Əlillərin reabilitasiya göstəriciləri yaxşılaşır

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Əlillərin müstəqil fəaliyyətinin təmin edilməsi, əmək qabiliyyətinin yaxşılaşdırılması, həmçinin təkrar əlilliyin müəyyən edilməsi hallarının azaldılması üçün tibbi-sosial reabilitasiya tədbirlərinin əhəmiyyəti böyükdür.

   Reabilitasiya tədbirlərini təkmilləşdirməklə, onun keyfiyyətini artırmaqla əlil olan insanların əksəriyyətinin tibbi-sosial vəziyyətini xeyli dərəcədə yaxşılaşdırmaq mümkündür. Bu cəhəti nəzərə alaraq Azərbaycanda da əlillərin tibbi-sosial reabilitasiyana ayrılan diqqət artırılıb.

   2014-cü ilin statistik məlumatları və bu sahədə məsul hökumət qurumu olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) apardığı işlər deməyə əsas verir ki, ölkəmizdə sağlamlıq imkanları məhdud olan insanların reabilitasiya vəziyyəti yaxşılaşır.

   ƏƏSMN tərəfindən bərpa-müalicə xidmətlərinin təkmilləşməsi, həmçinin tibbi-sosial ekspertiza xidmətinin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində aparılan işlər əlilliyi olan şəxslərin reabilitasiyası üzrə göstəricilərin yüksəlməsi ilə müşahidə olunur.

   Belə ki, 2014-cü ilin 9 ayı ərzində əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya göstəricisi 0,8 faizdən 2,6 faizə yüksəlib.

   Müqayisə edilən dövrdə təkrar əlillik müəyyən edilənlərin sayı 3707 nəfər, təkrar sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı isə 1544 nəfər azalıb.

   Yeri gəlmişkən bildirək ki, nazirliyin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir ki, son 9 ayda həmin müəssisələrdə ümumilikdə 5882 nəfər bərpa-müalicə xidməti ilə təmin edilib.

   Əlillərin müxtəlif protez-ortopedik vasitələrlə təmini də son vaxtlar yaxşılaşıb. ƏƏSMN-nin Bakı Protez-Ortopedik Bərpa Mərkəzi cari ilin 9 ayında tibbi göstərişi olan 569 nəfər əlilliyi olan şəxsi əlil arabası ilə təmin edib.

   Bu müddətdə mərkəz, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 671 ədəd aşağı ətraf və 102 ədəd yuxarı ətraf protezləri, 238 ədəd ortez-korset, 224 ədəd döş protezi, 569 cüt qoltuqaltı, 824 ədəd əsa, 1219 cüt ortopedik ayaqqabı, 369 ədəd eşitmə aparatı və s. ilə təmin ediliblər. Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxslər müxtəlif növlərdə 18 044 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub.

   Eyni zamanda, ötən ilin dekabr ayında ƏƏSMN-nin müvafiq əmri ilə yaradılan, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqadalar tərəfindən hesabat dövründə 20-dək rayon üzrə ayrı-ayrı əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib.

   Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında bütün növ amputasiya olunmuş əlilliyi olan şəxslərin protezləşməyə hazırlanması, protezlə təmin edilmiş belə şəxslərə isə protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s. üzrə bərpa-müalicə işi yerinə yetirilir. Bu stasionarlarda cari ilin 9 ayında 524 nəfər əlilliyi olan şəxs müvafiq xidmətlərlə təmin edilib.

 

   Ölkəmizdə əlillərin reabilitasiyası sahəsində xidmətin daha düzgün təşkili məqsədilə qanunvericilik sahəsində də təkmilləşdirmə işləri aparılır. Bu məqsədlə qabaqcıl ölkələrin qanunvericilik təcrübəsi öyrənilir. Məsələn, bu yaxınlarda Almaniyadan gəlmiş ekspert-hüquqşünas Fabian Vollinq tərəfindən Avropa İttifaqının əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyinə dair təqdimat keçirilib.

   "Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsi çərçivəsində təşkil olunan təqdimatda Avropa və Azərbaycanda tətbiq olunan önəmli konvensiyalar, qanunvericilik bazaları haqqında mərkəzin mütəxəssislərinə geniş məlumatlar verib. Tədbirdə həmçinin son vaxtlarda aparılan təkmilləşdirmə işlərinin müsbət nəticəsi kimi Azərbaycanın müvafiq sahədə qanunvericiliyinin müəyyən bir hissəsinin artıq Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırıldığı da vurğulanıb, bununla bağlı nümunələr göstərilib.

   Qeyd edək ki, Avropa Qonşuluq Siyasəti və Tərəfdaşlığı çərçivəsində fəaliyyət istiqamətlərindən biri də Avropanın qabaqcıl ölkələrinin ekspertləri tərəfindən sosial müdafiənin bütün sahələri üzrə ölkəmizə ekspertiza dəstəyinin göstərilməsidir. Bu məqsədlərə uyğun olaraq sentyabrın 26-da ƏƏSMN Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində Avropa İttifaqının ekspertləri ilə birgə seminar keçirilib. Seminarda məqsəd tibbi-sosial reabilitasiya sahəsində çalışan mütəxəssislər üçün uzunmüddətli tədris proqramınin hazırlanması ilə bağlı məsələlərin müzakirəsi olub.

