"Hamı istəyir ki, dəyişiklik
bir gündə olsun"
Mikayıl Cabbarov: "Yalanla,
rüşvətlə, saxta sənədlə işə adam götürmək istəmirəm"
Təhsil naziri Mikayıl Cabbarov APA-ya müsahibə
verib. Müsahibəni ixtisarla oxucularımıza təqdim
edirik.
- Aprel
ayında sizin nazir kimi fəaliyyətinizin 1 ili
tamam olacaq. Bu müddət ərzində qarşıya
qoyduğunuz hansı məqsədlərə nail ola bilmisiniz? Qarşıdakı
illərdə təhsilin inkişafı sahəsində daha
hansı vacib tədbirlərin həyata keçirilməsi
gözlənilir?
- Bu müddət ərzində ən
başlıca məqsədləri müəyyənləşdirmişik
və onlar "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda
öz əksini tapıb. İstənilən
problemin həlli üçün məsələnin
düzgün qoyuluşu lazımdır. Sualları
düzgün qoymaq, problemi düzgün müəyyənləşdirmək
üçün ilk 10 ayın əhəmiyyəti əvəzolunmazdır.
Çünki burada məsələlərə
müəyyən mənada kənar baxış fenomeni var. Təbii
ki, insan müəyyən müddətdən sonra işlədiyi
yerdən asılı olmayaraq, mövzuları və məsələləri
ilkin ayların, həftələrin, günlərin kəskinliyi
ilə görmür, nələrəsə öyrəşir.
Düşünürəm ki, bu istiqamətdə vəziyyəti
aydınlaşdırmaq, təhsilin bütün pillələrində
mövcud vəziyyətlə tanış
olmaq çox böyük işdir. Yalnız
problemlərin qoyuluşu deyil, mövcud vəziyyətin istədiyimiz
səviyyəyə çatdırılması, müəyyən
istiqamətlər üzrə prioritetlərin
açıqlanması da eyni məqsədə xidmət edir.
Çünki yalnız təhsil sistemində,
nazirlikdə çalışan insanlar deyil, həmçinin cəmiyyət,
təhsil sisteminin iştirakçısı olan tələbələr,
şagirdlər, müəllimlər, valideynlər, bir sözlə,
bütün təbəqələr üçün bu,
çox mühümdür.
Ötən 10 ay ərzində
nazirliyin aparatında dəyişikliklər istiqamətində
müəyyən işlər həyata keçirilib. Hazırda nazirliyin fəaliyyətimizin ilk həftələri
və ayları ilə müqayisədə müxtəlif məsələləri
həll etmə potensialı daha yüksəkdir. Təhsil sahəsində olan problemlər, onların
həlli yolları dövlət başçısının,
eyni zamanda cəmiyyətin diqqət mərkəzindədir.
Bir çox hallarda təhsil sahəsi və
burada olan problemlərin həlli barədə hər kəs
öz rəyini bildirir. Bu təbiidir.
Çünki hər kəsin bu sahəylə
bağlı haqlı və legitim marağı var. Lakin təhsil
həqiqətən elə bir sahədir ki, burada keyfiyyətli
dəyişikliyin görünməsi üçün müəyyən
vaxt tələb olunur. Bir məsələ
də aydındır ki, istənilən keyfiyyətli dəyişikliyə
nail olmaq üçün biz ilk növbədə münbit
ab-havanı təmin etməli, təhsil atmosferinin şəffaflaşmasına,
təhsilalanın maraqlarının əsas götürülməsinə
nail olmalıyıq. Başqa sözlə,
idarə edənlərin mövqelərindən, təcrübələrindən
asılı olmayaraq, təhsilin bütün pillələrində
təhsilalanın maraqlarının qorunması təmin edilməlidir.
Təbii olaraq hesab etmirəm ki, hər hansı
peşəkar özü öz işini dəyərləndirməlidir.
Biz sadəcə, əlimizdən gələni
etməliyik. Görüləsi çox
işlərimiz var və hədəflərimizə çatmaq
üçün gələcəyə nikbinliklə
baxıram.
- Yeni təhsil strategiyasında məktəbə
hazırlıq təhsilinin (1 il)
icbariliyinin təmin edilməsi qeyd olunub. Erkən
yaşlı uşaqların məktəbəqədər təhsillə
əhatəsinin 90 faiz səviyyəsinə
çatdırılması və bu sahədə icbariliyin təmin
olunması üçün Təhsil Nazirliyi konkret hansı təkliflər
irəli sürür?
