Azərbaycanın beynəlxalq
münasibətlər sistemi və Heydər
Əliyev şəxsiyyəti
Azərbaycanın xarici siyasətinin yenidən qurulması, beynəlxalq münasibətlər sistemində öz yerini tutması Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan xarici siyasətinə çoxvariantlılığı, tarazlaşdırılmış siyasət gətirdi. Azərbaycanın maraqları dəqiq müəyyənləşdirildi. Azərbaycan dövlətinin strateji tərəfdaşları, mehriban qonşuları və ortaqlarının kim olması bəlli oldu. Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan Avropa Şurasının üzvlüyünə qəbul edildi. Bir çox təşkilatlarda fəal iştirak etdi. Bir sözlə, bugünkü Azərbaycanın xarici siyasətinin fundamental əsasları Heydər Əliyev tərəfindən qoyuldu.
Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti Vəliyulla Cəfərov hesab edir ki, 1969-cu ildən üzü bəri Azərbaycanın keçdiyi inkişaf yolunun dünyaya tanıdılmasına Heydər Əliyevin böyük və əvəzsiz rolu var. H.Əliyevin 1993-cü ildə, çox çətin bir dövrdə Azərbaycanda siyasi hakimiyyətə qayıtdığını deyən V.Cəfərovun fikrincə, onun hakimiyyətə qayıdışı dünya dövlətlərinin diqqət mərkəsində idi: "Onun şəxsiyyətinə maraq hədsiz dərəcədə böyük idi. Çünki o böyük siyasi xadim, SSRİ-də böyük bir vəzifənin sahibi olmuş bir insan kimi bu dəfə qayıdışı ilə həm supergüclərin, həm regional dövlətlərin maraq mərkəzində dururdu. Təbii ki, Heydər Əliyevin ilk günlərdən qarşıya qoyduğu məqsəd dövlətimizin suverenliyinin, ərazilərinin sahibi olduğunu nümayiş etdirmək idi. Bu istiqamətdə Heydər Əliyev öz çıxışlarında, bəyanatlarında birmənalı şəkildə bildirdi ki, Azərbaycan öz suveren hüquqlarının qorunması üçün bütün qüvvələrini səfərbər edəcək və öz torpaqlarının işğal faktı ilə heç vaxt barışmayacaq. Bu əsasda Heydər Əliyevin digər dövlətlərə səfərləri başladı. Deyim ki, siyasi, diplomatik münasibətlər məhz Heydər Əliyev şəxsiyyətinin önəmi nəticəsində geniş bir diapazon aldı və bizim xarici dövlətlərlə diplomatik münasibətlərin coğrafiyası günü-gündən genişləndi. Heydər Əliyev bu məsələlərdə müəyyən çətinliklərlə də üzləşə bilirdi. Xüsusilə təcavüzkar Ermənistanın torpaqlarımızı işğal faktı Heydər Əliyevin bu problemlərə sonsuz dərəcədə diqqətlə yanaşmasını və cəsarətlə öz fikirlərini ortaya qoyması faktını təsdiqləyirdi. ATƏT-in Lissabon, İstanbul sammitlərində dövlətimizin rəhbəri birmənalı şəkildə bildirdi ki, Azərbaycan suveren dövlət olaraq dünya dövlətləri ilə qarşılıqlı faydalı bağlantılar əsasında əməkdaşlıq etməyə hazırdır, lakin münaqişənin həlli üçün beynəlxalq ictimaiyyət öz səyini əsirgəməməlidi. Dəfələrlə Minsk qrupunun həmsədrləri ilə görüşlərində, BMT-nin ali tirbunasında çıxışlarında Heydər Əliyev Azərbaycanın bugünkü dünya birliyində yerini çox sistemli, mənqiqi şəkildə dünya dövlətlərinin rəhbərlərinə çatdıra bildi. Ona görə də bu arada baş verən proseslər bizim tərəfimizdən müsbət qiymətləndirilir. Biz də ulu öndərin irsinin tələbələrə tədris olunmasında mühüm addımlar atırıq. Yazdığımız bütün kitablarda Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün göstərdiyi bütün səyləri ardıcıllıqla işıqlandırmağa çalışırıq".
H.Əliyevin dünya liderləri arasında xüsusi sayğıya malik olan şəxsiyyət olduğunu qeyd edən V.Cəfərov bildirir ki, onun nüfuzu Azərbaycanın problemlərinin həllində də mühüm əhəmiyyət kəsb edirdi. O, buna misal kimi Mərakeşdə H.Əliyevin İslam Konfransı Təşkilatının toplantısındakı çıxışını xatırlatdı: "Heydər Əliyev Azərbaycanın həm də İslam dəyərlərinə sadiq bir dövlət kimi böyük ərəb dünyası ilə əməkdaşlığının prinsiplərini, onun istiqamətlərini çox böyük məharətlə diqqətə çatdırdı. Əlbəttə, bundan sonrakı dövrlərdə bizim bir çox dövlətlərlə - Misir, İordaniya, İraq, Liviya və digər dövlətlərlə qarşılıqlı münasibətlərimiz yüksək səviyyəyə çatdı. Bu, Heydər Əliyevin böyük siyasi uzaqgörənliyi və hadisələri öncədən dəyərləndirmək qabiliyyətindən soraq verir. Çünki İslam Konfransı Təşkilatı Ermənistanı təcavüzkar kimi tanıyan ilk beynəlxalq qurum idi. Təbii ki, Heydər Əliyev bu faktı çox incəliyi ilə vurğuladı və gələcəkdə də İslam Konfransı dövlətlərinin Azərbaycanla münasibətində çox müsbət meyllər ortaya çıxdı. Hətta Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçiləndə də səsvermədə və yaxud Qarabağ probleminin BMT çərçivəsində müzakirəsi zamanı səsvermədə bu dövlətlər çox fəal iştirak etdilər və Azərbaycanı dəstəklədilər".
