"XXI əsrin Türk əsri olacağı
şüarına sayğı duyulmalıdır"
Faiq Qəzənfəroğlu: "Türkçülük Azərbaycan
xalqı üçün
milli kimlik, milli özünüdərk
və milli özünütəyindir"
Bu yaxınlarda AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, dosent Faiq Ələkbərovun (Qəzənfəroğlu) "Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış" (II hissə) adlı monoqrafiyası nəşr olunub. Milli ideologiya, milli ideya, milli kimlik, milli şüur, milli əxlaq və s. sahələr üzrə araşdırmalar aparan müəllif monoqrafiyanın II hissəsində, ilk dəfə XIX-XX əsrlərdə Azərbaycanda gedən ideoloji proseslərdəki ikili xətti: 1. İslam-Türk mədəniyyəti və ideologiyası: islamlaşmaq, türkləşmək, müasirləşmək, milli azərbaycançılıq; 2. Rus-Avropa-Qərb mədəniyyəti və ideologiyası: qərbpərəstlik, avropasayağı "mollanəsrəddinçilik", milli bolşevizm-sosializm, sovet azərbaycançılığı müəyyənləşdirib. Bu metod əsasında hər iki xəttin nümayəndələrinin XX əsrdə və günümüzdə müdafiə etdikləri ideyaların mahiyyəti açıqlanmaqla yanaşı, kitabda müəllifin Azərbaycan Milli İdeyası və Azərbaycan Milli İdeologiyasına tamamilə yeni yanaşması, mövqeyi geniş şəkildə öz əksini tapıb.
F.Qəzənfəroğlu ilə söhbətimiz də məhz bu məsələlərlə bağlı oldu.
- Milli ideologiya mövzusuna müraciət etməyinizə səbəb nə oldu?
- Ötən 20-22 il ərzində Azərbaycan türkləri, azərbaycanlılar milli ideyanın müəyyənləşməsi baxımından ziddiyyətli bir prosesin içində olublar. Belə ki, ilk dövrlərdə daha çox türkçülük və müəyyən qədər də islamçılığın təsiri altında olan Azərbaycan xalqı sonralar azərbaycançılığa, hətta ideologiyasızlaşdırmağın bir növü olan "vətəndaş cəmiyyəti"nə meyl etməyə başlayıblar. Hazırda isə demək olar ki, bu ideyaların hər biri az və ya çox dərəcədə azərbaycanlıların şüurunda müəyyən yer tutur. Ancaq bunun özü də zənnimizcə, nisbi xarakter daşıyır. Buna səbəb də yuxarıda da qeyd etdiyimiz kimi, əksər azərbaycanlıların şüurunda sovet ideologiyasının tamamilə inkar edilməməsi və əvəzində yeni ideyaların birmənalı şəkildə özündə yer tapa bilməməsidir. Bu mənada, fikrimizcə, müstəqillik dönəmində az sayda azərbaycanlılar birmənalı şəkildə hansısa ideyaya tapınıblar və ondan üz döndərmək fikirləri də yoxdur.
Çağdaş dövrdə milli ideologiya problemi ilə bağlı şüurlarımızda tərəddüd etməyimizin başlıca səbəblərindən biri Azərbaycan xalqının ayrı-ayrı təbəqlərində, o cümlədən düşünən beynində kifayət qədər ziddiyyətlərin olmasıdır. Bu ziddiyyətlərin kökləri nədir? Bizcə, milli ideologiya məsələsinə Sovetlər Birliyi dövründə yaşamış insanların bir, yeni nəslin isə ondan fərqlənən digər baxışları var. Biz istəsək də, istəməsək də bu, bir reallıqdır ki, bugünkü Azərbaycan insanlarının xeyli qismi SSRİ dövründə yaşayıb və "sovet beynəlmiləlçiliyi" təhsili alıblar. Şübhəsiz, onların əksəriyyətinin milli ideya, milli ideologiya anlayışlarına özünəməxsus münasibətləri var. Bu münasibətdən dolayı onları ittiham etmək doğru deyil. Yeni nəslin isə pis-yaxşı, milli ideologiya probleminə onlardan fərqli baxışı var. Bu o demək deyil ki, hökmən yeni nəsil və sovet nəsli hansısa məsələlərdə hökmən ya razılaşmalı, ya da inkar yolu tutmalıdır. Məncə, burada əsas olan ilk növbədə, ortaq nöqtələrin tapılması və uzlaşdırılmasıdır.
- Kitabınızda Türkçülük ideologiyasına xüsusi yer verirsiniz. XXI əsrdə türkçülük məfkurəsinə yenidən müraciət nə dərəcə də aktualdır?
- Milli fəlsəfi fikir tariximizdə milli ideyalardan biri və birincisi türkçülükdür. Türkçülük Azərbaycan xalqı üçün milli kimlik, milli özünüdərk və milli özünütəyindir. Biz də hesab edirik ki, ötən əsrdə mövcud olan ideyalardan bəhs edərkən onları indiki cəmiyyətə olduğu kimi uyğulanlaşdırmaq lazım deyil. Ancaq bu o da demək deyil ki, biz Azərbaycan dövlətçiliyinin yaranmasında müstəsna rol oynayan milli ideyaları, o cümlədən türkçülüyü bu gün yalnız tarixin, ya da milli identikliyin hissələri kimi görməliyik. Əgər yeni dövrdə, doğrudan da, həmin ideyaları reallaşdırmaq mümkün deyilsə, ancaq onların əvəzinə irəli sürülən ideya və ya ideologiyada bu və ya digər formada varisliyi qorumaq da mütləqdir. Əks təqdirdə bizim Cümhuriyyətin nəinki mənəvi-ruhi, hətta siyasi-hüquqi baxımdan davamçısı olmağımızın da heç bir mənası olmaz. Ən azı ona görə ki, XX əsrin əvvəllərində Azərbaycan milli ideyasının təcəssümü olan üçrəngli-üçmənalı (türkləşmək, müasirləşmək və islamlaşmaq), eyni zamanda vahidliyi və bütövlüyü (milli ruhlu azərbaycançılığı) ifadə edən bayrağı ucaldan Azərbaycan Cümhuriyyəti olmuşdursa da, onu həmin əsrin sonlarında yenidən dövlət bayrağı kimi qəbul edən də biz azərbaycanlılarıq. Hər halda, bugünkü Azərbaycanın dövlət bayrağı ötən əsrin əvvəllərində təməli qoyulmuş Azərbaycan milli ideyasının - azərbaycançılığın bariz təcəssümüdür.
