Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında

 

 

   Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.

   Cümhuriyyət tələbəsi, ensiklopedik bilik sahibi, həqiqi akademik və ədib Əhməd Rəcəblinin dolğun həyatı və çoxsahəli fəaliyyəti zamanında mətbuat səhifələrində geniş əks olunmuşdu. Görkəmli alimlə bağlı mətbuatda getmiş bəzi materialları nəzərdən keçirək.

   1958-ci il oktyabrın 26-da "Kommunist" qəzeti (N 253 (10894)) Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının açılışına dair geniş məqalə dərc etmişdi. Burada deyilirdi ki, oktyabrın 25-də Kirovabad (Gəncə) şəhərində Cəfər Cabbarlı adına Dövlət Teatrı binasında alimlərin, kənd təsərrüfatı mütəxəssislərinin, respublika ictimaiyyəti nümayəndələrinin, müttəfiq respublikalardan gəlmiş nümayəndələrin iştirakı ilə Azərbaycan Kənd Təsərrufatı Elmləri Akademiyası yaradılmışdır. Təntənəli yığıncağın rəyasət heyətində Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Yusif Məmmədəliyev, respublika kənd təsərrüfatı naziri Həsən Seyidov, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənova, Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyası Rəyasət Heyətinin üzvü N.F. Rostoptsev və başqaları olmuşlar.

   Respublikanın Kənd Təsərrüfatı Elmləri Akademiyası həqiqi üzvlərinin ilk təşkilat yığıncağında akademik Firuz Əli oğlu Məlikov yeni yaradılmış akademiyanın prezidenti seçilmişdir. Akademiyanın səkkiz nəfərdən ibarət həqiqi üzvləri arasında Əhməd Cabbar oğlu Rəcəbli də vardır.

   Akademiyanın həqiqi üzvü Əhməd Rəcəbli həqiqətən bənzərsiz fitri istedad sahibi idi. Cümhuriyyət tələbəsinin İtaliyada təhsilni başa vurub Azərbaycana qayıtdıqdan sonra elmi-təcrübi fəaliyyətinin miqyasını təsəvvür etmək üçün Hərifət xanım Həmidovanın tərtib etdiyi biblioqrafiya kitabına müraciət etmək kifayətdir.

   1926-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı Əhməd Rəcəblinin "Azərbaycanda tütünçülük" kitabını çap etmişdir. İyirmi səkkiz yaşlı alimin dəyərli əsəri dalbadal 1931 və 1932-ci illərdə təkrarən nəşr edilmişdir.

   1926-cı ildə Əhməd Rəcəblinin "Azərnəşr" tərəfindən daha iki kitabı işıq üzü görmüşdür: "Ələf bitkilərinin becərilməsi" və "Ümumi əkinçilik".

   1927-ci ildə kənd təsərrüfatı mütəxəssisləri Əhməd Rəcəblinin "Azərnəşr" tərəfindən buraxılmış "Gübrələr: üzviqeyri-üzvi" kitabını əldə etmişlər.

   1929-cu ildə Əhməd Rəcəbli "Kəndçi gənclər məktəbləri üçün dərs kitabı"nı "Azərnəşr"ə təqdim etmişdir. Kitabın birinci hissəsi 1929-cu ildə, ikinci hissəsi 1930-cu ildə çapdan çıxmışdır.

   1932-ci ildə alimin "Tütünçülük", "Fındıq, qoz və şabalıd", "Çəltik", 1937-ci ildə "Zeytun", 1949-cu ildə "Şaftalı" kitabları nəşr olunmuşdur.

   Böyük alimin "Azərbaycanın meyvə bitkiləri" kitabı isə müəllifin vəfatından iki il sonra, 1966-cı ildə "Azərnəşr" tərəfindən çap olunmuşdur.

 

   1963-cü il dekabrın 18-də 65 yaşında dünyasını dəyişmiş akademikin adı qara çərçivəyə alınmışdı. "Kommunist" qəzetində verilmiş nekroloqda oxuyuruq:

   "Görkəmli bağçı alim, professor Əhməd Cabbar oğlu Rəcəbli vəfat etmişdir. Bu yorulmaz zəhmətkeşin bütün həyatı respublikamızda kənd təsərrüfatı istehsalatının inkişafı ilə bağlı olmuşdur. Ə.C.Rəcəbli 1923-cü ildə ali təhsil aldıqdan sonra Zaqatala kənd təsərrüfatı texnikumunun direktoru təyin edilmiş, iki ildən sonra isə Zaqatala təcrübə stansiyasına rəhbərlik etməyə başlamışdır. Burada o, kənd təsərrüfatı bitkilərinin qiymətli sortlarını yetişdirmək və yeni bitkilər əkmək sahəsində böyük görmüşdür.

   Bacarıqlı seleksiyaçı Ə.C.Rəcəbli 1945-ci ildə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, ÜzümçülükSubtropik Bitkilər İnstitutunda işləməyə başlamışdır. Həmin vaxtdan onun bütün fəaliyyəti Azərbaycanda yeni meyvə bitkiləri sortlarının yetişdirilməsinə və bağçılığın əsas problemlərinin işlənib hazırlanmasına həsr edilmişdir. Dərin biliyə, zəngin təcrübəyə malik olan Rəcəbli on bir yeni meyvə sortu yetişdirmişdir. Ə.C. Rəcəblinin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın müxtəlif zonaları üçün meyvə bitkilərinin rayonlaşdırılmış sənaye standartları hazırlanmışdır.

   Professor Ə.C.Rəcəbli böyük elmi və əməli əhəmiyyəti olan onlarca elmi əsərin müəllifidir. O, alim və müəllim kadrları hazırlanmasında fəal iştirak edirdi.

   Tükənməz enerjisi, tədqiqatçılıq fəaliyyətininin geniş vüsəti və səmərəliliyi, öz işinə hədsiz sədaqəti sayəsində Ə.C.Rəcəbli respublikanın alimləri və kənd təsərrüfatı zəhmətkeşləri arasında böyük hörmət qazanmışdır.

   Geniş ürəkli insan, həssas və qayğıkeş yoldaş olan professor Rəcəblinin xatirəsi onu tanıyanların qəlbində uzun müddət yaşayacaqdır.

   Yoldaşlarından bir qrup".

   Əfsuslar olsun ki, respublika mətbuatı səhifələrində bu nekroloqdan sonra ta 1988-ci ilədək Əhməd Rəcəbli barədə heç bir məlumat yoxdur. Yalnız 1988-ci il martın 1-də "Sovet kəndi" qəzetinin dördüncü səhifəsində Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyinin baş direktoru, biologiya elmləri namizədi F.Məmmədovun və həmin birliyin baş elmi işçisi, kənd təsərrüfatı elmləri namizədi Ə.Sadıqovun "Görkəmli alim" sərlövhəli məqaləsi dərc olunmuşdur.

 

   (ardı var)

 

 Qurban, Teyyub.

 Ekspress.-2014.- 8-11 oktyabr.- S.15.