Müstəqilliyimiz ən
böyük sərvətimizdir
Prezident: Cümhuriyyətin
qurucularının əziz xatirəsi həmişə bizim
ürəyimizdədir
Mayın 27-də Bakının "Buta" sarayında Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Qəbulda prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
AzərTAc xəbər verir ki, salona toplaşanlar dövlət başçısını hərarətlə qarşılayıblar və Azərbaycanın dövlət himni səslənib.
Dövlət başçısı rəsmi qəbulda nitq söyləyib. Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub. Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının dövlət mükafatları milli təsviri sənətin inkişafında xidmətlərinə görə Oqtay Sadıxzadəyə, konsert-ifaçılıq fəaliyyətinə görə Ramiz Quliyevə, "Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları" monoqrafiyasına görə Tofiq Nağıyevə və "Heydər Əliyev. Şəxsiyyət və zaman" altıcildlik roman-tədqiqatına görə Elmira Axundovaya təqdim edilib.
Daha sonra Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
"Müstəqillik əlimizdən alınmasaydı, Azərbaycan dünyada ən zəngin
ölkələrdən biri olacaqdı"
Prezident İlham Əliyev tədbirdəki çıxışında Azərbaycan xalqını Respublika Günü münasibətilə ürəkdən təbrik edib, bütün xalqımıza xoşbəxtlik, yeni uğurlar arzulayıb.
"Azərbaycan
xalqı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində
ilk demokratik respublika məhz Azərbaycanda
yaradılmışdır. Azərbaycanın mütərəqqi
nümayəndələri bu respublikanı yaratmışlar.
Bu, tarixi hadisə idi. Doxsan altı il bundan əvvəl müsəlman
aləmində ilk demokratik respublikanın yaradılması
böyük hadisə idi və ondan sonra digər müsəlman
ölkələrində respublika quruluşu
yaradılmışdır. Ancaq ilk təcrübə məhz
Azərbaycan xalqının istedadı, zəhməti,
uzaqgörənliyi hesabına mümkün olmuşdur.
Əfsuslar ki, respublikanın ömrü uzun
olmamışdır", - deyə prezident bildirib.
Dövlət başçısı qeyd edib ki,, o zaman Azərbaycan cəmi iki il müstəqil ölkə kimi yaşasa da, bu illər ərzində böyük işlər görülmüşdür: "Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə böyük hörmətlə yanaşır və onların əziz xatirəsi həmişə bizim ürəyimizdədir. O illərdə demokratik təsisatlar qurulmuş, ordu quruculuğu sahəsində böyük işlər görülmüş, qadınlara səsvermə hüququ verilmişdir. Bir sözlə, Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır.
Əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, mən tam əminəm ki, bu gün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olacaqdı.
Əfsuslar olsun ki, müstəqillik əlimizdən alındı, 1920-ci ildə respublika süqut etdi və beləliklə, Azərbaycanın uğurlu inkişafına son qoyuldu. Bizim təbii sərvətlərimizi, coğrafi vəziyyətimizi, xalqımızın istedadını, mütərəqqi insanların fəaliyyətini nəzərə alaraq tam əminliklə deyə bilərəm ki, əgər biz müstəqil həyat yaşasaydıq, bu gün çox qabağa gedə bilərdik. Ancaq nə edək, Azərbaycan Xalq Cümhuriyyətinin böyük gücü yox idi ki, öz müstəqilliyini qoruya bilsin".
Azərbaycanın 71 il ərzində Sovet İttifaqı tərkibində yaşadığını xatırladan dövlət başçısı xalqımızın o illərdə inkişaf etdiyini bildirib: "Azərbaycan da inkişaf etmişdir və deyə bilərəm ki, sovet dövrünün ən parlaq səhifəsi ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Çünki məhz 70-ci illərdən sonra Azərbaycanda sürətli inkişaf dövrü başlamışdır. Deyə bilərəm ki, biz o vaxta qədər müttəfiq respublikalar arasında axırıncı yerdə idik. Ancaq 70-ci illərin sonlarında artıq birinci yerlərə çıxmışdıq. İki donor respublika var idisə, onlardan biri də Azərbaycan idi. Məhz o illərdə sənaye potensialımız yaradılmış, xüsusilə neft sənayesi inkişaf etmişdir. O potensial bu gün də bizə böyük dəstəkdir. Kənd təsərrüfatının yüksəlişi, infrastruktur layihələrinin icrası, əlbəttə ki, Azərbaycanın inkişafını təmin edirdi. Ancaq biz müstəqil, azad deyildik və taleyimiz əlimizdə deyildi".