- Bu suala cavab verərkən ilk
növbədə bunun səbəblərindən başlamaq
istərdim. Nəyə görə belə bir məqsəd
qoyulub, bunun qoyulması ilə biz hansı maraqları təmin
etmək istəyirik? Sirr deyil ki, cəmiyyətdə
uşaqların davranışı, sosiallaşması, şəxsiyyətin
inkişaf etdirilməsi üçün zəruri olan keyfiyyətlərin
və xüsusiyyətlərin formalaşması məhz məktəbəqədər
təhsil sistemində baş verir. Başqa
sözlə, məktəbəqədər müəssisəyə
getmədən I sinfə gələn şagirdlə məktəbəqədər
müəssisədən orta məktəbə gələn
şagird arasında fərq hiss olunur. Bunun
istər təhsilin ilk illərinə, istərsə də
uşaqların uzunmüddətli təlim göstəricilərinə
çox aydın təsiri var. Qeyd etmək lazımdır ki,
bu mövzu digər problemlər kimi keçmiş Sovet
İttifaqından bizə miras qalan problemdir. Hətta Sovet İttifaqı dövründə də
Azərbaycanda uşaqların məktəbəqədər təhsillə
əhatə olunma faizi 25 faizi keçməyib.
Azərbaycanın
müstəqilliyinin ilk illərində Ermənistanın təcavüzü
nəticəsində bir çox məktəbəqədər
müəssisələrdə yurd-yuvalarından didərgin
düşmüş qaçqın və məcburi
köçkünlər məskunlaşıb, bir sıra
obyektlər dağılıb və köhnəlib. Ona görə biz bu gün Azərbaycanda mövcud
göstəricinin əhatə dairəsinin 15 faizə yaxın
olduğunu müşahidə edirik. Nəticə
etibarilə bizim I sinfə gələn şagirdlər Avropa
İttifaqında I sinfə gələn şagirdlərlə
müqayisədə artıq bir neçə addım geriləyir.
Bu da təbii olaraq ilk illərdə və
bütün təhsil boyu müəyyən akademik göstəricilərdə
özünü büruzə verir. Bu
baxımdan məzmunun, dərsliklərin, müəllimlərin
ümumi təhsil sistemində təkmilləşdirilməsi zəruri
və labüddür.
Məktəbəqədər
sistemdə bütün işlər iki əsas istiqamətdə
aparılmalıdır. Birincisi, məktəbəqədər
təhsillə əhatə genişlənməli və
göstərici 90 faizə çatdırılmalı, digər
tərəfdən isə məktəbəqədər təhsilin
məzmunu dəyişdirilməli və müəllim
hazırlığı təkmilləşməlidir. Məktəbəqədər təhsil şəbəkəsinin
genişləndirilməsi üçün müxtəlif vasitələrdən
istifadə edəcəyik. Bir tərəfdən
əminəm ki, gələcək illərdə dövlət
tərəfindən bu sahədə mühüm işlər
görüləcək. Yeni uşaq
bağçalarının titkintisi, mövcud olanların
genişləndirilməsi işləri aparılacaq. Digər tərəfdən, özəl sektor tərəfindən
bu fəaliyyətin həyata keçirilməsi
üçün sərmayələrin cəlb edilməsi məqsədilə
münbit şərait yaradılacaq. Artıq
cari ildən başlayaraq Azərbaycanda bu sahəyə sərmayə
yatıran və fəaliyyət göstərən
bütün özəl investorlara 10 illik çox əhəmiyyətli
vergi güzəştləri tətbiq olunur. Ölkənin məktəbəqədər təhsil
müəssisələrində tədris olunan məzmun,
metodikalar, onları tədris edən müəllimlərlə
də bağlı köklü dəyişikliklər edilməlidir.
