Ən yaxın tarix

İlk və yeganə qadın spiker

 

Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Ən yaxın tariximiz" başlığı altındakı yeni araşdırmasında arxiv sənədləri əsasında müasirlərimiz olan dövlət və ictimai xadimlərimiz barədə indiyədək bilmədiyimiz məlumatları, faktları işıq üzünə çıxarır.

   İlk araşdırma anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan parlamentarizmi tarixində qanunverici orqana başçılıq edən ilk və hələlik son sədr Elmira Qafarovaya həsr edilib.

       "... 1991-ci il 10 oktyabr

   İclası açan Elmira Qafarova oktyabrın 9-da axşam Ali Sovetin binasından çıxan deputatlar təhqir olunduğu, onlara qarşı zor işləndiyi üçün, qanunsuz mitinqlər keçirildiyinə görə baş prokurorundaxili işlər nazirinin məlumat verməsini təklif etdi.

   Lakin mikrofonlara toplaşan deputatlar təkidlə tələb etdilər ki, Tamerlan Qarayev sədarətdə öz yerini tutsun, Konstitusiyanın 112-ci maddəsinin Heydər Əliyevə aid olan sonuncu cümləsi çıxarılsın, Ali Sovetin sədri, onun müavinləri və Rəyasət Heyəti istefaya göndərilsinlər.

   Deputat Baxşəliyev bildirdi ki, mitinq işğtirakçılarına nəşəxor və sərxoş dediyi üçün Elmira Qafarova onlardan üzr istəməlidir.

   Elmira Qafarova dərhal cavab verdi ki, mən üç gün burada gedən mitinq iştirakçılarını deyil, üç deputatı döyən və buna görə də prokurorluq tərəfindən istintaqı aparılanlar barədə bu sözləri demişəm.

   Zalda qışqırıq qopdu. Bu zaman iclasa sədrlik edən Elmira Qafarova öz istefasının səsə qoyulmasını təkidlə irəli sürdü. Lakin yerlərdən deputatlar çıxış edərək belə fikir söylədilər ki, müvafiq komissiya işləsin və nəticəsindən asılı olaraq məsələyə baxılsın. Yenə ara qarışdı. Deputat Bayram Bayramov 3-cü mikrofondan çıxış etməyə başlayanda sözü yarımçıq qaldı. Vəziyyətin gərginləşdiyini görən Telman Orucov yarım saatlıq fasilə elan etdi.

   Parlament rəhbərliyində boşluq yarandı. Tənəffüsdən sonra sahibsiz qalan iclasa sədrliyi ağsaqqal kimi deputat Tofiq Bağırov etdi. Sədrə könüllü köməkçi olan İsmayıl Şıxlı iclasın birbaşa televiziya ilə verilməsi məsələsini səsə qoydu. Səsvermənin yekununa görə televiziya ilə birbaşa yayım baş tutmadı.

   Deputat Bayram Bayramov təklif etdi ki, Ali Sovetin rəhbərliyinə, yəni sədrə, sədrin müavinlərinə etimad məsələsi gizli səsvermə yolu ilə həll edilsin. Təklif səs çoxluğu ilə qəbul olundu.

   Xeyli mübahisədən sonra seçki komissiyasının tərkibi Rəhim Qazıyev (sədr), S.Seyran (katib), S.Əkbərov, Ş.Əliyev, K.Rəhimov, Adil Hacıyev və Arif Hacıyev seçildilər. Səsvermədən sonra Ali Sovetin rəhbərliyinə etimad məsələsinə gizli səsvermə üzrə hesablayıcı komissiyanın 10 oktyabr 1991-ci il tarixli iclasının prtokolu oxundu. Elan edildi ki, 346 deputatdan 274 nəfəri bülleten almış, qutu açılarkən oradan 274 bülleten çıxmış, etibarsız bülleten aşkar edilməmişdir. Komissiyanın hesablamaları nəticəsində müəyyən edilmişdir ki, Elmira Qafarovaya 64, Telman Orucova 166 və Tamerlan Qarayevə 119 deputat etimad göstərməmişdir. Beləliklə, Ali Sovetin rəhbəri kimi yalnız Elmira Mikayıl qızı Qafarovaya etimad göstərildi.

 

   Sessiyaya sədrlik edən deputat Tofiq Bağırov Elmira Qafarovanı Ali Sovetin sədri vəzifəsinə təkrar seçilməsi münasibətilə təbrik etdionu sədarətə dəvət etdi ki, sessiyanı aparsın. Elmira Qafarova öz qısa bəyanatında həyəcan keçirdiyini dedi və minnətdarlığını bildirdi, istefasını demokratiyanın ilk qədəmi kimi qiymətləndirdi və iclası bağlı elan etdi.

