Arif Quliyev: Ən
yaxşısı yetim olmaqdı...
"Mən də istəyirəm efirə çıxım, veriliş açım, amma məni efirə buraxan kimdi..." Bu sözləri xalq artisti Arif Quliyev Kulis.az saytına müsahibəsində deyib. Gülüş ustası onu da deyib ki, əvvəllər jurnalist olmaq istəyirmiş...
- Bir neçə il əvvəl Cənnət xanımın quruluşunda "O olmasın, bu olsun" tamaşası hazırlandı, o tamaşada hambal rolunda oynayırdınız. Tamaşa bərpa olundu, amma siz yox idiniz?
- Bilirsiniz, Heraklit deyib ki, hər şey dəyişir və inkişaf edir. Bu prizmadan baxanda teatrda da yeniliklər olmalıdır. Mən üç Məşədi İbadla "hambal" rolunu oynamışam. Birincisini xalq artisti, ölməz sənətkarımız Hacıbaba Bağırovla, ikincini İrəvan teatrında xalq artisti Ramiz Əzizbəyli ilə oynamışam. Üçüncüsü isə, Musiqili Komediya teatrında xalq artisti Ramiz Məmmədovla. İndi oynamıram. Mən ümumiyyətlə iki ildir təqaüddəyəm, xəstəliyimlə əlaqədar. İndi Məşədi İbadı Şövqi Hüseynov oynayır, quruluşçu rejissor da Cənnət Səlimovadır. Mən gənclərə inanıram, Cənnət xanım da həmişə onlara üstünlük verir. Mən Cənnət xanımın peşəkarlığına inanıram.
- Qocalar evindən çəkilən "Sonuncu dayanacaq" komediyasında oynadınız. Ümumiyyətlə, film necə idi, özünüz gülə bildiniz?
- Burada gülməli olan bunların düşdüyü vəziyyətdir. Amma lap əslində bunun özü faciədir. Yəni qəmginlik aləminin situasiyasıdır. Niyə? Çünki qocalar evində gecə-gündüz çalıb-oxuyub oynasalar da, bunun bir başqa tərəfi də var. Axı niyə insan övladı ola-ola qocalar evində yaşayır? O obrazların hər birinin içində onları ürəkdən gülməyə qoymayan bir kədər var.
- Özünüz də internat məktəbində oxumusunuz. Bəlkə də filmin qəhrəmanlarını - qocalar evində yaşayanları sizdən yaxşı kimsə hiss etməz...
- Hə, orada yaşamağın nə olduğunu yaxşı bilirəm. Elələri var ki, onun yanına gələn olur, elələri də var gələn olmur. Elələri var ki, ailəsi var, amma ondan imtina edib, elələri də var ki, çoxuşaqlıdır, ayda bir dəfə, ya iki ayda bir dəfə gəlib dəyirlər. Bir də var, tamamən heç kimin yoxdur, yəni mənim kimi.
- Hansı nisbətən yaxşıdır?
- Heç olmamağı daha
yaxşıdır. Gəlib dəyir, "ditt edib" gedir. Hər şeyi
hökumət alır.
Ata-ana, ya
oğul-uşaq da gəlib dəyib gedir. Gəlməməyi, olmamağı daha
yaxşıdır. Yəni yanına
gəlirsə, aparmalıdır.
Aparmırsa, heç gəlməsin...
- Filmin rejissoru Fikrət Əliyev improvizələrə
imkan verirdi?
- Düzü, rejissor improvizələri çox aqressiv qarşılayırdı. Deyirdi ki,
mən səni başqa rakursdan təqdim etmək istəyirəm. Yəni, insanın,
ağsaqqalın qəmginliyini
də oynamalısan.
Haqlıdır da. Ora
düşən adam kefə gəlmir ki? İnsanların ümidi övladlarının
çiynində dünyadan
köçmələridir. Amma ora düşən bilir ki, bu,
ona qismət olmayacaq.
- Çəkilişin
özü necə keçdi?
- Çox ciddi.
- Rejissorun, aktyorların yumor hissi?
- Fikrət müəllim ciddi adamdır və ümumiyyətlə belə
bir ab-havanın yaranmasına imkan vermirdi. Düz də edirdi.
