Əlillərin gəliri
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
işıqlandırılması
Əlillərin sosial müadafiəsinin gücləndirilməsinin ən səmərəli yolu onların gəlirlərinin davamlı şəkildə artırılmasıdır. Sağlamlıq imkanı məhdud olan bir insan lazımi gəlirə sahib olmadıqda o, gündəlik qayğılarının həllində digər insanlara nisbətən daha böyük çətinliklərlə üzləşir. Xüsusən də əlillik vəziyyəti daha ağır olan insanlar üçün bu hal keçərlidir. Buna görə də dövlət əlillərin sosial müdafiəsini gücləndirmək məqsədilə diqqəti ilk növbədə əlillərin gəlirlərinin artırılmasına yönəldir.
Əlillərin gəlirlərinin artırılması üçün dövlət hərtərəfli dəstək nümayiş etdirir. Bir tərəfdən əlillərin pul gəlirləri artırılır, onlara pensiya çıxmaqda güzəştlər tətbiq edilir, daha yüksək pensiya təyin olunur, müxtəlif müavinət və təqaüdlər verilir, digər tərəfdən isə əlillərə işə düzəlməkdə, mənzil və avtomobillə təminatda, müalicə almaqda, təhsildən güzəştli şərtlərlə istifadədə dəstək verilir. Hər iki formada gəstərilən dəstək ümumən əlillərin gəlirinin artmasına xidmət edir.
2002-ci ildən bəri əlillərin pul gəlirlərinin artması üçün çoxlu sayda qanun qəbul edilib, müxtəlif fərman və sərəncamlar verilib. Ötən müddətdə prezidentinin fərman və sərəncamları ilə əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 9,6 dəfə, sosial müavinətlərin məbləği 3,7 dəfə artırılıb.
Əlillərin pensiyası artır
Hazırda əlilliyə görə orta pensiya məbləği 147 manatı ötüb.
Dövlət əlillik statusu əldə edən şəxslərə pensiyaya daha tez çıxmaq və sosial müavinətlərdən istifadə etmək imkanı yaradıb. Cəmi 5 il əmək stacı olan əlil əmək pensiyasına çıxa bilər.
Azərbaycanda pensiyaçıların 338,213 nəfəri (2013-cü il) əlilliyə görə pensiya çıxanlardır. Onların sayı cəmi pensiyaçıların 26,6 faizini təşkil edir. 2009-cu ildə əlilliyə görə pensiya alanların sayı 301,66 min nəfər olub. Həmin ildə cəmi pensiyaçıların 23,6 faizi əlilliyə görə pensiya çıxanlar olub. Buradan görünür ki, əliliyə görə pensiya alanların cəmi pensiyaçılara nisbəti artır.
Əlilliyə görə təyin edilən pensiyaların aylıq məbləği 2013-cü ilin sonunda 147 manat təşkil edib. Həmin tarixdə pensiyaların orta məbləği 170 manat idi. 2009-cu ildə isə əlilliyə görə pensiyaların orta məbləği 95 manat, bütün pensiyalar üzrə orta məbləğ isə 96 manat təşkil edib. Buradan görünür ki, son illərdə pensiyaların orta məbləğindəki artımın sürəti əlilliyə görə təyin edilən pensiyaların orta məbləğindən daha yüksək olub. Əlilliyə görə təyin edilən pensiyaların orta məbləğinin artım sürətinin müqayisədə aşağı olması əlilliklə pensiya çıxanların sayında artımın yüksək olmasıdır. Son 4 ildə pensiyaçıların ümumi sayındakı artım məhz əlilliyə gərə pensiya çıxanların sayındakı artımdan asılı olub.
Lakin I qrup əlilliyə görə pensiya çıxanların pensiyalarının orta məbləği ümumi göstəricidən az deyil. Hətta I qrup gözdən əlillərin pensiyalarının orta aylığ məbləği isə 251 manat təşkil edib.
Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilib. Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinə əlavələr hesablanır.
Pensiyaçılarla bərabər 111 mindən çox əlil sosial
müavinət alır. Onların aldığı sosial müavinətin orta
məbləği 50 manatı ötür.
