıdır. Əgər aktyorda
nəsə alınmırsa,
çılğınlıq göstərir. Başqa
nə qəribəliyi
ola bilər
ki? Mədəni insandır.
- Eşitmişəm
ki, çəkdiyi səhnə uğurlu alınanda, sevindiyindən
rəqs edə bilər...
- Mən görməmişəm. Səhnə uğurlu
alınanda əl çalır. Yəqin, rəqs
etməyini görmək
mənə qismət olmayıb (gülür).
O, aktyorları oynadır,
özü oynamır.
Məsəlçün, epizod uğurlu
alınanda, bir dubla çəkir. "Yoxlama" da
belə epizodlar var idi.
- Vaqif
Mustafayevin filmlərindəki
qəhrəmanlarınız yalnız ərə getmək məqsədi güdən qızlardır.
Qadınların cəmiyyətdəki mövqeyində sizi narahat edən məqam varmı?
- Səidə xanım kimi fikrimi soruşursunuz də, hə?
- Əlbəttə.
- Əvvəlcə
8 Mart Beynəlxalq Qadınlar
Günü münasibətilə
bütün Azərbaycan
xanımlarını böyüyündən
kiçiyinə kimi təbrik edirəm. Öpürəm, bağrıma basıram
və onlara ancaq və ancaq
ailə səadəti,
xoşbəxtlik arzulayıram.
Allah heç çətinlik qismət etməsin, qoy çətinliyi özü
dəf edə bilsin. Azərbaycan qadını həmişə
bu çətinliklərə
sinə gərib, mübariz olub... Fikir verin, bizim yaşlı
qadınların üzündə
nə qədər nur var. Qoy onların
üzündən nur əskik olmasın. Bu gün gənclərimizə
tövsiyə edirəm
ki, atdıqları hər addımı fikirləşib atsınlar
ki, sonra peşman olmasınlar.
Kiçik bir səhv onların gələcək
həyatında böyük
çətinliklər yarada
bilər. Mən özüm
qadınam, anayam.
Mən ağzımdan çıxan
hər kəlmənin
məsuliyyətini daşımalıyam.
Sizin yazdıqlarınızı oxuyan
insanlar bundan ibrət götürməlidirlər.
Bizim savadlı, ağıllı
qadınlarımız, gənclərimiz
var. Gəncliyi çox
sevirəm. Onlarla görüşəndə,
çox böyük zövq alıram. Bir də, bizim
mentalitetimizdə xalqımıza
yaraşan bir ifadə var: kiçik böyüyə
hörmət etməlidir.
Amma böyüklər də kiçiklərə hörmət
etməlidirlər, çünki
hörmət qarşılıqlı
olmalıdır. Mütləq bu ölçüləri
bilmək və ona riayət etmək lazımdı.
Mən xanımlarımıza yerini,
danışığını bilməyi, yüz ölçüb bir biçməyi tövsiyə
edirəm. Bu mənim də həyat prinsipimdir.
- Səidə xanım, səsinizdə, danışıq intonasiyanızda
oxşarlıq hiss etdim.
Familiyalarınız da oxşardır.
İlhamə Quliyeva ilə
qohumluğunuz yoxdur ki?
- Yox. Qətiyyən. İlhamə xanıma böyük hörmətim var. Familiyalarımıza
gəlincə, düzdü,
mənim qızlıq
familiyam da Quliyeva idi, sonra
da Tofiq Quliyevin nəslindən olan ailəyə gəlin gəldim və familiya dəyişmədi.
- "Xanuma" tamaşasında
qəhrəmanınız olan
nənə rok-n-roll oynayır. "Anamın kitabı"ndakı
qəhrəmanınız rəngsiz,
tempsiz bir obrazdı. Sizcə, rejissor...
- Bir dəqiqə... Onlar fərqli obrazlardı.
Rejissorluq bir iş yoxdur. Rejissor "Anamın kitabı"na düzgün quruluş verib. Bir Səidə
xanım kimi həyatdan zövq alan insanam,
nikbin adamam, çox da temperamentli
aktrisayam.
- Rejissorlarda narazı olduğunuz məqamlar varmı?
- Yox, niyə narazı olum ki? Ramiz Həsənoğlunun
adını sənət
səhifəmə qızıl
hərflərlə yazmışam.
Məhərrəm Bədirzadə,
Bəhram Osmanov, Mərahim Fərzəlibəyov,
Mehriban Ələkbərzadə,
Ələkbər Kazımovski,
Oruc İzzətoğlu,
Firudin Məhərrəmli
ilə işləmişəm.
Gənc və zövqlü rejissor var -Mikayıl Mikayılov... Bu insanlarla
mütəmadi işləmişəm
və onların adını mütləq çəkməliyəm. Mən çox böyük məktəb görmüşəm.
Adil İsgəndərovun tələbəsi
olmuşam. Əvvəllər Mehdi Məmmədovla işləmişəm. Tərəf müqabillərim
gözəl aktyorlar olub. Onlardan öyrənə-öyrənə
bu səviyyəyə
gəlib çatmışam.
Gənclərdən də çox
şey öyrənirəm.
Burada ayıb bir şey
yoxdur. Məsələn, mən texnikada
-kompüter, telefon kimi cihazlarda çox zəifəm.
Amma maşın sürürəm.
Vaxtım olsa, onları
da öyrənəcəm.
- Səidə xanım, "Niyə, nöşün?" dediyiniz
məqamlar olur yəqin...
- Bu, sırf o tamaşada belə idi: "Bala, başa bəla"da. Mən ya "Niyə?" deyirəm, ya da "Nöşün?"
Sırf Bakı ləhcəsində.
- Bu gün ad gününüzdür. Necə qeyd
edəcəksiniz?
- Mən ad günlərimi təmtəraqlı
qeyd etmək istəmirəm. Düzü, qorxuram. Bunu
ilk dəfədir deyirəm:
48 yaşımda özümü
təzədən dünyaya
gəlmiş kimi hiss etdim. Ondan sonra itkim oldu-qardaşım dünyadan
köçdü. Ondan sonra
belə təmtəraqdan
qorxuram. Eləcə öz
adıma bir qazan xörək bişirəcəm, vəssalam.
- Müsahibə
üçün təşəkkür
edirik.
- Siz də sağ olun. Sizin və bütün
xalqımızın qabaqdan
gələn bayramlarınızı
təbrik edirəm.
Ekspress.-2014.- 6 mart.- S.23.