"Dönəm baba ocağına"

 

Və ya qürbət şairinin misralara hopan Vətən həsrəti

 

Bu yaxınlarda əslən qədim oğuz yurdu, Qərbi Azərbaycanın Qaraqoyunlu mahalından olan istedadlı şair İman Qiyasoğlunun "Dönəm baba ocağına" adlı şeirlər kitabı çapdan çıxıb. "Elm və təhsil" nəşriyyatında nəfis tərtibatla hazırlanmış irihəcmli kitabda şairin müxtəlif illərdə qələmə aldığı poeziya nümunələri toplanıb.

   Kitabın redaktoru tanınmış şair Əli Vəkil, rəyçiləri filologiya elmləri doktoru Məhərrəm Hüseynov və filologiya üzrə fəlsəfə doktoru, dosent Şövkət Kərimovdur.

   Kitabla elə ilk tanışlıqdaca görünür ki, İman Qiyasoğlunun şeirləri mövzu və janr etibarilə rəngarəngdir. Şair Vətən, torpaq, sevgi, təbiət, insan haqqında aşıq şeirinin demək olar ki, əksər növlərində qələmini sınaqdan çıxarıb. Və bəri başdan qeyd edək ki, bu sınaq kifayət qədər uğurludur. Kitabın ana xəttini isə düşmən tapdağı altında qalan yurd yerlərimizə həsr olunmuş nisgilli şeirlər təşkil edir.

   "Dönəm baba ocağına" şeirlər toplusu müəllifin doğulandan indiyədək həyatını anlatdığı bioqrafik şeirlə başlayır. Bu şeirdə şair həm sevincini, həm kədərini, həm qayğısını, həm iztirabını, həm şəxsi faciəsini, həm də el-obasının faciəsini lakonik və təsirli dillə çatdırıb, 60 illik həyatını 9 bəndlik şeirə ustalıqla sığışdıra bilib:

       Fəqət, yetişmişəm altmış yaşına,

   Keçmişə qaytarır xoş xəyal məni,

   Uca zirvələrin qarlı başına,

   Çağırır qocaman bir qartal məni.

   

   Göz açdım dünyaya nəğmələr dildə,

   Min doqquz yüz əlli beşinci ildə,

   Barlı-bərəkətli gözəl fəsildə,

   Aldı ağuşuna şən məlal məni.

 

      Ötdü aram-aram körpə illərim,

   Gəldi unudulmaz məktəb illərim,

   Hələ açılmamış tale güllərim,

   Cəlb etdi al yanaq, incə bel məni.

 

   

 

   Sevdim məhəbbətim oldu uğursuz,

   Etiraz eylədi eşqə o ulduz,

   Əhdini əğyara satdı çox ucuz,

   Yəqin düzgün anlar əhli-hal məni.

 

       Min doqquz yüz yetmiş dörddə atam

   Dəyişdi dünyasın, başladı sitəm,

   Düz qırx ildir ki, tuturam matəm,

   Gördülər o gündən xətti çal məni.

 

       Səksəninci ildə köçdüm Sibirə,

   Bəlkə dərdlərimə tapıldı çarə,

   Zaman qəddar oldu, mənsə füqarə,

   Qəm təqib eylədi qlobal mənim.

 

       Səksən səkkiz elim dağıldı mənsiz,

   Əyləşdi yurdumda imansız, dinsiz,

   Bir qürbət quşuyam indi Vətənsiz,

   Hələ tərk etməyib qeylü-qal məni.

 

       Vətənim Gölkənddir qəlbən bağlıyam,

   Əslim Nurlardır şair oğluyam,

   Soruşsan elimi Qaraqoyunluyam,

   Bəsləmiş qoynunda bu mahal məni.

 

       Dinləyin ay ellər İman qocalır,

   Kamalı göylərdən ərməğan alır,

   Bir neçə kitabı yadigar qalır,

   Əzizim, oxuyub yada sal məni.

