"Anar
getsə, ondan beş
dəqiqə qabaq gedəcəyəm"
Fikrət Qoca: "Yazıçılar Birliyində
yeriş ləngdir"
Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin
katibi Fikrət Qocanın APA-ya müsahibəsi
- Fikrət müəllim, uzun müddət kitabınız çap olunmadı. Bunun səbəbini imkansızlıqla əlaqələndirirsiniz. Açığı, xalq şairi və prezidentin xüsusi təqaüdçüsünün kitab çap etdirməyə imkanının olmaması bir az qəribə səslənir...
- Siz mənim maaşımın məbləğini bilsəniz, ümumi vəziyyətin necə olduğunu başa düşərsiniz. Maaşım təxminən 900 manata yaxındır, amma bundan gəlir vergisi də çıxılır. O ki qaldı sadaladığınız mükafatlara, məsələn, prezident təqaüdünə, "xalq şairi"nə, "Şöhrət" ordeninə, üç gündən bir toya gedirəm, qonaq-qara olur, xaricə səfərlərim və s. Bu xərclərin hamısı saydığınız fəxri adların, mükafatların hesabındandır. Televiziyalar məni verilişlərə çağırır. Məsələn, iki-üç saatlıq çəkiliş olur, amma bir abbası qonorar vermirlər. Axı, mən bundan ötrü danışıram, düşünürəm, hazırlaşıram, ürəyimi, beynimi sərf edirəm. Bütün bunlar olur qiymətsiz! Daha doğrusu, qiymətsiz yox, urvatsız! Evdə uşağıma deməyə utanıram ki, bunlar mənə pul vermirlər. Nəinki nəvələrimin, dünyada heç kimin ağlına gəlməz ki, bu qədər iş görəsən, adama pul verməyələr. Mənim şeirlərimə yazılan 500-ə yaxın mahnı var. Hansı toya gedirəmsə, görürəm üç-dörd mahnımı oxuyurlar. Axşama qədər radiolarda mənim mahnılarım oxunur, bunların müəllif haqqı var, axı!
- Müəllif Hüquqları Agentliyinin qarşısında niyə ciddi şəkildə məsələ qaldırmırsınız?
- Bilirsən, bu məsələ o qədər ağırdır ki, tək mənim gücüm çatmaz. Əvvəla, birbaşa mən desəm ki, mahnılarıma niyə pul vermirsiniz, onda alverçiyə oxşayaram. Yəni, bu qılığa girmək istəmirəm. Tək mənimlə iş düzəlmir. Deyirəm, sonra özümdən iyrənirəm. Əslində, onlar özləri qiymət verməlidirlər.
- Bu sizin haqqınızdırsa, niyə iyrənirsiniz?
- Bilirəm haqqımdır. Amma vəziyyət belədir də, yaşadığımız həyat budur. İkinci bir tərəfdən, gərək qaranı deyəndə, ağı da deyəsən. Mən gördüyüm yerdən danışıram, sən oturduğun yerdən hər şey fərqli görünür. Yəni, demək istəyirəm ki, güzəranım yaxşıdır. Qazanıb nə alacaqdım? Ev alacaqdım də! Ev-eşiyim var. Əvvəlki darısqal idi, prezidentə bir dəfə deməklə, sağ olsun, şəhərin yaxşı yerində geniş, üçotaqlı gözəl mənzil verdi. Əslində, bu, böyük puldur. İndi mənim o tərəfdən də dilim qısadır axı. Adama deyərlər, "pulu yığıb ev alacaqdın, evi mən vermişəm". Dövlətin pulu ilə mən İstanbulda, Ankarada müalicə almışam. Cavan vaxtı hamı məndən əlini üzmüşdü, rəhmətlik Heydər Əliyev işini-gücünü atıb məni Moskvaya apartdırdı, müalicəmlə məşğul oldu. Bu haqqı mən necə qaytara bilərəm? Nəsə durub desəm, aşağıda hamı gözünü yumacaq, yuxarıda o kişinin xatirəsinə toxunacaq. Axı, mən onun hesabına yaşayıram. Həkimlər mənə bir ay vaxt qoyanda, uşaqlarım yeddinci sinifdə oxuyurdular. İndi toyları olub, nəvələrim var. Bunlar zarafat iş deyil, bala! Belə şeylərin qədrini bilməyən adam durub küfr eləsə, günah qazanar ki, haqqı tapdalayır.
- Siz Yazıçılar Birliyinin katibisiniz. Bu məsələni bəlkə Mədəniyyət və Turizm Nazirliyi ilə Yazıçılar Birliyi qaldırsın?