İkinci şans və ya müstəqillik yenə sual altına qoyuldu
Azərbaycan prezidenti bildirib ki, ikinci şans bizə 1991-ci ildə nəsib oldu: "Sovet İttifaqının dağılması nəticəsində başqa müttəfiq respublikalarla bərabər biz də müstəqilliyə qovuşduq.
Ancaq o illəri biz hamımız yaxşı xatırlayırıq. Azərbaycan üçün çox ağır, təhlükəli illər idi. Əfsuslar oslun ki, müstəqilliyimizin ilk illərində bu tarixi şansdan o vaxtkı rəhbərlik istifadə edə bilməmişdir. Ölkədə xaos, böhran hökm sürürdü - iqtisadi böhran, siyasi böhran. Nəticədə bu, vəziyyəti hərbi böhrana gətirib çıxarmışdı və vətəndaş müharibəsi başlamışdı. Yəni, iki ildən sonra demək olar ki, bizim müstəqilliyimiz yenə də sual altına qoyulurdu. Sanki tarix təkrarlanırdı, sanki birinci demokratik respublikanın təcrübəsi, yəni, mənfi mənada o təcrübəsi yenə təkrarlanırdı və təkrarlana da bilərdi. Biz bunu yaxşı bilirik. Çünki o vaxt iqtisadiyyat tamamilə çökmüşdü, sənaye istehsalı dayanmışdı, ölkə iflic vəziyyətində idi, erməni işğalı, daxili çəkişmələr, rəhbərlikdə olan şəxslərin fəaliyyətsizliyi və xəyanətkarlığı nəticəsində müstəqillik əldən gedirdi. Xüsusilə AXC-Müsavat hakimiyyətinin yarıtmaz, xəyanətkar, faciəvi hakimiyyəti nəticəsində ölkəmiz uçuruma gedirdi. Torpaqlar itirilirdi, Şuşa, Laçın, Kəlbəcər işğal altına düşdü, daxildə vəziyyət çox ağır idi və nəticədə vətəndaş müharibəsi başlamışdı. Biz o illəri yaxşı xatırlayırıq. Bu gün qonşuluqda baş verən hadisələri izləyərkən yenə də əminəm ki, hər bir Azərbaycan vətəndaşı o illərə qayıdır, o illəri xatırlayır və bir daha əmin olur ki, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim etmişdir, müdriklik göstərmişdir və Ulu Öndərə üz tutub onu hakimiyyətə dəvət etmişdir".
1993-cü il -
real müstəqilliyin ilk ili
Əgər Heydər
Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi,
ölkə tamamilə dağıla bilərdi. Ona görə
1993-cü il əslində real müstəqilliyimizin
ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti,
cəsarəti, təcrübəsi,
dünyagörüşü və düşünülmüş
siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən
çıxa bildi, sabitlik yarandı və inkişaf
dövrü başlandı. Qanunsuz
silahlı birləşmələr tərk-silah edildi,
separatçı qüvvələrə böyük zərbə
vuruldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu.
Azərbaycanda
demokratik təsisatlar məhz Heydər Əliyevin təşəbbüsü
ilə yaradılmış və möhkəmləndirilmişdir.
Müstəqil Azərbaycanın Konstitusiyası
da Heydər Əliyevin əsəridir. 1995-ci
ildə Konstitusiya qəbul edilmişdir. Siyasi
sistem formalaşmışdır. Siyasi
sistemin formalaşmasında da yenə də Ulu Öndərin
rolu danılmazdır. Məhz 1992-ci ildə
müxalifət partiyası kimi qurulan Yeni Azərbaycan
Partiyası müasir siyasi sistemin yaradılmasında müstəsna
rol oynamışdır. Azərbaycanda
siyasi islahatlar aparılmağa başlanmışdır.
Dünyaya inteqrasiya dövrü
başlanmışdır. Azərbaycanı
dünyada tanımağa başlamışlar. Bizə qarşı aparılan müharibə sadəcə
olaraq erməni işğalı ilə bitmirdi. Azərbaycana qarşı informasiya müharibəsi
aparılırdı. Biz informasiya
blokadası şəraitində yaşayırdıq və bu
blokadanı aradan götürmək, Azərbaycanı
dünyaya təqdim etmək və Azərbaycanın
potensialını nümayiş etdirmək üçün
Ulu Öndər böyük səylər qoymuşdur və bu
səylər öz gözəl nəticələrini
vermişdir.