V.Cəfərov hesab edir ki, H.Əliyev böyük şəxsiyyət olaraq gələcəkdə də Azərbaycanın xarici siyasət prinsiplərinin müəyyənləşdirilməsində öz əməyini sərf edib. "Bu gün Azərbaycanın beynəlxalq aləmdəki imicini və nüfuzunu gördükcə, bir azərbaycanlı kimi rəğbət hissi keçiririk. Ulu öndərin qoyduğu enerji siyasəti bu gün Azərbaycanın bütün Avropa üçün önəmli bir dövlətə çevrildiyini bir daha təsdiqləyir. Heydər Əliyev bir siyasətçi olaraq ölkəmizin xarici dövlətlərlə münasibətinin prioritet istiqamətlərini ortaya qoyarkən hər dəfə Azərbaycanın maraqlarını maksimum səviyyədə təmin olunması üçün öz əməyini əsirgəmirdi. Bu əsasda da region dövlətləri ilə, yaxın-uzaq dövlətlərlə münasibətlərdə Azərbaycan öz balanslaşdırmış siyasətini ortaya qoydu və bu çox uğurla Azərbaycanı irəli aparan siyasət oldu. Azərbaycan öz neft-qaz kəmərlərinin Avropaya çatdırılmasında israrlıdır və bu layihələr çox uğurla həyata keçirilir. Bu, gələcəkdə də Azərbaycanın iqtisadi gücünün nümayiş etdirilməsi üçün mühüm bir faktor olacaq".
V.Cəfərovun fikrincə, H.Əliyev şəxsiyyətindən danışarkən onun türk dövlətləri ilə münasibətlərinə xüsusi önəm verilməlidir. "Bu günlərdə prezident İlham Əliyevin Praqada səsləndirdiyi fikir Türkiyədə rəğbətlə qarşılandı. Dünya mətbuatı buna xüsusi diqqət ayırdı. İlham Əliyev cənabları dedi ki, Türkiyə burda yoxsa, mən burdayam. Yəni birmənalı şəkildə bildirdi ki, Azərbaycanla Türkiyə dost, qardaş dövlətlərdir. Bu dövlərlərin dostluğunun, qardaşlığının təməlində də Heydər Əliyev şəxsiyyəti dayanıb. Vaxtilə bizim diplomatik protokolda o qədər də vərdiş etmədiyimiz müraciət formaları arasında belə bir müraciət var idi: əziz dostum və qardaşım. Bu, Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirələ ünvanlanan müraciət idi. Yəni bu müraciətin özündə iki xalqın, iki dövlətin nə dərəcədə bir-birinə yaxın olması özünü açıq şəkildə göstərir. Bundan sonrakı dövrlərdə də Azərbaycanın digər tükdilli dövlətlərlə əməkdaşlığı yeni mərhələyə qədəm qoydu" - V.Cəfərov dedi.
Milli
Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin
üzvü, deputat Zahid Oruc isə hesab edir ki,
Heydər Əliyevin hakimiyyəti dövründə ilk növbədə milli maraqlar anlayışı müəyyənləşdi.
"Yəni Azərbaycana əsas təhlükələr nədən
ibarətdir və bunların mümkün
olanları aradan qaldırılması necə
reallaşa bilərdi. Ona
görə də Heydər Əliyev ilk
növbədə Müstəqil Dövlətlər Birliyinə
üzvlük qərarını verdi. Bundan başqa,
Azərbaycanın əsas təbii resurslarının Avropaya çıxarılması xətti seçildi və bu illər
ərzində regionun bütün
sərvətlərini ələ keçirən dairələrin
maraqlarını çəkindirməkdə mühüm
bir vasitə oldu. Həmçinin Azərbaycan artıq bir
şərq ölkəsi kimi, sadəcə
bir müsəlman dövləti olaraq geridə qalmaq və
həyatını yalnız hansısa şəriət
qanunları ilə idarə eləmək, yaxud
da İranın bütövlükdə təsir
dairəsinə düşərək onun bir əyalətinə çevirməkdə
deyil, həqiqi mənada Avropa
məkanının ayrılmaz hüquqi və
siyasi tərkib hissəsinə çevrilmək
niyyətini ortaya qoydu.
