Gün işığına həsrət insanlar
Ölkəmizdə 40 minə yaxın gözdən əlil
yaşayır
13 noyabr Ümumdünya Gözdən
Əlillər Günüdür
Əlillər hər zaman cəmiyyətdə ən çox qayğıya ehtiyac duyan təbəqələrdən olub. Dünyada 500 milyona yaxın əlilin yaşadığını nəzərə alsaq, onların cəmiyyətin həyatında nə qədər böyük yer tutduğunu görərik. Gözdən əlillər isə ümumilikdə qüsurlu insanlar içərisində bəlkə də ən çox qayğıya ehtiyacı olanlardır. Axı, onlar gün işığına həsrət insanlardır.
Planetdəki 500 milyon əlilin təxminən yarısı - 246 milyonu gözdən əlillərdir. Ölkəmizdə isə 40 minə yaxın gözdən əlil yaşayır ki, dövlət bu qrup insanların qayğısına qalmağı unutmur. Ölkə prezidentinin 17 mart 2014-cü il tarixli fərmanına əsasən, I qrup gözdən əlillərə sosial müavinət kimi aldıqları 67 manat məbləğində vəsaitlə birgə cari il aprelin 1-dən ayda əlavə olaraq 60 manat məbləğində prezident təqaüdü ödənilir. "Əmək pensiyaları haqqında" qanunun 13.1-ci maddəsinə əsasən isə əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği I qrup gözdən əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 200%-i həcmində müəyyən edilir.
Gözdən əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evi inşa etdirilir. İlin sonunadək istifadəyə veriləcək binada gözdən əlillərin çətinlik çəkmədən hərəkət imkanlarına malik olması üçün layihə əsasında məişət şəraiti yaradılır. Qeyd olunan şəxslərin ictimai həyatın bütün sahələrində iştirakına lazımi şəraitin yaradılması üçün də davamlı işlər görülür. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkənin üç bölgəsində fəaliyyətə başlayan Regional İnformasiya Mərkəzləri gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadəsinə geniş imkanlar yaradıb. Gözdən əlillərin peşə reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi məqsədilə ƏƏSMN tərəfindən təkcə bu ilin ötən dövründə 60 nəfər belə şəxs brayl sistemi üzrə peşə hazırlığına cəlb olunub.
Eyni zamanda, hazırda ƏƏSMN-nin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir və Mərkəzin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
ƏƏSMN tərəfindən sosial xidmətlər üzrə sifarişlərin verilməsi zamanı da gözdən əlil şəxslər diqqətdə saxlanılır. Belə ki, bu ilin ötən dövründə nazirliyin sifarişi ilə "Görmə qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün informasiya mərkəzlərinin yaradılması" layihəsinin icrasına başlanılıb. Eyni zamanda, nazirliyin sifarişi ilə "Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənəti növlərinin öyrədilməsinə yardım göstərilməsi" layihəsi çərçivəsində görmə imkanları məhdud şəxslər üçün televiziya, kino, teatr və muzeylərin müyəssərliyinin təmin edilməsi işləri aparılır.
Belə işlərdən biri dünən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Qaraca qız" filmi və "Tıq-tıq xanım" cizgi filmi sağlamlıq imkanları məhdud uşaqlar üçün tifloşərhlə (səssiz, yaxud mimika ilə ifadə edilmiş hərəkətləri, kadr dəyişikliyini və s. tamaşaçıya sözlər vasitəsi ilə çatdırma) təqdim olunması idi. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi və Gözdən Əlillər Cəmiyyyətinin "13 noyabr Ümumdünya Gözdən Əlillər Günü"nə həsr olunmuş "Sərhədsiz incəsənət" layihəsi çərçivəsində baş tutan mərasim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanıb. Məqsəd sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi proqramların hazırlanması, idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım göstərməkdir.
