Milli səhnənin
Sarası...
Aktrisa Mehriban Abdullayeva: Hər kəsin
öz qisməti var...
TANITIM:
Mehriban Abdullayeva Qax rayonunda doğulub. 1986-cı
ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini
bitirib. 1989-cu ildən Gənc
Tamaşaçılar Teatrının aktrisasıdır.
2013-cü ilin iyun ayının 25-də Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin
"Fəxri Mədəniyyət İşçisi"
döş nişanı ilə təltif olunub. Bəhs
etdiyimiz teatrda önəmli rollara imza atıb:
Şirin ("Yazığam, sevmə
məni", Əkrəm Əylisli), Səbinə ("Məhəbbət
bir bəladır", Əhməd Orucoğlu), Aynur
("Büllur sarayda", İlyas Əfəndiyev), Aysulu
("Mahmud və Məryəm", Elçin), Sara ("Mənim
ağ göyərçinim", Tamara Vəliyeva), Ana
("Ana laylası", İskəndər Coşğun), Fərizə
("Şəhidlər", Bəxtiyar Vahabzadə), Pəricahan
("Qaraca qız", S.S.Axundov), Klaudia ("Zorro",
İspan xalq rəvayəti), Böyükxanım
("Aydın", C.Cabbarlı), Ana
("Şelkunçik", Hofman), Sədəf qarı
("Əcəl atı", V.Əlixanlı), Ledi Kapuletti
("Romeo və Cülyetta", Şekspir) və s.
Filmoqrafiya: "Solğun
çiçəklər" (1987), "Məşədi
İbad-94" (2005), "Yoxlama" (2006), "Pərvanələrin
rəqsi" (serial, 2012).
Aktrisa Mehriban
Abdullayeva ilk dəfə rejissor Faiq Zöhrabovun quruluş
verdiyi "Nakam qız" tamaşasında Sona rolunu
oynamışdı. Sonralar "Solğun
çiçəklər"dəki Sara obrazı ilə
tanındı və sevildi. Sona və Saranın
taleləri kədərli, ürəkağrıdıcı
idi. Mehriban xanım beləcə milli səhnədə
dramatik rollarla ilk addımlarını atdı...
Aktrisa etiraf edir ki,
Sara obrazı sənət taleyində böyük rol
oynayıb. 30 ilə yaxındır həyatını
sənətə bağlayan Mehriban xanım bu illər ərzində
saysız-hesabız obrazlar yaradıb, amma sənətə vəsiqəsi
olan Sara obrazını unutmur.
Aktrisa bu rola görə rejissor
Ağakişi Kazımova minnətdar olduğunu deyir: "23
yaşımda oynamışdım Saranı, daxilən əsl
Sara idim. Onun kimi saf, sadəlövh, həyatı
çəhrayı görən idim. İndi
o obrazı oynaya bilmərəm, çünki illər, həyat
adamı çox dəyişir, indi daha təcrübəliyəm".
Beləliklə də,
müsahibimimiz Gənc Tamaşçılar Teatrının
aktrisası Mehriban Abdullayevadır.
-
Mehriban xanım, Musiqili Komediya üzrə təhsil
almısınız, amma Sizi hər zaman dramatik obrazlarda
görürük. Bunun bir səbəbi
varmı?
- Tələbəlik illərini
bitirdikdən sonra 1986-1990-cı illərdə Milli Dram
Teatrında çalışırdım və çox əsərlərdə
maraqlı obrazlar oynadım. Teatrın ən
qaynar dövrləri məhz həmin illər idi, hamı bir nəfər
kimi özünü səhnəyə, qaynar fəaliyyətə
vermişdi, sanki bir müddət sonra ölkənin nələrlə
üzləşəcəyini, teatrların hansı çətinliklərlə
üz-üzə qalacağını duymuşdular.
- Milli Teatr az
qala bütün aktyorların arzuladığı bir sənət
ocağıdır. Bu baxımdan "Azdrama"nı
Gənc Tamaşaçılar Teatrına dəyişməniz
bir qədər qəribə görünür?
- Zənnimcə, burda qəribə
heç bir şey yoxdur. Milli Teatrda 4-5 il
çalışıb maraqlı rollar oynasam da, məni
ştata qəbul etmədilər. Vaxt
keçirdi, düşünmədən ştatda
olacağım bir teatrda çalışmağı qərara
aldım və Gənc Tamaşaçılar Teatrında fəaliyyətə
başladım. Yeri gəlmişkən, ilk
dəfə sizin qəzet vasitəsilə demək istərdim
ki, mən bir vaxtlar ixtisasıma uyğun olan Musiqili Komediya
Teatrında da çalışmışam, bir çox
komediyalarda oynamışam. Hələ tələbəlik
illərində musiqili tamaşalarda iştirak etdiyim zaman bunun
necə zövqlü, maraqlı olduğunu
düşünürdüm. Musiqinin dili ilə
obrazı açmaq çox maraqlı alınır.
