"Teatr bir elmdir"
Əməkdar artist Sabir Məmmədov:
"Teatra əyləncə
məkanı kimi baxmaq olmaz"
Akademik Milli Dram Teatrının aparıcı aktyoru, əməkdar artist Sabir Məmmədov illər uzunu xırda rollarda oynaya-oynaya öz sözünü deyəcəyi zamanı səbrlə gözləyib, rejissorlardan əsas rolu qoparmaq üçün heç bir intriqaya getməyib. Artıq rejissorlar baş qəhrəman rollarını ona həvalə edirlər.
- Sabir müəllim, necə oldu ki, aktyor olmaq həvəsinə düşdünüz? Özünüzdə bu həvəsi nə vaxt hiss etdiniz?
- Mən
qazaxlıyam və bizim bölgənin
insanları ədəbiyyatı, teatrı çox
sevirlər. Elə orta məktəb illərindən
teatra böyük maraq göstərmişəm. Bu
səbəbdən də məktəbi bitirəndən sonra sənədlərimi Mədəniyyət
və İncəsənət Universitetinin
aktyorluq fakültəsinə verdim və qəbul olundum.
Sənət müəllimim rəhmətlik Həsənağa
Turabov idi və mənim
aktyor olmaq fikrim əslində məhz ona
görə qətiləşdi. Həsənağa Turabov mənə teatrı sevdirdi.
Həsənağa müəllimin bizə olan sevgisi və öyrətmək
həvəsi məndə bu sənətə,
yəni peşəkar aktyor olmağa ikinci dəfə
həvəs oyatdı. Allah ona qəni-qəni rəhmət eləsin, çox istəyirdi ki, tələbələri
əsl aktyor kimi
yetişsinlər. Ona görə də
biz həvəslə
çalışırdıq.
- Sumqayıt Dövlət Teatrının sizin yaradıcılıq həyatınızda böyük rolu var. Çoxumuz Sizi bu teatrın səhnəsində tamaşaya qoyulan "Bəxt üzüyü"ndəki Hüseyn rolu ilə tanıdı.
- İnstitutu bitirəndən sonra təyinatımı Sumqayıt Teatrına verdilər. O vaxt aktyorları teatrlara təyinatla göndərirdilər. Bizimlə eyni vaxtda qurtaranlardan təkcə Mətanət Atakişiyevanın təyinatı "Azdrama"ya verildi.
- Məncə, desəydiniz, Həsənağa Turabov Sizin Akademik Milli Dam Teatrına təyinat almağınıza kömək edərdi...
- Biz təyinat alanda Həsənağa müəllim hələ "Azdrama"nın bədii rəhbəri və direktoru deyildi. Həm də o dövrdə beləydi ki, ən azı üç il təyinatla işləməliydin. Sumqayıt Teatrının gerçəkdən də mənim həyatımda xüsusi bir yeri var. Hamı məni Hüseyn rolu ilə tanıdı. Bir məsələ var ki, tamaşa çox uğurlu alınmışdı və orda iştirak edən aktyorların hamısı "Bəxt üzüyü"ndən sonra birdən-birə məşhurlaşdılar. Doğrudur, mən deməzdim ki, bu bir təsadüfdür. Hər aktyorun taleyində belə bir obraz olur. Elələri var ki, bu rol onların bəxtinə tez çıxır, bəzilərinə də gec. Mənim də bəxtimə "Bəxt üzüyü" tamaşasındakı Hüseyn obrazı düşüb. Amma mən buna o qədər də önəm vermirəm. Onsuz da aktyor olmaq istəyən nə vaxtsa həmin rolu tapacaq. Mən bu uğuru daha çox Vaqif Səmədoğlunun dramaturgiyası ilə əlaqələndirirəm.
- "Azdrama"ya gəlişiniz necə baş tutdu?
- Rəhmətlik Həsənağa müəllim özü məni bu teatra dəvət etdi. Mən də elə o dəqiqə qəbul etdim. Amma təəssüf ki, onunla bir tamaşada oynamaq mənə qismət olmadı...