 

   

 

   İman Qiyasoğlunun istedadı, cilov gəmirən təbi ilk misralardanca özünü büruzə verir. Bu da təsadüfi deyil. Zira bu istedad ona qanla ötürülüb, mahalın tanınmış söz ustalarından olan atasından keçib. Fikrimizcə, Çoban Qiyas adı bir çoxlarına tanışdı. İman məhz bu fitri istedad, ilahi vergi sahibi olan el şairinin ocağında dünyaya göz açıb. Bu yerdə, əlbəttə, bir neçə cümlə də Çoban Qiyas haqda sərf etmək yerinə düşər. Onun barəsində hələ şair ata-balanın- Çoban Qiyas və İman Qiyasoğlunun 2005-ci ildə çapdan çıxmış "Vətən həsrəti" adlı şeirlər toplusu haqda yazdığı məqalədə qocaman şairimiz Əli Vəkil dəyərli fikirlər bildirib. Şairin həmyerlisi və həmkarı haqda məqaləsində deyilir: "Əslən Qaraqoyunlu mahalından olan ata-oğulun -Çoban Qiyasın və İman Qiyasoğlunun bu şeirlər toplusunu həyəcansız oxuya bilmədim. Öz halal zəhməti ilə yaşayan, dağlarda, yaylaqlarda çobanlıq edən, qısa bir ömür sürən, 1974-cü ildə 49 yaşında dünyasını dəyişən Qiyas kişi şeirlərini "Çoban Qiyas" imzası ilə yazmış, el-oaba, xalq arasında böyük hörmət qazanmışdır.

   "Vətən Həsrəti" kitabına Çoban Qiyasın 120-dən çox bir-birindən dəyərli şeirləri daxil edilmişdir. Bir sözlə, bu poeziya toplusu məzarı Qaraqoyunlu mahalında -Gölkənddə qalan ustad şairin xatirəsinin yad olunması demək, ruhuna hörmət deməkdir".

   Əli Vəkil Çoban Qiyasın 80 illiyi münasibətilə yazdığı "Dağlarda yaranan çiçək ətirli şeirlər" adlı məqaləsində şairin həyatından daha ətraflı bəhs edir, yaradıcılığını yüksək qiymətləndirir: "Çoban Qiyas (Qiyas Allahverdi oğlu Mustafayev) 1926-cı ildə Qərbi Azərbaycanın Qaraqoyunlu mahalındakı Çəmbərək rayonunun Gölkənd kəndində anadan olub. Heç bir təhsil almasa da, Çoban Qiyas ağıllı, bilikli, mərd, məğrur, dünya haqqında məlumatlı, tarixi mükəmməl bilən bir sənətkar olub.

   İstedadlı el şairinin "Olar" rədifli qoşması Çoban Qiyas yaradıcılığından ən təqdirəlayiq nümunələrdən biri kimi diqqəti cəlb edir:

   İnsan olan öyüd alar atadan,

   Düzələr yoluna sənətkar olar.

   Nəsihət, mərifət anlamaz nadan,

   Çox deyərsən, qulaqları kar olar.

 

     Ovçu gərək ovun ala nişana,

   Fikirləşə, bərəsində dayana.

   Tez düşünə, tez anlaya, tez qana,

   Əldən çıxsa, özü günahkar olar.

 

       Əymək çox çətindir ağıllı başı,

   Bayıra atmazlar yonulmuş daşı,

   Sərrafın övladı olarsa naşı,

   Ruzigarı çovğun olar, qar olar.

 

   

 

   Çoban Qiyasın yaradıcılığı poeziyanın bütün növləri ilə sınaqdan çıxmışdır. Bir-birindən oxunaqlı qoşmalar, gəraylılar, dodaqdəyməzlər, divanilər, bağlamalar, müxəmməslər, deyişmələr və digər növ şeirləri sənətkarlıq cəhətdən maraq doğurur".

   Məqalə müəllifi Çoban Qiyasın elə-obaya, vətənə layiqli övladlarını da unutmayıb: "Deyirəm, nə yaxşı ki, el şairi Vətənə layiq övladlar böyüdüb, boya-başa çatdırmışdır. Şair İman Qiyasoğlu və Tanrıverdi Mustafayev Çoban Qiyasın yadigarlarıdır".

   Əli Vəkil "Vətən həsrəti" toplusu haqqında məqaləsində İman Qiyasoğludan daha geniş danışır, onun atasına layiq oğul olduğunu vurğulayır: "Nə yaxşı ki, İman Qiyasoğlu atasının adını şərəflə doğruldub. Atalar demişkən, ot kökü üstündə bitər...