Bu baxımdan türkçülüyü və onun bariz təcəssümü olan Azərbaycan milli ideyasını ("üçlük"+azərbaycançılığı) yalnız tarixin, ya da identikliyin hissələri kimi qəbul etmək doğru deyil. Yəni, burada əsas məsələ Azərbaycan xalqının (yurdaşlıq və dövlətçilik anlamında) özünəməxsus inkişaf yolunun ənəgəllənməsi deyil, bəlkə də əksinə azərbaycançılığı "üçlük", o cümlədən türkçülük əsasında daha inandırcı və etibarlı etməkdir. O ki qaldı milli ideologiyanın tərikib hisəssi olan hər hansı bir ideyaya (türkçülük, azərbaycançılıq, modernləşmə və s.) münasibətdə bəzi kənara çıxmalara, ifrata varmalara - bu, həmişə olub, indi də var və gələcəkdə də olacaq.
- Türk dünyasının gələcəyini necə görürsünüz?
- Özəlliklə, XXI əsrin "Türk əsri" olması şüarının fonunda baş verənlər heç də ürəkaçan deyil. Belə ki, türkçülüyün dayaq mərkəzləri olan Türkiyə və Azərbaycanda üzdə türksevərlik, ancaq mahiyyət etibarilə türksüzləşdirmə prosesinin getdiyi bir dövrdə bu şüar xeyrimizdən çox zərərimizə işləyir. Çünki Türkiyə və Azərbaycanda baş verən türksüzləşdirmə prosesi fonunda bu şüardan əleyhimzə istifadə edirlər. Bu səbəbdəndir ki, ən ali səviyyədə - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilindən belə dəfələrlə bu fikir səsləndirilsə də, bunu görməzlikdən gələnlər var. Ona görə də hesab edirik ki, hazırda sözün həqiqi mənasında XXI əsrin "Türk əsri" olmasından çox türksüz "Türk əsri"nin reallaşması meyli özünü açıq şəkildə büruzə verir. Bu baxımdan türkçülüyə münasibətdə qeyri-sağlam mövqe tutanlar dövlət başçısının Türk Birliyi, Türk Mədəniyyəti, Türk İrsi ilə bağlı apardığı əməli siyasətdən nətıcə çıxarmalıdırlar. Bu cür mövqe sərgiləyənlər yalnız kosmopolitizmi təbliğ etməkdən əl çəkməli, Türk ruhlu kitabların nəşri üçün "yuxarılar"dan göstəriş gözləməməlidirlər. Belələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günə qədər əməldə ortaya qoyduğu Türk Birliyi siyasətinə, özəlliklə XXI əsrin Türk əsri olacağı ilə bağlı siyasi iradəsinə hörmətlə yanaşmalıdırlar.
Bu mənada, antitürk
dairələrin Azərbaycanda, Türkiyədə, Türküstanda türksüz
"Türk əsri" ssenarisini
pozmaq üçün
milli şüurumuza
yeridilən və indinin özündə
də bu və ya digər
formada yaşadılan
saxtalaşdırılmış tarixdən, ədəbiyyatdan,
qeyri-milli ideyadan deyil, vahid bir
millətin neçə min illiklər boyu qoruyub
saxladığı və yaşatdığı milli tarixdən, milli fəlsəfi
fikirdən, milli ədəbiyyatdan, milli ideyadan
çıxış etməliyik. Çünki
vahid türk fəlsəfəsini,
türk tarixini, türk dini-fəlsəfi düşüncə
sistemini, türk ədəbiyyatını
və s. mənimsəmədən, onun tarixi-fəlsəfi mahiyyətinə varmadan heç vaxt türkçülüyün
bütün türklər üçün
hansı əhəmiyyət kəsb etməsini də, dərk
edə bilmərik. Başqa sözlə, ayrıca götürülmüş
bir ölkənin fəlsəfəsi, tarixi, ədəbiyyatı, mədəniyyəti
və s. ilə yanaşı, ümumi türk fəlsfəsi,
türk dini-fəlsəfi dünyagörüşü,
türk mədəniyyəti, türk ədəbiyyatı, türk
tarixindən də bəhs olunmalı, tədris edilməlidir.
Ancaq bu halda türk
dövlətlərində, o cümlədən
ötən əsrin sonlarında keçmiş
SSRİ-nin tərkibindən
çıxaraq yenicə müstəqillik əldə edən
ölkələrin gənc nəsilləri, sözün
həqiqi mənasında türkçülüyü
- türk kimliyini, türk mədəniyyətini, türk fəlsəfəsini, türk
tarixini daha dərindən
və yaxından anlamış olacaqlar. Məhz
bütün bunların gerçəkləşəcəyi
təqdirdə "Türk əsri"ndən
bəhs etmək olar.
Ekspress.-2014.- 17-19
may.- S.17.