Hacı İsmayılov: "Sənətimə heç vaxt xəyanət etməmişəm"

 

Bütün teatrların baş rejissoru var, ölkənin baş teatrında isə hələ baş rejissor yoxdur

 

Sevimli aktyorumuz, xalq artisti Hacı İsmayılovla Teatr Xadimləri İttifaqında görüşdük. Akademik Milli Dram Teaatrın aparıcı aktyoru həm də İttifaq sədrinin müavinidir. Qeyd edək ki, bu il yanvarın 22-də aktyorun 70 yaşı tamam olub. Söhbətə də bu yubileydən başladıq.

    - Sizin üçün bu il həm də 70 illik yubileyinizlə yadda qaldı. Yubiley dövlət səviyyəsində qeyd olunmasa da, bildiyimə görə, Mədəniyyə və İncəsənət Nazirliyi Sizi unutmadı...

   - Maddi baxımdan nazirlik səviyyəsində ad günüm diqqətdə dayandı, ola bilsin yaradıcılığımı əhatə edən bir kitab da işıq üzü görsün. Bilirsinizmi, bu qədər problemlər yaşayırıq, iqtisadi baxımdan güclü ölkələr sırasında olsaq da, bizim yaralı yerimiz olan Qarabağ dərdimiz varsa, bizə yaraşmaz ki, dövlət səviyyəsində yubileylər keçirək. Hər şeyin öz vaxtı var. Bir gün olar, problemlərimizi tam olaraq aradan qaldırarıq, məhz o zaman istənilən yüksəksəviyyəli yubiley tədbirləri keçirərik.

   - 50 ilə yaxındır sənətdəsiniz. Bu illər ərzində çox sular axıb, çox şeylərin şahidi oldunuz, böyük ustadlarla birlikdə oynadınız, bir sözlə, səhnədə kimləri görmədiniz ki...

   - 1967-ci ildən, institutu bitirdiyim ildən bu yana sənətin içindəyəm, yaradıcılıqla məşğulam. Həqiqətən o illər Azərbaycan teatrının qızıl dövrü hesab olunur. Milli Teatrdan öncə o dövrdə yenicə açılan Sumqayıt Teatrında birillik fəaliyyətim olub. Tələbəlik illərində hətta İrəvan Teatrında da bir neçə ay çalışmışam. O vaxtlar Teatr institutunda səhnə danışığından bir müddət dərs də demişəm. Nəhayət, 70-ci ildən bu günə kimi ömrümü Akademik Milli Dram Teatrına bağladım. Dediyiniz kimi, kimləri görmədim ki... Öncəliklə qeyd edim ki, 1950-1990-cı illər Azərbaycan Teatrının intibah dövrü olaraq tarixə yazılıb. Ağasadıq Gəraybəyli, Möhsün Sənani, İsmayıl Osmanlı, Leyla Bədirbəyli, Hökumə Qurbanova, Nəcibə Məlikova, Barat Şəkinskaya və başqaları ilə çiyin-çiyinə çalışdım. Belə sənətkarlarla bir yerdə çalışmaq həm böyük məsuliyyət idi, həm də fəxr idi, eyni zamanda, qorxulu idi. Onlar sənətdə öz sözünü demiş, özünü təsdiq etmiş və ən önəmlisi, özünə geniş tamaşaçı auditoriyası toplamış ustadlar idi.

   - Ustadlarla münasibətləriniz necə idi: dəstək verirdilər, yoxsa qısqanclıqlar da olurdumu?