İqtisadi islahatlar
siyasi islahatlarla paralel şəkildə aparılırdı.
Milli ideologiyamız məhz o illərdə
yaradılmışdır, - bu gün də bizim
inkişafımız üçün bu, əsasdır, -
dövlətçiliyin əsasları qoyulmuşdur və əlbəttə
ki, ölkəmizin inkişafı üçün müstəsna
əhəmiyyət kəsb edən neft kontraktları
imzalanmışdır".
Prezident İlham
Əliyev qeyd edib ki, indi Azərbaycanın inkişafını
neft sənayesiz təsəvvür etmək mümkün
deyildir. "Ancaq hamımız
yaxşı bilirik, mütəxəssislər də
yaxşı bilirlər ki, Sovet İttifaqı dağılanda
bizim neft sənayemiz artıq dağılmış vəziyyətdə
idi. Neft hasilatı təxminən 10 milyon
ton səviyyəsində idi. Bu, heç
bizim gündəlik tələbatımızı ödəmək
üçün kifayət etmirdi. Bütün
ölkədə zülmət, qaranlıq müşahidə
olunurdu, elektrik enerjisi çatışmazlığı,
elementar infrastruktur layihələrinin olmaması - yəni, bu idi
bizim o vaxtkı vəziyyətimiz. Ona görə neft
kontraktlarının, xüsusilə "Əsrin
kontraktı"nın, - o gündən
artıq 20 il keçir, - imzalanması dönüş
yaratdı. Həm iqtisadi, həm siyasi sahədə.
1993-2003-cü illər
tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır. Azərbaycanın müstəqil ölkə kimi
yaşamasını təmin edən bir dövr kimi tarixdə
qalacaqdır. Biz bu gün öz fəaliyyətimizi
o illərdə müəyyən edilmiş strategiya çərçivəsində
aparırıq, Azərbaycanı inkişaf etdiririk. Siyasi xətt dəyişməz olaraq qalır. Bu xəttin alternativi yoxdur. Ölkədə
aparılan, dərinləşən siyasi və iqtisadi
islahatlar bu gün Azərbaycanı çox güclü bir
ölkə kimi, regional dövlət kimi artıq dünyaya təqdim
edir".
"Sözümüz imzamız qədər
dəyərlidir"
Dövlət
başçısı son on il ərzindəki
nailiyyətlər haqqında çox danışmaq istəmədiyini
bildirib: "Bütün bunlar artıq bəllidir. Bu da tarixdir. Son on ilin təcrübəsi
sürətli inkişaf tarixidir. Bu da tarixdə
qalacaqdır. Çünki son on il ərzində
iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci
ölkə olmamışdır".
Prezident vurğulayıb ki, hər
bir məsələ ilə - istər daxili siyasət, istər
xarici siyasət ilə bağlı bizim konkret mövqeyimiz
vardır: "Biz bunu gizlətmirik, ifadə edirik. Öz niyyətimizi, siyasətimizi açıq şəkildə
bəyan edirik və bizim addımlarımız da siyasətimizin
davamıdır. Sözümüzlə əməlimiz
arasında heç bir fərq yoxdur. Ona
görə bizim sözümüz imzamız qədər dəyərlidir
və əhəmiyyətlidir. Əgər
söz veririksə, onu yerinə yetiririk. Əlbəttə
ki, qarşı tərəflərdən də eyni
yanaşmanı gözləyirik".
Son on il ərzində iqtisadi sahədə,
regionların inkişafı sahəsində, infrastruktur layihələrin
icrası istiqamətində tarixi nailiyyətlər əldə
edilməsindən, Azərbaycanın dünyanın bir nömrəli
qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv
seçilməsindən danışan dövlət
başçısı bəyan edib ki, Azərbaycan beynəlxalq
aləmdə şərəfli missiyasını ləyaqətlə
icra edib: "Bizə hörmət daha da artmışdır və
bu gün biz nəinki regional məsələlərin həllində,
qlobal məsələlərdə də öz
sözümüzü deyirik".