Yaxşı yadımdadır, "Arşın mal alan" tamaşasında Gülçöhrəni
oynayırdım, ariyaları böyük maraqla ifa edirdim. Həm səs imkanlarım, həm də obraza
uyğunluğum vəhdət təşkil edirdi. Ancaq nə olur-olsun, özümü dramatik obrazlarda
daha çox uyğun gördüyüm üçün
artıq illərdir dramatik obrazlarla tamaşaçıların
görüşünə gəlirəm.
- Klassik əsərlərdəki
ifalarınız çox maraqlı alınır, istər milli
əsərlərdə, istərsə də dünya
klassikasında söz demiş aktrisasınız. Sizcə aktrisa üçün klassik obrazın
önəmi, cəlbediciliyi nədədir?
- Ü.Hacıbəylinin,
C.Cabbarlının əsərlərində oynamışam,
Şeksprin əsərləri yaradıcılığımda
mühüm yer tutur. Bilirsinizmi, klassikada dərin
məna çaları olan əsərlər çoxdur. Onlar elə əsərlərdir ki, artıq illərdir
müraciət olunur və hər dəfə sanki yeni bir xətt
daha kəşf edilir. Cabbarlının "Solğun
çiçəklər", "Od gəlini" əsərlərində
oynadığım zaman hələ məşqlərdə
hiss edirdim ki, bu kimi əsərlər aktyorun bütün
potensialının üzə çıxmasına şərait
yaradır. Hətta klassik əsərlərdə
oynadığın epizodik rollar belə sənə geniş
imkanlar açır, ümumiyyətlə, klassika aktyoru zənginləşdirir.
- Bir tamaşada rol alarkən ilk
növbədə nələrə önəm verirsiniz?
- Mütləq müraciət olunan
dövrü, baş verən hadisələri öyrənməyə
çalışıram. Dövrün tələbi
necə olub, hadisələrin baş verdiyi məqamlar, səbəblər,
dövrün geyim tərzləri, davranışları necə
olub? Bütün bunları öyrənmək
mənim üçün əsasdır. Çünki
bütün bunları öyrəndikdən sonra daxili zənginləşmə
obrazın təbii və dolğun alınmasına şərait
yaradır. Mənə elə gəlir ki,
istər müasir əsərlərdə, istərsə də
klassikada oynamasından asılı olmayaraq aktyorun güclü
və geniş müşahidə qabiliyyəti
olmalıdır. Bunun üçün
çoxlu mütailə etmək, musiqidən xəbərdar
olmaq lazımdır, bir sözlə, aktyor geniş bilgi sahibi
olmalıdır. Çox vaxt deyirlər ki,
aktyor var ki, səhnəyə çıxır,
danışmasa belə obrazı dərindən ifası daxili
gücünü ortaya qoyur. Və ya əksinə
aktyor var ki, səhnədə bütün günü
danışsın, xeyri yoxdur, çünki daxili zənginliyi
yoxdur. Bu baxımdan mən daxilən zəngin
aktyorlara böyük hörmətlə yanaşıram,
onların sənətini örnək sayıram.
- Elə tamaşalar var ki,
bütün dünya teatrlarının repertuarına daxildir və
bu tamaşalarda çox məşhur və əvəzolunmaz
aktorlar öz sözlərini deyiblər. Bu nəhəng
sənətçilərdən sonra həmin obrazı
oynamağın hansı çətinlikləri var?
- Çalışıram ki,
obrazı məndən əvvəl oynayan aktrisanın
ifasına bənzətməyim. Obraza öz
baxışımla baxıram, gərgin məşqlərlə
istənilən nəticəni əldə edə bilirəm.
Məsələn, hazırda Şekspirin "III
Riçard"ına müraciət
etmişik, Yelizaveta obrazı mənə həvalə edilib. İndiyədək qlobal miqyasda çox teatr bu
tamaşanı hazırlayıb. Amma həmin
tamaşaların heç birinə baxmamışam. Nə zaman biz tamaşanı təhvil verəcəyik,
ondan sonra baxıb müqayisə edəcəyəm. Hələ
"Solğun çiçəklər" tamaşasına
hazırlaşdığımız zaman çoxları dedi
ki, Sara obrazına artıq Leyla Bədirbəyli öz
imzasını atıb. Bu televiya tamaşası
çəkilmədən illər öncə bu əsərə
müraciət olunmuşdu, Sara obrazını da görkəmli
aktrisamız Leyla Bədirbəyli oynamışdı. Ancaq mən həmin tamaşaya baxmamışdım və
böyük maraqla Saranı oynadım. Məni bu obrazla qəbul
edənlər də oldu, rolu müqayisə edənlər də,
hətta çoxları dedi ki, sən artıq bu rola öz
möhürünü vurdun və s. Məndən sonra bu rolu kim oynayıb, onu da bilmirəm, ancaq bildiyim bir
şey var ki, zamanında bir araya gələrək belə bir
tamaşa hazırladıq və bu, bizim üçün bir
tarix oldu.