   - Dəstək, məsləhət verən də vardı, mane olan, şübhə ilə yanaşan da vardı. Yeri gəlmişkən, sənət müəllimim Məlik Dadaşov idi. Onunla eyni teatrda çalışırdım və Məlik Dadaşov müəlimim kimi çox istəyirdi ki, mən irəli gedə bilim. Yəni, bu sənətdə uğur qazanım. Yaxşı yadımdadır, Seyfəddin Dağlının "Mənziliniz mübarək" tamaşasında Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Leyla Bədirbəyli, Nəcibə Məlikova kimi sənətkarlarla tərəfmüqabil oldum. Mənə etibar edib belə aktyorlar arasında yer vermişdilər. Bundan başqa, rejissor Mehdi Məmmədovun, Tofiq Kazımovun quruluş verdiyi tamaşalarda rol almışam. O vaxt səsim, nəfəsim də güclü idi, görünür, bu baxımdan daha çox diqqəti çəkirdim. Ancaq teatrda mənə ilk rolu Məmmədkamal Kazımov vermişdi. M.F.Axundovun "Xırs Quldurbasan"ında Kərəm rolu. Bu tamaşada cəmi bir cümlə sözüm var idi: "Qaçsa qaçar e..." Bu cümləni dedim, deyəsən alınmışdı, tamaşaçılar da güldü, məni alqışladı və ondan sonra rejissorlar mənə rol həvalə etməkdə tərəddüd etmədilər. Sözümün canı odur ki, teatrda xeyirxahım çox olub. Doğrudur, mən yaşıdlarımla müqayisədə bir qədər çox səbirli olduğuma görə elə olub ki, sadəcə rejissorların nə vaxt məni görəcəyi məqamı gözləmişəm. Təsəvvür edin ki, mənimlə eyni vaxtda teatra gələnlər özlərini tez bir vaxtda sübut etsələr də, mən daima gözləmə mövqeyində olmuşam. Rol veriləndə oynamışam, verilməyəndə səbrlə gözləmişəm. Hətta bir dəfə dostlarımdan biri dedi ki, "Hacıda da bu qədər səbr var e... Dözür bu qədər hansısa rolu ona verməyəndə". Mən daim günahı özümdə axtarmışam, əgər mənə rol vermirlərsə, deməli, mən özümü kifayər qədər təsdiqləyə bilmirəm və s. Ancaq özümü günahlandırdığım kimi, çıxış yollarını da tapırdım.

   - Deməli, Sizin üçün əsas olan sənətə sevgidir, yəni, sənəti sevən onun hər çətinliyinə qatlaşar...

   - Məndə sənət sevgisi çox güclüdür. Yəqin məhz bu səbəbdən sənətə gəldiyim ilk illərdə nə qədər çox çətinliklərlə qarşılaşsam da, yenə də səbrlə gözləyə bilirdim. Mən sənətimə heç vaxt xəyanət etməmişəm, mənə kiçik həcmli rol tapşırılsa belə, ona qarşı güclü məsuliyyətlə yanaşmışam.

   Zənnimcə, hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. Mən də bu illər ərzində sadəcə, öz işimlə məşğul olmuşam, bütün söz-söhbətlərdən uzaq sadəcə işimlə. Yeri gəlmişkən, müəllimlərimdən biri kurs işi verdiyimiz zaman bizə belə bir açıqlama vermişdi ki, "Mən hələ heç nə eləmirəm" sözləri qoy sənin səhər duanın ilk sözləri olsun. Bu sözü heç vaxt unutmuram, hər zaman məni təqib edir. Özünə arxayınlıq hissi mənə yaddır, məsuliyyət, ciddilik, özünəqarşı tələbkarlıq, daima hazırlıqlı olmaq mənim əsas həyat prinsipimdir. Müəllimlərimdən mənə qalan bu mirası hər zaman qoruyuram. Bildiyiniz kimi, kinodakı uğurlarımda rəhmətlik Rasim Ocaqovun böyük rolu olub. O da mənə bu yolda böyük köməklik göstərib. Deyirdi ki, gecikmək olmaz, hazırlıqlı olmaq əsasdır, başqa kənar işlərlə məşğul olmaq olmaz... 70 yaşım var, anca hələ də mənə sənətdə böyüklük edən, müəllimlik edən insanların məsləhətlərini unutmuram.

   - Rəhmətlik Rasim Ocaqovdan çox müsahibə götürmüşəm, barəsində silsilə yazılar yazmışam. Onunla bir müsahibəyə az qala gecikəcəkdim, otağına daxil olanda mənə dedi ki, "1 dəqiqə də geciksəydin, müsahibə verməyəcəkdim". Çox tələbkar insan idi, özünə qarşı da tələbkar idi...