- Birlik kimi biz
həmişə danışmışıq. Deyirlər, idarəni
qururuq. Bu, dərin,
çətin prosesdir. Sistem
elə dəqiq qurulmalıdır ki, saat kimi işləsin.
Əslində bu, hər kəsin mədəniyyətindən
asılıdır. Əvvəla, radioda məsul
olan şəxs mahnını efirə verəndə,
deməlidir ki, sözləri filankəsindir.
Həmin radionun da
mühasibatlığının mədəniyyəti
olmalıdır ki, beş
qəpikdir, on qəpikdir, onun
haqqını yazsın. Buna birlik nə etsin? Birlik gedib hamının
yanında durmalıdır? Əvvəllər qanun
vardı ki, kənardan gələn qonağa qonorarın 60 faizi
verilməli idi. Amma indi əksinə, kənardan gələn qonaqdan alırlar (gülür).
- Siz dolanışığın ağırlığından,
mahnı üçün beş-on
qəpiklik qonorardan danışanda, qəribə
paradoks yaranır: qurumu
tənqid edənlər mətbuatda birliyin
büdcəsinin məsul vəzifədə
çalışanlar tərəfindən mənimsənildiyini
yazırlar. Bu haqda nə
deyə bilərsiniz?
- Adam bir jurnalı-qəzeti çıxara bilmir, onda qala ki bu qədər jurnal-qəzet buraxasan. "Ədəbiyyat qəzeti" hər həftə çıxır. Nə qədər puldur. "Azərbaycan", "Ulduz" jurnalları var, rus dilində ədəbiyyat jurnallarımız çıxır. Bu orqanlarda çap olunanlara qonorar veririk. Biz də bu qaydanı pozsaq, onda kimdən şikayət edək? Bu qonorarlardan əlavə, çappulu, yerpulu, işıqpulu və s. var. Pul bizə ölçü-biçi ilə xəzinədarlıqdan verilir. Biz bunların heç birinə qol çəkib götürmürük. Mühasibat siyahını aparır, ona uyğun olaraq pulu götürür. Yəni, əgər belədirsə, biz o pulu kimdən alıb yeyə bilərik?
- Bəs niyə adamlarda belə rəy formalaşıb ki, AYB-də yeyinti var?
- Ona görə ki, ölkədə oğurluq var. Deyənlər də fikirləşir ki, Yazıçılar Birliyindəkilər bəyəm ala qarğadırlar? Hər kəs işlədiyi yerdən oğurlayır. Öyrəniblər, çoxdan öyrəniblər. Biz belə şeylərə əvvəldən dillənməmişik. Yazıçı oğurluq eləsə, əvvəla, narahat olacaq, qorxacaq ki, bunun üstü açıla bilər. Gecə yata bilməyəcək. Çünki həssas adamdır, onu yeyə bilməz, üz-üzə gələndə həmin adama görə qıpqırmızı qızaracaq. Yazıçı rüşvət aldığı adamın yanında necə haqdan danışa bilər?
- Bəlkə yazıçının oğrusu işini daha istedadla görür?
- Yox, o istedad
oğurluq tərəfə gedir, həmin adamda
yazıçılıq qalmır. Heç
nə əvəzsiz deyil, hər şeyə
görə cavab verməli olursan.
Qabaq bir prokuror rəhmətə getdi,
ailəsi danışırdı ki, səhər-səhər
evimizin qarşısında maşın bərkdən
tormoz verdi, onunla da kişinin
ürəyi dayandı. Sən demə, nəsə
alıbmış, elə bilib dalınca gəliblər.
Yazıçı özündən başqa
kimi desən, aldada bilər.
Ədəbiyyatçının tək qalmağından
çətin şey yoxdur.
Yorğanı çəkir başına, qalır tək. Ordan sonra harda
gizlənə bilər? Birdən səhv söz
dediyinə görə ürəyin az
qalır partlasın. Bu vəziyyətlə
yaşamaq olar? Ona görə o deyənləri,
yazanları oxuyanda, bilmirəm nə deyim.
- Aprel ayında qurultay keçiriləcək. İslahatların, dəyişikliyin mənzərəsini necə görürsünüz?
- Birlikdə çeviklik, qaynarlıq olmalıdır.
"Ədəbiyyat qəzeti" həftədə bir dəfə çıxır. Həftənin
birinci günü
dövlət səviyyəsində verilən qərarları bütün qəzetlər çap
edirlər. Bu qərarların şənbə
günü "Ədəbiyyat qəzeti"ndə
çıxmağına nə ehtiyac var? Yazıçılar Birliyində yeriş ləngdir.
Çalışacağıq ki, o çeviklik yaransın.
