"Biz avropalı deyilik..."

 

Musiqili Teatrın aktrisası Rəsmiyyə Nurməmmədova: "Əvvəllər komediya janrı ilə çərçivəyə salınırdıq"

 

Musiqili Komediya teatrı təmirə dayandığı son iki ildə fəaliyyətinə ara verməsə də, sanki, bir qədər mətbuatın diqqətindən kənarda qaldı. Bununlu belə, teatrda can qoyan aktyorlar yeni-yeni obrazlar yaratmaqda davam edirlər.

   Musiqili Teatrın aktrisası Rəsmiyyə Nurməmmədova sənəti, səsi, təbii ifası ilə tamaşaçıların sevdiyi sənətkarlarımızdandır. Aktrisa milli seriallardakı maraqlı oyunları ilə də bir daha özünü təsdiq edir.

   - Rəsmiyyə xanım, siz çətin həyat və sənət yolu keçmisiniz, ancaq heç bir zaman geriyə çəkilməmisiniz, ancaq irəli addımlamısınız. Hər yaradıcı insan çətinliyə dözə bilmir, siz bu gücü haradan tapırsınız?

   - Nahaq yerə deməyiblər ki, çətinlik olan yerdə dözüm, səbr varsa, deməli orda uğur da var. 1984-1989-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili Komediya fakultəsində təhsil almışam. Hələ tələbəlik illərində universitetin nəzdində Cahangir Məmmədovun rəhbərliyi ilə təsəsrrüfat hesablı teatr açılmışdı və mən də orda çalışırdım, Eyni zamanda proqramlara dəvət alırdım. Sonralar Hacıbaba Bağırovun rəhbərlik etdiyi Tənqid-Təbliğ Teatrında fəaliyyətə başladım və həmin teatrda ardıcıl olaraq yeni-yeni rollarla səhnəyə çıxdım. İlk rolum "Hələlik" tamaşasında Fənarə obrazı oldu, görünür, uğurlu alındığı üçün sonralar qazandığım uğurların davamı gəlməyə başladı. Sonralar Hacıbaba Bağırovun rəhbər təyin olunduğu Musilqi Komediya Teatrında sənətimə davam etdim. Ümumiyyətlə, bizim nəslin aktyorları, xüsusilə Hacıbaba Bağırovla birgə çalışan aktyorlar o illərdə bir çox uğurlara imza atdı. Bu, təsadüfi deyildi, Hacıbaba Bağırov kimi ustadlar gənc nəslin yetişməsi üçün, onun peşəkar olması üçün hər zaman geniş meydan açmağı bacarırdı. Bizim qarışımızda elə bir meydan açılmışdı ki, işimizin öhdəsindən layiqli gəlməməyə haqqımız belə yox idi.

   Rəhmətlik Hacıbaba müəllimi tanıyanların hər birinin bu gözəl insana böyük hörməti olub, çünki insan kimi insan, sənətkar kimi sənətkar idi. Sənətkarlar var ki, tərəfmüqabilini aşağı səviyyədə görər, tərəfmüqabilinə kömək etməz, ona obrazını tam olaraq açması üçün şərait yaratmaz. Ancaq Hacıbaba müəllim yenicə sənətə gələn ən gənc aktyorla belə tərəfmüqabili olmaqdan çəkinməzdi və həmin gəncin rolunu öz rolu səviyyəsinə yüksəldərdi. Məhz bu baxımdan ona böyük sənətkar adı yaraşır.

   - Məhz bu üstün cəhətlərinə görə, onunla çalışan bütün aktyorlar peşəkarlıq zirvəsinə yüksələ bildi. Bir zamanalar ərköyün, şıltaq qız obrazları yaradan Rəsmiyyə xanım hazırda ana obrazları ilə diqqəti çəkir. "Həyat sən nə qəribəsən" serialında yaratdığınız ana obrazını nəzərdə tuturam...

