"Vallah,
biz Kanna düşə bilərik"
Aktyor Rasim Cəfərin festival təəssüratları
Aktyor Rasim Cəfərin oynadığı "Torn"
filmi Kann kino festivalının "Rejissor həftəliyi"
proqramında "Quinzaine" bölməsində
nümayiş olunmuşdu. Kulis.Az-ın festivaldan
yenicə dönmüş aktyordan götürdüyü
müsahibəni təqdim edirik.
-
Rasim, ümumiyyətlə, Kanna səfəriniz necə
keçdi?
- Əla. Bütün dünyanın hər yerindən kinoya
baxmaq istəyən insanlar axışıb Kanna gəlmişdi.
O qədər insan var idi... Şəhərdə
gəzmək mümkün deyildi. Biz
festivalın iştirakçısı idik, amma bizə də
bilet məhdud idi. Filmə baxmaq
üçün bir neçə yoxlanışdan keçməli
idin.
- Festivalın hansı qəribə
və mütləq qaydaları var idi?
- Bizim iştirak etdiyimiz bölmə-
"Quinzaine" Jan-Lük Qodar (məşhur franız
rejissoru-red.) tərəfindən əsas müsabiqəyə
alternativ kimi yaradılıb. Əsas müsabiqə
dəbdəbəli keçirilir, qlamur olur - mütləq kəpənək
qalstuk geyməlisən, smokinq-filan. Amma
"Quinzaine"də elə şey yoxdur, hətta şortikdə
də gələ bilərsən. Bunu Qodar
o dəbdəbəyə etiraz və alternativ olaraq
düşünüb. Yəni, əsas olan
kinodu, filmə baxmaq üçün təmtərağa
ehtiyac yoxdur. Əsas müsabiqədəki
proseslər burada da gedir - amma daha sadə.
- Qodar da solçudu axı...
Heç bu il də gəlməyib festivala.
- Hə, elə belə şeylərə
görə də...
- Dünya kino ulduzlarından,
rejissorlardan kimi görə bildiniz?
- Çox məşhur aktyorlar qara
maşınlarda gəlirdilər, mühafizəçilərin
müşayiəti ilə onlara tərəf can atan insanlardan
qoruna-qoruna zala daxil olurdular. Onları yalnız
qırmızı xalının üstündə, bir də
monitorda görmək olardı. Şeron
Stounu yaxından gördüm. Bir də
Nuri Bilgə Ceylanı. Amma
yaxınlaşıb şəkil çəkdirməyə
utandım (gülür).
- "Torn" filmi
nümayiş olunan proqramda hansısa mükafatlandırma
olmadı ki?
- Bu bölməni təşkil edən
sponsorların təqdim etdiyi mükafatlar oldu. Mənim
dil baryerim var idi deyə, mənə çətin idi.
- Kann festivalı bir zirvə kimi əlçatmazdır
sizin üçün, yoxsa dəyişib fikriniz?
- Kann zirvə yox, hədəfdir.
Tammetrajlı müsabiqədə aktyor işinə görə
mükafat almaq hədəfdir... Bilirsən, o
bayramı görəndən sonra adamda stimul yaranır ki, mən
də iştirak edib uğur qazanım. O qədər
gözəl ab-hava var idi ki... İnsanlar gözəl
geyinib, açıq havada dəniz qırağında film
nümayişləri təşkil olunub. Əsl kino
bayramı... İnsanlar çox pozitivdir, həyat
eşqi aşıb daşır. Bizdəki kimi deyil - 40
yaşdan sonra hamının üzündə qəbir əzabı
var... 70 yaşında adamların orada həyat eşqi
aşıb-daşır... Mən ordan gələndən
çox pozitiv əhvaldayam.
- Bizim oradakı kino pavilyonumuz necə
idi? Nə qədər maraq oyadırdı?
- Bu pavilyonlar ölkəni, onun kino
mədəniyyətini təmsil etmək məqsədilədir.
Festivala gələn insanlar pavilyonları gəzirlər.
Kimsə yaxınlaşanda hər kəs öz
ölkəsi, öz filmi haqda danışır, disklər təqdim
edir.
- Bəs filmlərimiz necə
qarşılandı?
- "Sonuncu"
filminə baxa bilmədim. Bizim öz
proqramımız var idi. Amma "Torn"
filmi pis qarşılanmadı. Filmdən
sonra mətbuat konfransı oldu, müzakirə keçirildi.