Bundan başqa sağlamlıq imkanları məhdud olan 18 yaşa qədər olan uşaqlara verilən müavinətlər də var. Müavinət alan əlil uşaqların sayı 63 mindir. Onlara verilən müavinətin orta məbləği 67 manat təşkil edir.
Vergi güzəştləri, müavinət və təqaüdlər
Əlillərin pul gəlirlərinin artmasında vergi güzətlərinin də payı var.
Əlillərin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilən son dəyişiklikdə əlillərin gəlirinin vergidən azad olunan məbləği artırılıb.
I və II qrup müharibə əlillərinin muzdlu işlə əlaqədar aylıq gəlirlərinin vergidən azad edilən hissəsi 400 manat müəyyən edilib. Bu məbləğdən az əmək haqqı alan I və II qrup müharibə əlillərindən vergi tutulmur.
I və II qrup əlilləri (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi alınacaq aylıq gəliri 200 manatdan başlayır.
Buradan
görünür ki, vergi güzəştlərinin tətbiq edilməsi
əlillərin gəlirinin artmasına əlavə köməklikdir.
Məsələn, I və II qrup
müharibə əlili 400 manat əməkhaqqı
aldıqda o 56 manat vergi ödəməkdən azad
edilir və həmin vəsait əlillin əməkhaqqısına
daxil olunur. Eyni maaşı əlil olmayan şəxs aldıqda ona çatan pul 344 manat olur.
Əlillərin pul gəlirlərinin
digər hissəsini sosial müavinət və təqaüdlər formalaşdırır.
Əlilliyə
görə müavinət
- əlillik "ümumi
xəstəlik", "hərbi
xidmət dövründə
xəstələnmə", "əmək zədəsi və peşə xəstəliyi", "hərbi
əməliyyatlar keçirilən
zonada olmaqla əlaqədar", "Çernobıl
AES-də qəzanın
ləğvi ilə əlaqədar" səbəbindən
baş verdikdə müavinət I qrup əlillərdə 67 manat,
II qrup əlillərdə
50 manat, III qrup əlillərdə 43 manatdır.
Əlillik
"Azərbaycan Respublikasının
ərazi bütövlüyünün,
müstəqilliyinin və
konstitusiya quruluşunun
müdafiəsi ilə
əlaqədar" və
"1990-cı ilin 20 Yanvar
hadisələri ilə
əlaqədar" səbəbindən
baş verdikdə I qrup əlillərə verilən aylıq müavinət 83 manat, II qrup əlillərdə 66 manat, III qrup əlillərdə 60 manat
müəyyənləşdirilib.
Əlillik
"Çernobıl AES-də
hərbi xidmətlə
əlaqədar" və
ya "hərbi xidmət vəzifələrini
yerinə yetirməklə
əlaqədar" səbəbindən
baş verdikdə I qrup əlillərə 77 manat, II qrup əlillərə 66 manat,
III qrup əlillərə
50 manat müavinət
təyin edilir.
Digər qruplar üzrə sağlamlıq imkanları
məhdud 18 yaşınadək
uşaqlara verilən müavinət 67 manat, ailə başçısını
itirməyə görə
müavinət 55 manat
müəyyən olunub.
Müharibə əlilləri həmçinin
45 manat kompensasiya da ala bilir. Bu müavinət 2002-ci ildə
ləğv edilən kommunal, nəqliyyat və s. güzəştləri
kompensasiya etmək üçün ayrılır.
Yuxarıda sadalanan müavinətləri
pensiya almayan əlillər istifadə edə bilir. Əmək fəaliyyəti ilə məşğul olub gəlir əldə edən əlillər isə bu müavinətlərin
bir hissəsindən yararlanmaq hüququna sahibdir.
Radiasiya qəzası nəticəsində
zərər çəkən
şəxslərə əlavə
olaraq hər il müalicə
üçün 195 manat
müavinət də təyin olunub.
Müharibə əlillərinə aylıq müavinətdən
əlavə prezident təqaüdü də verilir. Son artımla təqaüdün aylıq
məbləği I qrup
müharibə əlillərində
150 manat, II qrup müharibə əlillərində
130 manat, III qrup müharibə əlillərində
100 manat müəyyən
edilib. Bu təqaüddən
işləyən, işləməyən
və pensiya alan bütün
müharibə əlilləri
yararlana bilir.