Bu gün cəmiyyətdə
qəbul olunmuş üstün mövqe ondan ibarətdir ki,
uşaq bağçasının əsas rolu təhsil deyil,
baxımdır. Uşağın sağlam
olması, vaxtında keyfiyyətli qidalanması və s. Bunu da
xüsusi olaraq vurğulayıram ki, bütün təhsil
infrastrukturunda uşaqların sağlamlığı bizim
üçün əsas prioritet olmalıdır. Cəmiyyətin sağlam olmasının vacibliyini
izah etməyə ehtiyac yoxdur. Metodikaların,
məzmunun müasirləşməsinə, müəllimlərin
hazırlıq sisteminin təkmilləşməsinə
çox böyük ehtiyac var. Biz ardıcıl şəkildə
bu işi həyata keçirəcəyik. Düşünürəm
ki, bir tərəfdən məktəbəqədər şəbəkənin
genişlənməsi və buna paralel olaraq tələb
olunacaq müəlimlərin hazırlıq sisteminə yenidən
baxılması, təkmilləşmənin
aparılmasının paralel getməsi əslində bir
üstünlükdür. Bu, bizə müəyyən
mənada vaxt verir ki, həmin istədiyimiz təhsilin keyfiyyətini
məktəbəqədər təhsilə gətirə bilək.
- Məktəbəqədər təhsil
müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeçiliyinə
qaytarılması mümkün ola bilərmi?
- Biz məktəbəqədər
təhsildə 1 illik icbariliyi təmin etmək
üçün hazırda mövcud ümumtəhsil
infrastrukturundan istifadə imkanlarını öyrənirik. Yəni son illərdə yeni məktəblər
tikilib və ya əsaslı təmir olunub. Yeni uşaq bağçaları üçün
binalar tikilmədən imkan və şəraiti olan məktəblərin
özündə məktəbəqədər
hazırlığın təşkil olunması təmin ediləcək.
Biz bu imkanları da araşdırırıq.
Tədris metodikasına, müəllimlərin
hazırlığına gəldikdə, Təhsil Nazirliyinin
üzərinə müəyyən funksiyalar düşür.
Lakin məktəbəqədər təhsil
müəssisələrinin hansı dövlət
orqanının tabeliyində olması məsələsi Təhsil
Nazirliyinin səlahiyyətinə aid olan mövzu deyil.
- Bu ildən məktəb
direktorları və gələcəkdə bu vəzifədə
çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün
təlimlərə başlanıb. Təlimlərdə məktəb
direktorlarının iştirakı hansı səviyyədədir
və bu proses onlar üçün hansı əlavə
imkanlar yaradacaq? Gələcəkdə təhsili
idarəedənlərin işə cəlb edilməsində
konkret hansı yeniliklər tətbiq olunacaq?
- Bu təlimlərin keçirilməsində
məqsəd XXI əsr üçün tələb olunan Azərbaycan
Respublikası vətəndaşının təfəkkürünə
sahib olan, müasir dünyanın istənilən nöqtəsində
çalışa biləcək peşəkar keyfiyyətlərə
malik insanın yetişdirilməsi üçün idarəedənləri
hazırlamaqdır. Təhsilin idarəolunmasında
bir çox yeniliklərin tətbiq edilməsi nəzərdə
tutulur. Birincisi, həmin idarəedənlərin
hazırlığına toxunmalıyam. İdarəedənlərin
hazırlıq prosesində dəyişiklər həyata
keçiriləcək. Artıq bu işə
başlanılıb və xüsusi təlim proqramları
hazırlanıb. Bunun üçün ənənəvi
müəllimləri hazırlayan təhsil şəbəkəsində
islahatlar həyata keçirilir. Qeyri-səmərəli,
biz istədiyimiz nəticəni verməyən və yaxud verə
bilməyən müəllimləri hazırlayan tədris
müəssisələrinin ya gələcəyi barədə
müvafiq qərarlar qəbul ediləcək, ya da onlara qəbul
olan tələbələrin sayını o məqsədlə
azaldılacaq ki, mövcud olan resursları tam optimal şəkildə
istifadə edə bilsinlər, bununla da keyfiyyət yüksəlsin.