Müstəqilliyimizin dayaqları
Azərbaycanın güclü
enerji potensialı yaratmasından danışan dövlət
başçısı qeyd edib ki, bəlkə hərbi
potensialdan sonra ikinci yerdə dayanan enerji təhlükəsizliyidir:
"O ölkələr ki, enerji təhlükəsizliyini təmin
edib, onlar özlərini rahat hiss edə bilərlər. Biz bunu etmişik. Zəhmətimiz
hesabına, aparılan siyasət nəticəsində. Bu, göydən düşən nemət deyildir.
Buna biz özümüz nail olmuşuq. Buna Azərbaycan
xalqı nail olub. Bizim siyasətimiz bu sahədə
də öz səmərəsini bir daha göstərmişdir.
Bu gün Azərbaycan
başqa ölkələrin də enerji təhlükəsizliyinə
töhfə verərək həm iqtisadi, həm siyasi
maraqlarını tam şəkildə təmin edir. Bizim
maliyyə vəziyyətimiz bütün ölkələr
üçün örnək ola bilər. Yəni, bu sözləri sadəcə olaraq
özümüzü tərifləmək üçün
demirəm. Sadəcə olaraq ona görə
deyirəm ki, bu, reallıqdır. Bizim
böyük maddi imkanlarımız, maliyyə
imkanlarımız vardır. Biz heç bir
beynəlxalq maliyyə qurumunun dəstəyindən
asılı deyilik. Bu da bizim müstəqilliyimizi
möhkəmləndirir. Nədir müstəqilliyimizi
şərtləndirən əsas amillər? Müstəqil siyasət, müstəqil xarici siyasət,
güclü ordumuz müstəqilliyimizin dayağıdır, əsasıdır.
İqtisadi müstəqillik, enerji təhlükəsizliyi,
nəqliyyat təhlükəsizliyi, hər bir ölkənin
öz coğrafi vəziyyətindən səmərəli
şəkildə istifadə etmək imkanları - bunlardır
bugünkü dünyada müstəqilliyi müəyyən edən
amillər. Fəxr edirik ki, biz sözün
əsl mənasında müstəqilik, müstəqillik bizim
üçün ən böyük sərvətdir və ən
böyük nailiyyətdir".
Daxili sabitlik və milli dəyərlər
Gözəl bayram ərəfəsində
gələcək işlər haqqında danışan Azərbaycan
lideri bir neçə istiqamət üzrə fikirlərini ifadə
edib. Dövlət başçısı bildirib ki, daxili
siyasətdə bundan sonra da sabitlik qorunacaq: "Sabitliyin təmin
edilməsinin əsas şərti xalqla iqtidar arasındakı
birlikdir. Bu da vardır. Azərbaycan
bu gün nadir ölkələrdəndir ki, əsas mövzular
ətrafında cəmiyyətdə heç bir fikir
ayrılığı yoxdur".
Prezident qeyd edib ki, islahatların
sürəti, çatışmayan cəhətlərin tezliklə
aradan qaldırılması və bunun yolları, iqtisadi sahədə
islahatlar, siyasətlə bağlı, xarici siyasətlə
bağlı müxtəlif fikirlər ola
bilər: "Bu, təbiidir. Ancaq ölkəmizin
ümumi inkişafı ilə bağlı fikir
ayrılığı yoxdur, o cümlədən daxili siyasətimizlə
bağlı. Ona görə sabitliyin
qorunması Azərbaycanda təbii bir prosesdir. Sabitliyin təminatçısı Azərbaycan
xalqıdır".
Dövlət
başçısı bəyan edib ki, bu gün Azərbaycan
dövlətinin çox möhkəm əsasları var:
"Bu əsaslar bizim milli dəyərlərimizdir, Azərbaycan
dəyərləridir. Bu da çox önəmlidir".
Dövlət
başçısı milli dəyərlərin üzərində
müasir dövlətin qurulmasını "bu gün bizi fərqləndirən
cəhətlərdən biri" kimi dəyərləndirib.
Prezident vurğulayıb ki, cəmiyyəti
incidən, narazılıq yaradan xoşagəlməz hallara
qarşı mübarizə daha da ciddi aparılacaqdır:
"Xüsusilə, korrupsiyaya, rüşvətxorluğa
qarşı mübarizə daha da ciddi
aparılmalıdır".
Dövlət
başçısı bildirib ki, Azərbaycanda xoşagəlməz
hallar olmamalı, Azərbaycan cəmiyyəti nümunəvi cəmiyyət
olmalıdır.