Gözdən Əlillər Cəmiyyətinin (GƏM) sədri Semiyar Abdullayevin sözlərinə görə, bu gün dünyanın bir çox ölkələrində cəmiyyətin diqqəti göz işığını itirən və zəifgörən insanların problemlərinin həllinə yönəlib. Sədr bildirib ki, Azərbaycanda gözdən əlillərin mənzil şəraitinin yaxşılaşdırılması, təhsil və məşğulluq problemlərinin həlli, onların cəmiyyətə inteqrasiya olunmaları sahəsində bir sıra islahatlar keçirilir. Belə ki, TQDK tərəfindən gözdən əlillər üçün 1 saylı Tibb Kollecində "İdman və müalicəvi masaj" ixtisası üzrə tələbə qəbuluna start verilib. Əlillərin pensiyası 67 manatdan 124 manata qaldırılıb. Keçirilən paolimpiya oyunlarında gözdən əlil idmançılarımız yüksək nailiyyətlər əldə edib: "Bu tədbir Dünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən keçirilir. Çünki 13 noyabr Gözdən Əlillər günü bütün dünyada qeyd olunur. Azərbaycanda bu tədbiri ənənəvi olaraq 2005-ci ildən keçiririk. Ölkəmizdə 40 minə yaxın gözdən əlil yaşayır. Onların sosial müdafiəsi, gündəlik qayğılarının ödənilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, İKT imkanlarından yararlanması, səhiyyə, idman fəaliyyətinin göstərilməsi diqqət mərkəzindədir. Dövlətin də bu cəhətdən bizə diqqət ayırdığını qeyd etməliyəm. Bu gün bu tədbirdən savayı, Xətai rayonunda Dama və Şahmat klubunun açılışı da oldu. Postosovet məkanında ilk dəfə məhz Azərbaycanda tifloşərhlər layihəsini gerçəkləşdirdik. Görmə imkanı olan bir uşaq cizgi filminə baxarkən, orda nə baş verdiyini anlamırsa, artıq tifloşərhlər vasitəsilə orada hansı hadisələrin cərəyan etdiyini eşidə bilir. Televiziya proqramlarının tifloşərhlərlə verilməsi artıq beynəlxalq təcrübədə var. Ölkəmizdə də bu sahənin ilkin təməli bu gün qoyuldu. İnkişafı üçün isə yerli kanallar da bizə dəstək olmalıdır.
Azərbaycandakı 40 min gözdən əlil bilməlidir ki, dövlət daim onların yanındadır. Yaradılmış imkanlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə minnətdarlığımızı bildiririk".
Onun fikrincə, postsovet ölkələri ilə müqayisədə Azərbaycanda gözdən əlillərin sosial vəziyyəti xeyli yaxşıdır. "Düzdür, bizdə də problemlər yox dərəcəsində deyil. Əsasən də onların məşğulluq problemini qabartmaq istərdim. Çünki əlillər özlərini cəmiyyətdən ayrı hesab etməmək üçün əmək bazarında yer almalıdırlar" deyən GƏM sədrinin bildirdiyinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul etdiyi 2014-2018-ci illər üzrə proqrama əsasən də, əlillərin məşğulluğunun təmin olunması ön plandadır.
"Təbii ki, bunun üçün digər dövlət qurumları, QHT-lər də öz yardımlarını göstərməlidir. Bu gün idmançı, pedaqoq, masajçi, aşbaz və s. peşələrdə çalışan əlillər olsa da, bunlar yetərli göstərici deyil. Odur ki, məsələ diqqət mərkəzindədir və gələcəkdə bununla bağlı addımlar atılacaq. Necə ki, Tibb Kollecində açılan ixtisas bunun bir göstəricisidir".