- Leyla Bədirbəylinin
rolları həmişə böyük maraq doğurub,
ümumiyyətlə, o dövrün aktrisaları öz sənətlərinin
bir çələngi idilər. Amma nəsillər
arasında müqayisə aparmaq, zənnimcə, elə də
uğurlu iş deyil...
- Fəxr edirəm ki, məni o
dövrün çələngi hesab olunan aktrisaları ilə
müqayisə ediblər, biz onlara baxıb bu sənəti
sevmişik. Etiraf edək ki, o dövrün
aktrisaları, aktyorları o qədər güclü sənət
imkanlarına malik olublar ki, onlarda olan sənət
yanğısını sözlə ifadə etmək belə
mümkün deyil. Onların az qala
hamısı teatr aktyorları idilər, səhnədə
unudulmaz obrazlar yaratmışdılar, lakin bizlər onları əsasən
filmlərdən tanıyıb sevmişik, hətta
ideallaşdırmışıq. O aktyorların hər biri
zirvədir...
- O aktyorları kinonun
tanıtdığını dedniz, amma Sizin
nəsil kinonun imkanlarından tam yararlana bilmədi...
- Sənətə gəldiyim ilk
illərdə o qədər gərgin
çalışırdım ki, heç kino yadıma da
düşmürdü. Ancaq hazırda
düşünürəm ki, kino aktyorun həyatında
gerçəkdən də böyük rol oynayır.
- Heç "niyə bu sənəti
seçdim" deyə peşmançılıq hissləri
keçirdiyiniz olurmu?
- Mən belə düşüncələrə
qapılmıram. Bəlkə səhnəyə
çıxdığım zaman bütün çəkdiyim əziyyətləri
unuduram deyə, peşmançılıq hisslərinin cücərməsinə
imkan vermirəm və ya da bu sənətin cazibəsi çox
güclü olduğuna görə belə hisslər
yaranmır. Nə olur-olsun, hərhalda mən
peşmançılıq hisslərindən uzaq olduğum
üçün bu hissə qapılmıram. Yəqin ki,
sənətə olan sevgimin gücündəndir...
- Sənətin zirvəsinə gedən
yol bəzən uçurumlardan keçir. Sənətdə
uğur üçün istedad yetərlimidir, yoxsa bu işin
başqa sirləri də var?
- Öyrənmək, mütaliə
etmək və sadəcə öz işinlə məşğul
olmaq. Bu sənətin sirri sadəcə budur və
zirvəyə aparan yol da budur. Əgər
öz üzərində çalşmırsansa, o zaman bu sənət
uçurumlarla qarşına çıxacaq.
- Sənət aləmində bir
qibtə məsələsi də var. Yəni,
uğurlarınızı qısqanan olubmu və ya Sizin
başqasına belə bir münasibətiniz olubmu?
- Qısqanclıq yaxşı hiss
deyil və əlbəttə ki, qazanılan uğurlara manelər
olacaq. Şəxsən mən heç kimin
uğurlarını qısqanmadım, çünki buna
heç vaxtım olmadı, mənim uğurlarımı isə
kiminsə qısqanması barədə bir fikrim yoxdu. Çünki bununla da maraqlanmadım. Artıq sənətə yeni nəsil gəlib, onlara
dəstək vermək lazımdır. Bəlkə
bir vaxtlar mənə mane olanlar olub, ancaq mən əksinə
hamıya dəstək vermişəm. Hər kəsin
öz qisməti var...
- Bəzi aktrisaların yaşla
bağlı gənc qız rollarını ana və ya
yaşlı obrazlarlarla əvəz etməsi ağrılı
olur...
- Mən artıq çoxdandır
ki, ana obrazları oynayıram. Heç bir
çətinlik çəkmədən bu durumu asanlıqla qəbul
etdim. Əslində, bu təbiətin
qanunudur. Kim hər zaman 20 yaşında
qalır ki?
Vaxt yetişdikcə
öz yerini digərlərinə vermək məcburiyyətindəsən.
Həyatın mənası ondadır ki, hər
yaş insan ömrünün bir hesabatı və təcrübəsidir.
Hər aktrisa hər zaman gənc obrazlarla səhnəyə
çıxırsa, demək, o tükənib. Əsl sənət fədaisi hər yaşın
öz obrazını yaratmalıdır. Müsbət,
mənfi obrazlar aktyorun bütün daxili potensialını
üzə çıxarmaqda böyük kömək olur.
Aktyor obrazın həyatını
yaşayır, onu öz yaşantısından keçirərək
təqdim edir. Mən müxtəlif səpgili
rollar oynamışam və ümidvaram ki, tamaşaçı
məni bütün rollarımla qəbul edir.
Xədicə QİYAS
Ekspress.-2014.- 8-11
noyabr.- S.19.