Xarici siyasət: ikitərəfli format
daha səmərəlidir
Prezident bəyan edib ki, xarici siyasətdə
ikitərəfli formata üstünlük verir: "Mən
hesab edirəm ki, bu, ən məqbul formatdır. Əlbəttə, digər formatlar da vardır.
Onlardan da istifadə olunur. Ancaq
ikitərəfli format ən böyük səmərə verən
formatdır. Bütün ölkələrlə
bizim yaxşı münasibətlərimiz vardır. Biz çalışırıq,
çalışacağıq ki, ikitərəfli münasibətləri
həm region ölkələri ilə, həm də başqa
ölkələrlə inkişaf etdirək".
Dövlət
başçısı qeyd edib ki, ilk növbədə,
qonşu ölkələrlə münasibətlər daha da
möhkəm olmalıdır: "Burada bizim bütün
qonşu ölkələrlə, təbii ki, Ermənistan
istisna olmaqla, fikirlərimiz üst-üstə
düşür. Bütün qonşularla
münasibətlər bərabər hüquqlu,
qarşılıqlı hörmət, bir-birinin işinə
qarışmamaq prinsipləri üzərində qurulmuşdur.
Gələcəkdə qonşu ölkələrlə
əməkdaşlıq bizim xarici siyasətimiz
üçün prioritet olaraq qalacaqdır".
İlham Əliyev həmçinin
vurğulayıb ki, Azərbaycanın təşəbbüsü
ilə artıq bir neçə üçtərəfli format
da yaradılıb. Bakıda Azərbaycan, Türkiyə və
Türkmənistan xarici işlər nazirlərinin birinci
üçtərəfli görüşü keçirilib. "Biz buna böyük əhəmiyyət veririk.
Bundan əvvəlki dövrdə Azərbaycan-Türkiyə-Gürcüstan,
Azərbaycan-Türkiyə-İran üçtərəfli
formatları olmuşdur. Artıq bu formatlar
fəaliyyət göstərir. Əlbəttə
ki, hər üç formatda Azərbaycan öz yerini tutur.
Beləliklə, regional təhlükəsizlik, əməkdaşlıq,
siyasi və iqtisadi maraqlarımızın təminatı
üçün bu formatlar çox böyük məna
daşıyır. Biz gələcəkdə bu
üçtərəfli görüşləri əlbəttə
ki, davam etdirəcəyik", - ölkə rəhbəri bəyan
edib.
Azərbaycanın beynəlxalq təşkilatlarda
da fəal iştirak etməsindən danışan İlham
Əliyev BMT-ni xüsusi vurğulayıb:
"BMT
dünyanın bir nömrəli təşkilatıdır,
bütün dünyanı əhatə edir. BMT-də bizim mövqelərimiz kifayət qədər
möhkəmdir və 155 ölkənin dəstəyi ilə Təhlükəsizlik
Şurasına seçilməyimiz də bunu göstərir".
Qoşulmama Hərəkatında
da Azərbaycanın mövqeyi kifayət qədər möhkəmdir.
"Biz bu təşkilata üzv olandan dərhal
sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı Azərbaycanın
mövqeyini dəstəkləyən qətnamə də qəbul
edilmişdir. İslam Əməkdaşlıq
Təşkilatında biz çox fəal rol
oynayırıq", - dövlət başçısı
bildirib və əlavə edib ki, biz İslam aləminin bir
parçasıyıq, bizim milli dəyərlərimizin təməlində
İslam dəyərləri dayanır.
Azərbaycan prezidenti Avropa
Şurası ilə bağlı əməkdaşlıq
üçün yaxşı imkanlar və perspektivlər
olduğunu qeyd edib: "Biz artıq Avropa Şurasına da sədrlik
edirik. Əlbəttə ki, bu sədrlik növbəlilik
əsasında olan sədrlikdir. Ona görə
hesab etmirəm ki, biz bundan, necə deyərlər, xüsusi
bir qürur hissi ilə danışmalıyıq. Sadəcə olaraq, növbəmiz gəlib
çatıb. Ancaq hər halda biz də bu
imkanlardan səmərəli şəkildə istifadə edəcəyik".