   1991-ci il 11 oktyabr

   Səhər başlanan iclasda Konstitutusiyanın 112-ci maddəsində dəyişiklikdə Heydər Əliyevə qarşı ədalətsizliyə yol verildiyi, sədrin müavinlərinin seçilməsi, səbəbsiz olaraq 16 min qaçqının bir neçə dəfə bir yerdən başqa yerə köçürülməsi, Bakı şəhərinə qaçqın kimi gələnlərin yersiz incidilməsi, Naxçıvan Muxtar Respublikasında 112-ci maddəyə görə qəbul edilmiş bəyanat barədə məsələlərə toxunuldu.

   Sonra "demblok"dan olan deputatlar Milli Şura barədə deputat Tofiq Bağırov və İmayıl Şıxlının fikirlərinin dinlənilməsini təklif etdilər. Tofiq Bağırov çıxışında məlumat verdi ki, "razılıq komissiyası" öz işini qurtarmaq üzrədir, hövsələsizliyə ehtiyac yoxdur, məsələ ilə ağsaqqal kimi İsmayıl Şıxlı və Bəxtiyar Vahabzadə ciddi məşğul olurlar.

   Çıxış edən İsa Qəmbərov isə dedi ki, Milli Şuranın yaradılması barədə hazırlanan layihə bilərəkdən gecikdirilir.

   Üçüncü mikrofonla danışan İsmayıl Şıxlı Ali Sotvetin işçilərinin qəsdən layihənin hazırlanmasını ləngitdiklərini və beləliklə də, işi gecikdirdiklərini dedikdə, Elmira Qafarova qəti etirazını bildirdi. Təkrar çıxış edən Tofiq Bağırov bu məsələdə İsmayıl Şıxlı ilə eyni mövqedə olduğunu bildirdikdə, Elmira Qafarova "razılıq komissiyası"nın layihəni tamamlayıb çoxaldaraq 2 saat müddətində deputatlara paylanmasını təklif edəndə zalda hay-küy başladı.

   Dördüncü mikrofondan çıxış edən deputatlardan biri Elmira Qafarovanı üzüyumşaqlıqda, reqlamentə əməl etməməkdə təqsirləndirdi. Bu iraddan qeyzlənən sədr: "Qurtardıq. Səsə qoyuram, kim Konstitusiyanın 112-ci maddəsinin ikinci hissəsinin sonuncu cümləsinin çıxarılmasına razıdısa, səs versin. Sayçılar işləsinlər. Yenə də başa salırım, bu maddə onunla əlaqədardır ki, Naxçıvanın Ali Sovet sədri öz vəzifəsinə görə birbaşa Ali Sovetin sədr müavini seçilir"

   Bu vaxt söz verilmədən deputat Sabir Rüstəmxanlı tribunaya qalxdı və göstərdi ki, 112-ci maddə mübahisəlidir, gəlin Şura işini qurtaraq, yerdə qalan məsələləri sonra asan həll edəcəyik.

   Elmira Qafarova icazəsiz tribunaya qalxıb çıxış etməsindən narazılıq etdikdə, Sabir Rüstəmxanlı ona xoşagəlməz sözlər deməyə başladı.

   Beləliklə, iyirmi dəqiqəlik tənəffüz elan edildi. Sessiya altı saatdan sonra işinə başlasa da, yetərsay olmadı. Deputatlar televiziya ilə Ali Sovetə dəvət olunmağa başladı.

   Yetərsay olmadan Şura yaradılması barədə məruzəni Tofiq Qasımov etdi. Deputatlar çıxışlarında göstərdilər ki, səlahiyyətlər Ali Sovetlə Milli Şura arasında müəyyənləşdirilməsə və sessiyada təsdiq edilməsə, onda bu "ev içində evciyə" və ya parlament daxilində kiçik parlamentə bənzəyəcək, bu isə qanunauyğun deyildir. "Demblok"dan olan deputatlardan biri dedi ki, bu gün axşam saat 6-da mitinq olacaq, orada Şuranın yaradılması barədə nə deyəcəyik? Bunu eşidən Elmira Qafarova Milli Şuranın yaradılmasının tərəfdarı olduğunu bildirdibu fikirdən ruhlanan Tofiq Qasımov suallara daha ürəklə cavab verdi. Deputat Adil Hacıyev Prezidentin nümayəndəsi kimi çıxış etdiMilli Şuranın yaradılması barədə razılığa gəlindiyini bildirdi. Təklif etdi ki, Konstitusiya Məhkəməsi yaranana qədər bəzi məsələlərin təhlilini Ali Məhkəməyə həvalə etmək olar. O, Tofiq Qasımova minnətdarlığını bildirdi ki, deputatların suallarına bir saat yarım dəqiq cavab verdi.

 

   Prezidentin nümayəndəsinin Milli Şura barədə fikri deputatlara elan edildikdən sonra iclasın davamını oktyabrın 16-da səhər keçiriləcəyi bildirildi.