Sədr gözdən əlillər haqqında danışarkən, azyaşlıların xüsusi qayğıya ehtiyacı olduğunu da vurğulayıb: "Ölkədəki 40 minə yaxın gözdən əlilin 17 minə yaxını uşaqlardır. Onların cəmiyyətə inteqrasiyası isə çox vacibdir. Lakin birmənalı olaraq cəmiyyət özü də belə insanlara qarşı münasibəti dəyişməlidir, dəyişir də. Məsələn, 10 il öncə kimsə gözdən əlilə yaxın durmaq istəmirdisə, bu gün artıq həmin psixologiya dəyişib. Mütəmadi olaraq, ali təhsil müəssisələrində tələbələrlə, məktəblərdə şagirdlərlə bununla bağlı görüşlər keçiririk".
S.Abdullayev hesab edir ki, bu gün əsas məsələlərdən biri də əlillərin ictimai yerlərdə hərəkətidir. Dediyinə görə, rəhbərlik etdiyi qurum bununla bağlı Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə daim əməkdaşlıq edir: "Artıq tikilən binaların girişinə, keçidlərə əlillərin rahat giriş-çıxışı üçün uyğunlaşdırılmalar aparılır. Bu sahədə daim inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edirik".
GƏM sədri bildirib ki, heç bir insan əlillikdən sığortalanmayıb. Bu, hamının başına gələ bilər. Odur ki, cəmiyyət özü də bu insanların qəbul etməli, onların özlərinə qapanmasına imkan verməməlidir. "Vətəndaş cəmiyyətinin normal formalaşması üçün yalnız və yalnız birlik çıxış yolu ola bilər".
Abdullayev son olaraq gözdən əlillər üçün tikilən mənzillər haqda məlumat verib. O, əlil ailələrinə ilin sonunadək yeni evlər veriləcəyini bildirib: "Artıq 2-ci binadır ki, təhvil verilir. Mənzillərdə artıq təmir işləri də başa çatmaq üzrədir. Hava şəraiti ilə bağlı müəyyən problemlər oldu. Zənnimcə, 2 aya artıq evlər təhvil veriləcək. 132 ailə evlə təmin olunacaq ki, bu da təxminən 700-ə yaxın ailə üzvünün mənzil şəraitinin yaxşılaşdırılması deməkdir. Fərdi evləri də nəzərə alsaq, bu günədək dövlət 300 ailəni mənzillə təmin edib. Planımız budur ki, 2018-ci ilədək Bakı şəhərində bütün gözdən əlillərin mənzillə təmin olunmasını yekunlaşdıraq. Hazırda 600-ə yaxın ev növbəsində gözləyən əlil var".
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nərimanın dediyinə görə, yaşadığımız cəmiyyətdə belə bir fikir formalaşıb ki, əgər insan əlildirsə, deməli, o, cəmiyyətdən təcrid olunmalıdır. Onun sözlərinə görə, bu gün gözdən əlil insanlar məşğullu problemi ilə üzləşir. "Onlar bəzi qurumlar tərəfindən inamsızlıqla qarşılanır. Bu insanlarla təmasda olduqda görürsən ki, onlar mübariz, bacarıqlı, yaradıcı və intellektualdırlar. Sadəcə cəmiyyəti bu insanlarla tanış etmək, onları sevdirmək lazımdır. Belə tədbirlər elə ildə bir dəfə bu günü qeyd etmək üçün keçirilir və unudulur".
G.Nəriman Kino Xidməti İdarəsinin bu ildən Gözdən Əlillər Cəmiyyəti ilə sıx əməkdaşlığa başlandığını bildirərək, hər iki təşkilatın bir neçə layihəsinin artıq təsdiqləndiyini bildirib.
Tədbirdə Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Təhsil, Mədəniyyət və Turizm, İdman və Gənclər nazirlikləri, Əlil Təşkilatlar İttifaqının və s. digər qurumların nümayəndələri çıxış ediblər.
Sonda Ümumdünya Gözdən Əlillər Günü ilə bağlı tifloşərhlə hazırlanan filmlərin təqdimatı və gözdən əlil uşaqları iştirakı ilə tamaşa göstərilib.
Qənirə MƏMMƏDLİ
Ekspress.-2014.- 14 noyabr.- S.9.