"Qondarma Dağlıq
Qarabağa heç bir hüquqi status verilməyəcək"
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan
prezident deyib: "Əfsuslar olsun ki, Minsk qrupunun 20 ildən
artıq fəaliyyətinə baxmayaraq, bu sahədə
heç bir irəliləyiş olmamışdır. Ona görə ki, Ermənistan tərəfi bunu istəmir.
Artıq heç kimə sirr deyil ki, məsələnin
həll olunmaması Ermənistanın qeyri-konstruktiv
mövqeyindən asılıdır. Ermənistan
status-kvonu saxlamaq istəyir. Baxmayaraq ki,
Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət
başçıları status-kvonun qəbuledilməz
olduğunu dəfələrlə demişlər, Ermənistan
isə buna məhəl qoymur. Bu səbəbdən
də məsələ öz həllini tapmır. Ancaq mən hesab edirəm ki, artıq münaqişənin
həlli üçün bütün lazımi diplomatik və
hüquqi əsaslar qoyulubdur və bu əsasları biz
qoymuşuq. Çünki münaqişə ancaq beynəlxalq
hüququn norma və prinsipləri əsasında
həllini tapa bilər".
Prezident bəyan edib ki, beynəlxalq
hüquq Azərbaycanın mövqeyini dəstəkləyir və
müdafiə edir: "Ölkələrin ərazi
bütövlüyü mübahisə mövzusu deyil, o
cümlədən Azərbaycanın ərazi
bütövlüyü mübahisə mövzusu deyildir. Azərbaycanın ərazi bütövlüyü
heç vaxt danışıqlar predmeti olmamışdır və
olmayacaqdır".
Dövlət
başçısı vurğulayıb ki, münaqişə
BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi
əsasında öz həllini tapmalıdır:
"Başqa həll
variantı yoxdur. Biz imkan vermərik ki,
öz ərazimizdə ikinci qondarma erməni dövlətini
yaratsınlar. Birinci erməni dövləti
bizim ərazimizdə, qədim Azərbaycan torpağında,
İrəvan, Göyçə, Zəngəzurda qurulubdur.
İkinci erməni dövləti olmayacaqdır.
Heç vaxt qondarma Dağlıq Qarabağa
heç bir hüquqi status verilməyəcəkdir. Beləliklə, məsələnin həlli
üçün hüquqi və diplomatik əsaslar vardır.
Bu əsaslar kifayət edirmi ki, məsələ
öz həllini tapsın? Yox! Əgər
kifayət etsəydi, məsələ öz həllini
tapardı. Əlavə nə edilməlidir
ki, məsələ öz həllini tapsın?! Biz bunu da çox yaxşı bilirik. Əlavə, iqtisadiyyat daha da güclü
olmalıdır".
Erməni xalqı qaniçən
rejimi tarixin arxivinə göndərməlidir
Azərbaycan lideri
bildirib ki, Ermənistanı bundan sonra da mümkün qədər
təcrid vəziyyətində saxlamalıyıq.
Prezident qeyd edib ki, indi Ermənistan
tam təcrid deyil və onun digər ölkələrlə
qapıları açıqdır: "Ancaq biz Ermənistanı
bütün regional layihələrdən təcrid etmişik və
bunun nəticəsində Ermənistandan kütləvi
köç müşahidə olunur.
Onların statistik məlumatlarına
əsasən ölkədən hər il
80-90 min insan həmişəlik gedir və gedəcəkdir. Nə qədər ki, Ermənistanın rəhbərliyində
kriminal, korrupsiyalaşmış diktatura rejimi varsa, o qədər
də tez Ermənistanın vəziyyəti daha da ağır
olacaqdır. Ona görə, əgər erməni
xalqı qonşularla mehribanlıq şəraitində
yaşamaq istəyirsə, ilk növbədə, kriminal,
qaniçən, qanunsuz rejimdən imtina etməlidir, onları
tarixin arxivinə göndərməlidir. Ermənistan
işğal edilmiş torpaqlardan çıxmalıdır ki,
bir qədər nəfəs ala bilsin. Əks
təqdirdə bu ölkənin taleyi çox qaranlıq
olacaqdır.
Biz isə öz səylərimizi
davam etdirəcəyik. Biz heç vaxt
indiki vəziyyətlə barışmayacağıq".