Bilirsiniz,
o icazə versəydi ki, mən Arifliyimi
davam edəm, mənim filmdəki rolum da belə
alınmayacaqdı. Bu obrazım çox fərqlidir, düşünən,
gözləri kədərli
bir adamdır.
- Obrazınıza
əlavələriniz olub?
- Mənim oynadığım Tapdıq
həyatda ağır
günlər keçirmiş
bir adamdır. Həyatı
gətirməyib, yoldaşı
ağır xəstə
olub, bunu belə fikirləşmişəm.
Onun gözündəki qəmginlik
də dünənin yaralarıdır. Bu Tapdıq yəqin həmişə düşünüb
ki, arvadına qulluq edib sağaltsın.
Arvadı da ona qayğı göstərsin,
uşaqları da olmayıb. Yəni arvadımı da
itirmişəm, sonra tanışların köməyi
ilə bu qocalar evinə düzəlmişəm. Mən özüm
üçün obrazı
belə cızmışam.
Tapdıq artıq qocalar evinə öyrəşib, gələnlərə
də dost gözü
ilə baxır. Ona görə kapitanın da işinə can yandırır.
O istəyir ki, kapitan evlənsin, özünün ailə həyatı gətirməyib,
heç olmasa onunku gətirsin. Sözlərə də əlavələrim
oldu, amma bəzilərini çıxardıblar.
- 90-larda çox
uğurlu çıxışlarınız
olurdu, yumor sahəsində ölkədə
sizdən məşhuru
yox idi. Bu
uğuru nə ilə bağlayırsınız?
- Yumoristik proqramlar hazırlanırdı,
ora çıxıb öz istedadını göstərə bilirdin.
Bu həmişə var
idi. Amma siz indiki terminlərlə desək,
"stand-up show" edirdiniz və yaxşı qarşılanırdı. İndi o zarafatlarla çıxsanız,
camaat yenə əvvəlki kimi gülərmi?
- Niyə gülmürlər? Yaxşı danışsan
gülərlər. Mən,
məsələn, 10 il əvvəlin yumorunu elə danışıram ki, gülürlər. Sadəcə danışdığına yeni
çalar, yeni dinamika verməlisən.
Mahnını standart oxuyurlar,
ona əlavə edə bilmirlər, amma sözə obraza əlavə etmək olur. Teatr da ona görə
maraqlıdır. Əlbəttə, auditoriyadan da asılıdır.
- Komik aktyorlar arasında kumiriniz olub?
- Əliağa
Ağayev, Lütfəli
Abdullayev, Səyavuş
Aslan, Yaşar Nuri... Hər birinin öz
ifaçılıq manerası,
üslubu var.
- Bəs indiki aktyorlardan kimə gülürsünüz?
- Rafael və Coşquna, "Komediya.az"da
çıxış edən
Səməndərə, Cabir
İmanovun, Tahir İmanovun obrazlarına gülürəm. "Bozbaş
pikçers"də çıxış
edənlər də maraqlıdır... Günün nəbzini
də tuturlar.
- Cem
Yılmaza baxırsınız?
- Hə, çox əladır. Bilirsiniz, şəraitdən və vəziyyətdən çox
şey asılıdır.
Bir gün biri desə
ki, mən maya qoyuram, çıx
televiziyada veriliş apar, mən də apararam. Bilirsiniz, indi hər şey
maddiyyata bağlıdır,
sponsorsuz veriliş etmək olmur. Mən də istəyirəm efirə çıxım,
veriliş açım,
amma məni efirə buraxan kimdi? Mən də apara bilərəm, orada nə var ki?
Mən də yeni variantlar
fikirləşərəm. Ümumiyyətlə, heç
vaxt sənət və sənətdə olan adam
sönmür. Ona şərait
olmur. Mən teatr aktyoruyam,
amma paralel şəkildə mono ifaçılığa
da meyl etmişəm.
İndi buna daha "stəndap" deyirlər,
nə deyirlər.
Amma mən çıxırdım,
təkcə bir hadisəni və o hadisədəki insanı göstərirdim. Məsələn,
avtobusda əhvalat... Şərait
olsa, mən də davam edərəm.