Akademik
Milli Dram Teatrına gələndən
sonra Sumqayıtdakı məşhurluğum
yaddan çıxdı, burada
mən hər şeyə sıfırdan başlamalı oldum. Neçə müddət
kütləvi səhnələrdə çıxdım, sonra dublyor oldum.
Özü də əvvəlcədən
nəzərdə tutulan dublyor
kimi yox, bəzən olurdu ki, qəfildən
deyirdilər ki, filankəs sabah
tamaşada oynaya bilməyəcək
və məni bir günə
hazırlayıb onun yerinə səhnəyə
buraxırdılar. Belə-belə, günü-gündən
yetişə-yetişə bu səviyyəyə
gəlib çıxdıq. Mənə Akademik Milli Dram Teatrında heç nə asan başa
gəlməyib.
- Siz son zamanlar diqqətinizi dublyaja yönəltmisiniz...
- O da bizim işimizdir. Yəni aktyorun fəaliyyət dairəsinə dublyaj da daxildir.
- Aktyorluq fakültəsində təhsil
alan tələbələrin
böyük əksəriyyəti
teatrda çıxış
etməkdən çox,
filmlərə çəkilməyi
arzulayır. Nə əcəb kinorejissorlar
sizin bacarığınızdan
bəhrələnmək istəmirlər?
- Niyə ki, kinolara da
çəkilmişəm. Sadəcə,
indi kinolar az çəkilir,
ona görə mən də çəkilmirəm.
- Bu gün Azərbaycan teatrının
problemlərindən biri
gənc kadrların çatışmazlığıdır. Gənc obrazları 40-50 yaşlı
aktyorlar yaradırlar.
Ümumiyyətlə, Sizin dövrün
gəncləri ilə
indikiləri nə fərqləndirir?
- Mənim fikrimcə, elə indiki gənclər də aktyor olmağa böyük maraq göstərirlər.
Sadəcə olaraq onlar bir az əziyyətə qatlaşmaqdan çəkinirlər.
Amma kimin ki arzusu var,
yəqin həmin adam əziyyətlərə
sinə gərib özünü aktyor kimi yetişdirəcək.
O ki qaldı gənc obrazları yaşlı aktyorların yaratmasına, elə rollar var ki,
onları 40 yaşdan sonra da oynamaq
mümkündür. Peşəkarlıq baxımından belədir.
Götürək Hamleti,
bu rolu 25 yaşlı aktyorun oynaması qeyri-mümkündür...
- Amma Həsənağa Turabov təxminən elə o yaşda oynamışdı...
- Həsənağa
müəllim Hamleti oynayanda, yaşı 25-dən
yuxarı idi. Bir də ki, o, Həsənağa Turabov idi. Elə fövqəladə istedada malik aktyorlara da az-az
hallarda rast gəlinir. Digər tərəfdən, Hamlet kimi rolları gənc aktyora həvalə etmək rejissor üçün böyük risk tələb
edən addımdır.
- Son illərin
tamaşaları süni
təəssürat bağışlayır.
Sizcə,
bu sünilik quruluşdan irəli gəlir, yoxsa ssenaridən və ya aktyor oyunundan?
- Sünilik deyəndə, bilmirəm nəyi nəzərdə tutursan. Amma teatra gələn adam bilir
ki, teatra gəlir. İkincisi də, tamaşanın
canlı, orijinal alınması üçün
həm ssenari, həm quruluş, həm də aktyor oyunu biri-biri
ilə harmoniya yaratmalıdır. Burada tamaşanın
musiqisindən, səhnə
tərtibatından da çox şey asılıdır. Ona görə
də, dediyiniz ittihamı təkcə aktyorların və yaxud da rejissorların
üzərinə yıxmaq
düz deyil. Tamaşanın hazırlanmasında
iş kompleks şəkildə aparılmalıdır,
əgər bu vəhdət pozulursa, tamaşa sizin dediyiniz kimi, süni alınır.