Tənqidçilərin və jurnalistlərin
söhbətindən belə başa düşdüm ki, bəyənilib.
Bir ingilis jurnalına müsahibə verdik. Filmdən heyranlıqla danışdılar.
- Hansısa əlaqələr və
ya təkliflər oldumu?
- Yox, elə bir təklif-filan
olmadı. Sadəcə filmlərə baxıb
söhbətlər etdik.
- Hansı filmlərə baxdın?
- Bir neçə film
gördüm. Vallah, orada qeyri-adi bir şey yox
idi - sadə, aydın süjetlərdi. Yəni,
biz o Kann festivalına rahat düşə bilərik. Fəlsəfə qaldırmağa ehtiyac yoxdu.
Zvyagintsevin "Levifian"ına
baxdım, çox gözəl filmdir. Sadə bir süjeti var:
bir balıqçı kişinin dəniz qırağında
ata-babasından qalma evi var. Şəhərin meri də bu evi
ondan almaq istəyir. Məhkəmə də,
idarələr də-hamısı merin xeyrinə
çalışır. Evi də adamın
əlindən alırlar, özünü də tuturlar.
Orada məhkəmə səhnəsi var: üç qadın məhkəmə
qətnaməsini emosiyasız oxuyur. "Levifian"
Bibliyadan olan bir əhvalatdır. Finalda
keşiş həqiqət və ədalət haqqında
danışır, təsvirlərdə isə evi
dağıdırlar. Yəni, ədalət
illüziyadır.
Bunu biz də çəkə
bilərik.
- Bəs niyə çəkə
bilmirik?
- Biz fəlsəfə
axtarırıq. Sadə yanaşmaq
lazımdır. O sadə şeyin içində hər
şey var. Bizim "Ev" filminin də mövzusu təxminən
belə idi - evin əlindən alınmağı, dostun xəyanəti-filan.
Bizimki qısametrajlı idi, bir az başqa
idi...
- Rasim, son illər ciddi nüfuzlu
festivallarda adı hallanan filmlər - elə "Tabutçunun
yelləncəyi" də, müəyyən qədər
"Torn" və "Sonuncu" da müstəqil
studiyaların istehsalıdır. Bu, nəsə
demirmi? Yəni, nazirliyin istehsalı filmə
dəstəkdir, yoxsa maneə?
- Sizi başa düşdüm. Nazirlik sifariş etdiyi film üçün istədiyi
tələbləri irəli sürə bilər. Bu, onun haqqıdır. Müstəqil
studiyaların imkanları böyük olsa, əlbəttə,
proses daha yaxşı olar. Mən bayaq dedim ki, "Levifian"
kimi filmi bizdə də çəkmək olar. Çünki
o reallıqlar bizdə də var.
- Səncə, Kannda "Ən
yaxşı ssenari" mükafatı almış
"Levifian"ın ssenarisinə bizdə maliyyə
ayrılardı?
- Yəqin ki, problem yaranar. Amma "Levifian"ı Rusiyanın Mədəniyyət
Nazirliyi təqdim etmişdi.
Bilirsiniz, mən
"Tütək səsi" filmini çox sevirəm. Ona görə ki, Sovet zamanında kənd sovetinin əsgərin
arvadını sevməsi, əsgər ailəsinə girməsini
göstərmək... həm də Sovet zamanında.
Bilirsiniz, Sovet ailəsinin namusu-zad... Zaman dəyişib,
amma o film hələ də yaşayır.
- Sizin "Qafqaz"
qısametrajlı filminiz var. İçki süfrəsində
bir Qarabağ qaçqını qonşusu olan erməniyə
erməni zülmünü, çəkdiyi müsibətləri
danışır, dərdləşir. Qəhrəmanının
da leksikonunda söyüşlər çox idi. "Qafqaz" internetdə çox izləndi və
sosial şəbəkələrdə müzakirə olundu.
Hər halda maraq və müzakirə yaratdı.
Sizcə, o filmə nazirlik maliyyə
ayırardı?
- Yüz faiz dilə, oradakı
sözlərə mütləq baryer qoyacaqdılar. Mən yaşlı kino adamları ilə o filmə
görə mübahisə etmişəm. Deyirdilər ki,
o nədi, azərbaycanlı erməni ilə bir süfrədə
oturub çörək yeyir, hələ o nə
danışıqdı, etika var, mədəniyyət var, kino
dili var... Mən deyirəm ki, əvvəla bu, qəhrəman
deyil, antiqəhrəmandır. Sonra da ki, bəyəm
belə reallıq yoxdu? Azərbaycandan kənara
çıxdınsa erməni ilə, qonşusan da, nə bilim
həmkarsan da... Bir də o adam necə
danışmalıdır ki? Başı nə müsibətlər
çəkib: sağ qalmaq üçün iki uşaqdan
birini seçməli olub...Necə danışmalı idi? Hanı o dediyiniz kino dili?