   1991-ci il 16 oktyabr

   Sessiya başlanan kimi Elmira Qafarova Ali Sovet sədrinin birinci müavininin seçilməsini təklif etdideputat Ziyad Səmədzadənin namizədliyini irəli sürdü.

   Açıq səsvermə keçirilməsi qərara alındı və Ziyad Səmədzadə Ali Sovetə sədr müavini seçildi. Deputat Rəhim Qazıyevin təklifi ilə təkrar səsvermə yenə də Ziyad Səmədzadənin xeyrinə oldu. Bu vaxt deputat Allahverdi Həsənov Konstitusiyanın 112-ci maddəsinin müzakirəyə qoyulmasını və bunun respublikadakı siyasi-ictimai iqlimə göstərəcək təsirindən danışdı. Yenə də sədr qulaqardına vurdu. Naxçıvandan olan deputatlardan biri birinci mikrofona yaxınlaşıb deputat Allahverdi Həsənovun 112-ci maddə barədə verdiyi təklifin müzakirəsinin gündən-günə geri çəkildiyini, Pezidentlə Naxçıvan camaatının üz-üzə qoyulmasını, iclasın düzgün aparılmamasını qeyd etdi. Elmira Qafarova yenə də buna məhəl qoymadı və digər deputalara söz verdi.

   Deputat Bəxtiyar Vahabzadə demokratik qüvvələrin yeni yaranmış Məsləhət Şurasının bəyannaməsini oxudu. Bəyannamədə göstərilirdi ki, Azərbaycanın bütövlüyünə yönəldilən demokratik islahatların həyata keçirilməsi üçün ali qanunverici orqan işgüzar, operativ bir orqana çevrilməlidir. Bu məqsədlə deputat korpusunun bir qrup üzvündən ibarət daimi fəaliyyət göstərən müvəqqəti Millit Məclis yaradılmalı və bu Məclisə ali qanunvericilik səlahiyyəti verilməlidir. Ali Sovet tərəfindən Konstitusiyaya yerli-yersiz dəyişikliklər və əlavələr edilməsi, səthi müzkirələr keçirilməsi yolverilməzdir. Son 6 ayın içərisində Konstitusiyanın 112-ci maddəsi bir-birini rədd edən bir neçə dəyişikliyə məruz qalmışdır. Bayaq çıxış eləyən deputatın dediyi kimi, bu, Naxçıvan camaatına bizim xəyanətimizdir, buna yol vermək olmaz. Şəxsiyyətlər gəlir, gedir, amma qanunlarımız əbədi olaraq qalır.

   Deputat Şahmərdan Cəfərov təklif etdi ki, 112-ci maddə Konstitusiyadan qanunsuz çıxarıldığına, millət vəkilləri aldadıldığına görə bu məsələ yenidən səsə qoyulsun. Naxçıvandan olan başqa bir deputat 112-ci maddə ilə əlaqədar Naxçıvanda gərgin vəziyyət yarandığını söylədi O tələb etdi ki, ləğv edilmiş 112-ci maddə yenidən müzakirəyə çıxarılsın, bərpa edilmək üçün səsə qoyulsun.

   Sədrlik edən Elmira Qafarovanın çıxış edən deputatın sözünü dəfələrlə kəsməsinə baxmayaraq, o, heç nəyə məhəl qoymayaraq çıxışını davam etdirdi. Hətta natiqin çıxış etdiyi mikrofon qapadılsa da, o, yenə çıxışını kəsmədi. Beləliklə də, zalda hay-küy başladı, səslər bir-birinə qarışdı. Elmira Qafarova sakitlik yaratmağa çalışsa da, alınmadı. Yerlərdən "Siz qarşıdurma yaradırsınız", "Siz orada oturmağa layiq deyilsiniz" kimi replikalar ucalırdı.

   Tribunada Rəhim Hüseynovun dayanmasına baxmayaraq, 4-cü mikrofondan deputat İsa Qəmbərov dedi: "Bayaq Naxçıvandan olan deputatlar bildirdilər ki, zalı tərk edib gedəcəklər, yerdən də bəzi deputatlar onlara dedilər: "Gedirsiniz gedin, lap yaxşı". Mən buna etirazımı bildirirəm. Biz bütün Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyırıq və Naxçıvan camaatı da bu xalqın ayrılmaz hissəsidir. Biz bu siyasətimizlə Naxçıvan camaatında bütövlükdə Azərbaycan xalqının hakimiyyət orqanlarına, Ali Sovetə qarşı, rəhbərlərin özünə qarşı nifrət hissini gücləndiririk. 20 yanvar hadisəsindən sonra müxtəlif qrupların nümayəndələrinin yaxınlaşması, birləşməsi prosesi gedir, indi isə parçalanma başlayıbdır..."

 

   (ardı var)

 

Teyyub QURBAN

Ekspress.-2014.- 8-11 mart.-S.-15.