   - Öncə qeyd edim ki, bəhs etdiyiniz serialdan əvvəl "Qaynana" serialında sakit ana obrazı yaratmışam, hətta o qədər sakit ki, obrazın xarakteri mənim xarakterimlə üst-üstə düşmürdü, görənlər məni tanıya bilmirdi. Ancaq bu bizim işimizdir. Bir haşiyə çıxmaq istərdim. "Yeddi məhbusə" tamaşasına yəqin ki baxmısınız. Bu tamaşada Afaq Bəşirqızı ilə tərəfmüqabil işimiz çox yüksək səviyyədə alınıb. Bildiyiniz kimi, Afaq xanım tələbkar olduğu qədər də böyük sənətkarlığa malik bir aktrisadır. Onunla çalışmaq o deməkdir ki, qüsursuz bir araya-ərsəyə gətiriləcək. "Yeddi məhbusə" tamaşasında bir səhnə var ki, mən hündürlükdə olan çarpayının üzərindən yerə atılıram. Eləcə də uşaq tamaşalarında çox şıltaq, çevik rollar oynamışam. Və bu rolların hər biri hərəkətli rollar olub. Demək istədiyim odur ki, aktyor xarakterinə uyğun oldu-olmadı, bütün rolları canıyla-qanıyla oynasa, o zaman həmin rol təbii alınır, tamaşaçılar tərəfindən sevilir. Bütün bu rollardan sonra seriallarda çəkilmək, ana obrazları ilə diqqətdə dayanmaq artıq mənim sənət həyatımda bir dəyişiklikdir. "Həyat sən nə qəribəsən" serialı türk rejissoru Naci bəy və Ramin Nəbiyev tərərfindən çəkilir. Təbii ki, hadisələr bizim ölkədə, bizim adət-ənənəyə uyğun olaraq inkişaf etdirilir. Ancaq bir məsələni unutmamalıyıq ki, serial, kino reallığa yaxın olduğu qədər, bir o qədər də reallıqdan uzaqdır, sadəcə, düşüncə məhsulu kimi tamaşaçıların zövqünü nəzərə alaraq çəkilir. Bu serialda oynadığım ana obrazı çox zövqsüz, varı-dövləti olmasa da, varlılarla ayaqlaşmaq istəyən, özünü istədiyi kimi təqdim edən bir obrazdır. Bir qız anasıdır, qızının haqsızlıqlarına haqq qazandırır, bir sözlə öz aləmində olan bir qadın obrazı. Dəyişik xarakterə malik olan bir rolu canlandırmaq çətin olduğu qədər də çox məsuliyyətlidir. Bunun öhdəsindən nə dərəcədə gəlirəm, onu ancaq tamaşaçılar deyə bilər. Nahaq yerə deməyiblər ki, ən yaxşı tənqidçi tamaşaçıdır. Seriala gəlincə, tamaşaçılar tərəfindən baxılır, sevilir, deməli, istədiyimizə nail olmuşuq.

   - Dünya səviyyəli seriallarla müqayisə edilməkdən uzaq olsalar da, dövlətin milli seriallara maliyyə dəstəyi səviyyənin inkişafı üçün ümidlər yaradır...

   - Fikrinizlə şərikəm və inanıram ki, serialların sayı artdıqca inkişaf da artacaq, rəqabət də güclənəcək. Ümumiyyətlə, rəqabət olan yerdə inkişaf olur.

   - Deyirlər ki, aktyor üçün yaş həddi yoxdur, o özünü hansı yaşda hiss edirsə, elə o yaşda olan obrazı da oynaya bilər. Bu fikrə Sizin münasibətiniz necədir?

   - Yaş həddi aktyorun təcrübəsi deməkdir. Aktyor sənətə illərini verərək, fərqli obrazlar oynayaraq təcrübə qazanır. Təsadüfi deyil ki, təcrübəsi böyük olan aktyor gənclik illərində yaşlı obrazı, müəyyən yaş həddindən sonra isə gənc obrazları təbii oynamağı bacarmalıdır. Əlbəttə ki, rejissorun seçimiböyük önəm daşıyır, çünki obrazları aktyorlara həvalə edən, aktyoru istənilən obrazda görən məhz recissordu. Əgər rejissor rolu tapşırdığı aktyorun aktyorluq bacarığına əmindirsə, deməli istənilən nəticəni ala biləcək.

   - Hacıbaba Bağırov dünyasını dəyişdikdən sonra Musiqli Komediya Teatrının direktoru vəzifəsinə Əliqismət Lalayev təyin olundu. İxtisasca rejissor olan Əliqismət müəllim sənətin, aktyorun qədir-qiymətini bilən adamdır...

   - Tamamilə haqlısınız. Çox yüksək səviyyəyə malik mədəni bir insandır, kollektivi olduğu kimi qəbul edən, hamını diqqətdə saxlayanbütün şəraiti yaradan, sadəcə, bizdən yüksək ifa tələb edən bir direktordur.

   - Yenicə təmirdən çıxmış Musiqili Komediya Teatrı artıq Musiqili Teatr olaraq fəaliyyətinə davam edəcək. Bu ad dəyişikliyinə münasibətiniz necədir?