Təhsil sahəsində
islahatlar barədə danışdıqda, heç zaman
unutmamalıyıq ki, istənilən islahatın uğuru və
yaxud uğursuzluğu onu həyata keçirən insanların
peşəkarlığından asılıdır. İstənilən islahatı ən xoş niyyəti
olan, amma peşəkar hazırlığı və
bacarığı olmayan insanlara
tapşırdığımız halda, həmin islahatın
istədiyimiz nəticəni verməməsi riski çox
yüksəkdir. Başqa sözlə, idarəedənlərə
onların bacardığı, peşəkar bilikləri
çatdığı qədər iş həvalə oluna, səlahiyyət
verilə bilər. Bu da öz növbəsində
tələb edir ki, biz bu günün və yaxud gələcək
islahatda nəzərdə tutduğumuz funksiyaların yerinə
yetirilməsi üçün təhsili idarəedənləri
müvafiq şəkildə hazırlamalıyıq. Əgər biz biliyi olmayan insanlara bu funksiyaları həvalə
etmiş olsaq, islahatların uğur gətirəcəyinə
ümid edə bilmərik. Hamı istəyir ki, dəyişiklik
bir gündə, qısa müddətdə baş versin. Amma bizim marağımız odur ki, dəyişiklik
müsbətə doğru, davamlı və dayanıqlı
olsun. Sadəcə, bu gün "nazirliyin iradəsi və
baxışı budur" deyərək, sabah
"alınmadı" kimi məsələlərlə
rastlaşmayaq.
- Ötən il
müəllimlərin işə qəbulu üzrə
müsabiqənin nəticələri sizi qane etməyib. Ümumiyyətlə, bu gün ölkədə yeni
kurrikulum tətbiq edilir, amma gəlin etiraf edək ki, ən
çoxu 1 aylıq təlim kursları ilə müəllimləri
bu yeniliklərə uyğunlaşdırmaq mümkün deyil.
Sizcə, ölkədə pedaqoji kadrların
hazırlanması və onların müasir tələblərə
cavab verməsi üçün hansı tədbirlər
görülməlidir?
- Ümumiyyətlə, möcuzələrə
inanmaq olar, amma onlara arxalanmaq mümkün deyil. İstər
ölkədə yeni kurrikulumun tətbiqi, istər təhsil
sahəsində çox mühüm olan təhsil
strategiyasının qəbulu, istərsə də kadr dəyişikliyi
uğuru təmin edən yeganə amil ola
bilməz. İlk öncə hər bir uğurun
arxasında çox böyük əziyyət və zəhmət
durur. Spesifik misallardan biri odur ki, biz
2008-2009-cu tədris ilində təhsil sistemimizdə yeni
kurrikulumun tətbiq olunmasına başlamışıq.
Amma müəllimlərə "yeni kurrikulumun
tələbləri nədir, bu, onların işində,
peşəkar hazırlığında hansı yenilikləri
və hazırlıqları tələb edir" mövzusunda
təlim və tədris aparmağı unutmuşuq. Bunun hansı nəticələrə gətirib
çıxara biləcəyi aydındır. Təbii olaraq yeni kurrikulumun, məzmunun tələbləri,
yeni metodikaların daha fəal və peşəkar şəkildə
müəllimin hazırlıq mərhələsində tədrisi
və tətbiqi diqqət mərkəzində olacaq. İkinci məsələ ondan ibarətdir ki, biz hər
zaman müəllimin hazırlığı və məzmundan
danışırıq. Bu, çox
mühüm bir mövzudur və həmişə diqqət mərkəzimizdə
olacaq. Nə qədər ki, cəmiyyət
var, o qədər də təhsilin məzmunu və müəllimin
keyfiyyəti mövzusu haqlı bir sual olaraq qalacaq.
- Azərbaycanda müəllim
hazırlığı prosesində praktiki təcrübəyə
kifayət qədər yer ayrılmır. Gələcəkdə
müəllim ixtisası üzrə hazırlanan tələbələrin
məcburi şəkildə orta məktəblərdə təcrübə
keçməsinin tətbiqi hansı formada icra olunacaq? Bununla bağlı daha hansı tədbirlərin
görülməsi nəzərdə tutulur?
- Bu ildən məktəblərdə
müəllim hazırlığı ilə bağlı 2 əhəmiyyətli
yenilik tətbiq ediləcək. Düşünürük
ki, müəyyən müddətdən sonra bu, öz müsbət
təsirini göstərəcək. Belə
ki, ilk olaraq növbəti tədris ilindən cəmiyyətdə
"qeyri-prestijli" kimi qəbul olunan peşələrə
tələbələrin cəlb edilməsi üçün
xüsusi stimullaşdırma proqramları həyata
keçiriləcək. Bu ixtisasları həqiqətən
seçən və yüksək balla ora qəbul olunan
istedadlı gənclərə xüsusi müavinətlar, imtiyazlar,
daha yüksək təqaüdlərin verilməsi sistemi tətbiq
ediləcək. Yeni akademik ildən
başlayaraq bunlar tətbiq olunacaq və bu yaxınlarda
müvafiq rəqəmlər açıqlanacaq.