Ordu daha da gücləndiriləcək
Dövlət
başçısı bildirib ki, orduya daha da böyük dəstək
veriləcək, daha da böyük vəsait
ayrılacaqdır: "Bu gün dünyada və bölgədə
gedən proseslər bir daha onu göstərir ki, ordu
quruculuğuna ayrılan böyük diqqət müstəqilliyimizin
əsasıdır".
Prezident qeyd edib ki, Azərbaycan
Ordusu dünya miqyasında texniki təchizat baxımından
güclü ordular sırasındadır:
"Ordu
quruculuğunda, orduda gedən islahatlar bizim döyüş
qabiliyyətimizi artırır, orduda nizam-intizam möhkəmlənir,
struktur islahatları aparılır, təmas xəttində əlavə
işlər görülür və görüləcəkdir".
Müharibə davam edir
Dövlət
başçısı qeyd edib ki, həmsədr ölkələrdən
etimad tədbirləri haqqında dəfələrlə
eşidirik, ən gözəl etimad tədbiri erməni
işğalçı qüvvələrinin Azərbaycan
torpaqlarından çıxarılmasıdır: "Başqa
etimad tədbiri ola bilməz. Nə qədər ki, torpaqlarımız işğal
altındadır, müharibə bitmiş hesab oluna bilməz.
Mən dəfələrlə demişəm ki,
müharibə davam edir. Müharibənin
birinci mərhələsi başa çatıbdır. Əgər Ermənistan istəmirsə ki, ikinci mərhələ
başlasın, onda düzgün nəticə
çıxarsın, işğal edilmiş torpaqlardan öz
xoşu ilə çıxsın. Bəlkə
o vaxt gələcəkdə müstəqil erməni dövləti
xəritədə qala bilər. Halbuki bu
gün də erməni dövlətini müstəqil
adlandırmaq olmaz".
TANAP bölgənin enerji xəritəsini
dəyişir
Azərbaycanın iqtisadi siyasətinə
dair "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının dərc
edildiyini qeyd edən ölkə rəhbəri bildirib ki, 2020-ci
ilə qədər və bəlkə də ondan da tez ölkəmizdə
mövcud olan bütün əsas infrastruktur layihələri
başa çatmalıdır: "Qeyri-neft sektorumuz hər il
təxminən 10 faiz artır. Əgər bu,
növbəti illərdə davam edərsə, - buna mən
şübhə etmirəm, - o zaman iqtisadiyyatımızın
şaxələndirilməsi tam təmin ediləcəkdir".
Prezident İlham Əliyev bildirib
ki, bu gün bizim qarşımızda duran əsas layihə
TANAP layihəsidir: "Bu layihənin də təşəbbüskarı
biz olmuşuq. 2012-ci ildə Türkiyə və
Azərbaycan arasında saziş bağlamışıq.
Bu da "Cənub" qaz dəhlizinin
yaradılması işində dönüş nöqtəsi
olmuşdur. Çünki o vaxta qədər, təqribən
7-8 il ərzində ancaq
danışıqlar gedirdi və "Cənub" qaz dəhlizinin
yaradılması üçün kifayət qədər beynəlxalq
səylər göstərilməyib. Biz vəziyyəti təhlil
etdik və gördük ki, belə davam edərsə, bu
danışıqlar hələ bir 10 il də
davam edəcək, heç bir fayda vermədən. Ona görə də məsuliyyəti və təşəbbüsü
öz üzərimizə götürərək çox
düşünülmüş addım atdıq. TANAP bu gün bölgənin enerji xəritəsini dəyişdirən
bir layihədir".
Azərbaycan bu layihənin
əsas səhmdarı, əsas təşəbbüskarı və
əsas icraçısı olduğunu bəyan edən
İlham Əliyev əmin olduğunu deyib ki, bu qlobal layihə
vaxtında - 2018-ci ilə qədər icra ediləcək.
"Müstəqilliyimizi
qoruyacağıq!"
Azərbaycan prezidenti nitqini belə
yekunlaşıdırıb: "Azərbaycan seçdiyi yolla
getməlidir və gedəcəkdir. Bizim yolumuz
azadlıq yoludur, inkişaf yoludur, müstəqillik yoludur.
Biz müstəqillik illərində sübut
etmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik,
yaxşı yaşaya bilərik, inkişaf edə bilərik.
Ən böyük sərvətimiz olan müstəqilliyimizi
bundan sonra da qorumalıyıq və qoruyacağıq!"
E.Mirzə
Ekspress.-2014.- 28-29 may.- S.3;4.