Aztəminatlılar gələn
il də ehtiyac
meyarı ilə müəyyənləşdiriləcək
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması
2015-ci ilin dövlət büdcəsinin zərfində Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləği artırılacaq. "2015-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müxtəlif nisbətdə artırılacaq. Gələn il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat olacaq.
"2015-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 105 manat məbləğində nəzərdə tutulub.
Xatırladaq ki, 2014-cü ildə yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat idi.
2014-cü il üçün ehtiyac meyarının həddi isə 100 manat məbləğində təsdiq edilib.
Buradan aydın olur ki, gələn il yaşayış minimumu 4,8 faiz, əmək qabiliyyətli insanlarda 2,94 faiz, pensiyaçı və uşaqlarda 4,85 faiz artırılacaq.
Ehtiyac meyarı isə 5 faiz artırılacaq.
Artım tempi göstərir ki, 2015-ci ildə də ehtiyac meyarının həddinin yaşayış minimumuna çatdırılması ləngiyəcək.
Qeyd edək ki, "Ünvanlı sosial yardım haqqında" qanuna görə ünvanlı yardım ehtiyac meyarı əsasında təyin edilir. Qanunda bildirilir ki, üilənin ünvanlı sosial yardım ala bilməsi üçün onun gəlirinin ailə üzvünə nisbəti ehtiyac meyarından aşağı olmasıdır.
Qanunda xüsusi şəkildə qeyd edilən "ehtiyac meyarı" anlayışı ünvanlı yardım məsələsində ən vacib istinad sayılır. Dövlət belə bir meyardan istifadə etməklə aztəminatlı ailələri müəyyənləşdirir və onlara pul yardımı, yəni ünvanlı sosial yardım verir. Adambaşına düşən gəlirin ehtiyac meyarından az olan hissəsini dövlət sosial yardım şəklində ailəyə ödəyir.
İzahat üçün bildirək ki, ehtiyac meyarı anlayışı ilk dəfə "Ünvanlı sosial yardım haqqında" qanunda istifadə edilib. Qanuna uyğun olaraq hər il Milli Məclis "Ehtiyac meyarının həddi haqqında" qanun qəbul etməklə onun məbləğini müəyyənləşdirilir. Ehtiyac meyarı elə bir həddir ki, ondan az gəlirə sahib olan insanlar aztəminatlı sayılır və belə insanların sosial reabilitasiyası məqsədilə dövlət ünvanlı yardım verir.
Aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə 2006-cı ildən ünvanlı sosial yardımın tətbiqinə başlanılıb. Bunun üçün 2005-ci ilin oktyabrında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanun qüvvəyə minib və həmin qanun əsasında 2006-cı ilin iyulun 1-dən ünvanlı yardımın verilməsi həyata keçirilib.
2006-cı ildə ilk dəfə ünvanlı yardım verildikdə ehtiyac meyarının məbləği 30 manat müəyyən edilmişdi. 2014-cü il üçün bu hədd 100 manata çatdırılıb.
2014-cü ilin sentyabrında ölkəmiz üzrə ünvanlı dövlət sosial yardımı təyin olunan ailələrin sayı 119 502-yə qədər azalıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9059 ailə, yəni 7,1 faiz azdır. Ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,27 manat, yəni 11,7 faiz artaraq 136,06 manata çatıb. Adambaşına düşən yardımın məbləği 42 manatı ötüb. Hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrin 35 504-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir.
Azərbaycan əhalisinin 5,8 faizi ünvanlı yardım alır.
2013-cü ilin sonuna olan məlumata əsasən, respublikada 615 516 nəfər ailə üzvünü əhatə edən 140 711 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib. Onlardan 39 852-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 126,88 manat, hər ailə üzvü üçün 29,01 manat təşkil edir.