   - Zənnimcə, bu dəyişiklik teatrın xeyrinə olan bir dəyişiklikdir. Çünki əvvəllər sadəcə komediya janrıyla bir növ çərçivəyə salınırdıq, hazırda isə bütün janrlara müraciət edə bilərik. Bundan başqa, teatrımız yenicə təmirdən çıxıb, aktyor üçün bütün şərait yaradılıb. Təmirdə olduğu bu iki il müdətində o qədər çətinliklərimiz oldu ki, bunu sözlə ifadə etmək mümkün deyil. Çox şükür artıq çətin günlər geridə qalıb. Teatr yeni adıyla, yeni şəraiti ilə qapılarını üzümüzə açıb. Bizdən sadəcə bir şey tələb olunur, tamaşaçılarımıza layilqi ifa nümayiş etdirək, inanıram ki, bunun öhdəsindən gələcəyik. Artıq məşq proseslərinə başlamışıq, mart ayı üçün konsert proqramları hazırlayırıq, yəni yeniliklər çox olacaq.

   - Seriallara olan həvəs sizi teatrdan uzaqlaşdırmır ki?

   - Qətiyyən uzaqlaşdırmır, əksinə kənar çəkilişlərdə olanda teatrıma olan bağlılığım daha da artıq. Çünki Musiqili Teatr mənim doğma teatrımdır. Seriala gəlincə, aktyor dəvət aldığı hər bir rolu dəyərləndirməlidir əgər teatrın rəhbərliyi aktyorun kənar çəkilişlərinə şərait yaradırsa, o zaman demək olar ki, hər şey sənətə xidmət edir. Serial çəkilişləri mənim teatrda olan işlərimə mane olmur. Ümumiyyətlə, mənim gördüyüm işlər bir-birinə mane olmur.

 

   - Xarici seriallara baxırsınızmı?

   - Braziliya, türk seriallarına baxıram. Rusiya filmlərinə baxıram, ümumiyyətlə, Rusiyanın dublyajları məni çox qane edir. Çox təəssüf ki, bizim ölkədə dublyaj hələ zəif olaraq qalır. Ancaq bir vaxtlar bizim dublyaj çox güclü olub. Şahmar Ələkbərov, Rasim Balayev, Əminə Yusifqızı, Həsən Turabov, Həsən Məmmədov başqa sənətkarlarımızın səsləndirdiyi filmlər hazırda da ən gözəl sənət nümunəsi olaraq qalır. Əvvəlki dövrlə indiki dövrü müqayisə edərkən dublyajın necə zəif olduğunu görürük.

   - Bir neçə il öncə biz serial çəkmirdik, hazırda zəif olsa çəkilir güman ki, 5 il sonra daha böyük nailiyyətlər olacaq.

   - Hətta mən deyərdim ki, bir ilə kimi serialların yüksək səviyyəli alınmasında böyük inkişaf olacaq. Çünki buna maddi gücümüz çatır, sadəcə görmək lazımdır.

   - 25 ildir ki, teatrla nəfəs alırsınız, bu möcüzəli dünyanın içindəsiniz. Sizcə hazırkı dövrdə hansı mövzulara müraciət etməklə tamaşaçı diqqətində dayanmaq olar?

   - Hazırkı dövrdə eynilik, bayağılıq çoxdur bu, zövqsüzlüyə gətirib çıxarır. Yəni tamaşaçı qədər eyniliyə baxa bilər, buna son verilməlidir. Biz özümüzü vaxta qədər Avropaya oxşatmalıyıq, biz avropalı deyilik axı. Harda qaldı milli ruh, milli adətlər, ənənələr?

   - Bəlkə əvvəlki dövrdə çəkilən tamaşaların, filmlərin uğur qazanmasında əsas amil məhz milli ruhda çəkilməsi olub...

   - Baxmayaraq ki, Rusiyanın əsarətində idik, ancaq ən çətin anlarda belə milli ruha söykənmişik. 20 ildən artıqdır ki, çox şükürlər olsun ki, 70 illik əsarətimizə son qoyulub, müstəqil ölkənin müstəqil vətəndaşlarıyıq. Belə bir dövrdə Avropaya oxşamaqdansa, əksinə özümüzə oxşamalıyıq, çünki yenicə özümüzə qayıtmışıq. Bu baxımdan düşünürəm ki, əgər hazırda müraciət olunan mövzularda millilik əsas götürülsə, o zaman tamaşaçı marağı artar, tamaşaçı məhz öz telekanallarımıza baxar. Azadlığımızın, müstəqilliyimizin qiymətini bilməliyik.

 

  

Xədicə QİYAS

Ekspress.-2014.- 8-11 mart.- S.21.