   ... 1972-ci ildə doğma kəndlərində orta məktəbi başa vuran İman bir müddət kolxozda işləmiş, əsgəri xidmətdə olmuş, sonralar isə taleyini 20 il Rusiyanın Novosibirsk şəhəri ilə bağlamış, orada Yüngül Sənaye İnstitutunu bitirmişdir. Harada yaşamasından asılı olmayaraq, atasından -Çoban Qiyasdan miras qalmış, canı qədər sevdiyi poeziya onun yol yoldaşı, qəlb sirdaşı olmuşdur. Azərbaycanın çoxsaylı qəzet və jurnallarının abunəçisi olan İman Qiyasoğlu mətbuat səhifələrində maraqlı şeirləri ilə çıxış etmiş, Vətəndən uzaqlarda Vətən həsrətli şeirlərini yaratmışdır. Bunu İmanın "Vətən Həsrəti" kitabında oxuculara təqdim olunan 260-a qədər qoşması, gəraylısı, təcnisi, divanisi, bağlaması, dodaqdəyməzi, müxəmməsi, qəzəlləri, rübailəri də təsdiq edir".

   Hörmətli şairimiz sözügedən məqalədə "qələm dostum" deyə müraciət etdiyi İ.Qiyasoğlunun yaradıcılığını bir təcrübəli qələm sahibi kimi təhlil edir, ümumilikdə onun poeziyasının qayəsini açır: "Aşiq İman gəncləri sevgilərində dözümlü, mətin, məğrur olmağa çağırır. Onun sənət inciləri insanları halallığa, saflığa, düzlüyə, dünyanı düzgün dərk etməyə, zəhmətə, Vətəni, milləti odlu məhəbbətlə sevməyə, qeyrətə, düşmənə nifrət hissi bəsləməyə, tariximizi dərindən öyrənməyə, dövlətin ərazi bütövlüyünü, müstəqilliyini mərdliklə qorumağa, layiqli vətəndaş, vətənpərvər olmağa səsləyir. İnsanı ağıllı-kamallı olmağa, xəyanətdən, şərdən, böhtandan, dələduzluqdan gen olmağa çağırır. Şair Azərbaycan aşıq poeziyasının nümayəndələri, el sənətkarları, ulu ustadların ənənələrini davam etdirən, qoruyub yaşadan, el sənətinin tərəqqisinə kömək edən, saz, söz vurğunudur. İman öz qələmini aşıq şeirinin, eləcə də Azərbaycan poeziyasının, demək olar ki, bütün növlərində sınamışdır. Qoşma, gəraylı, rübai, təcnis, müxəmməs, qəzəl, divani, deyişmə, dodaqdəyməz və sair..."

   Elə bu kitabda da şairin aşıq ədəbiyyatının gəraylı, qoşma, təcnis, müxəmməs, divani kimi növlərində yazılmış şeirləri, eləcə də məsnəvi və esseləri toplanıb.

   Şair İman Qiyasoğlunun poeziyası, ümumiyyətlə, poetik dünyagörüşü haqda "Dönəm baba ocağına" kitabının rəyçisi, filologiya elmləri doktoru Məhərrəm Hüseynov da xoş sözlər söyləyib.

   Alimin kitabda dərc olunmuş "Bədii sözün fikir və emosiya tutumu" adlı məqaləsi şairin yaradıcılığı haqda sanballı bir monoqrafiya xarakteri daşıyır.

   Məqalədə deyilir: "İman təbiətən şairdir, şairlik onun fitrətindədir, xislətindədir. Bu adamın ruhunda sanki anadangəlmə poeziya atəşi vardır. Bəri başdan deyim ki, onun mənəvi aləmindən, psixoloji dünyasından xəbər tutmadan belə, üzündəki təmiz təbəssümlərdən, mənalı baxışlarından, davranışının təbiiliyindən, ruhunun dərinliklərindən süzülüb gələn bir səmimi poeziya hiss etməmək mümkün deyil. Məhz buna görə də onun sözlərindəki təravət qəlbindəki sədaqətdən, duyğularındakı hərarətdən, hiss-həyəcanlarındakı şeiriyyətdən qaynaqlanır.