Ünvanlı sosial yardım aztəminatlı ailələrə dövlət tərəfindən verilən pul yardımıdır və bu yardımı almaq üçün ilk növbədə ailənin aztəminatlı olub-olmaması müəyyənləşdiriləlidir. Əgər ailənin adambaşına düşən gəliri ildə bir dəfə müəyyən edilən ehtiyac meyarının məbləğindən azdırsa həmin ailəyə ünvanlı sosial yardım təyin edilir. Bu zaman sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.
Ünvanlı sosial yardım sisteminin tətbiq edilməsi aztəminatlı ailələr üçün nə qədər sevindirici olsa da, burada ehtiyac meyarı anlayışının tətbiq edilməsi də bir o qədər narazılıq yaradır. Ünvanlı sosial yardımla bağlı ən çox mübahisə və narazılıq yaradan məsələ məhz sosial yardımın yaşayış minimumu deyil, ehtiyac meyarı əsasında təyin edilməsidir. Bütün mütəxəssislər sosial yardımın yaşayış minimumu əsasında müəyyənləşdirilməsinin daha vacib olduğu qənaətindədir. Əslində qanunvericilikdə də nəzərdə tutulur ki, ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılmalıdır və daha sonra ehtiyac meyarı anlayışı ləğv edilməlidir.
Buna görə də məsələdən xəbərdar olan bütün mütəxəsislər ehtiyac meyarı anlayışından istifadənin dayandırılmasının vacib olduğunu bildirirlər. Çünki ünvanlı yardımın təyin edilməsində ehtiyac meyarından istifadə çoxlu sayda yoxsul insanın sosial yardımdan yararlanmasının qarşısını alır. Məsələ burasındadır ki, aztəminatlı ailələr ehtiyac meyarı əsasında müəyyən edildiyi halda, yoxsulluq səviyyəsi yaşayış minimumu ilə müəyyənləşdirilir. Hazırda ehtiyac meyarı 100 manat, yaşayış minimumu isə 125 manatdır. Qanunvericiliyə görə ailənin gəliri əmək qabiliyyətli insanlar üçün 136 manat, pensiyaçı və uşaqlar üçün 103 manatdırsa yoxsul sayılsa da aztəminatlı ailə sayılmır, buna görə də həmin ailə ünvanlı sosial yardım ala bilməz.
Halbuki yaşayış minimumu elə bir həddir ki, ondan az gəliri olan insan və ya ailə ehtiyac içində yaşamış sayılır. Belə ailələrə dövlət hökmən pul yardımı etməli və onların ən azından ehtiyac həddindən bir qədər yüksək səviyyədə təminatını yaratmalıdır. Bu məntiqlə ünvanlı sosial yardımı yalnız yaşayış minimumu əsasında təyin edilməsi vacibdir.
Ehtiyac meyarının yaşayış minimumumdan az olması yoxsulların bəzilərinin yardım almasını çətinləşdirir. Buna görə də, ehtiyac meyarı göstəricisi tezliklə ləğv edilməlidir. Son illlər rəsmi statistika məlumatları əsasında Azərbaycanda yoxsulluq göstəricisi ildə orta hesabla 1,6 faiz bəndi aşağı düşür. Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi də buna müvafiq olaraq ünvanlı dövlət sosial yardımı alanların sayını ildə orta hesabla 20 min nəfərə qədər azaldır.Yoxsulluq kimi ciddi məsələyə bu cür yanaşılması, əvvəla, Azərbaycanda sosial yönlü bazar iqtisadiyyatı quruculuğu haqda konstitusion tələblərə ziddir. İkincisi, ünvanlı sosial yardımın məqsədi və fəlsəfəsinə ziddir. Üçüncüsü, bu cür yanaşma "Ehtiyac meyarı haqqında" qanuna ziddir. Çünki yoxsulluq həddi hesablanan yaşayış minimumu - xərc maddələri, ünvanlı sosial yardım isə gəlir maddələrinə əsasən hesablanır. Yaşayış minimumu 2013-cü il üçün 125 manat, ehtiyac meyarı isə 100 manat olmaqla, yaşayış minimunundan 25 manat və ya 25 faiz aşağıdır. Vətəndaşların 125 manatdan çox qazanmağa başlaması, ildə 20 min nəfərini qanunvericiliklə onun haqqı olan vəsaiti almaqdan məhrum etmək üçün əsas ola bilməz.