- Teatr aktyor Sabir Məmmədov
üçün hansı
anlamı daşıyır:
adi iş yeri, yoxsa "Azdrama"nın qarşısında quraşdırılmış
böyük afişada
yazılan kimi "məbəd"?
- Bəli, teatr məbəddir. Amma mənim fikrimcə, teatr elitar bir
yerdir. Teatra gələn tamaşaçılar
seçilmişlərdir. Teatrı şou və yaxud digər əyləncələrin nümayiş
etdirildiyi məkan kimi başa düşmək yanlışlıqdır.
Ümumiyyətlə, teatr bir elmdir. Təkcə Stanislavskinin bu
elmlə bağlı
8 cildlik kitabı var. Teatrla bağlı qalaq-qalaq kitablar yazılıb. İnanın ki, rəhmətlik Həsənağa Turabov bizə bu kitabların
əksəriyyətini oxutdurub.
Bu səbəbdən mən aktyorluğa elmi əsaslarla formalaşmış peşə
kimi münasibət göstərirəm. Teatr bir
elmdir. Və indi də teatr sənətilə bağlı elmi araşdırmalar davam edir, yeni tamaşa
formaları, yeni metodlar işləyirlər.
Tamaşanın psixoloji, etik-estetik
yönlərini, tamaşaçıya
təsir formalarını
arayıb-axtarırlar. Tamaşalar barəsində elmi işlər yazılır.
O cümlədən, aktyorluq
sənəti, rejissorluq
sənəti də ayrı-ayrılıqda elmdir.
Ona görə də, teatra əyləncə məkanı kimi baxmaq olmaz.
- Bəs nə üçün yüngül şoular teatr tamaşalarını
qabaqlayır və daha çox tamaşaçı kütləsi
cəlb edir?
- Şou
çoxsaylı insan kütləsini əyləndirmək
üçün nəzərdə
tutulur, teatrın isə öz tamaşaçıları olur.
Bayaq dedim ki, teatrın tamaşaçıları yüksək
intellektə malik seçilmiş insanlardır.
- Sizcə, üç tərəfi bağlı, bir tərəfi açıq
olan balaca bir məkanın - səhnənin gücü
nədədir ki, insanları özünə
cəlb edir?
- Səhnə tamaşadakı obrazların
ruhu yaşayan bir məkandır. Hər bir pyesdə dramaturqun ruhu var, bu da
rejissor və aktyorlar tərəfindən
tamaşaçılara səhnə
vasitəsilə ötürülür.
Təsəvvür edin, tamaşaçı
aktyorun yaratdığı
obraza baxıb özü haqda düşünür. Xarici
görünüşündən tutmuş, mənəviyyatına
qədər...
- Teatrın mənəvi tərəfindən
danışdıq, indi
də keçək maddiyyat məsələsinə.
Yaxşı tamaşanın hazırlanması
üçün yaxşı
da pul, vəsait
lazımdır. Habelə aktyorun
özü maddi cəhətdən təminatlı
olmalıdır. Bu fikirlə razısınız?
- Əvvəla,
səhnədə belə
şeylər adamın
yadından çıxır.
Səninlə söhbətdən sonra səhnəyə çıxacağam. Bütün elədiyimiz
bu söhbətlər
elə burada qalacaq, səhnəyə çıxanda mən artıq Sabir Məmmədov kimi yox, "kefli İsgəndər" kimi
düşünəcəyəm. İkincisi də, bu sənətdə
maddi problem həmişə
olub və olacaq. Və bu sənəti
maddiyyatla ölçmək
düzgün deyil.
Onu da deyim ki,
istedadı olan öz maddi vəziyyətini
qura bilir. Bununla bağlı yaşanan əzablar geridə qalır. Əgər aktyor bütün
diqqətini sənətinə
yönəldirsə, sənətdən
onun əvəzini alır.
AYXAN
Ekspress.-2014.- 1 may.-S.15.