- "Çalışacağıq ki, o çeviklik yaransın" deməyiniz, rəhbərliyin və katibliyin dəyişməyəcəyi anlamına gəlir. Anar müəllim namizədliklə bağlı qərarını hələ açıqlamayıb. Yaxın dostu və katibi kimi sizdən soruşmaq istərdim: Anar namizədliyini irəli sürəcək?
- Bilirsən, əslində,
Yazıçılar Birliyi Anarın
hesabına qalıb. Başqa respublikalarda Mədəniyyət Nazirliyinin şöbəsi kimi
mövcuddur. Məsələn, Moskvada, Türkiyədə dörd
yerə bölünüb, dərnək səviyyəsinə
gəlib. Azərbaycanda isə sirr deyil ki, təşkilatı
Anar bacarığı, hörməti ilə
qoruyub saxladı. Sədrlik döşək
üstündə güləşmək, güc
göstərmək deyil ki,
cavan adam olsun. Burda təcrübə,
təmkin, dözüm nəfəsi
lazımdır. Bu keyfiyyətləri illərlə
yığıbsa, Anar sədrlikdən niyə
getməlidir ki? Getsə, bilmirik
axı necə olacaq.
- Belə başa düşdüm ki, namizədliyini vermək niyyəti var...
- Əlbəttə! Mən şəxsən istəyirəm Anar qalsın. Anar sədrlikdən getsə, mən ondan beş dəqiqə qabaq gedəcəyəm. Çünki başqa adamla nə işləyə bilmərəm, nə də işləmərəm. Mən burda Anara kömək edirəm. Məndən sədr çıxmaz. Əvvəla, xasiyyətimdə bu yoxdur. İkinci bir tərəfdən də, sədr olmaq istəmirəm. Anar mənə təklif etdi ki, köhnə dostuq, gəl kömək elə, işləyək. Bəzən burda elə anlar olub ki, çıxıb getmək istəmişəm.
- O anları bizimlə bölüşmək istərdinizmi?
- Olur da, iş prosesidir,
iş olan yerdə mübahisə olur. Əlbəttə, Anarla mübahisəm
düşməyib, amma
başqa yoldaşlarla
olub.
- Anar növbəti dəfə sədr seçilsə, siz də katib
qalacaqsınız?
- Anara lazım olsam, bəli, mən də qalacam.
- Gələn il 80 yaşınız
olacaq...
- 80 yaşımda
olanda, baxarıq da. Onda əlimdə sənəd
olacaq ki, mənim 80 yaşım var (gülür).
- Kadr dəyişikliyi olsa, əsas postlarda kimləri görürsünüz?
- Vallah, tək mənim görməyim heç nəyi həll eləmir. Mən kiməm ki,
deyəm filankəs yaxşıdır, filankəs
pisdir. Yaxşının yaxşı olduğunu
yığışıb sübut
etməliyik. Bura mənim
evim yox, 1600 nəfərin birliyidir.
Birlikdə böyük-kiçik yoxdur, orda hamı
eynidir. Mən başqalarının da nə istədiyini
bilməliyəm, özlüyümdə
müqayisə etməliyəm.
Gənclər mütləq cəlb
olunacaq, onlara şərait yaradılacaq.
Gənclərin təqaüdü də var.
- O təqaüd
nəyə görə
daha çox söz-söhbətə səbəb
olur?
- Özləri
edirlər, tələsirlər.
Gələnlərin hamısı deyir
ki, mənim axırımdır. Bu, axır yox, başlanğıcdır. Təqaüd
qurtarandan sonra nə ilə yaşayacaqsan? Heç kəs
nizam-intizam gözləmir,
tələsirlər. O vaxt istedadlı adamların bir qismini həmişəlik təqaüd siyahısında
saxlamaq olardı. İndi ki belə
başlamışıq, gərək
siyahı hər il dəyişsin.
Əgər ittifaqın
üzvüdürsə, nə
bilirsən gələn
il nə
yazacaq? Yazıçı toyuq deyil ki, gündə yumurtlasın. Hətta toyuq
da arada fasilə verir.
- Amma o siyahını doldurmaq üçün istedadsızların
da adı yazılır...
- Daha nə edək? Onsuz, istedadsız da istedadlıya deyir ki, o nə yazır?
- Gənclərdən
kimi oxuyursunuz?
- Adlarını
çəkməyəcəyəm. Sonra peşman oluram. Bizdə bir Əyyub Zamanov vardı, uşaq şairi idi, onu heç kim saymırdı.
Qocalan vaxtı birdən "Zəngəzur"
romanını qoydu ortalığa, hamı pərt oldu ki, indiyə qədər saymamışıq,
amma gör, ortalığa nə qoydu...
Ekspress.-2014.- 29-31
mart.- S.21.