Zənn edirəm ki, bunlar
alındı. İndi artıq Azərbaycanın
həmin o çoxqütblü
dünya formatında müxtəlif
ölkələrlə yaxından əməkdaşlığından,
bəziləri ilə isə strateji
müttəfiqliyindən danışa bilərdik. Artıq indi ölkəmizin
Şərqi Avropa ölkələri ilə
daha yaxın isti
münasibətləri, o cümlədən
Avropada tərəfdaşları, həmçinin
qardaş Türkiyə ilə münasibətlərinin
sadəcə siyasi bəyanatlardan, "Bir millət - iki dövlət"
formulunu tribuna
sözünə çevirməkdən deyil,
onun alt qatında həqiqi
mənada müqavilələrlə zənginləşdirmiş
oldu. Düşünürəm ki, bütün bunlar Azərbaycanı bir
dövlət kimi oturuşdurdu".
Deputat
bildirir ki, indi bir sıra regional və beynəlxalq məsələlər
ölkəmizlə bu və ya digər formada
uzlaşdırılır. Onun sözlərinə
görə, ən azı Orta Asiya regionu ilə
bağlı müxtəlif iqtisadi və yaxud transmilli layihələr
məsələsində Azərbaycanın açar
rolundan danışılır. "O
cümlədən bəzən Türkiyənin qardaş ölkə olaraq
da xarici əlaqələrinə,
xüsusilə onun İsraillə
münasibətlərində Azərbaycan özünün
siyasi çəkisindən böyük bir mənada tənzimləyici
rol oynayır. Həmçinin enerji ehtiyatlarının sadəcə resurs dövləti kimi, xammal bazası olaraq yox, həm də ondan yararlanaraq özünün
beynəlxalq mövqelərini möhkəmlətmək üçün istifadə edir.
Təsadüfi deyil ki,
prezident İlham
Əliyev beynəlxalq siyasi mərkəzlərdə,
institutlarda müxtəlif mötəbər
tədbirlərə qatılır və fikirləri dinlənilir.
Bunu düşmən ölkə və onun rəhbəri haqqında demək mümkün deyil. Ona görə
də zənn edirəm ki, Azərbaycanın
milli maraqlarının əsas hədəflərini,
onun strateji yolunu Heydər Əliyevin müəyyənləşdirməsi
hazırkı dönəmdə Azərbaycanı qoruyub saxlamağa kömək
edir. Çünki etiraf etmək lazımdır ki,
Heydər Əliyevin zamanından daha
mürəkkəb bir dövrdə
yaşayırıq. Kimsə hesab eləməsin
ki, XXI əsr özünün
xarici maraqlarının vəziyyətinə
görə çox da
sadələşib və daha yaxşı
vəziyyətdir. Elə deyil. Yenə də
sürtkü yağları, neft-qaz mənbələri, yaxud
coğrafi ərazilərdə möhkəmlənmək
yolunda açıq savaş
gedir. Elə Ukrayna
və Rusiya arasındakı bəlli böhran da bunu sübut edir və hazırkı dönəmdə Azərbaycan
prezidentinin atdığı addımlar həqiqətən
də bəlkə ötən əsrin əvvəllərindəki
o mənzərədə bizim
dövlət rəhbərlərinin şəraitidir. Amma addımları isə tamamilə fərqlidir".
Qeyd edək ki, 90-cı illərdə Azərbaycan sanksiyalara məruz qalan bir ölkə durumunda idi. Faktiki olaraq ABŞ Konqresinin "Azadlığı müdafiə aktı"na 907-ci düzəliş ABŞ-ın, Qərbin bizim azadlığımıza münasibətini ifadə edirdi. Z.Oruc hesab edir ki, H.Əliyevin həmin dövr hakimiyyətə gəlişi Corc Vaşinqton qədər bir dövləti beynəlxalq hüquq subyekti kimi qoruyub saxlamağa imkan verdi. Digər tərəfdən isə Qərblə münasibətləri yeni səhnədən başlamağa şərait yaratdı: "Qarabağ məsələsində heç olmasa Minsk qrupu adlı maraq balansı deyilən bir format meydana çıxdı. Bundan sonra artıq Azərbaycan Qərb dövlətləri ilə səfərlər fonunda imkanlarını genişləndirdi və həqiqi mənada bu dövlətin başqalarına qəsd edən, bölgədəki bütün situasiyanı tanımayan və geridə qalmış dəyərlərlə nəfəs alan bir əyalət olmadığı üzə çıxdı. Heydər Əliyevin 1997-ci ildə ABŞ səfərindən sonra regionun siyasi arxitekturası dəyişdi. Qərb dövlətlərinin fəal şəkildə bölgəyə gəlişi baş verdi. Ondan sonra təhlükəsizlik məsələsi də xeyli dərəcə irəliyə getdi və bir balans yarandı".
Sonda qeyd edək ki, prezident İ.Əliyevin son Praqa görüşləri, açıq mətnlə müxtəlif məsələləri dilə gətirməsi sübut elədi ki, Azərbaycan bir dövlət kimi oturuşub. Bu isə onu göstərir ki, ölkəmizin xarici siyasət strategiyası H.Əliyev tərəfindən düzgün müəyyən edilib.
Aqil ASLAN
Ekspress.-2014.- 1 may.-S.14.