"Məcburi
köçkünlər öz
torpaqlarına qayıtmaq istəyirlər"
BMT İnsan Hüquqları Şurasının
məcburi köçkünlərin
hüquqları üzrə
xüsusi məruzəçisi
Çaloka Beyani:
"Onların gəldiyi
ilk vaxtla indiki vəziyyəti müqayisə
etmək mümkün
deyil"
"Məcburi köçkünlərin məskunlaşdığı
uşaq bağçasında
olarkən çox təsirləndim"
Xəbər verildiyi kimi,
BMT İnsan Hüquqları
Şurasının məcburi
köçkünlərin hüquqları
üzrə xüsusi məruzəçisi Çaloka
Beyani Azərbaycanda səfərdə olub.
Dünən o, baş nazirin
müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin sədri
Əli Həsənovla
birgə Azərbaycana
səfərin yekunlarına
dair mətbuat konfransı keçirib.
Əli Həsənov Çaloka Beyninin səfərinin
çox uğurlu olduğunu bildirib. Dövlət
komitəsinin sədrinin sözlərinə görə, xüsusi məruzəçidən yeganə
istəyi gözləri ilə gördüyü
reallığı hesabatda əks etdirməsidir:
"Səfər proqramında nəzərdə tutulan bütün
görüşlər baş tutub. Hökumət olaraq hesab edirik ki,
səfər uğurlu keçib".
Həsənov bildirib ki, hər dəfə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədlər qəbul olunur, yığılır, amma hələ ki nəticə yoxdur. "Ancaq Ermənistan tərəfi bilməlidir ki, vaxt gələcək, bütün sənədlər öz təsirini göstərəcək".
Azərbaycanda məcburi köçkünlərin ölkə ərazisinə hərəkətinin tam sərbəst olduğunu vurğulayan Ə.Həsənovun sözlərinə görə, onlara heç bir məhdudiyyət yoxdur: "Çaloka Beyani ilə qarşılıqlı etimad məsələsi müzakirə olunub. Azərbaycanın qarşılıqlı etimad problemi heç zaman olmayıb və olmayacaq. Ermənilərlə 200 il birlikdə yaşamışıq. Dağlıq Qarabağ münaqişəsi öz həllini tapandan sonra əvvəlki qaydada ermənilərlə həmin yerlərdə birgəyaşayış davam edəcək. Əgər qarşılıqlı etimad pozulacaqsa, bu, yalnız ermənilər tərəfindən baş verə bilər. Azərbaycan tərəfindən heç zaman belə hal olmayıb və olmayacaq da".
Ə.Həsənov
xatırladıb ki, bu
günlərdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana səfər
zamanı Laçına gedərkən orada
Ermənistan rəhbərliyi tərəfindən amerikalı həmsədrə
qarşı hücum təşkil edilib: "Mən nəyə görə deyirəm
ki, Ermənistan rəhbərliyi? Çünki bu başqa cür də mümkün deyil. Bu pozuntular həmişə
Ermənistan tərəfindən olub və
bu gün də var. Bunu da
beynəlxalq aləm və dövlətlər gördü".
Baş
nazirin müavini qeyd edib ki,
Azərbaycan dövləti Dağlıq Qarabağın bir qarışını da
Ermənistana güzəştə getməyəcək. Onun sözlərinə görə, bu, Azərbaycan prezidenti,
hökuməti və xalqının birmənalı, dönməz
mövqeyidir: "Ermənilər nə qədər
bunu tez başa düşsələr, düz
yola, konstruktiv yola gəlsələr, daha
yaxşıdır. Hələ ki, itirən
onlardır. Bu problem öz həllini tapacaq. Ermənilər
son anda görəcəklər
ki, uduzan özləridir".
"Azərbaycan heç bir dövlət, beynəlxalq təşkilatdan nəsə tələb etmir. Biz sadəcə istəyirik ki, bu problemlərlə məşğul olan təşkilat və dövlətlər bu işə obyektiv yanaşsın" deyən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bununla belə bildirib ki, Azərbaycanın yalnız BMT-dən istəyi və tələbi var: "BMT zəhmət çəksin, Təhlükəsiz Şurasının qətnamələrini icra etsin".
Öz növbəsində, Ç.Beyani də səfər çərçivəsində Azərbaycan rəsmiləri, hökumət üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ilə görüşlər keçirdiyini söyləyib. Məcburi köçkünlərin məskunlaşdığı yerlərə də baş çəkdiyini deyən qonaq Azərbaycan hökumətinin məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar və bu addımların nəticələri ilə real şəkildə tanış olduğunu qeyd edib: "Məcburi köçkünlərin gəldiyi ilk vaxtla indiki vəziyyəti müqayisə etmək mümkün deyil. Bu müddət ərzində Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasında olarkən çox təsirləndim. İstərdim ki, bu uşaqlar böyüyəndə köçkünlük hissi onların üzərində qalmasın, 3-5 ildən sonra onlar yetkinlik yaşına çatanda köçkün adından azad və fərqli bir həyat sürə bilsinlər".