 

   İmanın şeirləri fitri istedaddan doğduğu üçün ürəklərdən ürəklərə asanlıqla körpü sala bilir və bizi inandırır ki, müəllifin fitri təbiətində potensial poetik qüvvə vardır. Hər bir qələm məhsulu onun ilhamlı sinəsindən qopub gələn can yanğısıdır, zəngin duyğu qəlpələridir. Onun könül xəzinəsinin qapıları sözə açıq olduğu üçündür ki, qəlb hərarəti, səmimiyyəti hər bir şeirin elə ilk misrasından hiss olunur, oxucusunun ürəyinin tellərinə poetik emosiya, bədii sözün atəşini köçürür, onun estetik zövqünü təmin edir. Poetik obrazların yaratdığı həyatı təəssüratlar, orijinal deyim tərzi, poetik xəyalın əmələ gətirdiyi bədii mənzərənin ayrı-ayrı komponentləri o dərəcədə ürəyəyatan və ecazkardır ki, orada canlı həyat parçasının şirinliyini dadmamaq mümkün deyil. Şeirlərdə hər sözün, hər misranın öz estetik çəkisi var. Hər bir vurğu, ritm, intonasiya xalqımızın misilsiz söz xəzinəsindən gələn poetik nidaların yeni nəfəslə təravətli təkrarıdır.

   İmanın şeirləri canlı və mürəkkəb yaradıcılıq prosesinin səmərəli nəticəsi, gerçəklik və zamanın şair qəlbindəki əks-sədasıdır.

   O da əlamətdardır ki, İman öz həyəcanlarını, öz kədərini ümumxalq dərdinin bir hissəsi kimi qələmə alır. Öz tale yollarını əsas təsvir obyektinə çevirməklə ümumxalq taleyindən ayrı düşmür:

 

       Qarşılaya məni Vətən,

   Dönəm baba ocağına,

   Silkələnib Murğuz dağı,

   Ala yenə qucağına.

       Və ya:

       Qara keçir səndən ayrı,

   Günüm, ayım, ilim, Vətən.

   Olma razı bu qürbətdə,

   Mən didərgin qalım, Vətən.

 

   Kitabın digər rəyçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru Şövkət Kərimov da İman Qiyasoğlu yaradıcılığı haqda yüksək fikirdədir. O, "Sözün poetik təsir gücü" adlı rəy məqaləsində şairin əsasən Vətən həsrətli, doğma ocaq yanğılı poeziya nümunələrinə diqqət çəkir, onların elmi-bədii, psixoloji təhlilini verir: "Yaradıcılığından aydın görünür ki, şair nədən yazırsa-yazsın, ata-baba ocağına qovuşmaq arzusundan bircə an da çəkilmir. Bu baxımdan onun şeirləri elə bil ki, eyni notlar üzərində köklənir. Şairin kədəri hər kəlmədə, hər misrada, hər bənddə özünü büruzə verir, ayrılıqdan doğan müsibətlər, iztirablar ürəyindən bir pıçıltı kimi keçərək onu yandırır, varlığını sarsıdır, lakin ruhdan düşmür:

       Hər bir meyvə budağında,

   Barı, nübarı gözəlmiş.

   İnsan doğma torpağında,

   Qışı, baharı gözəlmiş.

 

   

 

   Ötüb keçdi şirin çağlar,

   Elsiz qalan gözüm ağlar.

   Əzəmətli ulu dağlar,

   Zirvədə qarı gözəlmiş.

 

       Müəllifin şairin poeziyasında çox maraqlı bir məqamı üzə çıxarması da diqqətdən yayınmır: "Şairin poeziyası ürəyini boşaltmaq vasitəsi deyil, o daha çox mübarizəyə, ölüm-dirim savaşına çağırış, torpaqların hər qarışını azad edərək, müqəddəslərimizin ruhu qarşısında diz çökərək öpmək istəklərinin ifadəsidir. O, belə bir fikri təlqin edir ki, doğma yurdu tərk etməkdən doğan dərdin, kədərin, fəryadlarla dolu həsrətin ona qovuşmaqdan başqa heç bir dərmanı, təskinliyi yoxdur. Şair "Dönəydim" adlı şeirində deyir:

 

       Dağlarında güllər kimi bitəydim,

   Baharında bülbül olub ötəydim,

   Zirvələrin dumanında itəydim,

   Ayazlı-şaxtalı qışa dönəydim.

 

       Biz də İman Qiyasoğlunu yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

  

V.CABBAROĞLU

Ekspress.-2014.- 8-11 noyabr.- S.20.