İkinci vacib məsələ
isə müəllimlərin praktik təcrübəsi ilə
bağlıdır. Müəllim hazırlığı
prosesində praktiki təcrübə mövcuddur, amma istədiyimiz
qədər yer tutmur. Biz
düşünürük ki, yaxın müddətdə
müəllim peşəsinə sahib olan məzunlar
üçün məktəblərdə bunu genişləndirək.
Belə bir təcrübə var və bu, təkcə Azərbaycanda
baş verən proses deyil. Müəllimin
formalaşması və yetişməsi üçün ən
yaxşı mühit məhz məktəbdir. Ali məktəbdə aldığı nəzəri
biliklərlə praktiki biliklərin sintezi ən düzgün
şəkildə məhz məktəbdə həyata
keçirilə bilər. Ona görə də
bir daha vurğulayıram ki, bir çox yeniliklər olacaq.
Amma orta müddətdə təhsilin keyfiyyətinə
təsir edə bilən amillərdən
danışırıqsa, ikincini xüsusilə vurğulamaq
istərdim.
- Ölkədə müəllim
çatışmazlığı ilə bağlı vəziyyət
necədir? Ümumiyyətlə, müəllimlərin
işə qəbulu ilə bağlı gələcəkdə
hansı yeniliklər gözlənilir?
- Vəziyyətin qəribəliyi
ondan ibarətdir ki, müəllim diplomu əldə edən
insanların sayı ehtiyacdan bir neçə dəfə
çoxdur. Nəzəriyyədə bu o deməkdir
ki, biz ən yaxşı müəllim seçimi imkanına
malikik. Amma obyektiv imtahan keçirdiyimiz
zaman görürük ki, vakansiyaların yarısını
doldura bilmirik. Əgər yenilik barədə
danışırıqsa, biz müəllimlər
üçün tələb olunan bilik səviyyəsini
aşağı salmayacağıq. Bu birmənalıdır.
Onun da səbəbi odur ki, biz ilk növbədə
təhsilin keyfiyyətini təmin etmək niyyətindəyik.
Hətta universiteti bitirmiş məzunların universitetdə təhsil
aldığı dövrdə bilikləri əldə etmək
imkanı olmayıbsa, imtahandan sonra keçən müddət
ərzində ali təhsilli insan hansısa
fənn üzrə müəllim işləmək istəyini
qarşıya məqsədi qoyursa, hazırlaşa bilər. Bu şanslar və imkanlar hər kəs
üçün açıqdır. Azərbaycanda
da urbanizasiya prosesləri geniş vüsət alıb. Bakı məktəblərində müəllim
vakansiyaları yoxdur, amma bir çox bölgələrdə hələ
də doldurulmamış yerlər var. Bunu nəzərə
alaraq dövlət tərəfindən stimullaşdırıcı
tədbirlər tətbiq olunur. Rayonlarda,
bölgələrdə fəaliyyət göstərəcək
müəllimlər üçün bu tədbirlər davam
etdiriləcək. Gələcəkdə nəzərdə
tuturuq ki, praktik təcrübə keçən müəllimlərə
işə qəbul zamanı daha çox üstünlük
verək. Bir sıra sistemli tədbirlər
hazırlanır ki, müəllimlərin sayının
çoxluğu ilə məktəblərdə
doldurulmamış vakansiyalar arasında disproporsiya aradan
qaldırılsın.
- Bu gün Azərbaycanda müəllim
hazırlığı ilə Azərbaycan Müəllimlər
İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti məşğul
olur. Ölkədə pedaqoji kadrların
hazırlanması istiqamətində Azərbaycan Dövlət
Pedaqoji Universiteti fəaliyyət göstərdiyi halda, Azərbaycan
Müəllimlər İnstitutunun fəaliyyət göstərməsinə
nə dərəcədə ehtiyac var?