- Başqa nə kimi kəskin
iradlar olub?
- Bəziləri
anlamamışdı. Mənimlə oturan
"erməni" axı sonadək danışmırdı, məni
dinləyirdi. Axırda deyir ki, "ara, bəs sən kimi
seçdin?". Orada montajda elə kəsmişdilər
ki, sanki, onun danışığından diksinirəm, guya əvvəldən
bilmirəm ki, erməni imiş...
- Bir kino adamı kimi necə
düşünürsən, yaxşı, dünya ekranına
görə film çəkmək üçün bizə nə
lazımdır?
- Vallah, biz Kanna düşə bilərik.
Yaxşı ssenari olsun, ən azı dramaturji qaydalara riayət
olunsun - baxanda deməyəsən ki, bu kim
idi, hara getdi... Deyəsən Rasim Balayev də deyirdi ki, hind
kinosuna baxanda bilirəm ki, kim kimin
xalası oğludu, ya nəyidi. Amma bizim filmlərə baxanda
ayırd edə bilmirəm kim kimin nəyidi
və hardan gəlib hara getdi.
"Levifian"da
kontekstdən kənar heç bir obraz, hərəkət, kadr
yox idi. Bir az yaxşı ssenari,
rejissora azadlıq... Bu qədər sadə... Sadəlik
yaxşıdır. Mən Yavər Rzayevi
rejissor kimi sevirəm, amma "İlahi məxluq"da
çox şey qarışıb. Şərq-Qərb.
Ata-oğul. Bunlar olsa da, ən azı filmdə
qabarıq görünməməlidir.
- Məncə, bizim rejissorlar bir
neçə filmdə edə biləcəklərini bir filmə
yükləyirlər. Ömründə bir, ya
iki film çəkmiş rejissor çalışır ki,
özünü o filmdə ifadə eləsin, fürsəti əldən
verməsin, bütün bilgisini, təcrübəsini,
dünyagörüşünü ora qoysun.
- Haqlısınız.... Həm də bizim düşüncəmiz azad deyil.
Düzgün yaşamırıq, düzgün tərbiyə
almırıq, düzgün olmuruq... Avropa
insanı çox azaddır.
- Bəlkə bizim kinonun problemlərindən
biri də rejissorlarımızın kompleksləridir?
- Komplekssiz adam
yoxdur. Bütün rejissorların çəkdikləri
də onların öz içləri, kompleksləri ilə
mübarizəsidir. Kaş ki, belə olaydı...
- Mən kompleks deyəndə filmə
milli dəyərlərin, vətənpərvərliyin, milli
kimliyin və sairənin prizmasından baxmağı nəzərdə
tuturam. Azərbaycanlılıq kompleksi.
- Bu, gerçək kompleks deyil,
yalançı şeylərdir. Əgər
gerçəkdən bizim rejissorlar öz komplekslərini
çəksələr şedevr olar. Trierin
filmləri niyə yaxşıdır? Adam
ora öz komplekslərini çəkib-ona görə
maraqlıdır. Ruhdan gələn hər
şey maraqlıdır.
- Rasim, səncə bizdə
hansısa yerli və nüfuzlu kinofestivalının
olmamasının prosesə nə kimi təsiri var?
- Bizdə də 2 avqust Milli Kino
Günündə festival etsələr, yeni filmlər
iştirak etsə, bu nə qədər stimul olar... öz milli
"Oskar"ımız olsa, "İlin ən yaxşı
aktyoru", "ilin ən yaxşı operatoru", "ilin ən
yaxşı rejissoru" seçilsə, bir
düşünün, bu nə qədər stimuldu...
- Rasim, əlinizdə nə çəkiliş
var? Film təklifiniz varmı?
- Hələ ki yox. "Oğurlanmış
arzular" serialına çəkilirəm, vəssalam. Mən həmişə qısametrajlarda
oynamışam. Tammetrajlı filmə
çəkilmək istəyirəm. Qısası,
işləmək istəyirəm
Ekspress.-2014.- 28-29
may.- S.15.