"Heç nəyə həvəsim qalmadı..."

 

Səfurə İbrahimova: "Elə günlər olur ki, heç kimin üzünə baxmaq istəmirəm"

 

Çoxdandı görünməyən, səsi-sorağı gəlməyən böyük sənətkarlarımızdan birixalq artisti Səfurə İbrahimovadır. Sevimli aktrisamız uzun müddətdir mətbuatdan, televiziyadan da uzaq durur. Amma buna tutarlı səbəb göstərmir. Bu üzdən də onun, sadəcə, küsdüyünü düşünmək olar. Niyəsini, nədənini isə ancaq özü bilir...

   Nəhayət, "milli.az"a müsahibə verən Səfurə xanım üstüörtülüolsa, bəzi məqamlara aydınlıq gətirib.

       - Səfurə xanım, özünüzü necə hiss edirsiz?

   - Birmənalı "əla" və yaxud "pis" desəm, olmaz. O baxır, əhval-ruhiyyəyə. Elə gün olur, özümü yaxşı hiss edirəm, o gün mənim üçün, əlbəttə ki, yaxşı olur, gözəl olur. Hara baxıramsa, bir gözəllik görürəm, işıq görürəm, sevinc axtarıb tapıram. Amma elə günlər olur ki, qapını açıb, heç kimin üzünə belə baxmaq istəmirəm. Elə qapının arxasından "nə lazımdır" soruşuram. Yəni, o dərəcədə birdən-birə əhvalım xarab olur. İnsanam da... Yaxşı da oluram, pis də...

   - Uzun müddətdir efirdən, mətbuatdan uzaqsız?

   - Çoxdur, bəlkə də...

   - Axırıncı dəfə nə vaxt müsahibə vermisiz?

   - İki il olar. Bəlkə çox... Axırıncı dəfə bir qız gəlmişdi. Şəkillərimlə bərabər, maraqlı bir müsahibə hazırladı. Çox yaxşı yazmışdı.

   - Bəs səbəb? Teatrdan uzaqlaşmaq bir yana, hər kəsdən, hətta mətbuatdan belə uzaq durursunuz...

   - Səbəb deyəndə ki, mən əsas bir şeyi səbəb göstərmək istəmirəm. Siz yaxşı bilirsiz ki, mən teatra oxuya-oxuya dəvət olundum. O kollektivdə yetişdim. O kollektivə elə doğmalaşmışdım ki, elə bilirdim, bunların hər biri ailəmin üzvüdür. Birdən-birə fasiləsiz, bir-birinin ardınca dünyalarını dəyişdilər. Bu mənə həddindən artıq pis təsir etdi. Heç nəyə həvəsim qalmadı. Hansı tərəfə fırlandım -görmürəm, yoxdurlar. Filankəs yox, filankəs yox... Hansı ki, onlar mənim anamı, nənəmi oynayıblar. Mən Hökumə xanımla oynamışam. Çox ciddi xanım idi. Sözü belə rolda otuzdururdu. Fatma Qədri bir tamaşada anamı, bir tamaşada nənəmi oynayırdı. Qrimi o mənə öyrətdi... Mən gördüm ki, ətrafım boşdur. Kimlə oynayacaqdım ki?..

   Axı bir-birimizi səhnədə o hisslərə çağırıb, coşdururduq. Bilirdik ki, tamaşanın hansı yerində bir-birimizə necə stimul verə bilərik, rolları tamamlayıb, uyğunlaşa bilirdik.

   - Sonuncu oynadığınız rol hansı olmuşdu?

   - 2005-ci ilin sentyabrında teatr mövsümü açılırdı. "Hökmdar qızı" tamaşasında hökmdarın arvadı rolunu oynadım səhəri işdən çıxdım. Buraxmaq istəmirdilər məni. Amma mən qəti qərara gəldimsə, fikrimdən döndərə bilməzlər, gərək onu edəm!

   - Bəs sonuncu filminiz hansı olub?

   - Səhv etmirəmsə, 1990-cı illərin əvvəlləri olardı. Hamlet Xanızadə ilə "Şəhərin yay günləri" fimində çəkildim.

   - Nəzərə alsaq ki, 1990-cı ilin fevralında Hamlet Xanızadə vəfat edib, deməli, film təxminən 1-2 il əvvəl çəkilmiş olardı...

 

   - 1988-1989-cu illər olardı. Bilirsiz, mən Hamletlə radioda 2 veriliş aparırdım: "Molla Nəsrəddin" "Sözün düzü". Axırıncı dəfə ölməmişdən 10-15 gün qabaq görüşdük. Qaçaraq radioya gəldi. Gözləri sapsarı, çox qorxunc, yorğun sifəti var idi. Dedim, "Hamlet, haradan gəlirsən?" Dedi: "Axşam filmi səsləndirmişəm, tamaşa oynamışam, filmi "ukladka" eləmişik..." Mən dedim ki, "deməli, iki gündür yatmırsan?! Sən bir güzgüdə özünə baxmısan? Bilirsənmi haldasan? Get dincəl!" Uşaq kimi danladım onu. Cavabında dedi ki, "bilirsən ki, mən teatrla yaşayıram. Olmur axı bu cür işləri əldən buraxım..." Mən ona "sən özünə baxmalısan. Yoxsa bu qədər rolları, özü baş rolları kim oynayacaq" dedim.

   - Gənclərlə filmə çəkilərsiz? Bunu həm təklif kimi qəbul edə bilərsiniz. Ssenarimizi bəyənsəniz əgər...

   - Mənə bir ssenari veriblər. Amma çox zəifdir. Bir obraz xoşuma gəlir, amma ssenari, yenə deyirəm, çox zəifdir.

   - Xalq artisti yox, xalqın artisti olaraq gənclərlə teatrda, kinoda bircə cümlə ilə yenidən tamaşaçı qarşısına çıxmaq istəməzdinizmi? Yəni, bu qədərmi incimisiz hər kəsdən ya hər şeydən?

   - (Gülür) Mən qabaqcadan söz verməyi xoşlamıram. Söz verdimsə, gərək onu edəm.

   - Artıq səhnəmizdə sözünü demiş sənətkarlar çox azdır. Gənclik hələ onların yerini ala bilmir. Axı, yeni gələn nəslin sizin kimi sənətkarın məsləhətlərinə ehtiyacı var...

   - Ola bilməz ki, bizim səhnəmiz boş qalsın. Yeni nəsil gəlir. Onlar bizim yerimizi tutacaqlar. İstedadlı gələcəyimiz var, buna inanıram.

   - Sizin sənətlə, demək olar ki, uşaqlıqdan maraqlanmışam. Şəxsən inanmağım gəlmirdi ki, sizi görə bilərəm, amma hal-hazırda üzbəüz dayanıb sizdən müsahibə alıram...

   - Niyə? Demişdilər ki, "ölüb" o aktrisa? Bilirsiz, o qızlar mənim haqqımda olan məqalənin başlığında yazmışdılar ki, "Dəfələrlə öz ölüm xəbərini eşidən aktrisanın deməyə sözü var!" Daha sonra isə mənimlə olan söhbətlərini yazmışdılar.

   - Mənə hətta o qədər demişdilər ki, "getmə, səni qəbul etməyəcək..."

   - Onu düz deyirlər. Həqiqət var. Gəlirlər, qapını döyürlər. Açmıram. Çox vaxt cavab da vermirəm. Hətta ötən il Moskvadan gəlmişdilər. Açmadım. Bilirsiz, min cür insan var. Fırıldaqçılar var. Ona görə açmıram...

 

 Ekspress.-2014.- 6 noyabr.- S.23.