Verilişlərə çağırırlar, amma yumoristik çıxış üçün
verilişim yoxdur.
İndi
"stəndap" edirlər,
çox yaxşıdır.
Yenilik həmişə çətin
qarşılanır. Mən gənclərə
inanıram. Fərdaya
da, Elməddinə də, Tahirə də, Cabirə də...
- Adamları güldürmək əvvəl
daha asan idi, ya indi?
- Mənə indi onları güldürmək də,
ağlatmaq da asandır. Təki sən o tamaşaçını
inandıra biləsən.
İnandırmalısan ki,
bu vəziyyət ola bilər
və həmin vəziyyət var.
- Olub ki, ha çalışmısınız,
güldürə bilməmisiniz?
- Niyə olmayıb, sənətçini
hamı qəbul etmir ki, eləsi
var ki, gülmür,
yumoru qəbul etmir.
- Bəs sınaqdan çıxmış
zarafatınız varmı
ki, onu deyəndə
gülürlər?
- Yox, elə adam
artıq heç nəyi qəbul etmir. Auditoriyada hamı gülə
bilər, 5-i gülməyə
bilər. O beş nəfəri istəsən də, güldürə bilməzsən.
Çünki o özünü inandırıb ki, mən gülməyəcəyəm.
Çox
maraqlı bir məsələdir. Hamı gülməyə
məcbur deyil. Beş barmağın beşi də bir ola bilməz.
- Bizim tənqidçilərin belə
sözü var: "Güldürərək düşündürmək".
Bu, necə olur?
- Boş şeyə gülmək olmur. Nəsə var ki, onu düşünüb gülürsən. Baxın,
kişi sərxoşdur, arvadı deyir ki, biabır
olduq, qonşular gördü. Kişi deyir ki, narahat
olma, sürünə-sürünə
gəlmişəm, heç
kim görmədi.
İlk baxışda gülməlidir,
gülürsən, amma
fikirləşirsən ki,
mən də içirəm, yəni mən də bu günə düşürəm? Bu nə gündü, bu nə rüzgardı?
- Sonuncu sualdır, sizi yormayacağıq.
- Yorulmamışam. Mən jurnalistlərə çox hörmətlə yanaşıram. Çünki jurnalistika hər sahədən üstündür. Gərək yüksək intellektual biliyin olsun ki, hər kəslə söhbət edə biləsən, istədiyini ala biləsən. Mən əvvəllər jurnalist olmaq istəyirdim. Texnikumda oxuyanda gedib Əzizə Cəfərzadənin dərslərində otururdum. O, universitetdə jurnalistlərə dərs deyirdi. Mənimlə bir internatda oxuyan oğlan Əzizə xanımın tələbəsi idi. Ona qoşulub dərslərə gedirdim. Amma mən aktyorluğu seçdim, deyə bilmərəm, mən aktyorluğu seçmədim. Elə sənətlər var ki, insanın özü ilə bir dünyaya gəlir. Rəssamlıq kimi, bəstəkarlıq kimi... Sizə bir şey deyim... Bir dəfə çıxış etməyə bir kəndə getmişdik. Getdik çatdıq, məlum oldu ki, kənddə hadisə olub, bir cavan oğlan kanalda boğulub. Dedik ki, daha konsert olmaz, çıxıb gedək. Amma camaat dedi ki, o qədər yol gəlmisiniz, camaat da sizi gözləyirdi, allah o ölənə rəhmət eləsin, heç olmasa yüngülvarı bir konsert eləyin. Biz razılaşıb çıxış etdik. Amma konsertdə mən öyrəndim ki, yas düşən evin ailəsi gəlib ən arxa cərgədən baxır. Sənətin gücü budur...
- Təqaüddəsiniz. Günləriniz necə keçir?
- Yaxşı,
əla. Region TV-də "Yumurta" adlı filmə çəkilirəm. Bir də
Nail Naiboğlu Ramiz Abdullayevin "Biznesmen"
əsərini filmə
çəkir. Orada mən
deputat roluna çəkiləcəm. Hələ ssenarini
oxuyuram. Bir də, yeni yumoristik
hadisələr toplayıram
ki, verilişlərə
çağıranda gedim
danışım...
Ekspress.-2014.- 6 noyabr.- S.15.