   - Haqlısınız, dəqiqlik onun üçün çox önəmli idi. Ümumiyyətlə isə, istər kinoda, istərsə də teatr aləmində dəqiqliyi ilə seçilən sənətkarlarımız çox olub. Əgər bizlər də onların yolunu davam ediriksə, deməli, gələcək nəslə də bizlərdən bir şeylər miras qalacaq.

   - Dediniz ki, ötən əsrin 50-90-cı illəri milli teatrın intibah dövrü idi, amma sonra durum tamamilə dəyişdi...

   - Bu bir dövr idibiz bunu yaşamalı idik. Məlum hadisələr olmasaydı, Azərbaycan öz müstəqilliyini elan edə bilməzdi. Müstəqillik qan bahasına əldə edildiilk günlər çətinliklərimizin olması da təbii hal idi. 70 il böyük bir imperiyanın təsirində qalmaqbütün sahələrdə sadəcə rusun diktəsi ilə işləmək... bu duruma nə qədər çox alışsaq da, yeni dövrə daha tez alışdıq, çünki illərlə müstəqilliyin həsrətində olmuşduq. Hər sahədə olan çətinliklər nə qədər çox diqqətdə dayansa da, teatrkinoda olan durğunluq daha çox diqqəti çəkirdi. Kino bir qədər tənəzzülə uğrasa da, o çətin günlərdə teatr özünü saxlaya bildi.

   - Sənətdən uzaqlaşanlar, ölkəni tərk edənlər oldu...

   - Doğrudur, sənətdən uzaqlaşanlar, çətinliyə dözməyənlər oldu, ancaq bizim nəsil ən çətin günlərdə geri çəkilmədik, özümüzü itirmədik, qazandıqlarımızı itirmədik, sənətimizlə məşğul olduq. Çox şükür ki, çətinliklərin öhdəsindən gəlməyi bacardıq, heç bir peşmançılıq çəkmədən, böyük sevgi ilə çətin günlərin öhdəsindən gəldik. Mən bu sənəti çox sevirəm və bu sənətdən ayrı qalmağı belə ağlıma gətirmirəm. Zamanla mövcud problemlər də öz həllini tapmağa başladı və nəticədə biz bir daha həyatın sınağından uğurlu çıxdığımıza əmin olduq.

   - Özünüzü bəxti gətirən aktyor sayırsınızmı?

   - Etiraf edim ki, özümü bəxti gətirən hesab edirəm. Çünki elə olub ki, teatrda olmayanda kinoya dəvət almışam, kino olmayanda dublyaja, dublyaj olmayanda televiziya tamaşalarına və s. Yəni, bu sənəti seçdiyim zaman heç də qazanacağım uğurları, maddiyyatı düşünməmişəm, sadəcə sənət sevgisini düşünərək gəlmişəm. Bu sənəti seçdiyimə görə də peşman olmamışam. Bilirisinizmi, əgər insan sevdiyi sənətlə məşğul olursa, deməli, o elə dünyanın ən xoşbəxt adamıdır.

 

   - Dublyaj demişkən, çox uğurlu dublyajlarınız olub, tamaşaçı hələ də "Klon" serialını unutmur...

   - Unutmur, çünki "Klon" serialı bizim ən uğurlu dublyajlarımızdan biridir. O serialı sadəcə səsləndirmədik, əksinə o serialı yaşadıq. Eləcə də digər dublyajlarda çox böyük uğurlar qazandıq, bunu tamaşaçılar da təsdiq edər.

   - Ancaq olur-olsun, əsas olan teatrdır. Dövlət başçısının sərəncamı ilə bütün teatrlarda 10 illik islahat proqramı həyata keçirilir. İslahat sadəcə binaların təmiri deyil, həm yeni teatr atmosferi, yaradıcı heyət repertuar deməkdir...