C.Beyani qeyd edib ki, Azərbaycana səfərinin nəticələrinə dair məcburi köçkünlərlə bağlı hazırlayacağı hesabatı bu ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına, gələn ilin iyulunda isə BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.
BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi bildirib ki, Azərbaycana rəsmi səfər etmək, məcburi köçkünlərin vəziyyətini öyrənmək onun üçün böyük şərəf və təcrübə olub (APA). Onun sözlərinə görə, səfərdə əsas məqsəd məcburi köçkünlər üçün daha dayanıqlı həll yollarının tapılması idi: "Bu çərçivə fəaliyyətinin əsasında məcburi köçkünlərin qayıtması, olduğu yerdə qalması və digər yerə köçürülməsi nəzərdən keçirilir. İstənilən seçim variantının hər birində məcburi köçkünlərlə məsləhətləşmə, onların fikirlərini öyrənmək çox vacibdir. İstənilən seçim onların təhlükəsiz, ləyaqətli həyat sürməsi üçün imkan yaratmalıdır. Səfər zamanı məcburi köçkünlərdən eşitdiyim əsas ismarıcın mahiyyəti ondan ibarətdir ki, onlar öz torpaqlarına qayıtmaq istəyirlər. Məhz bu səbəbdən hesabatımın əsas mahiyyəti ondan ibarət olacaq ki, bu məsələnin sülh yollu ilə həllinə nail olmağın vaxtı yetişib" deyən xüsusi məruzəçi hesab edir ki, bu da Dağlıq Qarabağda vəziyyətin daha normal məcrada inkişafına şərait yaradacaq, eyni zamanda BMT-nin qəbul etdiyi qətnamələrin icrasına imkan verəcək. Dediyinə görə, beynəlxalq ictimaiyyətdən müəyyən səylər tələb edilir ki, bunun nəticəsində də məcburi köçkünlər üçün daha davamlı, dayanıqlı həllərin tapılması, sülhün təmin olunması mümkündür. Beyani bildirib ki, bu səylər eyni zamanda məcburi köçkünlərin hökumətin həyata keçirdiyi inkişaf siyasətinə inteqrasiyasını, gələcəkdə onların qayıdışından sonra məcburi köçkünlərin cəmiyyətdə aktiv iştirakını təmin etməsini, infrastrukturun bərpası, evlərin tikintisi, azad olunmuş torpaqların yaşayış, kənd təsərrüfatı üçün yararlı olmasını tələb edir.
"Bildiyim qədər son illər ərzində ölkədə "Böyük qayıdış" planı işlənib hazırlanıb. Mən öz mandatım çərçivəsində bu prosesə təcrübəmlə töhfə verməyə, bu məsələdə Azərbaycan hökuməti ilə əməkdaşlıq aparmaq niyyətindəyəm. Azərbaycan hökumətinin məcburi köçkünlərin yaşayış və sosial şəraiti ilə bağlı atdığı addımları alqışlayıram. Təcrübəmdə gördüyüm ən yaxşı nümunədir. Bu kimi yanaşma məcburi köçkünlərin qayıdışı zamanı da təmin olunmalıdır".
Məcburi köçkünlərin statusu ilə bağlı beynəlxalq konvensiya və sənədlərdə müəyyən boşluqlar, çatışmazlıqlar olduğunu etiraf edən Ç.Beyani bildirib ki, mandatının da əsas məqsədi bu sahədə mövcud olan boşluqları aradan qaldırmaq və hüquqi çərçivəni inkişaf etdirməkdir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsas diqqət diplomatiya və dialoqa yönəlməlidir: "Məcburi köçkünlərin problemləri ilə maraqlanan və onların həll olunmasını istəyən beynəlxalq təşkilatlar da bu prosesdə iştirak etməlidir. Özü-özlüyündə mövcud vəziyyət yeni imkanlar yaradır. Əvvəllər bu məsələyə diqqət yetirən, onunla məşğul olan təşkilatlar yenidən öz diqqətini bu problemlərin həllinə yönəltməli, əvvəllər görülən səylər indi də davam etməlidir. Gələcəkdə də bu məsələnin həlli ilə əlaqədar addımlar atılmalıdır. Düşünürəm ki, birtərəfli fəaliyyət və addımlara ehtiyac yoxdur. Çünki istənilən halda qayıdışın baş verməsi və məcburi köçkünlərin öz torpaqlarına qayıtması, orada yaşaması üçün təhlükəsiz mühit yaradılmalıdır. Təhlükəsiz mühitin yaradılması üçün də sülh sazişi olmalıdır. Yalnız sülh sazişi əsasında həmin insanlar orada köçərək təhlükəsiz şəraitdə yaşaya biləcəklər".
Ekspress.-2014.- 24-26 may.-S.10.