   Seminarda tibbi-sosial reabilitasiya mütəxəssisləri üçün təşkil ediləcək ixtisasartırma kurslarını aparacaq təlimçilərin hazırlanması, bu məqsədlə tədris mərkəzinin əməkdaşları üçün treninqlərin təşkili məsələləri nəzərdən keçirilib. Seminar iştirakçıları tibbi-sosial reabilitasiya sahəsində qiymətləndirmə formasını da müzakirə ediblər.

   Tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində xarici təcrübə də öyrənilir. Nazirliyin əməkdaşları bir müddət öncə Litvada səfərdə olub. Səfərdə tibbi-sosial reabilitasiya sistemi, əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növlərinin tətbiqi sahəsində təcrübə mübadiləsi aparılıb.

   Görüşlərdə müvafiq qanunvericilik bazalarının təkmilləşdirilməsi, yeni reabilitasiya xidməti növlərinin tətbiqi yolu ilə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi, habelə onların əmək bazarına çıxışının səmərəli dəstəklənməsi sahəsində mövcud hüquqi baza təcrübələri barədə məlumatlar verilib. Həmçinin VilnüsKaunas şəhərlərinin reabilitasiya mərkəzlərinin prosesi, onlarda aparılan reabilitasiya metodları ilə tanışlıq olub, praktiki təcrübə mübadiləsi aparılıb. Səfər zamanı iki ölkə arasında tibbi-sosial reabilitasiya sahəsində əməkdaşlığın davam etdirilməsi, Azərbaycanda tibbi-sosial ekspertizareabilitasiya sahəsinin mütəxəssisləri üçün Litva təcrübəsi ilə əlaqədar təqdimatın keçirilməsi və s. ilə bağlı fikir ifadə olunub.

   Xatırladaq ki, qeyd olunan Tvinninq layihəsi Azərbaycanda əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsində Fransa, AlmaniyaLitva ilə əməkdaşlığı və təcrübə mübadilələrinin aparılmasını da nəzərdə tutur.

   Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyasına diqqət yetirilir.

   Bu ilin yanvar-sentyabr ayları ərzində ƏƏSMN-nin Bakı Uşaq Bərpa Mərkəzində 2 199 nəfər, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 250 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa stasionarambulator qaydada bərpa-müalicə xidməti göstərilib.

 

   Həmçinin qeyd olunan müddətdə 85 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq (valideynləri ilə birlikdə) Latviyaya bərpa-müalicəsinə göndərilib. Beləliklə, bu ilin ötən dövründə ölkəmizdə ƏƏSMN tərəfindən ümumilikdə 2534 nəfər uşaq bərpa-müalicə xidməti ilə təmin edilib.

   Bakı və Naxçıvan şəhərlərindəki uşaq bərpa mərkəzlərində stasionar şəraitdə bərpa-müalicə prosedurlarına cəlb olunan 1022 nəfər uşaqdan artıq 977 nəfəri evə yazılıb. Onların 66-ı tam reabilitasiya olunub, digərlərinin səhhətində yaxşılaşma əlamətləri qeydə alınıb. Adıçəkilən bərpa mərkəzlərində sağlamlıq imkanları məhdud uşaqlar bərpa-müalicə prosedurları ilə təmin edilməklə yanaşı, onların sosial statuslarının bərpası, şəxsiyyətinin korreksiyası, əmək terapiyası məqsədi ilə kompleks işlər aparılır.

   Uşaqlar arasında sosial baxından təhlükəli vəziyyətdə olanların da rebilitasiyasına diqqət ayrılır. Bu məqsədlə ƏƏSMN ixtisaslaşmış QHT-lərlə əməkdaşlıq edir. Bakıda sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların sosial reabilitasiyası üçün il ərzində 350-500 uşağa xidmət göstərən 2 sığınacaq, 50 nəfər daun sindromlu uşağa xidmət göstərən reabilitasiya mərkəzi, 50 nəfər lal-kar və zəif eşitmə qabiliyyəti olan uşağa xidmət göstərən surdoloci mərkəz, Şəki şəhərində 50 nəfər əqli geriliyi olan uşağa xidmət göstərən psixo-sosial dəstək mərkəzi, Bakı və Gəncə şəhərlərində ümumilikdə 100 nəfər sağlamlıq imkanları məhdud uşaq üçün sosial reabilitasiya mərkəzləri fəaliyyətə başlayıb. Ötən il icra edilməyən layihələr işə salınmaqla, Bakı şəhərində 50 nəfər uşağa sosial xidmət göstərən 2 autizm mərkəzinin, görmə qabiliyyəti zəif olan uşaqlar üçün informasiya mərkəzlərinin, sağlamlıq imkanları məhdud uşaqlara xüsusi proqramlarla idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım edən mərkəzin, ailə tipli kiçik qrup evinin yaradılması təmin edilib. Bununla yanaşı, Şabran, Quba, Xızı və Siyəzən rayonlarında 7 yaşadək uşaqlar arasında əlilliyin qarşısının alınması və sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası ilə sosial reabilitasiyası məqsədilə 100 nəfər uşağı əhatə edən layihə icra olunur.

   Layihələr çərçivəsində 117 nəfər sağlamlıq imkanlar məhdud uşaq valideynləri ilə birlikdə Litvada reabilitasiya kursu keçib, belə uşaqlarasosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara qarşı ictimaiyyətin diqqətinin artırılması üçün təbliğat kampaniyaları aparılıb. Sosial sifarişləri icra edən təşkilatların müstəqil monitorinqinin aparılması üçün də ayrıca layihə həyata keçirilir.

 

   

   Vasif CƏFƏROV

   Ekspress.-2014.- 8-11 noyabr.- S.10.