   - Əslində, islahat sözünü geniş anlamda götürsək, bu teatrda olan ən xırda işlərdən tutmuş binanın görüntüsünə qədərini əhatə edir. Köklü dəyişiklik çox önəmlidir. Teatr təmir olunub təhvil verildiyi zaman, biz hələ köçmədən məsələ qaldırdıq ki, yeni binaya təzə nəfəs lazımdır, təzə , təzə istəklə gəlmək lazımdır. O dövrdə bizdə bir qədər passivlik var idi, biz tam hazır deyildik. Yəni, teatrın açılışı olduğu zaman teatrın truppası tam hazır deyildi, tamaşalarımız az idi, yaxşı tamaşalar çox az idi s. Doğrudur, o dövrdə biz qastrol səfərlərinə gedirdik, xüsusilə qardaş Türkiyədə qastrolda olmuşduq. Ancaq şəxsən mən çox istərdim ki, teatrın açılışına 2-3 dəyərli bir əsər üzərində qurulan maraqlı bir tamaşa ilə başlayaq. Sonralar yaxşı tamaşalarımız oldu, ancaq onlarla yanaşı zəif tamaşalar da oldu ki, nəticədə o effekt alınmadı. Bəlkə bu da bir proses idi, buna zaman lazım idi. Çox təəssüf ki, illər keçir biz hələ dövlətin bizə göstərdiyi qayğının, diqqətin cavabını verə bilmirik.

   - Sizcə problem nədədir: yaxşı əsər olmamasında, yaxşı rejissor tapılmamasında ya başqa bir məsələdə?

   - Səbəb çoxdur. Mən həmişə deyirəm ki, teatr öz-özünə çarə tapmalıdır, başqası gəlib teatr üçün heç bir şey edə bilməz. yüz ölçüb bir biçdikdən sonra qərar vermək lazımdır. Əgər hansısa bir əsərə müraciət edilirsə, o zaman əməlli-başlı fikirləşib qərar çıxarmaq lazımdır. Yaxşı tamaşa hazırlanması, tamaşaçının teatra cəlb olunması üçün yaxşı əsər seçimi əsas şərtdir. Axı dövlət sifarişi ilə hazırlanan tamaşalar var ki, biz hələ dövlətin pulunu qaytara bilmirik.

   - Təcrübənizdən çıxış edərək deyə bilərsinizmi ki, hazırda Milli Teatrın tamaşaları qənaətbəxş səviyyədədir?

   - Desəm ki, tamaşaların hamısı zəifdir, bu, doğru olmaz. Yaxşı tamaşalarımız da var, ancaq zəif tamaşalarımız da var. Bilirisinizmi, qiymət verən, dəyərləndirən tamaşaçıdır. Əgər tamaşaçı tamaşa bitənə qədər ona baxırsa tamaşa bitdikdən sonra aktyorları alqışlayırsa, deməli, uğurlu alınıb. Fərqi yoxdur ki, tamaşada iştirak etmişəm ya yox, olur-olsun, teatrın mənafeyi hər şeydən üstündür dəyərli sənət nümunələri yaradılmalıdır. Biz aktyorlar özümüzü sənətdə deyil, sənəti özümüzdə sevməliyik ki, nəticədə ümumi işin xeyiri hər şeydən üstün olmalıdır. Bir ara bizdə bir tələsiklik oldu, o mənada da ki, repertuar seçimindən tutmuş, rejissor dəvətinə, aktyorlara uyğun olmayan rolların verilməsinə qədər.

   - Vaxtilə milli teatra Adil İsgəndərov rəhbərlik etmişdi. Həsənağa Turabov Əliabbas Qədirovun rəhbərlik dövründə sənət ön planda idi. Bu rəhbərlər həm aktyor idilər. İndi sanki gizli bir əl sənəti buxovlayır...

   - Teatrın direktoru baş rejissoru olmalıdır. Əgər direktor teatrda inzibati işləri görərək hər şeyə rəhbərlik edirsə, baş rejissor teatrın bədii tərəfi ilə məşğul olmalıdır. Akademik Milli Dram Teatrının baş rejissoru yoxdur, bütün teatrların baş rejissoru var, ancaq bizim yox, bu vaxta qədər davam edəcək? Baş rejissor teatrın ikiqat inkişaf etməsində böyük rol oynayır. Adlarını çəkdiyiniz rəhbərlərin dövründə baş rejissorlar var idi teatrın bədii tərəfi inkişaf edirdi. Ancaq hazırda hər şey göz qabağındadır...

 

  

Ulduzə QARAQIZI

Ekspress.-2014.- 15-17 noyabr.- S.14.