Əlillərə
qeyri-maliyyə yardımları
Əlillərin gəlirinin digər
hissəsini qeyri-maliyyə
yardımları formalaşdırır.
Bura mənzil və avtomobillərin verilməsini,
müharibə əlillərinin
övladlarının ödənişli
təhsil haqlarından
azad edilməsini, əlillərin işə
düzəldilməsinə dövlət dəstəyini
aid etmək olar.
Əlillərin mənzillə təmin
olunması məqsədilə
son bir neçə ildə paytaxt Bakıda və regionlarda yeni çoxmənzilli yaşayış
binaları, o cümlədən
fərdi evlər tikilib. Mənzil və avtomobillər
bir qayda olaraq müharibə əlillərinə verilir.
Ümumilikdə, ötən illərdə
5 mindən çox əlil mənzillə təmin olunub. O cümlədən kənd
rayonlarında həyətyanı
sahəsi olan 750-dən
çox fərdi ev inşa
edilərək müharibə
əlillərinə verilib.
Hazırda hər il bir neçə yüz mənzil inşa olunaraq əlillərə verilir.
Eyni zamanda, 1998-ci ildən
indiyədək müharibə
əlillərinə 4 minə
yaxın avtomobil paylanıb.
Yalnız 2014-cü ildə müharibə əlillərinin
avtomobillə təmin
olunması məqsədilə
5 milyon manat vəsait ayırıb.
Ayrılan vəsait hesabına
növbədə olan
650 nəfərə yaxın
Qarabağ müharibəsi
əlillərinin hamısı
avtomobillə təmin
olunacaq.
Müharibə əlillərindən başqa gözdən əlillərə də mənzil verilməsi faktına rast gəlinir. İndiyədək gözdən əlillər
üçün 130 mənzilli
yaşayış binası
tikilərək istifadəyə
verilib. Gözdən əlillərə daha bir binanın
tikintisi yekunlaşmaq üzrədir.
Azərbaycan dövləti əlillərin
gəlirlərinin artmasına
xidmət edən daha bir addımı
təhsil xərclərinin
ödənilməsi ilə
bağlıdır. Ölkə
başçısının bir müddət öncə verdiyi fərmana əsasən Azərbaycanın ərazi
bütövlüyünün, müstəqilliyinin və
Konstitusiya quruluşunun
müdafiəsi zamanı
əlil olan vətəndaşların Azərbaycan
ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində və
orta ixtisas təhsili müəssisələrində
ödənişli əsaslarla
təhsil alan uşaqlarının təhsil
müddəti ərzində
təhsil haqqı dövlət büdcəsinin
vəsaiti hesabına ödəniləcək.
Əlillərin işlə təminatını
yaxşılaşdırmaq məqsədilə dövlət
əksər müəssisə
və təşkilatlar
qarşısında kvota
müəyyənləşdirib. 100 nəfərdən artıq
işçisi olan müəssisələrdə iş
yerlərinin 2-3 faizi məhz əlillər üçün ayrılmalıdır.
Kvotaya əməl olunmamasına
görə İnzibati
cəzalar nəzərdə
tutulur.
Beləliklə, indiyədək əlillər
üçün mühüm
tədbirlər görülüb.
Lakin hələ də ölkəmizdə əlillərin
sosial problemlərinin həlli məqsədilə
həm qanunvericilik sahəsində, həm də maddi təminat
məsələlərində təkmilləşdirilmə tədbirləri
görülməlidir.
Azərbaycan 2008-ci ildə "Əlilliyi olan şəxslərin hüquqları
haqqında" Konvensiyanı
və Konvensiyanın Fakültətiv Protokolunu ratifikasiya etməklə öz üzərinə mühüm öhdəliklər
götürüb. Öhdəliklərdən biri əlilliyi olan şəxslərin statusuna dair milli qanunvericiliyin həmin Konvensiyanın tələblərinə uyğunlaşdırılması,
qanunlarda əlilliyi olan şəxslərlə
bağlı ayrı-seçkilik
hallarının aradan
qaldırılması, əlilliyi
olan şəxslərin
cəmiyyətə tam inteqrasiyası
üçün real icra
mexanizminə malik olan qanunvericilik aktlarının qəbul edilməsidir.
Vasif CƏFƏROV
Ekspress.-2014.- 29-31
mart.- S.11