- Ali təhsil sisteminin optimallaşdırılması
imkanlarını biz hər zaman araşdırmalıyıq. Bu gün biz universitetlərin birləşdirilməsi
məsələsini gündəmdə saxlamırıq. Lakin sizin sualınız çox məntiqlidir. Onun məntiqi ondan ibarətdir ki, biz hər zaman
optimal balansı seçib tapmalıyıq. Bir tərəfdən
resurslarımızın vahid mərkəzə
yığılması və buradan idarə olunması, digər
tərəfdən ali təhsil sahəsində
həyatın digər sahələrində olduğu kimi, rəqabətin
təmin olunması lazımdır. Təcrübə
göstərir ki, rəqabət istər-istəməz məhsulun
keyfiyyətinə təsir göstərir. Müəyyən
mənada təhsilə bir xidmət, məhsul kimi baxıla bilər.
Bütün resurslarımızın bir yerə
yığılması, orada vahid şəkildən idarə
olunması və ya rəqabətin nəticəsində keyfiyyət
göstəricilərinin artırılması dərin təhlil,
araşdırmalar, müzakirələr tələb edir.
- Bu il Azərbaycan
Müəllimlər İnstitutunun 4 filialına qəbulun
aparılması nəzərdə tutulmayıb. Ümumiyyətlə,
Azərbaycan Müəllimlər İnstitutunun fəaliyyətinin
tam dayandırılması və ya formatının dəyişməsi
mümkündürmü?
- Çox qabağa getməyək.
Düşünürük ki, bu mərhələdə
qəbul olunan qərarlar vaxtın tələblərinə
adekvatdır. Gələcəkdə bu məsələləri
dərindən müzakirə etməyə əlavə
imkanlarımız olacaq. Çünki bu, təhsil
sistemi üçün taleyüklü məsələdir.
- Təhsil Nazirliyinin
fəaliyyəti nəticəsində mütəmadi olaraq saxta
diplomlar aşkarlanır. Əsl sənədlərin
saxta yollarla vətəndaşlara verilməsi, həmçinin
saxta diplomların təqdim edilməsinin
qarşısını almaq üçün Təhsil
Nazirliyinin bundan sonrakı mövqeyi və görəcəyi
işlər nədən ibarət olacaq? Bu
günə kimi ölkədə neçə saxta diplom
faktı aşkarlanıb və onlardan neçəsi
hüquq-mühafizə orqanlarına göndərilib?
- Biz işə götürənik
və bizim sistemimizdə yüz minlərlə insan
çalışır. Onları işə götürərkən
tələb budur ki, ali təhsilli olsunlar. Ali təhsil barədə onların sənədlərini
yoxlayarkən biz qeyri-qanuni və yaxud saxta diplomun olduğunu
aşkarlayırıq. Çünki
müvafiq mərkəzi icra hakimiyyəti orqanı kimi
diplomların məlumat bazasına malikik. Üstəlik,
həmin diplomları vermiş təhsil müəssisələri
bizim tabeliyimizdə fəaliyyət göstərir. Ona görə də biz bu faktı görərək
buna biganə qala bilmərik.
Qanunu pozmaqla təhsil
sisteminə gəlmək istəyən şəxslər var.
Əgər insan cinayətə gedirsə və qanunu pozaraq təhsil
sisteminə gəlmək istəyirsə, işəgötürən
olaraq belə işçi bizə lazımdırmı? Saxtakarlığa yol verən insanları işə
götürməyəcəyik. Saxta sənəd
ümumilikdə təhsilin dəyərinin süni şəkildə
aşağı düşməsinə, onun əsaslarını
aşılanmasına gətirib çıxarır. İşəgötürən kimi bu məsələdə
bizim mövqeyimiz qətidir. Bizim mövqeyimiz ondan ibarətdir
ki, bu, qanuni şəkildə əziyyət çəkib
oxuyan, imtahan verən, diplom alan insanın,
orada fəaliyyət göstərən müəllimlərin,
professorların və digərlərinin, sistemin əleyhinə
baş verən hüquq pozuntusudur. Biz buna
qarşı reaksiya göstəririk və bundan sonra da göstərəcəyik.
Digər işəgötürənlər də təbii
olaraq Təhsil Nazirliyinə sorğu göndərərək,
onlara iş üçün müraciət edən
insanların ali təhsili və digər
pillələrdə verilən sənədlərin qanuniliyi barədə
maraqlana bilərlər. Bütün müraciətlər
araşdırılıb onlara cavab veriləcək. Ona görə də burada hər kəs öz məsuliyyətini
dərk edib düzgün siyasət həyata keçirməlidir.
Ekspress.-2014.- 8-11
mart.- S.5.