Hökümətin belə bir addım atması qanunvericiliyə zidd olması ilə yanaşı, həm də mənəvi cəhətdən düzgün deyil. Çünki ünvanlı sosial yardım alanların əksəriyyəti qadın və uşaqlardan ibarətdir. Hökumətin əlaqədar qurumlarının düşünülməmiş və mənəvi cəhətdən məqbul hesab edilə bilməyən bu addımı tənha anaları, nənələri himayəsində olan uşaqla birlikdə taleyin ixtiyarına atmaq deməkdir.
Hökumət də ehtiyac meyarının anlayışının tezliklə ləğv edilməsinin zəruri olduğunu başa düşür və bu istiqamətdə real addımlar atır. Bunu 2006-cı ildən bəri ehtiyac meyarı ilə yaşayış minimumu arasında olan fərqin azalması da təsdiqləyir. 2006-cı ildə ehtiyac meyarının məbləği 30 manat, yaşayış minimumu 58 manat idi. Ünvanlı sosial yardımın verilməsinə başlanıldığı ilk ildə ehtiyac meyarının həddinin orta illik məbləğinin yaşayış minimumuna nisbəti 51,7 faiz idi. 2007-ci ildə ehtiyac meyarı 37,5 manat (yaşayış minimumuna nisbəti 58,6 faiz), 2008-ci ildə 50 manat yaşayış minimumuna nisbəti 71,4 faiz), 2009-cu ildə 60 manat (yaşayış minimumuna nisbəti 71,4 faiz), 2010-cu ildə 65 manat (yaşayış minimumuna nisbəti 74,7 faiz), 2011-ci ildə 75 manat (yaşayış minimumuna nisbəti 78,9 faiz), 2012-ci ildə 84 manat (yaşayış minimumuna nisbəti 77,8 faiz), 2013-cü ildə 93 manat (yaşayış minimumuna nisbəti 80,1 faiz), 2014-cü ildə 100 manat (yaşayış minimumuna nisbəti 80 faiz) təşkil edib. 2014-cü il üçün nisbətin böyüməməsinə səbəb yaşayış minimumunun 9 manat, ehtiyac meyarının 7 manat artırılmasıdır.
2015-ci ildə isə ehtiyac meyarı yaşayış minimumunun 80,1 faizi qədərində olacaq. Əgər 2013-cü ilə qədər yaşayış minimumu ilə ehtiyac meyarı arasındakı fərq minimuma endirilmişdisə son iki ildə fərqin bir qədər də azaldılması müşahidə edilmir.
Hökumətin hansı ilə qədər bu fərqi tamamilə aradan qaldıracağını söyləmək çətindir. Xatırladaq ki, fərqin əvvəlcə 2013-cü ildə, sonra isə 2015-ci ildə aradan qaldırılmasına dair hədəf müəyyənləşdirilmişdi. Lakin görünən budur ki, 2015-ci ildə də ehtiyac meyarı yaşayış minimumuna çatmayacaq.
Ehtiyac meyarı ilə bağlı xüsusi gərginliyə də ehtiyac yoxdur. Adətən, inkişaf etmiş ölkələrdə əvvəl ehtiyac meyarından istifadə edilir, daha sonra isə bu, tədricən yaşayış minimumu ilə əvəzlənir. Azərbaycan da eyni yolu gedir və ölkəmizdə də yaxın illərdə ehtiyac meyarının ləğvi realdır.
Vasif CƏFƏROV
Ekspress.-2014.- 6 noyabr.- S.9.